Fiqurativ praktika və ya fiqurlarla əməliyyat praktikası özünəməxsus şəkildə paralogikanın "vurma cədvəli" kimi çıxış edən kifayət qədər çoxlu fiqurlardan istifadə etmək bacarığını nəzərdə tutur: onu əvvəlcə əzbər öyrənmək lazımdır; sonra isə onu sadəcə olaraq "unudurlar" və zərurət yarananda (vurma prosedurunu həqiqətən həyata keçirmədən, daha doğrusu, məsələn, altı ədədini həqiqətən səkkiz dəfə götürmədən, sadəcə olaraq altı dəfə səkkizin – qırx səkkizə bərabər olduğunu "bilərək") avtomatik şəkildə ondan istifadə edirlər. Görünür, bu halda fiqur həqiqətən müntəzəm sürətdə işləyir.
Amma reallıqda fiqurlardan belə istifadə baş vermir. Fiqurlar hələ də yalnız məktəb-universitet praktikasında ədəbi mətnin analizi zamanı meydana çıxmaqda davam edirlər; bu zaman onlar bizə mətni daha yaxşı və ya daha fərqli anlamaqda heç bir şəkildə kömək etmirlər. Fiquru tapmaq və onu müəyyən şəkildə identifikasiya etmək bacarığı məktəblərdə və hətta ali təhsil müəssisələrində də yönəlməsi məna kəsb edən nəticə sayılır.
Amma aydın məsələdir ki, belə identifikasiya hər necə olsa qətiyyən müvafiq məlumatın başa düşülməsi demək deyildir. Belə ki, mən kompüteri görə və onun kompüter kimi identifikasiya edə bilərəm, amma əgər mən kompüterin iş prinsipi haqqında heç bir şey bilmirəmsə, belə identifikasiya mənə heç bir şey vermir.
Demək lazımdır ki, fiqurlara məlumatın və ya mətnin məhz "bədiiləşdirilməsi" vasitəsi kimi yanaşmaq məntiqi və fiqurativ praktika arasında belə dərin ziddiyyətin yaranmasına gətirib çıxarıb. Onları birləşdirən prinsipin yox olması (həm məntiqi, həm də fiqurativ praktika artıq qeyd etdiyimiz kimi eyni qanunlarla, anlayışlarla və mülahizələrlə əməliyyatı nəzərdə tutur) nəticəsində bir tərəfdən məntiqi praktika, digər tərəfdən isə fiqurativ praktika az qala ritorikanın iki müstəqil sahəsi kimi nəzərdən keçirilməyə başlandı.
Amma hətta fiqurlara əvvəllər verilmiş tərifə də müraciət etsək, onları birləşdirən prinsipi görə bilərik. Belə ki, metafora klassik tərifə əsasən fiqur olub, özündə ziddiyyəti (müqayisə et məntiqi ziddiyyət qanunu!) gizlədir, kataxreza birbaşa olaraq yunancadan sui-istifadə kimi tərcümə edilir, həmçinin tavtologiya, pleonazm və digər məntiqi səhvlər antik fiqur nəzəriyyəsində nəzərdən keçirilir.
Bundan başqa, əgər biz akiroloji mülahizə forması kimi tropların klassik şərhinə nəzər salsaq və ümumiyyətlə, akiro-logiyanın nə olduğunu aydınlaşdırmağa çalışsaq, biz çox təəccüblənərik.
Akirologiya (akyros və logos) və ya latınca ekvivalenti – impropria dictio "yararsız nitq" deməkdir, daha doğrusu, mülahizənin yararsız vasitələrinə əsaslanan nitq deməkdir. "Akirologiya" yunancadan tərcümədə də "yararsız", "qanunsuz", daha doğrusu, qanunu pozan deməkdir. Aydın məsələdir ki, burada məntiq qanunlarından – mülahizənin qurulması qanunlarından, başqa heç bir qanundan söhbət gedə bilməz.
Beləliklə, trop/fiqur ilə məntiqi səhvlər arasındakı əlaqə terminologiyada da öz əksini tapıb.
Bəlkə də, fiqurlar praktika elementlərinin akiroloji hadisələr kimi nəzərdən keçirilməsi fiqur və tropların mahiyyətcə neytral (sıfır) səviyyəsindən neytral olmayan kənaraçıxma olması fikrinin niyə heç də həmişə tənqidə layiq olmadığını izah etməyə imkan verər. Fiqurativ praktikanın məntiq nöqteyi nəzərdən yararsız, akiroloji praktika kimi təsnif edilməsi trop və fiqurun "adi" dilə çevrilməsinin perspektivsiz olmasının əsas səbəbidir: "yararsız" məna adı altında onu sadəcə olaraq çevirmək olmaz. Barokko və romantizm dövrləri bu mövzuya dair çox dəqiq versiyalar irəli sürüb.
"... və burada troplar (tropların bir növünü digərindən ayıran sərhədlər barokko mətnlərində xüsusilə qeyri-müəyyən xarakter daşıyır) ifadə planının elementlərindən bəzilərinin digərləri ilə zahirən əvəzlənməsi kimi deyil, xüsusi düşüncə sistemini yaradan vasitə kimi çıxış edir... " "Aristotelin müşahidə borusu"nda Tezauro metafora barəsində təlimi həm insani, həm də ilahi şüurun universal prinsipi kimi işləyib hazırlayıb.
Onun əsasında fərasət - oxşar olmayanları yaxınlaşdırmağa, birləşdirilməsi mümkün olmayanları birləşdirməyə yönəlmiş təfəkkür dayanır. Metaforik şüur yaradıcı şüur ilə bərabərləşdirilir və hətta, ilahi yaradıcılıq aktı, Tezauro tərəfindən metafora, analogiya vasitəsilə dünyanı yaradan hansısa ali fərasət kimi təsəvvür edilir. Tezauro ritorik fiqurları zahiri bəzək kimi qəbul edənlərə etiraz edir – onlar onun üçün həm insanı, həm də kainatı canlandıran ali Dahiyanə təfəkkür mexanizminin əsasını təşkil edir." (Lotman Ö.M. Ritorika. İzb. statği v 3-x tomax – Tallin, 1992, s. 174)
Bu səbəbdən də bir tərəfdən tropu "nağıl etmək", digər tərəfdən isə onun məntiqi tərsini ifadə etmək olmaz. Belə prosedur, məsələn, rus dilindən ingilis dilinə və ya alman dilindən fransız dilinə tərcümə zamanı yox, insan dilindən arı dilinə tərcümə zamanı həyata keçirilə bilər; amma praktikada belə prosedurlara həmişə cəhd edilib: trop və ya fiqurları adətən onların "yararlı" məntiqi variantlarla müqayisəsi müşayiət edir.
Praktiki cəhətdən əlverişsiz olan bu əhəmiyyət yəqin ki, yalnız tipoloji aspektdən, üçüncü dilə keçid yolu ilə həyata keçə bilər. Bu üçüncü dil isə ritorik təsvirdir. Bu səbəbdən də ritorika metadil kimi, daha doğrusu, "məntiqin dilinə" və "paralogikanın dilinə" nəzərən daha ümumi dil kimi, bu iki dil arasında olanı "üçüncü kateqoriyalar" vasitəsilə təsvir etməyə qadir olan dil kimi diqqəti cəlb edir (metaritorika konsepsiyası Y.M. Lotmanın adı çəkilən kitabında öz əksini tapır: səh.175).
Ritorika məntiq və paralogika arasında nə qədər belə paralellər apara bilər? Bu suala cavab verərkən yadda saxlamaq lazımdır ki, ritorika sahəsindən çoxlu sayda məlumatlar müasir dövrdə yox olub. Çox güman ki, keçmişdə həm məntiqdə, həm də fiqur nəzəriyyəsində "fəaliyyət göstərən" bir çox anlayışlardan biz müasir dövrdə istifadə etmirik.
Müasir dövrdə az-çox dəqiq təsvirə malik olan 50-80 fiqurdan bəhs etmək olar. Artıq ellinizm dövrünün ritorika kitablarından birində (Hereniya üçün ritorika) onlardan 70-in adı çəkilmişdi. Orta əsr ritorikalarında fiqurların sayı 200-ə çatır. Bu dərslikdə biz bu gün məlum olan mümkün qədər çoxlu fiquru təsvir etməyə və onların müvafiq məntiqi əməliyyatlarla əlaqəsini nümayiş etdirməyə çalışacağıq.
Bu dərslikdə haqqında məlumat veriləcək trop və fiqurların kataloqu aşağıdakıdır (trop və fiqurlar sütunlar üzrə bölünüb, onların mənası sonra aydınlaşdırılacaq).
Troplar
Dostları ilə paylaş: |