Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə43/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   39   40   41   42   43   44   45   46   ...   107
Tranzitivlik dəyəndə «əgər A B-yə bərabərdir, B də C-ə bərabərdirsə, onda A C-ə bərabərdir» formulu ilə ifadə olunan münasibətlər nəzərdə tutulur. Oxşarlığın bu əlamətini də asan­lıqla anlamaq çətindir. Amma şifahi şəkildə o, çox sadə səs­lə­nir: «Əgər bir rubl (təxminən) bir danimarka kronuna bərabər­dir, bir danimarka kronu isə (təxminən) bir isveç kronuna bəra­bər­dirsə, onda rubl (təxminən) bir isveç kronuna bərabərdir».

Oxşarlığın analizi zamanı tranzitivlik münasibəti hesab­la­ma nöqtəsini itirməmək üçün sistemdə müqayisə olunan əlamə­tin qorunub saxlanmasına imkan yaradır. Tranzitivliyi qeyd etmək vacibdir, çünki bir-biri ilə oxşarlıq təşkil edən predmet­lər stabil əlamətlər toplusunu ayırd etməlidirlər. Bu əlamətlər bir-birinə nəzərən «hərəkətdə» olmamalıdır.

Məsələn, əgər mən hesab edirəm ki, narkotika pis şeydir, pis şeyi isə aradan qaldırmaq lazımdır, onda mən həm də hesab edirəm ki, narkotiki aradan qaldırmaq lazımdır. Və ya mən, əksi­nə, hesab edirəm ki, narkotik yaxşı şeydir, yaxşı şeyi isə tə­rifləmək lazımdır, onda mən həm də hesab etməliyəm ki, narkotiki də tərifləmək lazımdır.

Beləliklə, oxşarlığın tranzitilik əlaməti analogiya quran zaman danışanı ardıcıllığa əməl etməyə vadar edir. Əks halda oxşarlıq mövcud olmayacaq və deməli, analogiyanın qurulması da mümkün olmayacaq.

Ritorika məntiq arqumentləşdirmənin analogiya metodu­nu təqdim edərkən «oxşarlıq qanununun» pozulmasını idrak prosesini problematik edən məntiqi səhv kimi nəzərdən keçi­rirdi. Müvafiq predmetlərin müqayisəsi (xüsusən də ritorikanı yaradanların fikrincə) idrak prosesində həyata keçirilən əsas əmə­liyyatdır. Bundan başqa, bu əməliyyat olmasa, belə idrak pro­sesi ümumiyyətlə real deyil: çünki neyisə dərk etmək hə­min şeydə artıq tanış olanı tapmaq, daha doğrusu, həmin şeyi dərk edilməsi mümkün olana oxşatmaq deməkdir.

İstənilən idraki prosedura, beləliklə, həm mövcud təcrü­bəni nəzərdə tutur, buna görə də idrakın mühüm tərəflərindən bi­ri - tanımadır. Tanıma predmetlərin bir-birinə oxşarlığı ilə tə­min edilir. Tanımaq – «tanış» predmetdən bir sıra əlamətləri ta­­nış olmayan predmetə köçürmək deməkdir.

Analoji arqumentləşdirmə məhz belə şəkildə əlamətlərin köçürülməsini özündə ehtiva edir və «müqayisənin meyarı» onun ən zəruri şərtidir. Müqayisənin meyarı deyəndə isə mü­qa­yisə edilən predmetlərin üst-üstə düşən əlamətləri nəzərdə tutulur. Bu üst-üstə düşən əlamətlər ritorikada «müqayisənin üçünçü üzvü» və ya tertium comparationis adlanır. Müqa­yi­sənin üçüncü üzvünün əsasında predmetlər bir-biri ilə müqa­yi­sə edilir. Aydın məsələdir ki, bir əlamətə görə müqayisə edil­məsi mümkün olan predmetlərin başqa əlamətə görə müqayisə edilməsi qeyri-mümkün də ola bilər.

Nəzərə almaq lazımdır ki, predmetlərin ümumi əlamət­lə­ri həm bilavasitə hissi təcrübə (daha doğrusu «əyani» sürətdə), həm də predmetlərə dair hökmlərin nəticəsində (daha doğrusu əqli nəticə formasında) müəyyən edilə bilər. Bütün bunlardan ası­lı olaraq, ritorik baxımdan analogiyanın iki növü fərq­lən­di­rilir:

- fiziki analogiya;

- metafizik analogiya.

Ritorikada fiziki analogiya adı altında ya müqayisə edilən obyektlər arasındakı xarici oxşarlıq, ya da obyektlərin xarici oxşarlığını üzə çıxaran əməliyyatın özü nəzərdə tutulur.

Söhbət, beləliklə, hissi təcrübədə müəyyənləşməsi və ya hissi təcrübəyə oriyentasiya etməklə analiz predmetinə çevril­məsi mümkün olan oxşarlıq növündən gedir. Bu səbəbdən də fi­ziki analogiya göz qabağında olan xarakterin analogiyası kimi qiymətləndirilirdi. Bunu başa düşmək üçün ətraf aləmin bu və ya digər obyektlərinə müraciət etmək və onları birləşdirən ümu­­mi əlamətləri müşahidə etmək kifayətdir. Beləliklə, arqu­men­ləşdirmə növü kimi fiziki analogiya faktiki olaraq təsdiq etmədən başqa heç nə tələb etmirdi: belə güman edilirdi ki, bütün insanlara xas olan və hiss üzvləri vasitəsilə əldə edilən bütün məlumatların ümumi cəmi obyektiv reallıqda mümkün paralellər aparmaq üçün kifayətdir.

Məsələn, mən "limon kimi turşdur" kimi analogiyadan isti­fadə etmək, mən limonun turş olduğunu sübut etməli olma­yacam: belə güman edilir ki, analogiya dinləyicilər üçün çə­tin­lik yaratmayacaq, çünki hamı limonun turş olduğunu bilir.

Fiziki analogiyanın xüsusi halı – yaşanılan analogiyadır. Bu analogiya müxtəlif mənbələrdən dinləyicilərə məlum olan faktlar üzrə aparılan analogiyadır. Bunlar yalnız emosional təc­rübə mənbəyi (məsələn, sevinc və ya ağrı kimi) deyil, həm də intellektual və intellektual – emosional təcrübə mənbəyi (elm, tarix, incəsənət və s.) ola bilər.

Daha doğrusu, məsələn, mən bu və ya digər tarixi situa­si­yanı Troya atına oxşadıramsa, mən bu zaman dinləyicilərdən birmənalı şəkildə yaşanılan analogiyanı troya müharibələr ta­rixi ilə tanışlığın nəticəsi kimi "işə salmağı" tələb edirəm. Yal­nız yunanların Troyanı necə işğal etdiyini bilməklə dinləyici ana­logiyanı "oxuya" və ondan düzgün nəticə çıxara bilər: mə­nim xarakterizə etdiyim situasiya mənim fikrimcə, hiylə­gər­li­yin təzahür etdiyi situasiyadır.

Beləliklə, sözün həqiqi mənasında fiziki analogiya hissi qavrayışların ümumiliyinə əsaslanır: yalnız bir sıra hallarda o, "yerli faktorun" nəzərə alınmasını tələb edə bilər. Məsələn, mən yəqin ki, Danimarkada "bu lap quşüzümü kimi dadır" kimi analogiyadan istifadə etməzdim, çünki quşüzümünün nə oldu­ğunu Danimarmakada hamı bilmir.

Yaşanılan məqamların ümumiliyinə əsaslanan analogiya, yəni yaşanılan analogiya milli-mədəni adətlərdən tutmuş hər bir konkret şəxsiyyətin təzaurusuna (anlayışlar toplusuna) kimi çoxlu sayda faktorların nəzərə alınmasını tələb edir.

Metafizik analogiya nə "duyğuların fonduna", nə də "ya­şa­nılanların fonduna" müraciət etməklə "yoxlanılması" müm­kün olmayan real və ya danışanın irəli sürdüyü analogiya nö­vü­dür. Bu analogiya nəzəri xarakter daşıyır, çox zaman mühaki­mələr vasitəsilə müəyyən olunur, daha doğrusu müxtəlif növ abstraksiyalardan istifadəni tələb edir. Məsələ onda deyil ki, müqayisə üzvləri və ya onlardan heç olmazsa biri özündə abstrakt anlayışı əks etdirir (anlayış kifayət qədər konkret ola bilər!) – məsələ ondadır ki, metafizik analogiyadan istifadə prin­sipcə onu şərh edən faktları tələb edə bilər və bəzən tələb də edir.

Bununla belə metafizik analogiyanı abstrakt anlayışların timsalında nəzərdən keçirmək daha əlverişlidir, belə ki, meta­fizik analogiyaya cəlb edilən konkret anlayışlar güclü müqa­vimət göstərirlər (o, ətraflı izahlar tələb edir) və onları həmişə dəf etmək mümkün olmur.

Buna görə də metafizik analogiyanın təsvirinə abstrakt anla­yışlardan başlayaq. Məsələn, mən faşizm vasitəsilə kom­mu­­nizmi izah etməyə imkan verən analogiya qururam. Aydın mə­sələdir ki, bu analogiya ilə əlaqədar olaraq dinləyicilər nə "duy­ğuların fonduna" və ya hətta "yaşanılanların fonduna" mü­raciət etmək iqtidarında olmayacaq ("yaşanılanlar fondu", mə­sələn, dinləyicidən təcrübə qazanmaq üçün həm kommunist re­jimində, həm də faşist rejimində yaşamağı tələb edir, amma belə rejimlər çox deyil).

Prinsipcə dinləyici analogiyanı "oxuyan" zaman müvafiq duyğulara və hətta yaşanılanlara əsaslana bilər, amma onların hər ikisi konkret halda yalnız yardımçı funksiya daşıyır. Mənə, yəni analogiyanı irəli sürən şəxsə gəldikdə isə, aydın məsələ­dir ki, kommunizmi və faşizmi əyani sürətdə müqayisə etmək üçün "material" təqdim etmək mənə müəssər olmayacaq. Bu səbəbdən də analogiya dinləyicilər üçün aydın olmayanda mə­nim öz analogiyamı nə dərəcədə inandırıcı şəkildə əsaslandıra bilməyim nitq situasiyasında həlledici rol oynayır.

"Dinləyicilər üçün aydın olmayan analogiya halı" ifadəsi həd­dindən artıq vacib məqamı özündə əks etdirir. Ritorikada tez-tez belə fikrə rast gəlmək olar: yaxşı analogiyanın izahata ehtiyacı yoxdur. Bu fikrin nəyə əsaslandığı ümumən məlum­dur: həqiqətən əgər analogiya həddindən artıq çox izahat tələb edirsə, kütləvi çıxış zamanı bu analogiyadan istifadə etməmək daha yaxşıdır. Hər hansı elmi konsepsiyanın formalaşması isə başqa məsələdir: burada analogiya yalnız izahlı analogiya kimi izah edə bilər.

Dispozisiya ritoriyanın bir bölməsi kimi analoji arqu­ment­ləşdirməni hər şeydən əvvəl onun yığcamlığına görə qiy­mətləndirirdi: Analogiya dinləyicilərə əqli nəticələr sistemi va­sitəsilə deyil, obraz və ya ideya vasitəsilə təsir göstərir və bu birincisi, "nitq müddətinə" qənaət etməyə, imkan verir, ikin­­cisi isə hər halda danışan onu əsaslandırmağa başlamayana kimi onun təkzib edilməsi həddindən artıq çətin olur. Fiziki ana­­logiyanın praktiki olaraq heç bir izahata ehtiyacı yoxdur və metafizik analogiyanın qurulması heç bir əsaslandırma tələb etmir, bu səbəbdən də bu analogiyalara ritorika kurslarında bö­yük diqqət ayrılırdı. Burada "oxşarlıq qaydası" tətbiq edi­lirdi. Bu qayda oxşarlığın əlamətləri kimi yuxarıda nəzərdən keçi­rilmişdi.

Konkret xarakterə malik metafizik analogiyanın, daha doğ­­­­rusu abstrakt anlayışın iştirak etmədiyi analogiyanın qurul­ması xüsusilə çox çətin sayılırdı. Onun haqqında təsəvvür prin­sipcə istənilən az və ya çox dərəcədə qeyri-tipik analogiya qur­­­mağa kömək edir (xüsusilə də bu analogiyada əsaslandırma minimal səviyyədə olur). Məsələn, "Moskva-dəlixanadır" kimi qeyri-tiplik, amma tamamilə konkret analogiya çətin ki, ətraflı izahat tələb etsin: onu irəli sürən şəxs dinləyicilərin analo­gi­yaya dair izahat istəmələrini ifadə edən heyrət dolu ba­xış­larını görməyəcək. Analogiya ümumiyyətlə, aydındır və demək olar ki, mübahisə doğurmur.

Maraqlıdır ki, hətta analogiya məntiqi arqumentləşdirmə vasitəsi kimi nəzərdən keçirilərkən ritorika dərsliklərində o, sö­zün həqiqi mənasında məntiqi arqumentləşdirmə ilə müqa­yi­sədə həmişə "ritorizm" kimi qeyd olunub.

Arqument kimi analogiyanın qurulması üçün əqli nəticə qurmaq bacarığı tələb olunmurdu – predmeti "tanımaq" və onu digərlərinə də "tanıtdırmaq" bacarığı tələb olunurdu. Analo­gi­ya­nın emosional effekti ondadır ki, danışanın ardınca dinləyici obyektlər arasında ona əvvəllər məlum olmayan və ya əvvəllər imkan etdiyi əlaqələr sistemini yenidən müəyyənləşdirir, baş­qa sözlə, özü üçün hər hansı "kəşflər" edir.

Analogiyanın təsir gücü hətta dinləyicilərin məntiqin qa­bi­liyyətini sadəcə olaraq "dondura" bilər. Bunu məsələn, antik ritorikada belə bir klassik nümunə aydın şəkildə göstərir: "Əgər Hektor Patroklu öldürərkən qeyri-qanuni hərəkət etmə­mişdisə, onda Parisin də Axillesi öldürmək hüququ var idi".

Bu analogiya faktiki olaraq mühüm olanı – məsələnin tarixi (təmiz döyüşdə öldürmə və ya allahların köməyi ilə oldür­mə) və etik (əxlaqi baxımdan öldürmə) tərəflərini nəzərə almır. Amma müqayisə baxımdan o, həqiqətən çox yaxşı qu­rul­muşdu. Bu klassik nümunənin necə "işlədiyinə" baxaq.

Bu analogiya üç "hissədən" ibarətdir:

a) I oldürmə (Hektorun Patroklu öldürməsi) müqayisənin birinci hissəsi kimi;

a) II oldürmə (Parisin Axillesi öldürməsi) müqayisənin ikinci hissəsi kimi;

c) Qanun baxımdan "ümumiyyətlə öldürmə" müqayi­sə­nin üçüncü hissəsi kimi.

Müqayisənin hissələri arasındakı münasibətlər reflek­siv­dir (daha doğrusu müqayisənin hər bir obyekti özü ilə eyniyyət təşkil edir), simmetrikdir (əgər I öldürmə II öldürmədirsə, onda II öldürmədə I oldürmədir) və tranzitivdir (əgər II öldür­mə I oldürmədirsə, I öldürmə isə qanunidirsə, onda II öldürmə də qanunidir). Daha doğrusu, bizim qarşımızdakı həqiqətən xa­hiş oxşarlıqdır. Bu oxşarlıq müqayisənin üçüncü hissəsinin – "qanun baxımdan ümümiyyətlə, öldürmə"nin, daha doğrusu öldürmənin "qanuni" olmasının üzərində qurulub. Öldürmə hal­larından birinin "qanuni" hesab olunması, digərinin də "qa­nuni" sayılmasını tələb edir, çünki müqayisənin üçüncü hissəsi digər iki hissə üçün ümumi mühakimə kimi çıxış edir – əks halda analogiya prosedura (və ya metod) kimi mümkün ola bilməz.

Hər bir analogiya "sirr"ilə əhatə olunmuşdur: məsələn, bu analogiyanı quraraq biz Hektorun Patroklu öldürməsinin və Parisin Axillesi öldürməsinin qanuni olduğunu demirik. Biz yalnız onu qeyd edirik ki, hər iki hal "qanuni cəhətdən eyni hü­quqa" malikdir və əgər onlardan biri qanuni hesab edilsə, di­gərinin də qanuni olduğunu deməliyik.

Analogiya prosedurası və analoji arqumentləşdirmə me­to­du üçün çox mühüm olan bu incə məna fərqini başa düşmək çox zəruridir. Analoji arqumentləşdirmə növü (o, sözün həqiqi mənasında məntiqi cəhətdən arqumentləşdirmə növündən də əsasən bununla fərqlənir!) anlayışları müəyyən etmir – o, anla­yışları eyni nöqteyi-nəzərdən qiymətləndirərək onları əlaqə­ləndirir.

Başqa sözlə, biz Hektorun Patroklu öldürməsini Parisin Axillesi öldürməsi kimi müəyyənləşdirmədik, biz yalnız onların müəyyən, bizim üçün zəruri və ya məraqlı olan cəhətdən bir-birinə oxşar olduğunu, daha doğrusu müqayisə edilən olduğunu qeyd etdik. Bu mənada ritorikaya dair qədim dərsliklərdə olan aşağıdakı fikri başa düşmək olar: əslində obyektlər fərdi və təkrarolunmazdır – onlar yalnız müəyyən baxımdan bir-birini əvəz edə bilərlər, amma onlardan biri digəri ola bilməz.

Beləliklə, Hektorun Patroklu öldürməsi nümunəsindən öldürmənin qanuniliyinə dair fikri nümayiş etdirmək, Hektorun Patroklu öldürməsini Parisin Axillesi öldürməsinin yerinə əya­ni şəkildə qoymaq üçün istifadə edə bilərik – burada məqsəd yalnız ikinci öldürmə hadisəsinin "fəaliyyət şkalasında" yerini tapmaqdır. Bu analogiya əməliyyatlarından sonra hər iki öldürmə hadisəsi Troya müharibəsi tarixində onlara uyğun gələn yeri tutur və əslində bir-birindən asılı olmadan müstəqil şəkildə mövcud olmaqla davam edirlər.

Analogiya metodunun mahiyyəti belədir: bir obyekt mü­vəqqəti olaraq digər obyektin yerinə qoyulur və bu obyektin onun üçün təzə olan yerdə özünü necə "aparması" müşahidə olunur. Onun "davranışına" əsasən də ona oxşar olan obyektin də davranışı haqqında hökm irəli sürülür.

Bu proseduraya dair ritorika tarixində daha bir nümunə var. Bu Aristofan və strateq İfikrat arasındakı mübahisənin həl­li zamanı istifadə olunan analogiyadır (e.ə.356-cı il). İfikrat müəyyən pul mükafatı müqabilində donanmanın yeri barədə düşmənlərə məlumat verməkdə ittiham olunurdu. İttiham edi­lən soruşur: "Sən özün pul müqabilində belə şey edərdin?" Aristofan qəzəblə rədd cavabı verəndə İfikrat belə bir ana­logiya işlədir: "Əgər sən, Aristofan belə etməzdinsə, bəs nəyə görə mən, İtikrat belə etməliyəm?" Analogiya həddindən artıq effektiv təsir göstərir.

Nümunə kimi göstərdiyimiz bu analogiya proporsional ana­logiyadır. Onların bu xüsusiyyətini qeyd etmək çox vacib­dir, çünki ritorikaya dair dərsliklərdə analoji arqumentləş­dir­mənin iki növü qeyd edilirdi:



  1. proporsional analogiya;

  2. atributiv analogiya.

Analogiyanın bu iki növünü anlamaq üçün nəzərə almaq lazımdır ki, bu növlərdən hər biri üçün "əsas" kimi gercəklikdə obyektlər arasında olan münasibətlər çıxış edir. Proporsional olaraq müqayisə edilən obyektlər arasında, bir qayda olaraq, atributiv münasibətlər olmur və əksinə.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin