کسی کو بابدی دمساز گردد
همان بدوزد و بردی باز گردد
Kimin pisliklə arası yaxşı olar,
Həmin pislik özünə də qayıdar.
Oğru dedi: - Ey qazı, bu öyüd və nəsihətinin mənə heç bir faydası yoxdur. Bu gecə belə qərara gəlmişəm ki, sənin libaslarını əlindən alam. Çünki başqa çarəsi və əlacı yoxdur.
Beyt:
هرنظری را که برافروختند،
جامه باندازه تن دوختند.
Hər fikri ki bildirdilər,
Paltarını bədəninin ölçüsünə görə tikdilər.
Qazı dedi: - Ey cavanmərd, Allah-taalanın səni bu işdən çəkindirməyə yetəcək qədər gücü var və səni düzgün yola yönəltməyi bacarar. Necə ki Qurani-Kərimdə buyurulur:
1 یَمحوُ اللهُ مَا یَشاءَ وَ ثَیبت عِندَهُ أُمُّ الکِتابِ
- yəni “Allahın gücü o qədərdir ki, verdiyi hökmü dəyişə və başqa hökmü bərqərar edə, bilər”.
Oğru dedi: - Düz deyirsən. Amma Peyğəmbər (s) buyurub:
1جَفُّ القَلَمِ بِمَا هُوَ کائِنٌ بَیِّنَا
- yəni “Qələmin ilk yazdığı dəyişilmir”.
İndisə çox danışma. Paltarlarını öz mübarək əllərinlə çıxar və mənə ver. Sonra çıx get. Tez ol ki, səhər açılmaq üzrədir.
Qazı dedi: - Ey azad insan, bu gördüyün işin heç bir bərəkəti yoxdur.
Oğru dedi: - Bu işin bərəkəti səbəb olmaz ki, israfla xərcləyəm. Mən qazandığım hər bir şeyi ehtiyacım olan qədər xərcləyirəm. Çünki istəyirəm bərəkəti qalsın.
Qazı dedi: -Ey azad insan, bilirəm ki, məndə olanları alacaqsan, ona görə də səndən bir xahişim var. İstəyirəm ki, rəhm edib, mənimlə bağın qapısına qədər gələsən. Paltarlarımı və ulağımı öz istəyim olmadan sənə verməyimə az qalıb.
Oğru dedi: - Ey hiyləgər qazı, istəyirsən ki, məni hiylə və kələklə aldadasan. Özünlə bağın qapısına aparasan. Bağbana xəbər verəsən və onunla əlbir olub məni tutasan. Buna görə mən səninlə gəlməyəcəyəm. Çünki həzrət Peyğəmbər (s) buyurub:
2 مَن أَمَنَ بِمَا سؤُ الظَّنِّ
- yəni “Ehtiyat igidin yaraşığıdır”. İndisə tez ol, çünki mən səndən daha məkrliyəm.
Qazı dedi: - Sənə söz verib əhd bağlayıram ki, bağa yaxınlaşan kimi ulaqdan düşüb bütün paltarlarımı sənə verəcəyəm.
Oğru dedi: - Ey qazı, Allah-taala öz kəlamında buyurub:
“وَ لاَ تُلقُو بِأَیدِیکُم إِلَی اٌلتَّهلُکَةِ 3, yəni “Öz əlinizlə özünüzü təhlükəyə atmayın.”
Qazı dedi: - Ey insan, and içirəm ki, bağın yanına gəlsən, nəyim var, sənə verəcəyəm. Hətta sənə başqa bir qulluq da göstərərəm.
Oğru qazının cavabında bu beyti oxudu:
گرتو بخوری براست سوگند،
معمور شود بر تو مکانها.
بسیار خراب کرده سوگند دروغ خانمانها.
Əgər sən düz and içsən,
Məkanlar sənin üzünə açıq olar.
Yalan and çoxlu evlər viran edib.
Ey qazı, əgər mən sənə inanıb səninlə bağa gəlsəm, məni bağbanla tutub boynuma ip keçirib, Bağdad şəhərində gəzdirib oğurluq ittihamı ilə cəzalandıracaqsınız. Sonra da sultanın həbsxanasına atdıracaqsınız. Ey qazı, sənin bu boş sözlərindən heç bir fayda yoxdur. İndisə az danış və paltarlarını soyun və çıx get.
Qazı bu sözləri oğrudan eşitcək öz halının çətinliyinə agah oldu. Heç bir and- aman oğruya cavab olmadı. Heyrətə gəldi və fikrə getdi. Oğru gördü ki, qazı fikrə gedib və başını aşağı salıb heç nə danışmır. Oğru qazıya yaxınlaşıb, onu uzunqulaqdan endirdi və başından əmmaməni götürdü. Sonra da dedi: - Ey qazı, tez ol və paltarlarını öz əlinlə çıxar və mənə ver. Qazı məcbur olub paltarlarını çıxardı və oğruya verdi. Təkcə bir alt köynəyində qaldı.
Oğru dedi: - İbn Abbas Peyğəmbərdən (s) rəvayət edir ki, Allahın rəsulu buyurmuşdur:
1صَاحِبَ القَمیصَینِ لَیسَ لَهُ حَلاوَةُ الایمانِ
- yəni “İki köynək sahibinin imanı az olar”. Eləcə də, sənin evində daha bir neçə köynəyin var. İndi tez ol bunları çıxar və mənə ver. Çünki işim var.
Qazı dedi: - Ey insafsız, məni lüt-üryan etmə ki, namaz qılacağam.
Oğru dedi: - Ey qazı, Allahın rəsulu (s) buyurmuşdur: “Məcburiyyət üzündən lüt namaz qılmaq caizdir”.
Qazı çarəsiz qalıb köynəyini də çıxardı və oğruya verdi.
Oğru dedi: - Qazı həzrətləri, tez ol alt paltarını da çıxar ki, mənim iti qılıncım sənə göz dağı verməsin.
Qazı dedi: - Ey abırsız və insafsız oğru, məni örtüksüz etmə. Bir dənə alt paltarımı məndən alma.
Oğru dedi: - Ey qazı, məgər sən bir məsələni eşitməmisən ki, bir müdrikdən xəbər aldılar ki, dünən evində oğru olub. Müdrik adam dedi: - Ey Allah, bu oğru kəndxuda olmasın. Soruşdular: – Ey həkim, kəndxudalığın səbəbi nədir? Məgər kəndxuda olsa, nə olar? Əgər o kəndxuda olsa, evdə olan süpürgə belə onun sərəncamında olacaq. Mən sizə ərz etmişdim ki, əgər kəndxuda olsam, hər şey düzələr.
Beyt:
شلوار بکن رنجه مشو ای قاضی،
تا من زکرمهای تو باشم راضی.
Libasını soyun məni incitmə, ey qazi,
Mən sənin kərəmindən qalım razı
Ey qazı həzrətləri, tez ol. Qazı çarəsiz qalıb, alt paltarını soyundu. Sonra oğrunun gözü qazının çarıqlarına sataşdı və dedi: -Tez ol ayaqqabılarını da çıxar. Söhbət əsnasında oğru qazının üzüyünü gördü.
Oğru dedi: - Ey qazı, hansı məzhəbə qulluq edirsən?
Qazı dedi: - Şafei məzhəbinə.
Oğru dedi: - Buna görə üzüyü sol əlinə taxmısan. Üzüyü çıxar mənə ver ki, sağ əlimə taxım. Çünki mən şiə məzhəbinə qulluq edirəm. Həmçinin həmişə yadımda olasan və səni heç vaxt unutmayam. Sən də başqasının əlində üzük görsən, məni xatırlayasan. Qazı bu sözləri eşitcək üzüyü də çıxardı və oğruya verdi. Sonra da dedi: - Allah-taala sənə rəhmət etməsin, çünki sən mənə rəhm etmədin.
Oğru dedi: - Mən nə üçün sənə rəhm etməliyəm? Sən özünə rəhm etməmisən.
Lüt-üryan və dərdli qazı oğruya üzünü tutub dedi: Bunları ki, məndən götürürsən, bərəkətsiz olacaq.
Oğru dedi: - Yəni o qədər bərəkətsiz olacaq ki, altmış dərəlik əmmaməndən mənə bir köynək çıxmaz? Sonra qazının gözü qarşısında qazının paltarlarını geydi və uzunqulağa mindi. Ulağı mahmızladı və dedi: - Ey qazı, sənin malın halaldır. Çünki mənim mübarək əlimə dəydi, daha da halal oldu. Gün gələr ki, sənin ziyarətinə gələrəm. İndisə sənə dua edirəm.
Qazı dedi:
لاَ حَولَ وَ لاَ قُوَّةَ اِلّاَ بِالله العَلِیُّ العَظیِم
- yəni “Allahdan başqa güc, qüvvət yoxdur”.
Qazı da evinə tərəf yollandı. Evinin qapısına çatdıqda ayağı yalın və başı açıq, uzunqulaqsız, əsasız, ridasız qazını gördükdə hamı təəccübdə qaldı. Başqa paltarlar gətirdilər ki, qazı geyinsin. Elə həmin saat Bağdad şəhərinə xəbər yayıldı ki, dünən bir oğru qazını bağ yolunda lüt-üryan edib. Bağdad şəhərinin tacirləri qazının görüşünə gəldilər. Qazı oğru ilə olan əhvalatı onlara danışdı. Həmin dövrün şairlərindən biri qazı ilə oğrunun məsələsindən agah olub, onlar haqqında belə nəzm yazmışdı.
Beyt:
به پیش آمده دزدی مرا بره شبگیر،
بعقل چست و معظم بعلم نیک بصیر.
بگفت او همه حجت هم از کلام قدیر،
برنده تر ز حسام و فصیح تر ز کبیر.
Gecəyarı qarşıma bir oğru gəldi,
İti ağıllı, elmdə güclü, uzaqgörən.
Dedikləri bütün kəlamla sübut və dəlil.
Hüsamdan daha qalibiyyətli,
Kəbirdən daha fəsahətli.
Camaat qazının yanında oturub başına gələn əhvalatı dinlədiyi vaxt birdən qulam tələsik gəlib dedi: - Ey qazı, bir şəxs gəlibdir. Sizin ulağınıza minib, əmmamənizi başına qoyub, paltarlarınızı geyib, əlinə bir kitab alıb və deyir ki, qazı ilə mühüm işim var.
Qazı bu sözləri eşitdi və dedi:
خَیرُالنّاسِ شَرُّ الأَعُدَّ اَئِنّا لا خَوفٌ عَلَیهِم وَ لا هُم یَحزَنوُنَ
- yəni “İnsanların xeyirlisi düşmənlərin şərindən qorxmaz və kədərlənməzlər”.
Dünən kitabsız gəlmişdi. Ayə və hədisləri dəlil göstərərək əlimdə nəyim var idisə, aldı. İndi əlində kitab gəlib.
Qazı söhbətdə ikən birdən oğru qapıdan daxil oldu və salam vermədən gəlib qazının yuxarı tərəfində oturdu.
Qazı dedi: - Ey ədəbsiz, niyə salam vermirsən və icazə almadan mənim evimə girmisən? Mən Bağdad şəhərinin qazısıyam. Sən niyə məndən yuxarıda oturmusan?
Oğru dedi: - Qazı həzrətləri, salam vermək üç qismə bölünür: Birinci – qorxudan. Mənim isə səndən qorxum yoxdur. İkincisi - tamahdan. Mənim səndən heç bir tamahım yoxdur. Üçüncü – müsəlmanlar və qazılar üçün. Sən isə müsəlmanlıqdan uzaqsan. Necə ki şair demişdir:
درد تو بسر شد و بدرمان نشدی.
عمرت بسر آمد و بسامان نشدی.
قاضی و امام و پیشوا مردم،
این جمله شدی ولی مسلمان نشدی.
Sənin dərdin başından aşdı,
dərman tapılmadı,
Ömrün sona yetdi, sahmana düşmədin.
Camaatın rəhbəri, imamı, qazısı,
Bir sözlə, müsəlman olmadın.
Qazı dedi: - Ey şeyx, mən özümü müsəlman sayıram və mənim maaşım halaldır. Oğru bu nəzmi deməyə başladı:
در حق قاضیان چنین میگویند،
قاضی که بر رشوة دریا خود دارد.
الحق که یکی خصلت نیکو دارد.
هر جا که خری مرده ببیند میگوید،
وقفست وتعلق بدعاگو دار د.
Qazılar haqqında belə deyirlər,
Qazı dərya qədər rüşvət alar.
Yeganə xislətində yaxşılıq var,
Harada ölü uzunqulaq görsə deyər:
Bağışlanılıb və dua edənə aiddir.
Bu sözləri eşidən qazının rəngi qaçdı, çox qorxdu və dedi: - Ey böyük şeyx, xoş gəlmisən, şəfa gətirmisən. Haradan gəlirsən və nə işin var?
Oğru dedi: - Ey qazı, bu gün bir kitab mütaliə etmişəm. Həmin kitabın kənarında gördüm ki, yazılıb: “Mənim qulumun övladısan” .
Qazı dedi: - Hansı dəlil və sübutla?
Oğru dedi: - Mənim atam babamdan, babam da İbn Abbasdan, o da Peyğəmbərdən (s) nəql edir ki, sizin əcdadınız qədim zamanlarda bizim evdə doğulublar. Qazı cəddi-əqrəbasının adını eşitcək qorxuya düşdü. Rəngi qaçdı və söyüd kimi titrəməyə başladı.
Dedi: - Ey bilikli şeyx, sənin arzun və muradın nədir?
Oğru dedi: - Mənim arzum və istəyim budur ki, səni Peyğəmbərin (s) hədis və dəlilinə görə öz qulum edim və qazı vəzifəsini səndən alım və sənin peşənə yiyələnim. Sənin övladlarını qul əvəzi satım və ehtiyaclarıma xərcləyim.
Qazı öz-özünə dedi: - Bu bəla və müsibəti necə kənar edim? Sonra qazı yalvarışla oğrudan rica etdi. Dedi: - Ey alim şeyx, məni bu şəxslərin yanında rüsvay etmə. Məndən nə istəyin var, de, yerinə yetirim.
Oğru dedi: - Ey qazı həzrətləri, bir saray almışam min dinar məbləğində. Və bir dinar beh vermişəm. Doqquz yüz doxsan doqquz dinar qalmışdır. İndi bu pulu səndən tələb edirəm.
Qazı dedi: - Ey şeyx, barışıq yarat. Barışıq müqaviləsini öz mübarək əllərinlə yaz və sarayın qalan pulunu mən sənin üçün həll edim. Oğru həmin an qələmdanını çıxardı və barışıq müqaviləsini öz əlləri ilə yazdı. Bağdad şəhərinin tacirləri, üləmaları və şeyxləri şahidlik etdilər ki, qazı ilə onun arasında bu gündən sonra mübahisə və dava olmasın. Qazı məcbur olub həmin məbləği oğruya verdi və dedi: - Ey cavan, Allahdan qorx. Mənim taqətim yoxdur ki, hər gün məni incidəsən. Oğru bununla razılaşdı və istədi getsin. Qazı arvadına dedi: - Gərək oğruya yemək verəydik ki, Allah nəzirimizi qəbul etsin və bundan sonra məni narahat etməsin.
Arvad dedi: - Qoy dediyin kimi olsun.
Qazı dedi: - Get bir toyuq qızart və bir təam hazırla gətir. Arvad öz işinin dalınca getdi.
Qazı dedi: - Ya şeyx, bizi öz elmi və dini söhbətlərinizlə bilikləndirin ki, zəmanəyə vaqif olaq və sizin söhbətlərinizdən həzz alaq. Həmçinin birlikdə yemək yeyək.
Oğru dedi: - Siz deyən olsun. Bir qədər keçdi. Qazının arvadı əlində süfrə qızardılmış toyuqla gəldi və toyuğu qazının qabağına qoydu. Qazı öz-özünə dedi: - Bu toyuğu bölməyi öz öhdəmə götürsəm, heç düz olmaz.
Qazı dedi: - Ya şeyx, bu toyuq sizin qismətinizdir. Siz bölün.
Oğru dedi: - Yenə də siz deyən olsun və toyuğu paraladı. Toyuğun başını qazının qabağına, boyun hissəsini qazının arvadının qabağına, toyuğun qanadını qazının oğlanlarının qabağına, qalan hissələri öz qabağına qoydu və: “Bismillah”, - deyərək yeməyə başladı.
Qazı dedi: - Ey cibgir, dedim ki, böl və zülm etmə. Bu, nə cür bölgüdür?
Oğru dedi: - Başını sənin yanına qoydum ki, başçısan. Boyun hissəsini arvadının qabağına qoydum ki, qadının yeri ərin yanıdır. Hər iki qanadı oğlanlarının qabağına qoydum ki, övladların sənin qanadındır. Qalan hissələri öz qabağıma ona görə qoydum ki, sizin qonağınızam. Qazı heyran qaldı və heç bir cavab vermədi. Süfrə yığışdırıldıqda qazı oğruya dedi: - Ey şeyx, dua edin. Oğru əllərini qaldırıb dedi: - Xudaya, başqa bir saray almışam qırx dinara. Qırmızı qızıl və yarım dinar vermişəm. Otuz doqquz dinar yarım qalıb. Onu da qazı versin və öz qızını mənimlə evləndirsin. Biz bu evdə yaşayaq və mənim qohumluğum qazı ilə olsun. Sonra əllərini üzünə çəkib: “amin”, - dedi.
Qazı dedi: - Daha nə arzun var?
Oğru dedi: - Eşitdiyin bunlardır.
Qazı dedi: - Sən elə bir iş gör ki, dediklərini sənə verim. Bizim evdə yeddi toyuq yumurtası var. Özümüz də beş nəfərik. Əgər sən bu yumurtaları düzgün bölsən, əmanətini sənə verəcəyəm. Oğru yumurtaları götürdü və fikrə getdi. Çox götür-qoy etdi: Necə bölsün ki, heç kim ondan narazı qalmasın? Ağlına bir şey gəlmədi. Qazının arvadı qabağa gəlib dedi: - Niyə bölmürsən?
Oğru dedi: - Bu bölgüdə nə edəcəyimi bilmirəm. Qazının arvadı dedi: - Hər zaman özün etiraf və nəzir et ki, qazının sənə verdiyi şeyləri qaytarıb gətirəsən. Mən isə həmin yumurtaları bölüm. Oğru öz-özünə dedi: - Əgər mən bu cür ağıl və hiylə ilə acizəmsə, onda bu zəif qadın bu bölgünü necə edə bilər? Oğru bilmədi ki, nə etsin.
Belə bir beyti dedi:
شیطان زند از عصیان هر لحظه ره مردان ،
در مکر و حیل اما شاگرد زنان باشد.
Şeytan hər an üsyanından insanların yolunu kəsir,
Amma məkr və hiylədə şeytan qadınlara
şagirdlik edər.
Oğru öz yerindən qalxdı və öz evinə getdi. Qazıdan hər nə götürmüşdüsə, Misir ulağına yükləyib, qazının evinə gətirdi. Belə bir şərt kəsdi ki, əgər qazının arvadı bu yeddi yumurtanı bölə bilsə, həmin qızıl və malları qazının arvadına verəcək. Yoxsa həmin malları özü götürüb aparacaq. Qadın yumurtaları götürdü və belə bir beyt dedi:
از هفت یکی بیضه بر دزد نهاد،
وانگاه یکی ز بهر قاضی بنهاد،
و ز پنج دو را به ان دو فرزند بداد ،
سه دانه ز بهر خود در آن گوشه نهاد.
Yeddi yumurtadan birini oğruya verdi.
Sonra birini qazı üçün qoydu.
Beşdən ikisini iki uşağa,
Üçünü də özü üçün kənara qoydu.
Qazının arvadı dedi: - Bismillah edib ye ki, biz də yeyək.
Oğru dedi: - Ey qadın, niyə düzgün bölgü aparmadın? Arvad dedi: - Düzgün bölgü aparmışam ki, böyüklər bəyənsin. Siz kişi olduğunuza görə hər birinizdə iki yumurta var. Birini də mən verdiyim üçün üç dənə yumurta alınır. Mən qadın olduğum üçün qalan üç yumurta da mənə çatır. Bununla da ədalətli bölgü alınır. Oğru başa düşdü ki, düzgün bölgü aparılıb. Mübahisə etməyin yeri yoxdur. Başından tüstü qalxdı. Yerindən qalxıb həsrətlə bütün malları qazının arvadına verdi. Evdən çıxıb öz yoluna davam etdi. Oğru özünə lənət oxuyurdu ki, bir daha həyatda qadınla söhbət etməsin.
Beyt:
زن و اژدها هر دو در خاک به.
جهان پاک از این هر دو ناپاک به.
Qadın və əjdaha hər ikisi torpaqda olsa, yaxşıdır,
Pak dünya bu iki pak olmayandan azad
olsa yaxşıdır.
Bu hadisədən sonra oğru nə vaxt bir qadın görsəydi, üz çevirərdi və bu şeiri oxuyardı:
چنین گفت شاه جهان کیقباد،
که نفرین بد بر زن نیک باد.
Belə dedi dünyanın şahı Key Qubad,
Arvada edilən pis qarğış gözəldir.
III
DÜZD VƏ QAZİ
( B – 2228 şifrli əlyazmanın mətninin transfoneliterasiyası)
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Harunərrəşid zamanında bir qazi var idi. Bəqayət alim və fazil və danişmənd idi. Məsaili-şəriyyə düşvar olsa bir kimsənin, ol qazidən sual edərlər idi, ol qazi həll edərdi. Qazi həzrətləri bir gün kəndu səadətxanasında qərar tutub mütaliə edərkən nagah bir hədisə rast gəldi ki:
اَلنَّومُ اَخُّ المَوت - yəni “Yuxu ölümün qardaşıdır”. Qazi həzrətləri ayıtdı ki, xabi-şirini kəndümə haram edüb ibadətə məşğul olayım. Nagah bir hədisə rast gəldi ki:
حُبُّ الصَّلوةِ فیِ الجِنانِ وَ البَساطینَ
- yəni “Bağlarda və bostanlarda olan ibadəti sevirəm”.
Qazinin şəhərdən dişqaru bir bağı var idi. Bəqayət ənvai- şəcərələr ilə arastə və pirastə idi. Guya ki gülüstani-İrəm idi.
Qazi qalxub qəsd etdi. Qırx arşun dülbəndi başuna sarudi və saqəri çəkməni ayağına çəkdi və dərai-misri donu əgninə geydi. Bir eşşəyi var idi. Hər zaman məzayidi-badi-sərsər kibi seyr edər idi. Yenə adətdəki kibi mərkəbə rakib oldı. Şəhərdən ixrac oldı. Andan sonra kəndü xatirinə xütur etdi ki, nagah bir əhli-xunxarə gələm mənim əsbabımı soya, həqarət yetürə, rüsvayi-xəlq olam. Qazi bu sözdə ikən bir oğru qaziyə rast gəldi. Fərasət ilə bildi ki, şəhrin qazisidir. Təkəllüm edüb ayıtdı ki, əyyuhəl-qazi:
قِفَّ المَکانَک
- yəni “Əylən, getmə”. Qazi tayifəsinə namünasübdür ki, nisfül-leyldə evdən tişrə çıxmaq.
Qazi ayıtdı ki, ey cəvanmərd, məzur dut, qələt etmişəm.
Oğru ayıtdı ki, ey qazi, məgər elmi-nücumdan və kəvakib bürclərindan və dərəcat qapularından xəbərin yoxdur? Sədin və nəhsin bilməzsən, gecə yol azarsan.
Qazi ayıtdı ki, ey cəvanmərd, elmi-nücuma necə yol aparum? Həzrət Rəsul (s) buyurmuşdur ki: أَلنُّجومُ کُلُّهُم کَذّابٌ1 Oğru ayıtdı ki, ey qazi, elmi-nücum haqqında olan ayətləri bilməzsən, bəs necə alim və danasan?!
Qazi ayıtdı ki, ey cəvanmərd, belə məlumdur ki, münəccimi-biyabannişin mənim taleyim sə`ddürmi və na nəshdürmü?
Oğru ayıtdı ki, ey qazi, əcəb biəqlsən ki, mənim kibi xunxar əlinə düşmüsən, saətin sə`dini və nəhsini xəbər alursan. Dördünci Mərrixdür, ogru saəti eyüdür. Ümuri-qaziyə nəhsdür.
Qazi ayıtdı ki, ey cəvanmərd, olurmu ki, məni qoyasan, sabah gələsən, mənim əsbabımı və mərkəbimi verim və ziyadə ənam dəxi verim.
Oğru ayıtdı ki, ey qazi, amma rəvayət edər atasından və ol dəxi Əlidən bir kimsənə peyğəmbərin hədisi üzərinə bir bidət tutsa, Allahın lənəti onun üzərinədir. Zira ki mən dəxi oğrular adətinə bidət qoya bilməzəm ki, o nəqd olur, nisyə?
Qazi ayıtdı ki, ey cəvanmərd, kəlamişərifə yəmin eyləyüm ki, sabah gələsən, əsbabumı və mərkəbimi sana verim və kimsəyə dəxi deməyim.
Oğru ayıtdı ki, ey qazi, Rəsulullah (s) buyurmuşdur ki: 2مَن خَلَفَ یَمینِ الکَرامَتَ لاَ کَفّارَةَ لَهُ, yəni “Bir kimsə qorxusundan yəmin eyləsə, ona kəffarə lazım deyildir”.
Qazi ayıtdı ki, ey cəvanmərd, mən həzrət Rəsul qövli ilə əməl etdim. Buyurmuşdur:
اَلنَّومُ اَخُّ المَوتِ
- yəni “Yuxu ölümün qardaşıdır”. İbadətə getdim.
Oğru ayıtdı ki, ey qazi, məgər Qurandan, təfsirdən və hədisdən xəbərin yoxdur? Rəsul əleyhissəlam buyurmuşdur ki: نَومُ عالِمٍ خَیرٌ مِن عِبادَتُ الجاهِلٍ-1, yəni “Alimin yatması cahilin ibadətindən eyüdur”. Bu məhəldə yuxuda olsa idin, həm rahət idün və həm ibadət idi.
Qazi ayıtdı ki, ey cəvanmərd, mən həzrət Rəsulun qövlinə əməl etmişəm. Buyurmuşdur ki:
حُبُّ الصَّلوةِ فیِ الجِنانِ وَ البَساطینَ
- yəni “Bağlarda və bostanlarda olan ibadəti sevirəm”.
Oğru ayıtdı ki, ey qazi, nə nadan qazisən. Rəsulullah (s) buyurmuşdur ki:
اَلرَّفِیقُ ثُمَّ الطَّریق
- yəni “Əvvəl yoldaş, ondan yol”. Əgər yoldaşın olsa idi, iki adam olur idin, dutmağa çəkinürdüm. Tez ol mərkəbdən düş və əsbabını çıxar.
Qazi ayıtdı ki, ey cəvanmərd, Allahdan qorx və bir həya eylə. Rəsul əleyhissəlam buyurmuşdur ki:
اَلحَیا شُبَةُ مِنَ الایِمانِ
- yəni “Həya imandandır”.
Oğru ayıtdı ki, ey qazi, ol qövli-şərifi bilürsən, etimadınca əməl qılursan? Bu qövli-şərifi bilmirsənmi, həzrət Rəsul (s) buyurmuşdur ki:
اَلحَیا مانِعُ الرِّزقِ
- yəni “Həya rizqi mənʼ edər”.
Qazi ayıtdı ki, ey cəvanmərd, həzrət Rəsul (s) buyurmuşdur ki, “məzlumların duası zalımı gec tutar, bərk tutar”. Necə ki Quranda buyurmuşdur ki:
2إِنَّ بَطشَ رَبَّکَ لَشَدید
Oğru ayıtdı ki, ey qazi, həzrətin fitvasi ilə neçə fəqirlərdən rüşvət yemişsən ki, Allah-təala məni sənə mükafat eylədi. Gec tutmuşam, bərk tutmuşam.
Qazi ayıtdı ki, ey cəvanmərd, bu dəxi ayətikərimdir ki, شَرُّالنّاسِ مِن یَفَرُّ النّاسِ, yəni “Müsəlmanlarin şərri oldur ki, müsəlmanlara şərri dəgə”.
Oğru ayıtdı ki, ey qazi, nədən ol qövli-şərifi bilməzsən ki, Rəsul əleyhissəlam buyurmuşdur ki: خَیرُ النّاسِ مِن یَنفَعُ النّاس, yəni “Müsəlmanların xeyri oldur ki, müsəlmanlara xeyri dəgə”. Bu vaxt da səndən mana mənfəətdir. Tez ol, gecə keçdi, eşşəkdən düş, əsbabın çıxar. Vallahül-əzim ki, sana bir qətdara basaram ki, ruzi-qiyamətədəkin söylənə.
Qazi ayıtdı ki, ey cəvanmərd, olurmı ki, məni qoyasan bağ kənarinə gedim, əsbabımı və mərkəbimi sana verim, özüm bağa girim.
Oğru ayıtdı ki, ey qazi, sən nə yəsər qazisən ki, bən səni qoyum bağ kənarına gedəsən, bağbanını çağırasan, məni tutasan. Əlimi kəsəsən, hələ sənin kimi bir biəql gərəkdir ki, bir vəxt evdən çıxa, kəndünü həlakətə sala.
Əlqissə, ol qazi mərkəbdən düşüb, əsbabın çıxarub oğruya təslim etdi. Köynəkləri və zircaməsi qaldı əgnində.
Oğru ayıtdı ki, ey qazi, evdə dəxi köynəyin varmıdır?
Qazi ayıtdı ki, vardır.
Oğru ayıtdı ki, nə cahil qazisən. Ayeyi-kərimədən xəbərin yoxdur. Həqq-təala buyurmuşdur: إنَّ اللهَ لا یُحِبُّ المُسرِفینَ1, yəni “Bir kimsə israf etsə, bən anı sevməzəm”. Bir köynəyin vardır. Bunu dəxi çıxar və zircamə ayağında qaldı.
Oğru ayıtdı ki, zircaməni dəxi çıxar.
Qazi ayıtdı ki, ey cəvanmərd, sabah yaxunlaşdı, yalınğac namaz caiz degildir.
Oğru ayıtdı ki, ey qazi, bir kimsə dəryaya qərq ola, çıxa, üryan namaz qıla, caizmidir? Tez ol zircaməni çıxar.
Qazi zircaməni dəxi çıxarub təslim etdi. İki sırtı üzünə qoydu. Hu mahtab ildır idi və hənuz cahanəfza və mütərrid, hava dəxi pak idi. Ayın on dördüncü gecəsi kibi idi. Barmağında bir yüzük var idi.
Oğru ayıtdı ki, ey qazi, yüzüyü ver.
Qazi ayıtdı ki, ey cəvanmərd, ol yüzük bana babamdan yadigar qalmışdır, bəndən alma.
Oğru ayıtdı ki, ey qazi, hədisdən xəbərin yoxdur? Həzrət Rəsul (s) buyurmuşdur ki, Əli sailə yüzüyünü verdi, sən dəxi ver.Yüzüyü çıxarıb təslim etdi.
Dedi ki: - Al ki, həm münəccim və həm şair və həm biyabannişinsən. Ey bədbəxt, bu miqdar elm fəzilət ilə bir kimsə xeyirsizlıq edərmi? Yeri, Allah sana mükafat versün, deyüb madərzad kimi evinə təvəccüh oldu. Gəldi qapunı dögüb, cariyə qapunı açdı. Bir dəst əsbab gətürüb, geydirdilər. Qazi xəşmindən səhərədəkin uyumadı. Sübh olcaq qalxdı, məhkəməyə gəldi.
Və ol oğru sabahdan durub qırx arşun dülbəndü başına saruyub saqəri çəkməni geyüb və dərayi parçeyi-misri libaslandı və badi-sərsər kimi mərkəbi mindi və kitab dəxi əlinə aldı. Qazi eşiginə gəldi, içərü girdi. Ayıtdı ki, əyyuhəl qazi. Və qullar xəbərdar oldular. Gördülər bir kimsə gəlmişdir, qapuda durmuşdur. Qazi əsbabını geymiş və mərkəb minmiş, bir kitab əlinə almış, istər ki, içəri girə.
Qazi ayıtdı ki, Allahı sevərsiz, qoymayın, anı içərü girməyə, dün gecə bana kitabsız yoluxdı, bu həqarəti etdi, hala ki, kitab almış gəlmiş, qaziliğimi əlimdən alur. Qazi bu sözdə ikən ogru içəri girdi. Qazi qorxusundan bənizi saraldı. Oğru salam etdi. Qazi əleyk aldı, yer göstərdi. Oğru gəldi, əgləndi.
Qazi ayıtdı: - Ay canım, gecə neçün bana belə etdin? Şimdi gəldin.
Oğru ayıtdı: - Ey qazi, mən biədəblik etdüm. Sizdən halallıq diləməyə gəlmişəm.
Bu sözdə ikən bir xadimə içərü girdi. Bir xan içində üç bışmiş tavuq və beş bişmiş yumurta gətürüb gəldi, qazi önünə qoydı. Və qazi dəxi öz önündən gətürüb oğru önünə qoydı. Bu tavuqları qismət elə.
Oğru iki tavuq öz önünə qoydı, bir tavuq qazi hərəminə göndərdi. Qaziyə vermədi.
Qazi ayıtdı ki, bu necə qismət?
Oğru ayıtdı: -İyü qismətdir.
Qazi ayıtdı: - Necə iyi ola?
Ogru ayıtdı ki, bir sən və bir tavuq və bir xatun üç olursuz. Mən və iki tavuq üç oluruz. İkimiz dəxi bərabər oluruz.
Qazi ayıtdı:- Bu yumurtaları da qismət elə.
Ogru bir yumurta öz önünə qoydı və birin qazi önünə qoydı və üç yumurta qazinin hərəminə göndərdi.
Qazi ayıtdı: - Bu necə qismət ola?
Oğru ayıtdı: - İyü qismətdir.
Qazi ayıtdı: - Necə iyi ola?
Ogru ayıtdı ki, iki yumurta sanin vardır və bir yumurta bu üç olur. İki yumurta mənim vardır və bir yumurta bu üç olur. Hərəmin yumurtası yoxdur. Üç yumurta dəxi hərəmin olsun. Və üçümüz dəxi müsavi oluruz.
Bu təqsim qaziyə lətif və xoş gəldi. Qayət ilə dedi ki, ey canım, cümlə sifətlər arasında layiqsən. İstərsən sana qızımı verim. Oğru yerindən qalxub qazi ilə müsafihə etdi və qazi qızını oğruya nikah edüb cüft etdi.
Tamam.
Dostları ilə paylaş: |