Mark - Fəsil 12:29-32
Pis bağbanlar məsəli
(Mat. 21:33-46; Luka 20:9-19)
1 İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.
2 Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın.
3 Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar.
4 Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər.
5 Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər.
6 Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi.
7 Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”.
8 Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar.
9 Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək.
10 Məgər siz bu Müqəddəs Yazını oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub.
11 Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”».
12 Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər.
Dostları ilə paylaş: |