20.XII.85
Əzizim, munisim, canım,
Nə dersən, dinim, imanım
Qaragözlü natəvanım
Yuxular kaş çin olaydı.
Vəfalısan, sözüm yoxdu,
Sənə deməyə söz çoxdu.
Di gəl ki, amanım yoxdu
Yuxuda görüm olaydı.
Xəstəlik heç vermir ara
Ürəyimə vurma yara
Bircə sənə qalıb qara
Sənə sarmaşıq olaydım.
Nə vaxtdı göz qalıb yolda
Soldu, saraldı gül kolda
Yerin varmış ürəklərdə
Görüşmək mümkün olaydı.
Şair Ramiz Rövşənin şeir kitabına görkəmli alimimiz Kamil Vəliyevin yazdığı ön söz o qədər xoşuma gəldi ki, onu bu kitaba köçürməkdən savayı əlacım qalmadı.
ÖZÜN ÖZ YOLUNSAN...
... Ramizi və Ramizin şeirlərini ilk dəəf qəribə bir heyrətlə bizə tanıtdıran Əkrəm Əylisli onun 1970-ci ildə çıxan balaca kitabçasına ön söz yazdı və Ramiz Rbvşən şeirinin sehrindən inamla danışdı.
İndi oxuyacağınız bu kitaba ön söz yazanda Əkrəmin sözləri yadıma düşdü: "Ramiz Rövşənin iyirmi üç yaşı var. Bunu deməmək də olardı. Ancaq məsələ burasındadır ki, Ramizin şeirləri ilə onun yaşı arasında qəribə bir uyğunluq var..."
İndi Ramizin 40 yaşı var. İki balası var. İndi ikinci kitabını oxuyacaqsanaz. bunlar öz yerində. Amma "Göy üzü daş saxlamaz"dakı şeirlərin yaşı artıq Ramizin yaşı ilə eyni deyil. Onlar ya çox cavandır, ya da çox qoca. Bəziləri sanki uşaqlıq illərindən qopub qalıb. Bəziləri də öz ömrünü çoxdan ötüb keçib, qocalıb, saçlarına dən düşüb. Kitabdakı şeirlərin zamanı ya çox irəlidədir, ya çox geridə. Ancaq hər iki halda bu şeirlər şairlə yaşıd deyil.
O yaşıd şeirlər kimi, bu yaşıd olmayan şeirlərdə doğmadır, əzizdir, heyrətdən doğan poeziyadır. Mən Ramizin şeirini öz sözüm kimi anama göstərə bilərəm. oğluma vəsiyyət edərəm. Ömrümü bu şeirlərlə yaşayaram.
Ramizin metaforası şeir boyuncadır, ilhamının canında, ruhunda, mayasındadır; hər şeiri bütövlükdə metaforik bir obraza çevirəcək dərəcədədir. Sözdən misraya, misradan bəndə, bənddən bütöv şeirə keçən metaforik dünyagörüşdə məntiqə hiss bir-birini üzvi şəkildə tamamlayır. maraqlıdır ki, şairin intuitiv tapıntıları çox güclü elmi əsası olan şüuraltı sezgini, duyumu, bilgini, özünüdərki aşkarlayır.
Şair yalnız bircə misranın metaforik açılışına ümid bağlamır, refren üstə köklənib dilin avazında, ahəngində özünü azdırmır.
Bəzən qəsdən bu ağacı qırır. Bilərəkdən sözün demədiyini sözün başından qoparır və heç vaxt dili incitmir. Dil şairin getdiyi yolun havasıdır. Bu havada şair yaşayır, duyur.
Gözümüzün qabağında Ramiz Rövşənin yazdıqları onun yaratdıqlarına çevriləndə biz bu dünyanı bir daha sevirik və dünyada təkrarsız oduğumuzu, əbədi olduğumuzu duyanda ürəkdən nəfəs alırıq. O nəfəs də bizim şeirimizdir. Sözə çevrilməyən ürək sözlərimizdir. Keçmiş və keçilmiş bizim ətəyimizdən buraxmayanda bu şeirlər yada düşür.
Yaddaşın yaddan çıxmaq bəlası yetişəndə yenə həmin şeirlər yada düşür.
Dünya haqqında nəğmələrdən ölüm hökmünəcən, yalandan həqiqətəcən, mütləq surətindən məkansız sürətəcən uzanan bu yolda Ramiz Rövşən şeirlərinin sədası deyil, əks-sədası yaşayır.
Bu şeirləri fantastik hekayə kimi və oxuya bilərsən, yuxusunu danışmağa gücü çatmayan adamın əzabı kimi də. Bu sözlərin yozumu sənin gördüklərin və bildiklərin qədərdir. Nə ondan azdır, nə də çox. Çünki bu şeir sənin şeirindir, sənin taleyindir. bu şeir bu gün səni yola salır, sabah səni qarşılayacaq. İnan buna. Hər şey dəyişir. Hər şey doğulur və hər şey ölür yenidən doğulmaq üçün. "Özün öz yolunsan, ilan balası" doğuluşla ölüm arasındakı yoldur, bu yol torpaq deyil, çəmən deyil, su deyil. bu yol ömür yoludur. Bu yol zaman yoludur. bu yol "güzgülərin çatlayıb sındığı" yoldur, "bağlı qanunların üzü boşluğa açıl"dığı yoldur. Bu yol ağ yoldur: "Göyə baxma, görməzsən..."
Ramizin şeirləri bir göz qırpımı ilə əbədiyyət arasındakı görünməz sərhəddin şeirləridir. Və Ramiz şeiri qurur, tikir. Bu şeirlərin memarı təbiətlə tikilini üzvi şakildə birləşdirir: qaya ilə, meşə ilə, dənizlə qovuşan tikili qədim mağaraların təbii özünü özündə yaşadır, həm ə bu tikili özü də meşədir, çaydır və qaladır. daşla daşın, özünün qoyduğu daşla özünə qədərki daşı həmdərd, həmsevinc eyləyən şairin müdrikliyi-təbiətin müdrikliyidir.
Şeirin daxili obrazı var. O sevir və ölümü yaşayır, o kədərlənir və sevinir. Bu obraz şairin öz obrazıdır. Və Ramizin elə bir misrası yoxdur ki, orada poeziya gecələməsin.
... Mən Ramizin özü ilə yox, sözləri ilə hər gün dəfələrlə görüşürəm. Elə anlarda görüşürəm ki, o anların sahibi də sözlərdir. Onun duyduqlarının, tanıdıqlarının təsiri ilə dünyanı rəng-rəng görürəm. Və dünyaya baxıb Ramizin özünü də yenidən görürəm, yenidən tapıram.
Sənətkar sənətkardırsa, dünya içində dünya yaradır və sənətkarların dünyası ilə dünyanın özü dost da ola bilər, düşmən də.
Ramizin dünyası böyük dünyanın həm dostudur, həm düşməni, həm sevəndir, həm də sevməyən, onlar həm uzaqdır, həm də yaxın. Ancaq onlar doğmadırlar. Və hər cür bağlılıq da bu doğmalıqdandır...
Ramizin şeirlərində söz sanki qürbətdən vətənə gəlir. Dildən şeirə gələn söz qaranlıqdan işığa qalxan söz dirilir və sənin gözünün qabağında nəfəs alır, danışır, ağlayır, gülür, yaşayır.
Şairin seridir, yoxsa sözün?
Şairi sehr yaradıb, yoxsa sehri şair?
"Anaların canından qovulanda ağlarıq", – deyən şair Füzulinin qan qohumudur.
"Ucalıqdan yıxılsan da, yenə canın sağ olsun,
Bu dünyada sən yıxılan ucalıqlar qalacaq"...
– deyən şair Vurğunun nəfəs aldığı dilin balasıdır. Gözümdən yıxıldım, allah gözüm yaşından yıxıldım. Hər şeyin başı sözdür, sözün başından yıxıldım".– dyən şair Nazim Hikmətin, Rəsul Rzanın, Əli Kərimin yaratdığı torpaqdan yoğrulub.
"Çiçəklər doğulur bu yaz gecəsi, bu yaz gecəsində sevməyə nə var" – deyən şairin 40 yaşı var. Və o şair doğma dilinin gücündə etiraf yazır. Bu etiraf sənin, mənim, hamımızın etirafıdır. Ürəyimizin təmiz yerində vicdanımızın ay işığı süzülərək sakitliyində bu etiraf bizimlədir.
Dostları ilə paylaş: |