Əlağa Aslan
(Bicolu Ömürşah müəllimə ithaf)
Adın kimin ömründə şah
Xoşdu bizə, bilirsənmi?!
Əfv etməzdi ömründə şah
Keçdik Sizə, bilirsənmi?!
Vurdun oxu düz hədəfə
Duya-duya, sevə-sevə.
Ürəyimi neçə dəfə
Atdın közə, bilirsənmi?!
Yola çəkdik qəmdən izi,
Çəhlimlərdən, çəndən izi.
Saman çöpü, qəm dənizi
Gəl gör üzə bilirsənmi?!
Gizli saxlar kürd qəmini
Mərdə qıymaz mərd qəmini.
Ürəyimin dərd-qəmini
Verdin közə, bilirsənmi?!
Gəldi duman, çək Bicolu
Düşdü saça dən, Bicolu
Sən qərib ol, mən Bicolu
Görüm dözə bilirsənmi?!
Zirəddin Qafarlı
Sönməz ömür qoyub haqqın yolunda,
Tanrıya baş əyər Ömürşah müəllim.
Yüz dost-tanış olsun, orda ki varsan,
Qalanı və s… Ömürşah müəllim.
Baxışı dalğındı, ürəyi incə,
Görməsən dözəcək ürəyim necə,
Elə yumruq boyda ürəyimdəcə
Bir dünya yaşayır Ömürşah müəllim.
Ömür ötür yüzdən vur yüz əlliyə
Susub dünya adlı bu gözəl niyə?
Heyifdi, sən allah, bu gözəlliyə
Ömründən yaş ayır Ömürşah müəllim.
İl çatmaz bu ilki il təki ilə
Gün günə qarışıb, il dəki ilə.
Şəfəqin Qafarlı duaları ilə
Şah ömrü yaşayır Ömürşah müəllim.
31.12.1996
Dostları ilə paylaş: |