Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə98/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   94   95   96   97   98   99   100   101   ...   107
Yəhudi peyğəmbərliyi
Hər şeydən əvvəl məni çox təəccübləndirən odur ki, çoxlarının hesabına görə qədimdə baş vermiş hadisələrə görə ancaq yunanlara müraciət etmək, ancaq onlardan həqiqəti soruşmaq lazımdır, bizə və digər xalqlara isə inanmaq lazım deyil.1
Qədim yəhudi dilində nəbi, nəbiim, nabiim (peyğəmbər, peyğəmbərlər) sözlərinin hərfi mənası < çığırmaq, ürəyini boşaltmaq, bəyan etmək, çılğınlıq etmək, ekstazda olmaq, gələcəyi xəbər vermək, gələcəyi görmək > deməkdir. Peyğəmbərlərə < gələcəyi görən >, adlarını verirdilər.2 Yunan və qədim slavyan dillərində peyğəmbər sözü hərfi mənada < əvvəl, qabaqcadan, qabağında > deməkdir. Bu kimin isə əvəzində, ya da yerində danışan, gələcəkdən xəbər verən insandır.

Min illər boyu Bibliyanın peyğəmbər kitabları dindarların gözündə ali vəhy avtoritetini qoruyub saxlamışdır. “Allahın hökmü qədimdən İsraili irəli aparan ilahi qüvvə kimi təsəvvür olunur; Allah adamları olan peyğəmbərlər bu hökmün daşıyıcıları hesab olunur, onu duyur və özlərindən fərqli fövqəlinsani qüvvə kimi özlərində hiss edirlər. Əsil peyğəmbər haqqında deyirlər: “Allahın hökmü ondadır və onun vasitəsiylə “Allahın hökmü sual olunur”, yalançı peyğəmbərlər haqqında deyirlər: “onlarda hökm yoxdur”.1 Bibliyada peyğəmbərin bəzi hadisələri qabaqcadan görüb demələri və onların gerçəkləşməsi haqqında çoxlu misallar gətirilir.

“Allah səni yerin bir ucundan digər ucuna qədər bütün xalqlar arasında səpələyərək və orada nə sənin, nə sənin ata-babalarının tanımadığı başqa allahlara, ağac və daşlara ibadət edəcəksən. Amma bu xalqların arasında da sakitləşməyəcəksən və sənin ayağın üçün rahat yer olmayacaq və Allah sənə orada həyəcanlı qəlb, zəifləyən gözlər və sızıldayan qəlb verəcək. Sənin həyatın sənin qarşında asılmış olacaq və sən gecə-gündüz titrəyəcəksən və öz həyatından əmin olmayacaqsan”. (İkinci qanunlar kitabı. Fəsil 28: 64-66).

Peyğəmbərlər hələ ədalət haqqında təsəvvürlər olmayanda belə zəif və əsarətdə olan insanların müdafiəçiləri kimi çıxış edirdilər. “Peyğəmbərlər dini ideal uğrunda mübarizə aparır və cəfa çəkirlər, onlar qayğısız həyat, avaraçılıq və toxluq dövründə təhlükələr haqqında xəbər verirlər, onlar cəmiyyətin mənəvi rəhbərləri, həqiqi müqəddəslərdir. Peyğəmbərlər tənha olur, daşa basılır və sosial olub xalqın həyatına, tarixin yaradılmasına özünü qurban verir”.1

Peyğəmbərlik çevrəsinə peyğəmbərlərə məlum olan və onun mətnlərinə daxil edilmiş insanlar, hadisələr, hərəkətlər aiddir. Peyğəmbərlər çox vaxt gələcək hadisələrdən artıq baş vermiş hadisə kimi danışırlar. Peyğəmbərlər üçün Perfectum propbeticum – kimi keçmiş zaman fel formalarının indiki və çox uzaqda olan gələcək hadisələr haqqında işlədilməsi xarakterikdir.

İlk əvvəl bu nitqlər yazılmırdı. Onlar şagirdlərin və ardıcılların yaddaşlarında qorunub saxlanır, daha sonra yazılırdı. “Bu nitq ahəngdar səsli və təmkinli, ritmik, kobud təkrarlanmalarsız, amma periodik nitqə xas olan səs alçalmaları, dinləyiciləri güclü heyrətləndirən bir sıra canlı obrazları olan bir nitqdir. Peyğəmbər divanəliyin saxta tutmalarından, neologizmlərdən və görünməmiş ifadələrdən, özünün yaydığı məcazi damğalardan istifadə edirdi. Təlxəklik xarici kobudluqla özünəməxsus bir şəkildə birləşərək dindarlığın maraqlarına xidmət etməyə başladı”.2

Peyğəmbər ona görə danışır ki, ali qüvvə ona hakimdir və onu yönəldir. “Zira Cənab Allah Öz sirlərini Öz qulları olan peyğəmbərlərə açmadan heç bir şey etmir. Şir nərildəməyə başlayanda kim diksinmir ki? Cənab Allah desə kim peyğəmbərlik etməz ki?” (Amos, 3:7-8)”.

Qanun müəyyən işdə ilişib qalanda, (o, elə həmişə müəyyən addımda formalizmə uğrayır və məhz elə bunda – insan mənasında bir yerdə dolaşa-dolaşa qalır) bu zaman peyğəmbərlər işin əsil vəziyyəti haqqında haray çəkib deyirlər. Buna görə də ilişib qalmış, formalizmə uğramış qanunun mənasını yada salmaq üçün divanələrin həqiqəti qışqırıb deməsi lazım olur”. (M.Mamardaşvili. Mən fəlsəfəni necə başa düşürəm. M.: Proqress-Kultura, 1992, s.394 (rus dilində)). X.Vaynrix yazırdı: “Bibliya vəhyləri sirr olduğuna görə alleqorik şəkildə başa düşülməlidir”.1 Yəhudi dilinin forması Allah tərəfindən verilmiş ilham və vəhylərlə dolu danışan insanın iztirablı vəziyyətini əks etdirə bilir. Peyğəmbərlər Onun iradəsinin carçılarıdır. Bibliyada da deyilir ki, Allah yuxarıdan onların yanına enərək onlarla danışır, nəsihət verir. Allah öz Sözünü onların ağzına qoyur.

Peyğəmbərin xidmətinin rolu böyük olub. Onların xalqın həyatında seyrəkləşməsi və ya tamam yoxa çıxması Allahın həmin insanları tərk etməsi demək idi.

Ravvin mənbələrində dəfələrlə təkrarlanmış sabit ənənəyə görə Aqqey, Zaxari və Malaxi sonuncu peyğəmbərlər hesab olunurlar, onların ölümü ilə ilahi ilham kəsildi və Allahın ruhu İsraildən və onun xalqından uzaqlaşdı.

Allah peyğəmbərlə müxtəlif cür görüşür. Musa ilə bir dost kimi söhbət edib, Samuil Allahın sözlərini eşitsə də, onun özünü görməyib, İsaiyanın ağzını Şerafim (mələk) Allahın mehrabında yandırdığı kömürlə təmizləyir, İeremiyaya peyğəmbərliyin verilməsi Allahın barmağının onun ağzına toxunması ilə müşayiət olunub. İezekiil Allahın verdiyi bü­külü kitabı yeyib, Allah öz sirlərini Daniilə, o, yuxuda olan zaman açıb. İsaiya, İeremiya, İezekil qəzəblənərək özlərindən çıxmış halda Allahın hökmünü qəbul ediblər. İliyaya isə Allah, dəhşətli tufan, güclü külək, zəlzələvə, oddan sonra görünmüşdür.

Peyğəmbərliyin verilməsi haqqında məlumatlar müxtəlif cür verilirdi, məlumat xalqa yönəldilmiş olanda, xalq yı­ğın­cağında və ya məbəddə söylənirdi. Peyğəmibər İona öz nitqlərini Nineviyada; İyezekil Mesopotamiya köçkünləri qarşısında; zindanda olan İyeremiya öz peyğəmbərlik vəhy­lərini kağıza yazmışdır, Varux isə onları xalq qarşısında oxu­muşdur.

Peyğəmbərlər ədalət çarlığını qabaqcadan göstərərək, onlara öz dini fikirlərini ideal şəkildə tərif edərək, öz xalqının həqiqi vəziyyətini ifşa edərək, bu ideala zidd olan bir şey kimi mühakimə edir və belə ziddiyyət nəticəsində xalq fəlakətlərinin zəruri olaraq baş verəcəyini qabaqcadan deyirdilər. Öz gəlişləri və fəaliyyətləri ilə peyğəmbərlər xalqın yaxın gələcəyində olacaq bu ziddiyyətlərdən çıxış yolunu ancaq onlarda olan ali idrakı xalqın tanıması və ona tabe olması ilə tapmağın mümkün olduğunu qabaqcadan deyirdilər”.1

Peyğəmbərlik böyük ictimai sarsıntılar epoxası ilə bağlıdır. Belə ki, b.e. əvvəl VIII əsrin sonunda İsrail çarlığı süqut etdi və on minlərlə yəhudi əsirliyə aparıldı. Assuriya kultu hələ çar Solomonun dövründə mövcud idi, Manasiyanın dövründə bütpərəstlik başlandı. Babil əsirliyində olan İyezekil əziyyətlə ruhunu möhkəmləndirirdi, milli kodeks – Moisey qanunları yarandı.

Peyğəmbərlik Allah tərəfindən seçilmiş bəndənin üstünə qoyulmuş ağır yükdür. Söz- mühakimədir, buna görə də çox vaxt peyğəmbərlər həm də hakim olurlar.

Qədim Əhdi-ətiq mətnlərə görə İsraildə peyğəmbərlik hərəkatının başlanmasını b.e. əvvəl XI əsrə, yəni hakimlər epoxasının sonuna aid etmək olar. Düzdür, biz Tövratda Moiseyin (Musanın) peyğəmbər kimi göstərildiyi mətnlərə rast gəlirik. Qadınlardan Debora və Miriam peyğəmbər idilər. Nəbilər (peyğəmbərlər) haqqında Samuilin fəaliyyəti dövründə də danışılır, onlara ata tərəfindən başçılıq edilən kiçik qruplar, ya da icmalar şəklində yaşayırdılar. Peyğəmbərlərə ibadət 700 il davam etdi. Peyğəmbərlərin çoxu yazıçı idi (Samuil, Qad, Nafail), 16 peyğəmbər bizə öz peyğəmbərlik kitablarını qoyub gediblər (İsaiya, İyeremiya, Daniil, Osiya, İona, Aqqey və başqaları).

Peyğəmbərlər Allahdan aldıqları vəhyləri üç üsulla insanlara ötürürdülər: 1) şifahi moizə yolu ilə; 2) simvolik hərəkətlər yolu ilə; 3) yazı yolu ilə. “Get və bu xalqa de” (İsaiya); “Get və Yerusəlimin qulaqlarına de” (İyeremiya, 2:1). Peyğəmbərlər gedir və moizə edirdilər. Onlar xalq natiqləri və sərkərdan moizəçi idilər. Onların yüksək ruhla söylədikləri nitqlərin səsi Yerusəlimin məbəd həyətindənsə meydanlarından daha tez-tez eşidilirdi. Onlar çar saraylarına və əyan otaqlarına cürətlə girirdilər.

Peyğəmbərlər öz nitqlərini ilahi ruhlu hesab etdiklərinə görə çoxları nitqlərini belə başlayırdılar: “Bunu Allah deyir”; “Allahın mənə sözü olub”; “Allah sözünü mənə dedi”. Belə başlanğıc Bibliyada 3800 dəfədən çox təkrarlanıb.

Peyğəmbər nitqlərinə çoxlu siyasi obrazlar daxildir. Tədqiqatçıların rəyinə görə qədim peyğəmbərlər öz nitqlərini musiqi alətlərinin səsinin müşayiəti ilə söyləyirdilər, belə bir nəticə çıxır ki, onlar ritmik şəkildə ifa ediliblər.

Poetik obrazları peyğəmbər məktəblərində öyrənirdilər. Bibliya mətnlərində biz müqayisələrin şaxələnmiş sistemini tapırıq. Xalq bitki – üzüm tənəyi kimi təsvir olunur (Psalom 80:9-10, 15-16), İsrail zanbağa bənzədilir (“Mən İszrail üçün şeh olaram; və o, zanbaq kimi gül açacaq və Livan kimi öz köklərini buraxacaq, Osuya 14:6). İyeremiyanın sözlərinə görə İyeqova xalqı “yaşıl, gözəl və barverən zeytun” adlandırırdı (fəsil 11:16). Xalqın məhvini əkinçi məişətindən götürülmüş simvollarla təsvir olunur: “Həmin gün İakovun şöhrəti yerə səriləcək və taxılın biçildiyi, sünbüllərin döyüldüyü vaxt olan şeylər olacaq və zeytun ağacı çırpılan zaman olduğu kimi iki-üç zeytun hündür budaqların ucunda, dörd-beşi bar gətirən budaqlarda qalacaq” (İsaiya, 17:4-6).

Müharibə və talanla hədələyən Babil biçilməmiş tarlaya bənzədilir ki, onun sünbüllərini döymək lazımdır. İnsanların həyatı ilə bitkilər arasında paralellik alleqoriya üzərində qurulub: ölüm başqa nəsillərin dirçəlişidir: “Sıx ağac­da olan yaşıl yarpaqlar kimi – bəziləri düşür, digərləri isə böyüyür; ətdən və qandan olan nəsil də belədir, bəziləri ölür, digərləri isə doğulurlar” (Sirax, 14:9). Cümlənin mübaliğəli olması peyğəmbər İsaiyanın nitqi üçün xarakterikdir (o əyan nəslindən idi).

Babil haqqında deyilir ki, onun xarabalıqlarında bayquşlar (yəhudi dilində ), dəvəquşları (), <əcinnələr>, ), iblislər, çaqqallar (yə­hudi dilində ) yaşayacaq. Səma lülə kimi büküləcək, ulduzlar göydən yerə töküləcək, torpaq qanla dolacaq, çaylardan qətran axacaq.

Bibliya peyğəmbərləri Allah və xalq arasında olan münasibəti nikah ittifaqı kimi, Allahdan uzaqlaşmaq, yəni baqa allahlarla ittifaqa girməyi (bütpərəstlik) əxlaqsızlıq ki­mi təsvir edirlər. İsaiya Yerusəlimi “pozğun qadın” adlandırırdı. “Rüsvayçılıq onun alnında yazılıb”. Peyğəmbər İyezekilin kitabında İsrail və Yəhudi çarlığı-pozğun qadınlara, Davidin evi kedrə, Misir-timsaha, Tir-gəmiyə, Navuxodonosor-qartala bənzədilir. Yəhudilər onun peyğəmbərliklərini sirli, qaranlıq və anlaşılmaz hesab edirlər, kilsə ataları (mü­qəddəs İyeronim və müqəddəs Qriqori) simvolizmə görə İyezekilin kitabını “okean və ya Tanrı sirlərinin labirinti”, “bö­yük sirr və qarabasmaların müşahidəçisi və yozanı” adlandırırdılar. Ən əcaib obrazlardan biri – sümüklərlə dolu tarlanın görüntüsü – dünyanın bir çox dillərinə daxil olmuşdur.

Aydındır ki, stilin metaforalı olması onun genişliyini istisna edirdi. Ravvinlər deyirlər: “Allah yığcamlığı sevir”. İeremiya sadə olub. Müqəddəs Avqustin onun dilini kənd, ya da sadə xalq dili adlandırırdı.

Peyğəmbər nitqləri müəyyən formullar, ştamplar, xitablar, təkrarlar sistemi (məsələn, dulun, yetimin, qəribin və kasıbın sıxışdırılması haqqında) ilə bəzədilir.1

Çox vaxt nitqlər simvolik hərəkətlərlə birləşdirilir və ritual susma ilə müşayiət olunur. Məsələn, peyğəmbər İyezekiil böyük və yumşaq kərpicin üstündə Yerusəlimin şəklini cızaraq onun üzərində mühasirə hərəkətlərini həyata keçirir, İsrail çarlığının ədalətsiz olması əlaməti olaraq 390 gün sol böyrü üstündə Yəhudi çarlığının cinayətləri nişanəsi olaraq 40 gün sağ böyrü üstə uzanır, yəhudilərin qırılması və səpələnməsi nişanı olaraq təzək qatılmış çörək yeyir, saçını qırxaraq küləyə verirmiş.

İosinin çarlığının son illərində peyğəmbər İyeremiya bəzəkdi kətan kəmər ilə simvolik hərəkət edərək öz müasirləri üçün Allahın gözlənilən qəzəbinin mənasını qabaqcadan demişdir. İyeremiya belinə bağladığı kəməri çirklənənə kimi üstündə gəzdirir, sonra isə onu açaraq Fəratın sahilindəki qayalıqda gizlədir və kəmər çürüyəndən sonra onu göstərərək deyirdi ki, Allah “Yəhudinin məğrurluğunu və Yerusəlimin böyük təkəbbürünü” belə məhv edəcək. (İyeremiya, 13:9). O, həm də ağsaqqalların əhatəsində Yerusəlimin gələcək dağılmasının əlaməti kimi gil qabı sındırmışdır. Yəhudilər Allaha yaxın olublar, sonra kirləniblər və Allah onları Babilə əsir kimi göndərir. O, gələcəkdə Babil çarının yəhudiləri əsarət altına alacağı əlaməti kimi boynunda boyunduruq gəzdirirdi.

Peyğəmbərlər keçi yunundan milot (mantiya) geyinir və dəri kəmər bağlayırdılar. Onların bəzilərinin bədənlərində çapıqlar var idi, bunlar Allahın ruhu onların yanına enən zaman və onlar ekstaz vəziyyətində olan zaman bədənlərinə yetirdikləri xəsarət nəticəsində əmələ gəlirdi. Onların ölkənin siyasi həyatında iştirakı şübhəsizdir, elə buna görə də onlar təqibə məruz qalırdılar. “Onlar seçilmiş xalqın tarixində xü­susi talenin zəruri olduğunu israr edir, bu talenin tərtib edildiyi hadisələrin özləri haqqında da danışırdılar”. Pey­ğəm­bərlər yaxşı ata, pedaqoq və pastır (mənəvi ata) kimi elementar, uşaqcasına əyani vasitələrdən tutmuş bütün vasitələrdən, dəlicəsinə, simvolik hərəkətlərdən istifadə etməklə hamının, hətta ən axmaq və ya şıltaq adamların beyninə də onlara lazım olan nəsihətləri və həqiqətləri yeritmək istəyirdilər.

Bilərəkdən xalq üçün sirli və aydın olmayan şeylərdən danışmaq insanların sadə, təbii şüurunu ələ salmaq demək olardı. Belə təsəvvür dinləyicilərin, müqəddəs və pak dinləyicilərin, həmdə əhdi-ətiq vəhylərinin daşıyıcılarının obrazına təhqiredici bir karikatura olardı. Yox, onlar öz müasirləri üçün tamam anlaşılan və yaxın olan şeylərdən danışırdılar. Amma, onlar yaradıcı və fəal idilər. İlahi Ruhun təsiri altında hərəkət edən insanlar ilham və dini təfəkkürünün qartal kimi uçuşu dəqiqələrində adi insanın dərk etməsindən nə isə yüksək olan, nə isə ilahi-insani bir şey deməyə qabildirlər. Buna görə də peyğəmbərlərin nitqi bəzən belə möhtəşəm, şimşəyəbənzər, həqiqətən fövqəlbəşəri olur. Onların qeybdən xəbər verməsində olan çox şey, bəlkə də ən fövqəladə və qəribə olanlar onların canlı, aydın şüuru üçün yeri olmayan və əlçatmaz olub, onların xəyalına gəlib elə “fal güzgüsündə olduğu kimi”.1

İsaiyanın peyğəmbərliyindən misal gətirək:

“Dərdə düşəsiniz ey evi-evə calayanlar, tarlanı tarlaya qatanlar, bunu elə edirsiniz ki, başqaları üçün yer qalmır, elə bil yerdə yaşayan təkcə sizsiniz.

Allah Savaof qulağıma dedi: bu çoxsaylı, böyük, gözəl evlər boş, sakinsiz olacaq.

O kəslər bəlaya düşsün ki, səhər tezdən meyxana axtararaq axşama kimi özlərini şərabla qızışdırırlar.

Onların kef məclislərində sitra və qusli, timpan və tü­tək (musiqi alətlər), həm də şərab var, amma Allahın işlərinə onlar məhəl qoy­murlar, həm də əlləri ilə işləmək haqqında da düşün­mür­lər.

Əvəzində mənim xalqım gözlənilmədən əsir düşəcək və onun əyanları aclıqdan, zənginləri susuzluqdan əziyyət çəkəcəklər.

Əvəzində cəhənnəm genişlənib və ağzını hədsiz dərəcədə açıb; və onların şöhrəti də, varı da, hay-küyü də, onları şənləndirən hər şey ora töküləcək.

Onda insan əyiləcək, ər tabe olacaq, məğrurların gözləri solacaq.

O şəxslər dərdə düşsün ki, onlar qanunsuzluğu avaraçılığın, günahı isə araba qayışları ilə özlərinə doğru çəkirlər.

O şəxslər dərdə düşsün ki, şərə xeyir, xeyirə şər, qaranlığa işıq, işığa isə qaranlıq deyirlər, acını şirin, şirini isə acı hesab edirlər!

O şəxslər dərdə düşsün ki, öz gözlərində müdrik və özləri özlərinin yanında ağıllıdırlar.

O şəxslər dərdə düşsün ki, şərab içməkdə qoçaq və araq çəkməkdə güclü olsunlar. Hədiyyələrə görə nahaqqı haqq, haqqı isə nahaq edirlər!

Bu da zülmət, dərd, artıq işıq buludlarda tutqunlaşır”. (İsaiya, fəsil 5).

Nitq tipli nəsihətverici əsərlərin sırasına ruhanilərin və levitlərin dini moizələri də daxildir. Onlar rəsmi kult nümayəndələri idilər və peyğəmbərlərdən fərqli olaraq parlaq ifadə edilmiş şəxsiyyətə malik deyildilər.

S.N.Bulqakov yazırdı: “Sözlə və ya hərəkətlə peyğəmbərlik ibadətini etmək ruhanilikdən fərqli olaraq əsasən şəxsi cəsarət və təşəbbüsdən ibarətdir. Peyğəmbərlərin fərdi siması və tarixdə müəyyən olunmuş vəzifəsi var, bunu isə “Aarona ibadətdə” bir tam halında birləşən ayrı-ayrı levitlik nümayəndələri haqqında demək olmaz. Şəxsi cəsarət teurqik qüvvənin daşıyıcısı kimi müqəddəsə və ya möcüzə göstərənlərə də xasdır. Görəsən, Allah qarşısında nə qədər cəsarətli olmalısan ki, Ondan hadisələrin artıq müəyyən olunmuş gedişinin ləğvini və əvəzində möcüzəni istəyəsən”.1

Bibliyadan müzakirə üçün götürülmüş sual sırf məişət situasiyasına aid olunmuş izahdan ibarətdir: “Məsələn, şənbə günü xəstənin xətrinə lampanı söndürmək olarmı?” - sualına cavab belə ola bilərdi: “Ruh – Allahın lampasıdır, qoy yansın, o, insanın əli ilə yandırılmış lampa kimi deyil, heç vaxt sönmür”. Moizəyə sentensiya da daxil edilə bilər: “Nə vaxt ki, daha yaxşı ola bilmirlər, onda daha pis olurlar”. (Kar­linli Rabbe Aaron).

İlahiyyatçı moizəsi dua məclislərinin mühüm tərkib hissəsi idi, o, yüksək emosional əhval yaradırdı. Moizələrdə bəzən həmin tarixi dövrdə insanları həyəcanlandıran sosial-siyasi və etik məsələlər pritça (həkayət) formasında müza­kirə olunurdu.2


Ritorika tarixində məktəblər
1. Yunan natiqlik məktəbi

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin