9. Xəzərarxası türkmənləri. Kayılardan bir qol qərbə köçməmiş, Xəzərarxası türkmənlərinin arasında qalmışdı. Əbülqazi və digər qaynaqların bu kayılardan heç bəhs etməmələri ehtimal ki, onların əhali baxımından çox qələbəlik olmamaları ilə əlaqədardır. Bu kayılar iki kiçik bölük halında ancaq XIX əsr Avropa səyyahları siyahılarında görünür. Həmin bölüklərdən biri qay adı ilə Əlieli içindədir1.
Kayı-Osmanlı münasibətləri
İlk Osmanlı salnaməçisi Əhmədi Osman bəyin babası Ərtoğrul bəyin yoldaşlarını oğuz adlandırır. O zaman oğuz adının əvvəllər olduğu kimi türkmən mənasında işlədildiyinə dair heç bir məlumatımız yoxdur. XIII əsrdən etibarən xristianlar Anadoluya Türkiyə və Türküstan, türklərə qədimlərdə olduğu kimi türk deyir, müsəlmanlar isə türkmən adlandırırdılar. Türkiyə türkləri isə özlərini yüksək qiymətləndirdikləri və şərəfli bir el saydıqları oğuzların nəvəsi hesab edirdilər.
Onların türkmən adını uzun müddət mənimsəmədikləri görünür. Ərtoğrul bir türkmən oymağının bəyi idi. Bu oymağın Söyüt yörəsinə bəzi osmanlı mənbələrində deyildiyi kimi, Ankaranın təqribən 100 km cənubundakı Qaraca dağdan gəldiyi qəbul edilir. Bu gəlişin monqol təzyiqi ilə bağlı olması mümkündür. Eyni zamanda Osman bəyin babalarının başçılıq etdiyi oymağın Xorasandan Anadoluya monqol istilası səbəbilə gəldiyi barədə rəvayəti də rədd etmək üçün qüvvətli dəlillərimiz yoxdur. Osmanlı xanədanın kayı boyundan olduğunu söyləyən ilk müəllif əsərini II Murad dövründə yazmış Yazıçıoğlu Əlidir. Ancaq biz Yazıçıoğlunu tərcümə etdiyi əsərlərə qövmi duyğuların təsiri altında əlavələr edən və onlarda təhriflərə yol verən müəllif kimi tanıyırıq. Kayı boyu isə, məlum olduğu üzrə, oğuz elinin ən nəcabətli, ən şərəfli boyu idi. Bu səbəbdən Osmanlı xanədanı ilə kayı boyu arasında qəbiləvi münasibət bizə olduqca şübhəli görünməklə birlikdə, bu qohumluğun mümkünlüyünə də inanırıq2.
Doğrudur, Yazıçıoğlu Osman bəyin dilindən
Osman, Ərtoğrul oğlusan,
Oğuz, Qara xan nəslisən,
Haqqın bir kəmtər qulusan,
İstanbulu al, gülzar et –
mənzuməsini desə də xanədan üzvləri arasında oğuzlara və kayı boyuna mənsub sayılmağa ancaq II Muradın (1421-1451) əhəmiyyət verdiyi məlumdur. İndiki məlumatımıza görə, kayı damğası ilk və son dəfə olaraq onun bəzi pullarına həkk edilmiş, xələfləri zamanında isə bir müddət silahlara vurulmuşdur. Ancaq xanədanın mənsub olduğunu iddia etdiyi kayı boyunun Türkiyədə hələ köçərilik həyatını və qəbilə ənənələrini davam etdirən boydaşlarına yaxın bir əlaqədə olduğuna və onlara qarşı imtiyazlı bir münasibətdə bulunduğuna dair heç bir sübut-dəlil yoxdur.
Hətta Türkiyənin fəthində və məskunlaşdırılmasında birinci dərəcəli rol oynadığını gördüyümüz bu boy XV və XVI əsrlərdə digər oymaqlar kimi vergi məmurları, sipahi və başqaları tərəfindən təzyiqə məruz qalmışdır. XV və XVI əsrlərdə özünü nəzəri baxımdan da olsa oğuz elindən və kayı boyundan sayan xanədanın daha sonra bunu unutduğunu görürük.
Başlanğıcını qəti bir şəkildə təsbit edə bilmədiyimiz bir zamandan bəri Əskişəhir bölgəsində yaşayan qarakeçili oymağı hər il Ərtoğrul bəyin Söyütdəki türbəsini ziyarət edir və ziyarət zamanı orada şənliklər keçirirdi. Qövmi şüura sahib olan II Əbdülhəmid qarakeçililərin bu ziyarətinə rəsmi bir mahiyyət verdirdi, öz oymağı saydığı qarakeçili gənclərindən ibarət bir alay yaradaraq onu Ərtoğrul alayı adlandırdı. Bundan başqa, ya onun dövründə, ya da bir qədər sonra «Ərtoğlunun ocağında oyandım, şəhidlərin qanlarına boyandım» beyti ilə başlayan bir marş da bəstələndi. Əbdülhəmid qarakeçili oymağına mənsub olanları alman imperatoruna öz əqrəbaları kimi təqdim etmişdi. Söyləmək mümkündür ki, əsrlərdən bəri ilk dəfə olaraq bir osmanlı hökmdarı əsrlərlə yalqız və köməksiz buraxılmış millətinə qarşı mənən hərir bir sevgi duymuşdur.
2. BAYAT (BAYAD)
Bayatlar, bilindiyi kimi, tariximizdə mənəvi şəxsiyyətlər yetirmiş bir boydur. Oğuzların dövlət və din adamı Dədə Qorqud, məşhur şair Füzuli bu boya mənsub idi. Cəm Sultan üçün Osmanlı xanədanının Oğuz xana qədər gedib çıxan əfsanəvi ataları haqqında «Cami-Cəm-ayin» adlı bir kitab yazan Mahmud oğlu Həsənin də bu boydan olduğunu bilirik.
Səlcuqlular dövründəki oğuz boyları haqqında çox az məlumatımız var. Bu dövrün qaynaqları da ancaq bir neçə oğuz boyundan bəhs edilir. Bu arada səlcuqlu əmirlərindən Ak-Sunqur ul-Buxarinin 513-cü ildə (1119) Bəsrədəki naibi Sunqurun əl-Bayati nisbəsini daşıdığını bilirik1. Ancaq bu nisbəyə əlavə olaraq ət-Türkmani nisbəsinin olmaması bizi nisbənin bayat boyuna aidiyyəti barədə tərəddüdə salır.
Digər tərəfdən, Bağdadın cənub-şərqində Tib çayının mənbəsinə yaxın bir yerdə olan İranın Luristan əyalətindəki Bayat qalasının daşıdığı adın o zamanlar mövcud olmadığı anlaşılır. Həmdullah Qəzvini1 bu qalanın adını XV əsrin sonlarında baş verən hadisələr münasibətilə çəkir. O zaman qalanın hakimi bir türk idi. Həmin dövrdə adı çəkilən bölgə ilə Xuzistanın əfşarların əlində olduğunu bilirik. Bu izahlar bizə ehtimal verir ki, bu qala öz adını bayat boyundan almışdır. Anadoluya gəlincə, XVI əsr təhrir dəftərlərində bayatlara aid 42 yer adı var. Onların hamısı digər boylar kimi Anadolunun orta və qərb bölgələrindədir2. Bayat yer adlarının çoxu bu bu gün də durur3. Bu yer adları bayatların Anadolunun fəthində iştirak etdiklərini göstərir. Bundan başqa, XIV əsrdən bəri Şimali Suriyadakı türkmənlər arasında çox böyük bir bayat elatının yaşadığını bilirik. Digər tərəfdən, XVI əsrdə Qərbi və Cənubi-Qərbi Anadoluda bayat adlı bəzi kiçik, hələ yerləşməmiş oymaqlar da görürük.
Daha əvvəl də dediyimiz kimi, XIV əsrdə Şimali Suriyada yaşayan böyük türkmən icmasının boz-ox qolunu əsas üç boy, yəni bayat, əfşar və bəydili boyları təşkil edirdi. Həmin əsrdən etibarən haqqında bəhs edilməyə başlanan dulqədiroğulları, inaloğulları, köpəkoğulları, gündüzlülər, qutbəyioğulları, bozcaoğulları kimi ailələrin bu üç və ya iki (bayat, əfşar) boydan çıxdıqları bilinir. Bu ailələrin ən böyüyü olan dulqədiroğullarının xidmətində həmişə bayatları görürük.
Bu hal boz-oxlardan olduğu dəqiq bilinən bu xanədanın həmin boya mənsubiyyətini yada salır. Boz-oxlardan olan inaloğullarının bəydiliyə deyilsə, bu boya mənsub olduğu şübhəsizdir. Bayatlardan olduqları dəqiq bilinən ailə isə bozcaoğullarıdır. 801-ci ildə (1399) Sultan Berkuk öldükdə onun yerinə oğlu Fərəc keçmişdi. Fərəc igid bir gənc olsa da, siyasi zəkadan məhrum bir hökmdar idi. Buna görə də onun hökmdarlıq dövrü xüsusilə Şam valisi Şeyx ül-Mahmudi, Çəkim və Novruz kimi əmirlərə qarşı mübarizədə keçmişdi. 807-ci ildə (1404/1405) Hələb valisi Dəmirtaş Antakya hakimi türkmən Doğançı oğlu Farisin üzərinə yurüş etdiyi zaman müttəfiqləri Ramazan oğlu Əhməd bəy ilə dulqədirli ailəsindən Xəlil bəy oğlu Əlaəddin Əli bəy idi. Bayatlar və inallılar Əlaəddin Əli bəyin əmrində idilər, asi əmirlərdən Çəkim qaçıb Doğançı oğlunun yanına sığınmışdı.
Dəmirtaş müttəfiqləri Əhməd və Əli bəylər sayəsində vuruşmada qalib gəldi4. Sultan Fərəc ertəsi ilə Çəkimi Hələb valisi təyin etmişdi. Bir neçə ildən bəri sultan olmaq fikrinə düşən Çəkim 809-cu ildə (1406) özünü əl-Məlik əl-Adil (ədalətli sultan-tərcüməçi) adı ilə sultan elan etdi və Fəratdan Qəzzəyə qədər olan ərazidə öz adına xütbə oxutdu. Çəkim türkmənləri təhlükəli ünsür sayaraq onlara qarşı hərəkətə keçdi. Nəticədə əfşar, bayat və inallıların mühüm bir qismi ağqoyunlu bəyi Qara Yölük Osmana sığınmaq məcburiyyətində qaldı1. Ancaq Çəkimin həmin il Qara Yölük ilə vuruşmada öldürülməsindən sonra təkrar Hələb ətrafındakı yurdlarına qayıtdılar.
811-ci ildə (1409) asi əmirlərdən Novruz ilə döyüşərək, onu məğlub edən Hələb valisi Dəmirtaşın yanındakı türkmənlər arasında bayatlar da vardı. Həmin ilin son ayında isə Fərəc tərəfindən bağışlanan Novruz ilə şeyx arasında Asi çayının sahilində baş verən vuruşmada bayatların əfşarla birlikdə Novruzun ordusunda olduqları məlumdur. Döyüş zamanı bayatların başçısı Bozca bəy çaya düşərək boğulmuşdu2. Bu hadisədən sonra bayatların başında duran ailə bu bəyə izafətlə bozcaoğulları, bozcalu adlanmışdır.
814-cü ildə (1411-1412) Fərəc tərəfindən bağışlanan Şeyx Hələb valisi təyin olunmuşdu. Həmin ilin cəmadiyül-axır ayında Amikə gələn Şeyx burada bayatları, türkmən Saqqalsızoğlunu, Doğanın oğlunu məiyyətinə alıb, Gündüz oğlu Ömər bəyin üzərinə yürüyərək, onu məğlub etdi3. Ertəsi il Fərəc öldürüldükdən sonra Şeyx sultan oldu. Şeyxin sultan olması ilə daxili çəkişmələr başa çatdı və məmlük dövləti əvvəlki qüdrətini bərpa etdi.
821-ci ildə (1418) qaraqoyunlu hökmdarı Qara Yusif ağqoyunlu bəyi Qara Yölük Osmanı qovaraq, Hələbin şimalına qədər gəldiyi üçün orada yaşayan inallılar, bayatlar və əfşarlar Trablis yörəsindən Safitəyə qaçdılar. Bunun səbəbi isə onların Qara Yölük Osman bəyin Qara Yusifə məxsus Mardin yörəsində apardığı dağıntıda və yağmaçılıqda iştirak etmələri idi. Bayatlar, əfşarlar və inallılar Safitədə qarışıqlıqlar törətdilər. Trablis valisi Baybars əd-Dokmaki onlara Qara Yusifin artıq geri qayıtdığını söyləyərək öz yurdlarına dönmələrini xahiş etdi. Türkmənlər bunu qəbul etdilər. Ancaq Baybars köçüb getməzdən əvvəl onların mal-qaralarını ələ keçirmək üçün hücum etdi. Şaban ayının 16-da baş verən şiddətli vuruşmada Baybars məğlub oldu. Atabəy Sudun əl-Əsən Dəmiri ilə 13 məmlük əsgəri vuruşmada öldü. Pərişan bir halda geri dönən Baybars Trablis valiliyindən çıxarılaraq səlibçilərdən qalan Mərkəb qalasında həbs olundu. O, il yarım həbsdə yatdıqdan sonra bağışlandı və Dəməşqdə ona yüz əsgər əmirliyi verildi4. Bu, əmir Tatardan sonra sultan olan məşhur Məlik ül-Əşrəf Baybarsdır (1422-1438).
Bayatlar sonralar əfşarlarla birlikdə ağqoyunlu hərəkatlarında iştirak etmişlər. 1457-ci ildə dulqədirli xanədanından Qara bəy, bayat bəylərindən Nəsir Hüseyn bəy və Əbdi ilə birlikdə Uzun Həsən bəyin yanında xidmətə girdilər. Onlar buyruqlarındakı 800 evlik türkmənlə Amid yaxınlığındakı Qaraca dağda yurd salmışdılar. Bu bəylər qaraqoyunlu hökmdarı Cahan şahın Tərxan oğlu Rüstəmin komandanlığında Uzun Həsən bəyin üzərinə göndərdiyi ordunun Amidə yaxınlaşdığını eşitcək qorxudan Suriyaya getmək üçün yerlərindən köçdülər. Uzun Həsən onları təskin edərək geri qaytarmaq üçün oğulları Xəlili və Uğurlu Məhəmmədi, mosullu Əmir bəyi göndərsə də, türkmənlər öz qərarlarından vaz keçmədilər. Belə olduqda, şahzadələr onlardan bəzilərinin davarlarını yağmaladılar1. Bununla bərabər, Həsən bəylə Tərxan oğlu Rüstəm arasında Amid yaxınlığında, baş verən və ağqoyunluların parlaq zəfəri ilə nəticələnən vuruşmada əfşarla yanaşı bayatların da iştirak etdiyini bilirik2.
Teymurun Yozqatdakı və ona qonşu bölgələrdəki qara tatarların mühüm bir qismini Türküstana aparmasından sonra Şimali Suriyadakı bu bayatların bir bölüyü də dulqədirli oymaqları ilə birlikdə Boz-oxda yurd saldı. Bayatların bu qolu şam bayata adı ilə tanınmışdır. Bundan başqa, XVI əsrdə İranda səfəvilərin xidmətində böyük bir bayat qolunun yaşadığı bilinir ki, zənnimizcə, onlar Şimali Suriyadakı bayatlardandır. Birinci hissədə müxtəlif yerlərdə söylədiyimiz kimi, ağqoyunluların nailiyyətləri və onun ardınca Səfəvi dövlətinin qurulması Şimali Suriyadakı türkmənlərə böyük təsir göstərmiş, onlardan bir çoxlarının bu dövlətlərin xidmətinə girmələrinə səbəb olmuşdur.
875-ci ildə (1471) Dulqədir oğlu Şahsuvar bəylə döyüşmək üçün Hələbdə olan məmlük sərkərdəsi Yeşbəyin hüzuruna gedən bəylər arasında Bozca oğlu Xəlil bəy də vardı3. Osmanlı fütuhatının ilk illərində bayatların başçısı olan Bozca oğlu Xəlil bəyin aradakı zaman fərqi dolayısı ilə həmin şəxs olduğu barədə qəti bir şey söyləmək mümkün deyil. Adı çəkilən Bozca oğlu Xəlil bəyin müasiri və həmin ailənin övladı Susa bəyi və Sevindik bəyi də tanıyırıq ki, onlar da Dulqədir oğlu Şahsuvarın müttəfiqləri idilər4. Digər tərəfdən biz Bozca ailəsindən bəzi bəylərin də Uzun Həsənin xidmətində olduqlarını bilirik5. Səfəvi dövründə İranda yaşayan bozcalılar, gərək ki, onların nəvələridirlər.
Dostları ilə paylaş: |