Hörmətlə: Sumqayıt şəhər təhsil şöbəsi
50 yaşınızın tamam olması münasibətilə çoxlu təbriklər oldu, hədiyyələr verildi. Yoldaşlarım çox da peşəkar olmayan bir rəssam sifariş vermişdilər. "Bir ucsuz bucaqsız səhra, səhrada dəvə, dəvənin də üstündə Ömürşah gümrah və qayğısız (qayğısız ha!!) oturub, 50 adlı məntəqədən 100-ə doğru irəliləyir. Doğrusu, maraqlı kompozisiyadır. Yubiley günlərindən yadigar bir lent qalıb. Hər-halda 25-30 ildən sonra məni görmək arzusunda olan nəvə-nəticələrimçün maraqlı sənəddir. Elə oğul və qızlarımçün də yaxşı materialdır.
Amma ən yaxşı hədiyyəni şagirdim, şeiri isə 12 saylı məktəbin müəllimi Şəlalədən aldım. Şagirdləri ilə birlikdə birdən-birə şəhər təhsil şöbəsindəki atığımı fəth elədi və bir maraqlı görüş təşkil etdi ki, gəl görəsən.
Ən dəyərli hədiyyəsi isə aşağıdakı məktubu idi ki, onu bu kitaba qeyd etməyimi məndən sonrakı nəsillər təvazökarlıqdan kənar iş hesab etməsinlər.
"Elə bil dünən idi. Parta arxasında məktəbli libası geymiş, başına ağ bant bağlamış bir qız maraqla ədəbiyyat dərsini dinləyirdi. Bu, mənimçün adi dərs deyildi. Sehrli, möcüzəli nağıllar aləmi idi.
Gah biz ağ qoçun, gah qara qoçun, Simurğ quşunun, gah da od-alov püskürən yeddibaşlı əjdahanın hekayətinin şahidi oluruq. Barmağımızı kəssəydilər xəbərimiz olmazdı. Heç o 45 dəqiqənin haradan gəlib haraya keçdiyindən xəbərimiz olmazdı. Bu az imiş kimi, ədəbiyyat dərsindən sonrakı dərsləri də pozardıq. Çünki ədəbiyyat dərsində aldığımız vəziyyət uzun müddət çəkilib getmirdi. O möcüzəli aləmin müəllifinin onu dinləyən bütün şagirdləri, eləcə də o ağ lentli qızı, bu sətirlərin sahibinin öz füsunkar nitqinin sehrinə salan, bizi xeyir və şər qüvvələrin mübarizəsinin şahidi və iştirakçısına çevirən istəkli müəllimimiz Ömürşahın 50 yaşı tamam olur.
Biz onun şagirdləri əslində həmişə Ömürşah müəllimin çox yaşlı hesab etmişik.
Çünki o lap cavanlığında özünü həddindən çox müdrik, ağsaqqal kimi aparırdı. Biz heç vaxt Ömürşah müəllimin dəliqanlı kimi ağlımıza gətirə bilmirdik. Halbuki, eşitmişdik onun uşaqlığı və cavanlığı çox təkrarsız keçmişdir.
Lakin biz onun 40 yaşını qeyd etmişdik. Bunun çox qəribə bir tarixçəsi var. Hər bir şagird özü anadanolma tarixini az qala unutduğu bir halda, birdən Ömürşah müəllimi bütün sinifi ayağa qaldırar, ad günü olan şagirdi özü də gözləmədiyi halda sinfin qarşısına çağırar, masanın üstünləki qızılgülləri (məhz qızıl gülləri, Ömürşah müəllim qızıl gülləri çox sevir) təntənəli şəkildə təqdim edirdi.
Sevincimizin həddi-hüdudu yox idi. Sevimli müəllimimizin bu diqqət və qayğısı bizi valeh edirdi. Biz də necə olursa olsun ona cavab hazırlayırdıq. Əl altından öyrəndik ki, yanvar ayının 15-i Ömürşah müəllimin ad günüdür. Özü də bu təsadüfi idimi, ya nədənsə bu gün müəllimin 40 yaşı tamam olurdu.
Hamımız səbirsizliklə 15 yanvarı gözləyirdik. Nəhayət, həmin gün gəlib çatdı. Həmin gün bizə dərsi vardı. İçəri girdi, sinifə göz gəzdirdi. Hamı ayaq üstə farağat dayanmışdı.
Şakəri beləydi. Hamı əsgəri vəziyyət alıb ona baxmalıydı. Salamlaşdı bizimlə.
– Oturun!
Heç kəs oturmadı.
– Buy bunlara nolub ə?!
Birdən mən cəsarətə gəldim. Gizlətdiyim qızıl gül çələngini götürüb irəli keçdim və...
Gözləmədiyi gedişatdan karıxmışdı elə bil. Hamı bir ağızdan təbrik etdi istəkli müəllimini.
– Bütün ömrüm boyu xatırlayacağam bu günü – dedi.
Bilmirəm, xatırlayır, ya yox. Amma bu düz 10 il əvvəl 1985-ci il yanvar ayının 15-də olmuşdur.
Hörmətli müəllimi, bu gün, məhz Sizin əməyinizin bəhrəsi, zəhmət bağçanızın meyvəsi kimi həyata vəsiqə almışam. Nə vaxta, valideynlərim məni ağ xalatlı həkim görmək istəyirdilər. Sizin sehriniz sayəsində mən heç bir həkimin müalicə edə bilməyəcəyi xəstəliyə mübtəla oldum. Bu gün çox xoşbəxtəm ki, yarımçıq həkim deyil, məhz sizin yolunuzun davamçısıyam – ədəbiyyat müəllimiyəm. Neçə-neçə şagirdin müəllimi olsam da, özümü qarşınızda, o keçmiş illərdə olduğu kimi, hiss edirəm. Məhz müəlliminin sehrkar nitqinin cazibəsinə düşmüş şagirdin kimi.
Əziz müəllimim, Sizi çoxsaylı şagirdləriniz adından 50 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, uzun ömür, can sağlığı arzulayıram. Məlumat üçün deyim ki, hələ də 12 saylı məktəbin müəllimləri Sizi unuda bilmirlər, ümid edirlər ki, nə vaxtsa qayıdıb onlarla birlikdə işləyəcəksiniz.
Bizcə – Sizin dərs dediyiniz, indi şəhərin müxtəlif məktəblərinə səpələnmiş şagirdləriniz Sizi unuda bilmirik. Ümumiyyətlə, Sizi unutmaq olmur. Ən qəhərli çağlarımızda, ən yaddaqalan anlarımızda Sizin nurlu çöhrəniz gözümüzün önünə gəlir. And içmişik xoşbəxtlik duyğularımızın ilk xeyir-duaçısı da Siz olacaqsınız.
100 yaşınızın tamam olması günündə görüşənədək.
Dostları ilə paylaş: |