Borc
(Novella)
O, işsiz qalmışdı. İki aydan çox idi ki, hərbi xidmətdən qayıtmışdı. Tələbə vaxtı tikintidə ağır işlərdə çalışmışdı. İndi o iş də yox idi. Çünki, iqtisadi böhran nəticəsində tikintilərdə iş dayanmışdı. Elə bir imkanlı, vəzifəli nə qohumu, nə də tanışı vardı ki, ona iş tapa bilsin. Atası O, hərbi xidmətdəykən qaraciyər xəstəli-yindən vəfat etmişdi. Atası neftçi idi. Son vaxtlar həddən çox içirdi. O da yeniyetmə vaxtlarında içkiyə meylli idi, son vaxtlar isə, demək olar ki, arağa nifrət edirdi, bəlkə də atasına baxaraq. Özündən böyük iki bacısı ərdə idi. Anası ağır şəkər xəstəsi idi. Rəsmi olaraq heç bir yerdə işləməmişdi. Bir müddət bazarda xırda alverlə məşğul olmuşdu. İndi isə əlli manat sosial pensiya alırdı. Son aldığı pensiyanı da əskərlikdən yenicə gəlmiş oğluna iş tapana qədər “fırlanmaq” üçün vermişdi.
Ailələri rayondan Bakıya gəlmə idi. Atası iyirmi ilə yaxın ev növbəsində olsa da, ev ala bilməmişdi. Neft Şirkətinin balansında olan, şəraiti o qədər də yaxşı olmayan, təxminən 50-60 kv.m.-lik mənzildə yaşayırdılar. Atası vəfatından öncə işdən çıxarılmış olmasaydı Onu bəlkə də atasının yerinə işə götürərdilər. Neft müəssisələrində belə ənənə var idi. Amma təəssüf ki, atasını səhhətinin işləməyə imkan vermədiyini əsas gətirib işdən azad etmişdilər. Bu olmasa belə, atasını bir neçə ay sonra pensiya yaşı çatdığına görə işdən çıxaracaqdılar.
O, iş sorağı ilə demək olar ki, bütün qohumlarına, dost-tanışlarına ağız açmışdı. Ağız açdığı insanlardan az əhəmiyyət verənləri də, yanımcılları da, özünü yanımcıl göstərənləri də olmuşdu. Amma nəticə yox idi, Ona isə “bir şey olsa xəbər edərəm”, “soraqlayaram”, “bir-iki aya iş açılacaq” və s. sözlərdən sonra ümid etmək qalırdı. Hətta ona mühasiblik, mühəndislik, “prorab”lıq, inzibatçılıq kimi vəzifələr söz verənlər də olmuşdu. Nəticə isə yox idi. Ümid də get-gedə tükənirdi. Sözün hərfi mənasında acından ölmək vəziyyəti də yarana bilərdi.
Bəs nə etməli? O, beynində bütün mümkün variantları düşünməyə çalışırdı. Ali təhsilli inşaatçı kimi dövlətin məşqulluq idarəsinə müraciət edib ixtisasına uyğun iş tələb etmək reallıqda Ona onsuz da çox mənasız və gülünc görsənirdi. İndi tikintidə ən ağır fəhlə işinə keçmək belə Onun üçün ən böyük arzuya, az qala ən böyük xoşbəxtliyə çevrilmişdi. Rüşvət verib harasa işə girməkdən də söhbət gedə bilməzdi, axı Onun ailəsində pul yox dərəcəsində idi. O, yalnız fiziki iş tapa biləcəyini bilirdi. Fiziki işin ağırlığından da qətiyyən qorxmurdu. Bu mənəvi keyfiyyət Onda hərbi xidmətdən sonra daha da möhkəmlənmişdi. Belə ki, O, xidmətinin yarısını əsgər, yarısını manqa komandiri kimi keçirmişdi. Manqa komandiri keçdikdən sonra hər cür fiziki işdən azad olsa da, məsuliyyəti və mənəvi gərginliyi daha da artmışdı, əsgərlərinə görə komandirləri tərəfindən üzünə daha çox söz gəlirdi, daha çox danlanırdı, daha çox əsəbiləşirdi. Əsgər olanda tək öz işinə cavabdeh idisə, komandir olduqdan sonra 10-15, bəzən bütün tağımın əsgərlərinin işinə cavabdeh idi. Bəzən yenidən əsgər olmaq istəyirdi. O, Bütün bunlardan sonra nə qədər ağır olsa da “başı sakit” fiziki işlə məşqul olmağın mənəvi gərginlikli qeyri-fiziki işdən daha yaxşı olduğunu başa düşmüşdü. Ona görə də gücü çatacağı nə qədər ağır fiziki iş olsa, O, qəbul edərdi. Bəs O, hansı sənəti bacarırdı? O, az-çox inşaat və santexnika işinə bələd idi. Lakin onu usta kimi heç kim tanımırdı ki, gedib evlərdə işləsin. Bəs nə etməli? Yalnız hansısa şansamı ümid etməli? Bütün bu fikirlər hər dəqiqə, gecə, gündüz, küçədə, avtobusda onun beynində fırlanırdı.
İndi də avtobusda idi. Amma fikir onu elə aparmışdı ki, avtobusda oturduğunu tamamı ilə unutmuşdu. Əli zənbilli yaşlı bir qadının avtobusa minib Onun yanında dayanması Ona avtobusda olduğunu xatırlatdı. Durub qadına yer verdi. Qadın yorğun-yorğun oturdu:
- Sağ ol, ay bala.
O, söz demək əvəzinə başını iki dəfə aşağı-yuxarı yellədi. Üzü pəncərəyə tərəf dayandı. Yolqırağı düzülmüş saysız-hesabsız obyektlər – dəmirçi, dülgər, plastik qapı-pəncərə, mebel və şüşə sexləri, avtoservislər, tikinti materialları mağazaları və s. gözünün önündən keçməyə başladı. “Bunlar ki hamısı real iş yerləridir! Bəlkə işi adamlar vasitəsi ilə soraqlamaqdansa birbaşa bu obyektlərə müraciət etmək daha əlverişlidir? Çəkin-məkdən keçib, mənə nə deyəcəklər ki, iş axtarıram də. İşçiyə ehtiyacları yoxdursa, desinlər yoxdur, onlardan nə gedir ki? Qoy düşüb bir-bir hamısından soruşum” deyə düşündü.
O, avtobusda pul yığan yeniyetmə oğlanın növbəti dayanacaqda “düşən var?” sualına dərhal “var, var” deyərək iyirmi qəpikliyi oğlanın ovcuna qoyub yerə endi. Yaxınlaşdığı birinci obyektdə dəmir darvazalar, çənlər, kolonkalar və s. yığılırdı. O, yaxınlaşdıqda yerdə yeni yığılan darvazanın üstündə işləyən qaynaqçı qaynaq maskasını qaldırıb Ona tərəf baxdı. Qaynaqçının geyimi, ayaqqabıları və əlcəkləri həddən artıq çirkli idi. Havada ayaz və bir az da külək vardı. Hər halda boz ayın çıxmasına hələ bir-iki həftə qalırdı. Yəni, hava şəraiti də qaynaqçı üçün o qədər də əlverişli deyildi. Bəlkə də kimlərinsə bu vəziyyətdə işləyən qaynaqçını görüb ona yazığı gələ bilərdi. Onun isə qaynaqçıya nəinki yazığı gəlmirdi, hətta ona qibtə edirdi. O, qaynaqçıya salam verdi:
- Salaməleyküm.
- Əleyküməssalam.
- Qardaş, sizə işçi lazım deyil?
Qaynaqçı əli ilə arxadakı iki nəfəri göstərdi və maskasını endirib işinə davam etdi. O, adamların yanına yaxınlaşdı. Salam verib yenə həmin sualı verdi:
- Sizə işçi lazım deyil?
Adamlardan biri (geyimindən onun obyekti işlədən şəxs olduğunu ehtimal etmək olardı) cavab verdi:
- İşçi? Hə. “Svarşik” lazımdır.
- Ancaq “svarşik”?
- Hə, bizdə başqa elə bir iş yoxdur axı.
O, söhbətdən tez ayrılmamaq xatirinə bir sual da verdi:
- Sizdə zəhmət haqqı gündəlikdir, aylıqdır, yoxsa necə?
- İşə görədir, qaqaş. Hər işin öz qiyməti var. Baxır nə yığılır. Nədir ki, sən “svarşik”sən?
- Yox, mən “svarka” bacarmıram, elə-belə maraqlandım.
- “Svarşik” olsa gəlib işləyə bilər.
- Oldu, sağ olun.
O, buradan ayrılıb növbəti obyektlərə doğru getdi. Hardasa bir-iki kilometr məsafədə demək olar ki, bütün obyektlərə toxundu. Hamısında da oxşar vəziyyətlərlə rastlaşdı. O obyektlərə ya ümumiyyətlə işçi lazım deyildi, ya da ancaq sənətkarlar – qaynaqçı, dülgər, mebel ustası, maşın ustası və s. lazım idi. Son ümid yalnız tikinti materialları mağazalarında mal yükləyib-boşaltma işi idi ki, onu yaxşı bacarardı. Müraciət etdiyi bütün mağa-zalarda isə belə işçiyə ehtiyacın olmadığını demişdilər. O, avtobusa minib, şəhərin nisbətən mərkəz hissəsinə doğru getməyi qərara aldı. Bu axtarışdan sonra hər halda bir az ümidlənmişdi. Tanıdığı başqa “obyektlər silsilələri”ni də gəzməyi düşünürdü. Əhalinin nisbətən sıx yaşadığı yerdə bir dayanacaqda düşdü. Burada daha çox zəngin ərzaq mağazaları yerləşirdi. Həmçinin mobil telefon, disk, uşaq oyuncaqları, məktəb ləvazimatları mağazaları, apteklər, kafelər, dönərxanalar və s. də var idi. Bir sözlə, hər növ ticarət və biznes sahəsinə rast gəlmək olardı. Qapısının üzərində “İcarəyə verilir”, “Satıcı qız tələb olunur”, “Aptekçi qız tələb olunur” elanları olan obyektlər də var idi. Lakin bunların heç biri Onluq deyildi. İrəlidə, nisbətən seyrəklikdə bir kafel-metlax dükanı da Onun gözünə dəydi. Ora yaxınlaşdı, dükana daxil oldu. Dükan kifayət qədər zəngin idi, içəridə divara və yerə növbənöv və rəngbərəng kafel-metlax nümunələri düzülmüşdü. İçəridə bundan başqa kassa aparatı, jurnal stolu və iki balaca stul da vardı. Bu stullarda iki nəfər oturub çay içirdi. Yəqin ki, artıq nahar etmişdilər. Onlardan biri – ağbəniz, dolu bədənli, səliqəli geyimli, gənclik təravətini hələ tam itirməmiş kişi yəqin ki, dükanın yiyəsi idi. O birisi isə təxminən onunla eyni yaşda, lakin nisbətən arıq bədənli idi. İçəridə bir yaşlı qadın və gənc qız mallara baxırdı. O da özünü orada bir müştəri kimi aparırdı. Digər müştərilər dükandan çıxan kimi Ona oturub çay içən adamlara müraciət etmək fürsəti yarandı. O, bu gün bu sahədə müəyyən təcrübə qazandığından artıq onlardan birbaşa nəyi soruşmalı olduğunu bilirdi. O, adamlara salam verib dərhal soruşdu:
- Sizdə mağazaya fəhlə lazım deyil?
Ağbəniz adam altdan yuxarı sanki, heyrətlənmiş halda Ona baxdı. O, dərhal cavab verilməməsindən istifadə edib sualına bu sözləri də əlavə etdi:
- Mal yükləyib-boşaltmağa.
Ağbəniz adam düşünə-düşünə cavab verdi:
- Ola bilər lazım olsun.
Yanındakı kişi astaca soruşdu:
- O biri obyektə?
- Yox, ora adam götürdük. Bəlkə bura lazım oldu.
- Bəs bu uşaqlar?
- Onlar gedəsidirlər.
Dükanın yiyəsi Ondan soruşdu:
- Özün istəyirdin?
- Bəli.
- Hesabdan başın çıxır, kvadratı-zadı çıxartmaq-dan?
- Hesablama barədən heç bir problem yoxdur, özüm ali təhsilliyəm.
Mağaza yiyəsinin yanındakı kişi gülümsünərək dedi:
- Ali təhsilli olmaqla deyil ki. Elə ali təhsillilər tanıyıram ki, heç vurma cədvəlini də düz-əməlli bilmir, pulnan girib, pulnan da oxuyub.
O da bir az gülümsünüb dedi:
- Yox, mən öz gücümə girib, öz gücümə də oxumuşam.
- Səni demirəm ey, ümumiyyətlə deyirəm.
- Düz deyirsiniz.
Mağaza yiyəsi Ondan soruşdu:
- Haranı qurtarmısan?
- İnşaatı. Əsgərlikdən təzə gəlmişəm. Əvvəl tikintidə fəhlə işləmişəm.
- Yaxşı, qaqaş. Bir-iki günə əlaqə saxlayarsan.
Yanındakı kişi yenə müdaxilə etdi:
- İstəyirsən, nömrəsini versin, lazım olsa çağırarsan.
- Hə, mobilini dee, qaqaş...
O, mobil telefonunun nömrəsini və adını mağaza yiyəsinə dedi. Mağaza yiyəsi nömrəni və adı kağız parçasına qeyd etdi. O, sağollaşıb dükandan çıxdı. Xeyli ümidlənmişdi. Axşama qədər başqa obyektlərə də toxundu. Amma bir şey çıxmadı.
Artıq onun günləri obyektləri gəzməklə keçirdi. Bir neçə başqa obyektdə də Ondan telefon nömrəsi almışdılar. Ancaq çağıran yox idi. Günlər keçdikcə bıçaq sümüyə dirənirdi. Əsgərlikdən təzə döndüyü vaxt anası 50 manat verdikdən sonra heç kimdən bir qəpik də istəməmişdi, anası vermək istəsə də, götürməmişdi. O, anasının sosial pensiyasını da bankomatdan alan kimi özünə verirdi. Atasının yas mərasimində qohum- əqrabanın yardımından sonra anasında iki-üç yüz manat pul vardı. İndi yəqin ki, o pulun da çoxu xərclənmişdi. O, evdə yemək yeməyə, hətta evdə oturmağa da utanırdı. O, adətən səhər tezdən evdən çıxıb axşam qayıdırdı və demək olar ki, evdə yemək yemirdi. Bəzən gününü 20 qəpiklik bir “peraşki” ilə ötürürdü. Günlər biri-birini əvəz etdikcə son iş axtarışlarından sonra yaranmış ümidləri də ölürdü. Artıq gündəlik qidasını belə təmin etmək üçün bir halal yol tapmaq qeyri-mümkün olmuşdu. Nə etməli? Haram yolamı əl atmalı? Oğurluqmu etməli? Bəs Onu oğurluğa görə tutsalar necə? Onda hər halda Ona türmədə verilən gündəlik yeməyi ən azı minnətsiz yeyə biləcəkdi! Bəs anası? Onun onsuz da anasına heç bir maddi xeyri yox idi. Ən azından anasının ayda 50 manat gəliri vardı. O, bir gecə yataqda bunları düşündükcə sanki, oğurluq etməyə əsas taparaq ürəklənirdi. O, təxminən iki-üç saat yata bilməyərək düşündü. Sonda sabahdan oğurluğa gedəcəyinə qəti qəqrar verdi! Nə vaxt yuxuya getdiyini bilmədi. Səhər oyanan kimi gecə verdiyi qərar haqqında düşündü və bir az tərəddüd etdi. Lakin düşdüyü vəziyyəti bir daha düşündükdə verdiyi qərara görə özünə “haqq” qazandıra bildi. Artıq Onun düşdüyü vəziyyət oğurluq etmək üçün Ona bəraət və cəsarət verirdi. O, imanlı adam idi. Haram gəlirin heç kəsə xeyir verməyəcəyinə, “Zəhmətsiz gələn ləzzətsiz gedər” deyiminə inanırdı və həmişə haramdan uzaq olmağa çalışırdı. Amma düşdüyü bu çətin vəziyyət onu haram yola əl atmağa məcbur edirdi.
O, Səhər tezdən evdən çıxdı. Ən çox ümid etdiyi obyekt kafel-metlax mağazası idi. Öncə həmin mağazaya getməyi qərara aldı. Oraya gedib yolun əks tərəfindən mağazaya baxdı. Təxminən 17-20 yaşlarında iki nəfər cavan uşaq yük maşınından mağazanın anbarına mal böşaldırdı. O, buraya işə götürüləcəyinə ümid etdiyinə görə bir anlığa özünü axmaq hesab etdi. “Nə çox qohum-əqrabası, dost-tanışı, onlardan götürər də işə, daha tanımadığı bir adamı niyə işə götürür?” deyə özünü qınadı. O, arxa küçəyə keçdi. Burada mağaza yiyəsinin o biri obyekti – tikinti materialları mağazası yerləşirdi. Oranın da fəhlələri yerində idi. O məyus oldu. Artıq oğurluq qaçılmaz olacaqdı. Asta addımlarla mağazanının qarşısından keçib getdi. Bir az getmiş həmin sırada o qədər də böyük olmayan bir mağaza göründü. Bir cavan oğlan mağazanın qapısının qıfılını açıb içəri girirdi. Onun gözü dəmir barmaqlıqdakı Çin istehsalı olan boz rəngli iri qıfıla sataşdı. Sanki səksəndi. Bu qıfıl ki həddən artıq etibarsızdır, demək olar ki, hər açarla açılır! Dəmir barmaqlıqdan sonra isə ikilaylı plastik qapı gəlirdi. Bu qapının yuxarı hissəsi şüşə, aşağı hissəsi lambirin idi. Axı belə plastik qapılar da o qədər də etibarlı deyildi. O, tikintidə işləyərkən belə qapılar kilidli olduqda da onları açmağın mümkünlüyünü öyrənmişdi. Onun ürəyi döyünməyə başladı. Mağazaya döşənmiş metlaxların təzəliyindən və vitrinlərdəki malların seyrəkliyindən mağazanın təzə açıldığını bilmək olardı. O mağazanı uzaqdan xeyli seyr etdi. Mağazada əsasən ərzaq malları satılırdı. İçəridə kassa aparatının olduğu da görünürdü. Təzə açılmasına və o qədər də zəngin olmamasına baxmayaraq alver pis getmirdi. Axı bura yaşayış zonası idi. Amma o biri küçə kimi tünlük də yox idi. Üzbəüz ağaclıq idi. Bəlkə bu şərait bir şans idi?
O, edəcəyi cinayəti beynində planlaşdırmağa başladı. Əslində gördüyü mənzərədən sonra oğurluq avtomatik olaraq, asanlıqla beynində planlaşmışdı. Axı o, polis tərəfindən tutulmaqdan da qorxmurdu. Amma mülki insanlar tərəfindən yaxalanıb biabır olmaqdan çox qorxurdu.
O, evə gəldi. Anası Onun evə belə tez gəlməsindən təəccüblənib soruşdu:
- Nə əcəb bu gün belə tez gəlmisən?
O, bəhanəni artıq əvvəldən hazırlamışdı:
- Axşam bir evdə iş görməyə gedəcəm.
- Nə işdir ki?
- Bir az santexnika işi var. Bir tanış adam var, o, əlaqələndirib. Dedi ki, “hörmət”ini eləyəcək.
- Lap yaxşı, xeyirli olsun.
- Tikintidə işləyəndə geydiyim əlcəklər durur? Lomla işləyəcəm, əlcək lazım olacaq.
- Hara qoymusan, orda olar. Mən əlcək atmamışam.
O, tikintidə geydiyi qumlu-sememtli, qurumuş, köhnə əlcəklərini tapdı. Bu, Ona əslində lomla işləmək üçün yox, barmaq izlərinin düşməməsi üçün lazım idi. Evdən bir dənə də yastı formalı yeyə götürdü. Bu Ona kilidli plastik qapını açmaq üçün lazım olacaqdı. Mağazanın barmaqlığında gördüyü Çin qıfılından evdə də vardı. Bu qıfılı O, əsgərlikdə olarkən anası almışdı. O, hətta anasına bu qıfılın çox etibarsız olduğunu demiş və ondan istifadə etməməyi məsləhət görmüşdü. İndi həmin qıfılın açarı ona lazım olacaqdı.
O, hava qaralanda əlcəkləri, yeyəni və açarı ciblərinə qoyub evdən çıxdı. O, “girəcəyi” mağazanın bağlanmasını gözləməliydi. Deməli, hələ bir neçə saat şəhərin başqa yerlərində vaxt öldürməli idi. O, evdən gec də çıxa bilməzdi, axı anası şübhələnərdi. Zəif yağış başlamışdı və get-gedə güclənirdi. Əslində yağışlı hava da onun şansını artırırdı. Sanki, bütün şərait, hətta təbiət də ona işləyirdi.
O, bir neçə saatı dükanlarda, dayanacaqlarda, marşrutlarda və pıyada gəzməkdə keçirdi. Pis hava şəraiti onun vecinə də deyildi. O, ən tezi saat 11-12 arası “iş”ə gedəcəyini düşünmüşdü. Həmin vaxt mağazanın bağlanmış olacağını və oranın “yiyəsizlik” olacağını ehtimal edirdi.
Saat 12-yə qalmış O, mağazanın yerləşdiyi küçəyə gəldi. Bütün obyektlər, o cümlədən “girmək” istədiyi mağaza bəlkə də çoxdan bağlanmışdı. Yağış davam edirdi. Yaxınlıqda heç kim yox idi. Mağazanın qabağında işıq yanırdı. O əlcəkli əllərini gödəkcəsinin uzun qollarında gizlətmişdi. Başında idman papağı vardı. Mağazaya yaxınlaşıb bağlı qapının düz qarşısında üzü mağazaya doğru dayandı. Ürəyi döyünməyə başladı. O, özünü mağazada işləyən şəxs kimi aparmalı idi. Açarı çıxarıb qıfıla saldı. Bu zaman arxadan ayaq səsləri eşitdi. Ürək döyüntüləri bir az da artdı. Lakin başını da döndərmədi. Sonra ayaq səslərinə iki qadın səsinin qarışdığını duydu və bu səs tədricən azalaraq itdi. Köndələn küçədən iki qadın keçib gedirmiş. O, bir az özünə gəldi. Açarı qıfılda oynatmağa başladı. Qıfıl açılmırdı. Əgər qıfıl açılmasaydı heç nə alınmayacaqdı və O, qayıdıb evə gedəcək, başqa variantlar düşünəcəkdi. O, qıfılı daha möhkəm silkələməyə və dartmağa başladı. Nəhayət açıldığını gördü. Dərhal qıfılı cibinə qoyub yeyəni çıxartdı. Yeyənin iti saplığını kilidin tuşundan qapının iki layının arasına saldı və onu var gücü ilə sola qanırıb irəliyə doğru itələdi. Plastik qapının elastikliyi hesabına əyilməsi layların biri-birindən aralanmasına və kilidin dilinin yuvasından çıxmasına kifayət etməli idi. Bu zaman qapının şüşəsi çatlaya və dükana ”girildiyi” bilinə bilərdi. Əgər bu yolla qapı açılmasaydı O, qapının lambirinlərini dağıdıb kilidi əli ilə içəridən açmalı olacaqdı və bu da dükana oğru girdiyinə heç kimdə şübhə qoymayacaqdı. Lakin qapı o düşündüyündən də asan açıldı. Çünki, laylar arasındakı boşluq çox olduğundan və kilid bağlanarkən açar cəmi bir dövr fırladıldığından kilidin dili yuvaya az daxil olmuşdu.
O, içəri daxil olub kassa aparatına yaxınlaşdı. Siyirməni çəkdi. Mobil telefonunun işığı ilə daxıla baxdı. Burada o qədər də çox pul görünmürdü. Pərakəndə atılmış qəpikliklər, bir, beş və onmanatlıqlar vardı. Qıraqda isə yüz, əlli və iyirmiliklərdən ibarət bir pul dəstəsi gördü. Bu yəqin ki, min manat idi. O, əlcəkli əlləri ilə yalnız həmin pul dəstəsini götürüb içəridən çıxmağa tələsdi. Güclü ürək döyüntüləri davam edirdi. O, qapını açılmamışdan öncəki vəziyyətinə qaytarmalı idi. Bu bir az çətin olsa da O, bunu bacardı. Yeyənin köməyi ilə kilidin çıxmış vəziyyətdə olan dilinin yuvaya girməsinə nail oldu. Barmaqlığın qıfılını bağlı vəziyyətə gətirməyi də bacardı. O, vaxt itirmədən, yeyin addımlarla yaxınlıqdakı marşrut dayanacağına doğru getdi. Əgər avtobus olmasaydı evə qədər olan təxminən 7-10 kilometrlik yolu piyada getməyi düşünürdü. Çünki, taksi ilə getmək sonradan onun şübhəli şəxs kimi axtarılmasına şərait yarada bilərdi. O, bu əməlindən mümkün qədər heç bir iz qoymamağa çalışırdı. Həbs olunmaqdan qorxmasa da, hər halda türməyə düşmək istəmirdi. Lakin hələ avtobuslar az da olsa işləyirdilər. O, vaxt itirmədən dayanacaqda dayanmış avtobusa oturub onun tərpənməsini gözlədi.
Ömründə oğurluq etməmiş bir adam bu oğurluğu bəlkə də ən peşəkar oğrular səviyyəsində etmişdi. O, bu əməlində heç bir iz qoymadığını düşünürdü. Lakin kassa aparatının daxılına əlcəyindən qum-sement tozunun töküldüyü ağlına gəlmirdi. O, ən çox yaxınlıqdakı kafel-metlax mağazasına telefon nömrəsini və adını verdiyinə görə narahat idi. Bu onun şübhəli şəxs kimi axtarılmasına imkan verə bilərdi.
O, saat birin yarısına az qalmış evə çatdı. Evə girəndə anası sevıncək dedi:
- Gəldin çıxdın? Nə oldu, işi qurtara bildin?
- Hə, qurtardım.
Anası bir az qımışaraq soruşdu:
- Nə oldu, bir şey oldu?
- Hə, əlli manat verdilər.
- Allah bərəkət versin.
O, yatağa girəndən sonra qəribə hislər keçirirdi. Etdiyi əməlin bu qədər uğurlu sonuclandığına inana bilmirdi. Şükür edirdi. Amma buna haqqı vardımı? Axı O, günah əməl etmişdi.
O, səhər yerindən həmişəkindən xeyli gec qalxmışdı. Bu gün nə edəcəyini hələ dəqiqləşdirməmişdi. Anasından evə nə almaq lazım olduğunu soruşdu. Anası isə evə pul xərcləməyə tələsməməyi məsləhət gördü:
- Evə görə narahat olma, əlinə pul gələn kimi evə xərcləməyəcəksən ki. Hələ öz ehtiyaclarına, əyninə-başına sərf elə.
O, israr etmək istəyəndə mobil telefonuna zəng gəldi. Nömrə tanış deyildi. Bir az qorxdu. Çölə çıxıb zəngə cavab verdi:
- Alo.
- Salaməleküm.
- Salaməleküm.
- Qaqaş, kafel dükanındandı ey, nömrəni vermişdin ki, fəhlə lazım olsa çağırarsan. İndi bura gələ bilərsən?
Onun ürəyi döyünməyə başladı. Ya onu həqiqətən işə çağırırdılar, ya da polis onu oğurluqda şübhəli şəxs kimi axtarırdı. Bəlkə onun barmaq izlərini götürəcəkdilər? İstənilən halda çağırışın səbəbini soruşmağın mənası yox idi. Çünki, onsuz da O, polis tərəfindən axtarılsaydı, bunu telefonda ona deyəsi deyildilər. Odur ki, zəng edən adama təxminən yarım saata orada olacağını dedi.
O, cəld üst geyimini geyib evdən çıxdı. Oğurluq pulu evdə qoymuşdu. Anası arxadan hara getdiyini soruşdu. O, geri burulub tələsik cavab verdi:
- Bir müğaza var, demişdim işçi lazım olsa çağırarsınız. İndi ordan çağırıblar. Mən də gedirəm, görüm...
- Lap yaxşı, uğurun xeyir olsun, get.
O, mağazaya çatanda mağaza yiyəsi içəridə idi. Ona salam verdi. Mağaza yiyəsi onu tanıdı və tez şərtləşməyə başladı:
- Hə, gəldin, qaqaş? Yəqin bilirsən dəə, işin nə olacaq, mal yükləyib-boşaltmaq...
Onun ürəyi sakitləşdi. Amma dünənki əməlinə görə peşman olmağa başladı.
Mağaza yiyəsi sözünə davam edirdi:
- Zəhmət haqqın da ki, gündəlik olacaq – 12 manat, “kliyent”lərə də nə işləsən özünündür. Yəni əlavə qazancın da olacaq. İstəyirsənsə, elə bu gün başlaya bilərsən.
Əlbəttə istəyirdi. Bu Onunçün bu vəziyyətdə ən böyük müjdə idi. O, işin şərtləri ilə razılaşdığını və bu gündən işə başlaya biləcəyini dedikdən sonra mağaza yiyəsi əlavə etdi:
- Lap yaxşı. Amma sənə bir köhnə paltar lazım olacaq.
- Gedib evdən gətirərəm.
- Evin yaxındır? Nə qədər vaxta qayıda bilərsən?
- Uzaq başı bir saata gedib qayıdaram
- Onda get. Amma çalış gecikmə, çünki, bir azdan mal gələsidir, boşaltmaq lazımdır.
O, evə tərəf yollandı. Çox sevinirdi. Amma dünənki əməlinin peşmançılığı sevincinə xeyli mane olurdu. Bİrcə gün də səbr edə bilmədiyinə görə çox təəssüflənirdi. “Bəlkə bu bir imtahan imiş? Mən imanımı itirməməliydim” deyə özünü çox qınayırdı. O, bu peşmançılıq hissini əməlinə görə Allahdan cəza kimi qəbul edirdi və Allaha imanı daha da güclənirdi. Amma qarşıda Onu daha böyük vicdan əzabının gözlədiyini hələ bilmiri. O, hələ bilmirdi ki, etdiyi əməlin cəzası kimi sadəcə peşmançılıq hissi azdır və Onu qarşıda vicdanlı adamlar üçün ən böyük əzab olan vicdan əzabı gözləyir.
O, evə çatıb anasını da müjdələdi. Anası da çox sevindi. Evdən bir dəst kohnə paltar götürüb çıxdı. Mağazaya çatanda mal gətirmiş yük maşınının artıq mağazanın anbarının qarşısında dayandığını gördü. İçəri girəndə mağaza yiyəsinin yanında iş axtarmağa gələrkən gördüyü həmin arıq bədənli adamı gördü. Demə həmin adam mağazaya işləyən yük maşınının sürücüsü imiş. Sürücü də maşından düşüb elə yenicə içəri girmişdi. Mağaza yiyəsi Onun gəldiyini görən kimi içəridən anbara giriş qapısını göstərib dedi:
- Keç orda dəyiş paltarını. O biri dükandan bir nəfər də gələcək köməyə.
O, anbara keçib paltarını dəyişməyə başladı. Ara qapı açıq idi və mağaza yiyəsi ilə sürücünün söhbəti aydın eşidilirdi.
Sürücü mağaza yiyəsindən soruşdu:
- Təzə fəhlə götürmüsən?
- Hə.
- Bəs burda işləyən uşaqlar necə oldu? Özləri getdilər, yoxsa sən çıxatrdın.
- Mən çoxdan onları burdan uzaqlaşdırmaq istəyirdim. İşləyən uşaqlar deyildilər. İstədikləri vaxt çıxıb gedirdilər, tapılmırdılar. Qohum adam idilər, sərt də danışa bilmirdim. Amma elə çox vaxt qohumlar adamı pis vəziyyətdə qoyur. Gah deyirdilər ki, iş ağırdır, pulu az verirsən, gah deyirdilər başqa işə gedəcəyik. Deyirdim, mən bundan artıq verə bilmərəm, qane eləmir, gedin. Öz aramızdır, gündə 12 manat az deyil də, subay uşaqlardılar, hələ ailə-uşaq dərdi çəkmirlər. Hələ gündəlik əlavələri də olurdu. Hamısı cəhənnəm ey, son vaxtlar dükandan oğurluq da eləyirdilər. Məndən gizlin mal da satırdılar, kassaya da “girirdilər”. Neçə dəfə üstünə də çıxmışdım, xəbərdarlıq da eləmişdim, xeyri yox idi. Bu səhər də şərikimnən təzə açdığımız o “produkt” mağazasının satıcısı gəlib deyir ki, kassadan min manat yoxdur. Bildim ki, onların işidir...
O, bu sözləri eşidincə bir anlığa donub qaldı, sanki, şoka düşdü. Son dəfə sevincdən döyünən ürəyi indi həyəcandan döyünməyə başladı. Söhbətin davamına diqqətlə qulaq asdı. Sürücü mağaza yiyəsindən soruşurdu:
- Min manatın olmadığını səhər görüblər?
- Hə.
- Axşam dükanı bağlayanda pul yerində imiş?
- Ona dəqiq baxmayıb. Mən baxdım, pul olan yerdə sement tozu, bir də əlcək qırıntısı vardı. Dünən əlcəklə sement boşaldan onlar olub. Özləri də axşama kimi ora girib çıxırdılar, tez-tez “ştuçnu” siqaret götürürdülər. Yəqin elə orda əlcəyi çıxardıb pulu götürəndə tökülüb.
- Səndən əməlli başlı müstəntiq çıxar ki. Deməli pulu gündüz götürüblər?
- Az yaşım yoxdur. Mən o yolları çoxdan keçmişəm. Nə bilim, bəlkə açarların üzünü çıxardıb gecə giriblər. Mağaza açılmamışdan açarlar onlarda çox olub. Amma hər halda onların işidir.
- Bu gün gəlmişdilər?
- Bu səhər 11-in yarısı gəlib çıxıblar. Yəqin götür-dükləri pula o qədər yeyib-içiblər ki, “paxmel”dən ayıla bilməyiblər. Gecikməklərini də bəhanə eləyib acıqlı danışdım. Açıq üzlərinə vurmasam da, dolayısı ilə başa saldım ki, əliəyri adamlarla mən işləyə bilmərəm. Öz sözlərini götürdülər. Hələ mənə minnət də qoyurlar ki, onsuz da burda işləmək bizə sərf eləmirdi, çıxıb gedəcəkdik. Gərək onları çoxdan uzaqlaşdıraydım, özü də bilirdim ki, oğrudurlar. İndiyə qədər nə götürüblər, “haram xoşları” olsun.
O, artıq iş paltarını geyinib gözləyirdi. Mağaza yiyəsi bilmirdi ki, min manatın həqiqi oğrusu yanında dayanıb. Onlar çölə çıxdılar. Sürücü yük maşınının arxasını açıb malın boşaldılmalı olduğu yeri göstərdi. O, ikinci fəhlənin gəlməsini gözləmədən yükü boşaltmağa başladı. Ağır qutuları götürüb-qoymasına baxmayaraq əzələlərinin ağrısını demək olar ki, hiss etmirdi. O, sanki yuxuda idi. Sürücü onunla ilkin tanışlıq söhbətinə başlamışdı. O, bu söhbətdə yalnız sürücünün suallarına qısa cavablar verirdi. Sürücü mağaza yiyisinin “insan adam” olmasından da danışırdı, Ona ağılla-başla işləməyi də məsləhət görürdü. O, bu sözləri eşitdikcə vicdan əzabı daha da artırdı.
Onu hələ uzun müddət vicdan əzabı rahat buraxmayacaqdı. Dükanından oğurluq etdiyi adam Onu işə götürmüşdü, hətta, məhz öz oğurluq əməli Onun işə götürülməsinə səbəb olmuşdu. Üstəlik, Onun bu əməlində haqsız təqsirləndirilərək işdən qovulan adamların yerinə işə götürülmüşdü! Bütün bunlar Ona günah etdiyinə görə verilən “mükafat” idimi? O, özünü mağaza yiyəsinə çox borclu hiss edirdi və borcunu qaytarmaq istəyirdi. Amma necə qaytaracaqdı? O, hətta mağazaya ikinci fəhlənin tezliklə işə götürülməsini istəmirdi ki, iki nəfər yerinə işləsin və mağaza yiyəsinə borcunu bu yolla qaytaracağını düşünüb təskinlik tapsın.
Onun artıq işi vardı. Minimum maddi ehtiyacları – yemək və geymək ehtiyacı təmin olunmuşdu. Gəliri Ona hətta başqa ehtiyaclarını da ödəməyə imkan verirdi. Oğurluğunun da üstü açılmayacaqdı, buna görə həbs olunmayacaqdı. Amma demək olmazdı ki, cinayəti cəzasız qalıb. O, türməyə düşsəydi bunu özü üçün cəza kimi qəbul etməyəcəkdi, çünki, O, orda gündəlik yemək haqqı qazanacaqdı. O, oğurluqdan əvvəl özünü mənəvi cəhətdən məhz belə hazırlamışdı. O, türmə həyatını özü üçün cəza kimi yox, əksinə “mükafat” kimi qəbul edəcəkdisə, deməli əslində cəzasız qalacaqdı. Cinayət isə cəzasız qalmır, ən azı Tanrı tərəfindən. Sanki türmənin Onun üçün əsl cəza olmayacağından Tanrı onun əməlini Onun üçün ən böyük əzab olan vicdan əzabı ilə qarşılamışdı. Sanki, Tanrı özü Onun oğurluqda ilişib və ya iz qoyub tutulmasını istəməmişdi ki, cəzasız qalmasın. O, bütün bunları özü də dərk etdikcə həddən artıq peşmançılıq və mənəvi əzab çəkirdi və imanı daha da güclənirdi.
Kİm blir, bəlkə də O, həbsə düşsəydi, heç də düzəlməyəcək, daha da pozulacaqdı, sonradan bir cinayətkara çevriləcəkdi? İndi isə O, o qədər peşman olmuşdu və o qədər vicdan əzabı çəkirdi ki, indən sonra, heç vaxt oğurluq etməyəcəkdi, hətta acından ölsə belə! Bəlkə də Tanrı bu “dərs”lə həm də bir sevimli bəndəsini yolunu azmaqdan qorumuş və hidayət etmişdi!
Şirvani Ədilli
14. 01. 2011.
Dostları ilə paylaş: |