Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə44/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   40   41   42   43   44   45   46   47   ...   128
A. Köpək oğulları.

Bu ailəyə öz adını vermiş Köpək haqqında heç bir məlu­matımız yoxdur.

Yəzdli Şərafəddinin verdiyi məlumata görə3 Teymur 1401-ci ildə Də­məşq­dən qayıdarkən köpəklu türkmənləri Fərat sahi­lin­də çağatay ordusunun yolunu kəsmişdilər. Xümusa çatdıqda ordunun mərkəz qolundan 5.000 nə­fər­lik qüvvə Xəlil sultanın sərkərdəliyi altında onların üzərinə göndərilmişdi. Onlar yol üs­tü Antakya ətrafını yağmaladıqdan sonra Hələb dolaylarına gə­lən sol qol ilə birləşərək, Rum-qalada türkmən­lərə hücüm et­mişdilər. Türk­mənlər müdafiə olunsalar da, məğlubiyyətə uğra­mışdılar, başçıları Şeyx Hü­seyn öldürülmüş, onun qardaşları isə çölə qaçmışdılar. Çağataylar çoxlu qə­ni­mət ələ keçirmiş­di­lər. Ancaq Hüseyn Köpək oğlunun öldürül­məsi barə­də Şəra­fəd­dinin sözləri, deyəsən, doğru deyildir. Çünki indi bəhs ediləcək ha­disələrdə köpəklu türkmənlərinin başında Hüseyn adlı bir bəy durur.

Haqqında danışılan hadisələrdən bir neçə il sonra Köpək oğlu Hüseyn bəy Ankara vuruşması nəticəsində meydana çıxan qarışıqlıqdan sui-istifadə edərək Artuq-ovaya yerləşmiş, Tokat bölgəsində yağma və dağıntılarda bu­lunsa da, Çələbi Məhmət tə­rəfindən məğlub edilərək geri oturdulmuş­du4. Ancaq Hüseyn bəyin taleyi ona cənubda yar oldu. 807-ci ildə (1104) Dul­qədir oğlu Məhmət Darəndəni, Qara Yölük Ruhanı zəbt edərkən Kö­pək oğlu Məhmət də Malatyanı ələ keçirmişdi5. 811-ci ildə (1409) Hələb valisi Də­mirtaş Sultan Fərəcin üsyana qalxmış əmiri Novruzun üzərinə yürüyəndə məiyyətin­dəki türkmən bəy­ləri arasında Köpək oğullarından Ay-Doğmuş da vardı. Hətta Dəmirtaş ordu­sunun avanqardını köpəklular təşkil edirdi. Hə­min avanqard Novruzun avanqardını məğlub etmiş, nəticədə Novruz da məğ­lubiyyətə uğramışdı1. 812-ci ildə (1410) Sultan Novruzun günahından keçərək onu Dəməşq valisi təyin etdi. Novruzla üsyançı əmir Şeyx arasında Asi çayının sahilində baş verən vuruşmada köpəklular da iştirak etmişdilər. Ancaq onla­rın kimin tərəfində vuruşduqları barədə tarixçilər arasında ix­tilaf var. Ancaq bu vuruşmada əfşarların Novruz ordusunda ol­duqları bilinir. De­məli, köpəkluların da həmin əmirin səfində yer aldıqları ehtimal oluna bilər. Məkrizinin bildirdiyinə gö­rə2 vuruşmanın çətin bir anında Şeyxin qalib gə­ləcəyini görən əf­şarlar onun tərəfinə keçmişlər və bu, Novruzla Dəmirtaşın məğ­­­lubiyyətində mühüm amil olmuşdur.

813-cü ildə (1410) Hələb valisi Qorxmaz dulqədirli ulusu­nun ən böyük boylarından biri olan doqquz boyunun başçısı Bi­şan oğulları ilə vuruşmaq üçün Köpək oğullarını və Gündüz oğlu Gördü bəyi əsgərləri ilə birlikdə öz yanına çağırmışdı. An­caq bu bəylər gecikdilər. Qorxmaz Bişan oğullarına Ma­raşla Köy­nük arasındakı yurdlarında basqın etdi. Vuruşmanın axır­la­rına yaxın Köpək oğulları Ay-Doğmuş və Hüseyn bəy 200 at­lı ilə gəlib çıxdılar. An­caq Ay-Doğmuş Qorxmazın üzünə ox at­dı. Buna görə Qorxmaz Antəbə gələndə Hüseyn bəyi və onun yaxın adamlarını həbs edərək, Hələbə göndər­di. Ancaq yolda türkmənlər öz bəylərini və onunla birlikdə həbs edilənləri xilas etdilər3.

Hüseyn bəyin bu hadisədən sonra Malatyanı ələ keçirdiyi məlumdur. 815-ci ildə (1412) sultan olan Şeyx 817-ci ildə (1414) Hələbdən Darəndəyə, oradan da Malatyaya gəlmiş və buraya öz məmlüklərindən Gözəli vali təyin etmişdi. Hüseyn bəyə gəlincə o, Şeyxin yaxınlaşdığını öyrənən kimi şəhər­dən çı­­xıb getmişdi4. Ancaq Hüseyn bəy iki il sonra Malatya valisi Gözəli məğ­­lub edərək, şəhəri ələ keçirdi5. Ertəsi il məmlük sul­tanı Şeyx əl­dən çı­xan yerləri geri almaq və türkmənləri ram et­mək üçün şəx­sən səfərə çıxdı. Hələbə çatanda Hüseyn bəyi Ma­­latya­dan qovmaq üçün Dəməşq valisinin sər­kərdəliyi altın­da bir ordu göndərdi.

Bu ordunun tərkibində əfşarlardan və inallulardan 500 nə­fər­lik bir piya­da bölüyü vardı. Bu, Qut bəyi oğulları əfşarı və ya müstəqil bir oymaq idi. Şeyx Maraşın cənubundakı Köynük­də ikən Dəməşq valisindən gələn bir mək­­tubda Köpək oğlu Hü­seyn bəyin Malatyanı yandırıb Divriyi tərəflərə getdiyi bildi­ri­lir­di. Sonra onun Divriyidən də Osmanlı ölkəsinə keçdiyi öy­rə­nildi1. Ancaq Şeyx Misirə qayıdan kimi Hüseyn bəy təkrar məm­lük tor­paq­­larında peyda oldu. Darəndə valisi onun qarşı­sı­na çıxsa da, əsir alınıb öl­dürüldü2. Bunun ardınca Hüseyn bəy Ma­latyanı mühasirəyə aldı, lakin bir qədər sonra mühasirəni qal­dıraraq, qaraqoyunluların Ərzincan valisi Pir Ömə­rin yanına getdi. Burada bir gecə yuxuda ikən Tağrı-Birdi adlı bir məm­lük əmiri tərəfindən öldürüldü (3 cəmadiyüləvvəl, 821 - 8 iyul 1418).

Bu Tağrı-Birdi Malatya mühasirəsi zamanı şəhərdən çıxıb ona sığın­mışdı. Ancaq bu, bir hiylə idi. Tağrı-Birdi Malatya va­li­sinin də məs­ləhəti üz­rə imkan tapıb Hüseyn bəyi öldürmək üçün belə hərəkət etmişdi3. Bu min­valla Şeyx onu xeyli narahat edən Hüseyn bəydən qurtuldu. Çərkəz məm­lüklərinin məğlub edə bilmədikləri türkmən bəylərini sui-qəsdçilər əlilə ortadan qaldırmağa əskidən bəri adət elədikləri müşahidə olunur. Hal­buki türkmənlər bu üsula əl atmırdılar. Həqiqətən cəsur, fəal və gözəl bir savaşçı olan Hüseyn bəyin aqibəti belə oldu. Zənni­mizcə, o, Malatya bölgəsində bir bəylik yaratmaq qayəsini gü­dür­dü. Hüseyn bəydən sonra Köpəklu əfşarla­rının başçısı onun qardaşı Əsləməz olmuşdur. Əsləməz 839-cu ildə (1435/ 1436) digər bir əfşar bəyi olan Qut bəyi oğlu Məhmətlə Sultan Baybar­sın qo­humu Can bəy Sufinin yanına gedib onunla birlikdə Malatyanı müha­si­rə­yə almışdı4. Ancaq Əsləməz sonra Can bəy­dən ayrılaraq Qahi­rəyə gəldi və Baybarsın ənam və il­ti­fat­larına məhzər oldu5.

Əmir Yeşbəy Dulqədir oğlu Şahsuvar bəylə vuruşmaq üçün Hələbdə olarkən (zilhiccə, 875-may-iyun, 1471) türkmən bəy­ləri onun hüzuruna gəl­miş­dilər. Əsləməz oğlu Məhəmməd də on­ların arasında idi6. Beləliklə, Kö­pək oğulları haqqında məm­lük tarixlərindəki qeydlər bunlardan ibarətdir. Bu ailənin sonra­kı taleyi haqqında məlumatımız yoxdur.

Osmanlı dövrünün ilk illərində köpəklu əfşarının başında Tukak bəy oğ­lu Əmənlik bəy dururdu. Ancaq bu bəylərlə yu­xa­rıda adı çəkilən bəylərin qohumluq münasibətləri haqqın­da bir şey söyləmək mümkün deyil.

Əfşar Köpək oğullarının şəcərəsi:

B. Gündüz oğulları

Əfşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qırıq xan­dan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqri­bən 800 metr solda də­yirmanların yerləşdiyi sulu və yaşıl sa­hə­nin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü ad­lanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yo­lunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafilələri və ticarət karvanları qısa olduğu üçün bu yola üs­tünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr va­sitəsilə birbaşa Pa­ya­sa enmək mümkün idi: Alan yaylası, Qa­tır Holuğu, Buzdonduran, Paç (Bac), Payas. Qırıq xanın şima­lında, Gündüzlünün cənub-qərbindəki Dərb­sak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.

Gündüz oğullarından tanıdığımız ilk bəy Gördü bəydir. O, ey­ni zamanda ailənin ən məşhur şəxsiyyətidir. Məmlük əmiri Çəkimin Qara Yölükün üzə­rinə səfəri zamanı ölməsi nəticə­sin­də (17 zülqədə 809 - 25 aprel 1407) Hə­ləb yenə məmlük əmiri Tə­mür Buğa əl-Məştubun əlinə keçmişdi. Təmür Bu­ğa da Çə­kim kimi Hələb bölgəsindəki türkmənləri itaət altına almaq is­tədi və bu məqsədlə Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bəy bu zaman Amik ovasını bütünlüklə hakimiyyəti altına al­mış­dı. Amik ovasında baş ve­rən bir vuruşmada Təmür Buğa ağır surətdə məğlub oldu. Başı pozuq halda Hələbə qayıdan Tə­mür Buğanın yanında çox az adam qalmışdı (810-1408)1. O bi­ri il (811-1409) Gördü bəyi üsyançı əmirlərdən Novruz ilə vu­ruşmağa gedən Hələb valisi Dəmirtaşın yanında görürük. Əs­lin­də, Gördü bəylə Də­mir­taş arasında səmimi dostluq müna­si­bəti vardı.

Ertəsi il Dəmirtaşın tövsiyəsi ilə sultan tərəfdarı Novruz üs­yançı əmir Şeyx ilə Asi çayı sahilində üz-üzə gəldi. Novruzun ordusunda Hələb valisi Dəmirtaşdan başqa Dulqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy, Köpək oğlu (?) əfşarlardan Qut bə­yi oğlu Məhmət, bayatlardan Bozca bəy vardı. Vuruşmada Şeyx qalib çıxdı. Məğlub olan Novruz Xama şəhərinə sığındı. Dəmirtaş, Dul­qədir oğlu Əli bəylə Gördü bəy də yanında idi. 814-cü ilin rə­biül-axırında (iyul-avqust, 1411) Gündüz oğlu Gör­dü bəy An­tak­yanı Özər oğlunun əlindən almışdı1.

Şeyxin sultan olmasını qəbul etməyən Novruz 816-cı ildə (1413) Hə­lə­bə hücum etdi. Bunu eşidən Hələb valisi Dəmirtaş şəhərdən çıxaraq Amikə getdi, orada dostu Gördü bəy və onun qardaşı Ömər bəylə görüşdü2. 817-ci ilin zülqədə ayında (yan­var-fevral, 1415) Hələb valisi İnal əl-Süslani Gördü bəyin üzə­ri­nə yürüş etdi. Yürüşün səbəbi bilinmir. İnalla qarşılaş­mağa cə­sarət etməyən Gördü bəy qaçmış və Hələb valisi gündüzlü­lərin çoxlu qoyu­nu­nu ələ keçirmişdi. Gördü bəy dulqədirli Əli bəyin yanına gələrək ondan Hə­ləb valisi ilə barışmaqda vasitəçi olmasını xahiş etdi. Dulqədir oğlunun vasitəçiliyi ilə barışıq əl­də edildi və Gördü bəy Amikə qayıtdı3. Ancaq bir qədər sonra (rəbiül-axır, 818 - iyun-iyul, 1415) Hələb valisi İnalın təkrarən Gördü bəyin üstünə yürüdüyünü görürük. İnalın yanında Trab­lis valisi Su­dun bin Əbdürrəhman da vardı. Gördü bəy onların gəldiyini görcək Gavur dağ­larına sığındı. İnal türkmənlərin qo­yun və sığırlarının çoxunu zəbt etdik­dən sonra Gündüz oğulla­rına mənsub Dərbsak qalasını mühasirəyə aldı, mü­hasirənin üçüncü günü qalanı tutdu.

Gördü bəy və oymağının çoxu qaçdı. Bəyin özü Maraşa get­di, gündüzlü əf­şarları isə Gündüzün nəvəsi Dəmirxan oğlu Farisin ətrafına yığışdılar4. Hələb valisinin Gördü bəyə hücumu, şübhəsiz ki, məmlük hökmdarı Şeyxin buyruğu ilə təşkil olu­nur­du. Türkmənlərin məmlük dövləti üçün təhlükəli bir ünsür olduğunu bilən Şeyx onların qüvvəsini zəiflətmək siyasətini gü­dürdü. Hətta türkmənlərin əlinə keçmiş bəzi yerləri geri al­maq və onları ta­mamilə özünə tabe etmək üçün 820-ci ildə (1417) Misirdən Suriyaya hərə­kət etmiş, yolda Dulqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy və Saq­qal­sız oğlu Toğruldan bağışlanmalarını xahiş edən və itaətlərini bildirən mək­tub­lar almışdı5.

Gördü bəylə bağlı son məlumatımız onun 824-cü ildə (1421) Hələbdə Tatarın əmri ilə öldürülməsidir. Əl-Məlik ül-Müəyyəd Şeyx 824-cü ildə öl­dükdə dövlətə hakim olan Tatar müxalifəti ləğv etmək məqsədilə Dəməşqə, oradan da Hələbə gəlmişdi. O burada olanda ətrafdakı türkmən bəyləri hü­zu­runa gəlmişdilər. Gördü bəy də onların arasında idi. Ancaq digər türkmən bəylərinə xələt geyindirildiyi halda, Gördü bəy Tatarın əmrilə asılaraq öldü­rül­dü. Tatar bunu sırf Təmür Boğa əl-Məş­dubun 810-cu ildəki məğlu­biy­yə­ti­nin qisasını almaq üçün et­mişdi. Çünki məğlubiyyətdən sonra Təmür Buğa ilə Hələbə qa­çan­lardan biri də özü idi. Adının əksinə çərkəz olan Tatar o qə­dər kinli bir insan idi ki, itaətini bildirmək üçün hüzuruna gəl­miş bir əmir­dən çox köhnə və adi bir hadisənin intiqamını al­maqda tərəddud etmə­mişdi. Halbuki Gördü bəy məmlük tarix­çiləri üzərində böyük təsir buraxmış əmir idi. İbn Tağrı-Birdi onun böyük bir əmir olduğunu və zamanında yolun təh­lükəsiz olduğunu yazır1.

Gördü bəydən sonra onun yerinə kimin keçdiyi bilinmir, 875-ci ildə (1471) gündüzlü əfşarlarının başında Ömər bəy du­rurdu. O, oymağı ilə bir­lik­də Amik ovasında yaşayırdı2. 887-ci il­də (1482) isə Gündüz oğullarından Məhmət bəy ta­rix səhnə­si­nə çıxdı. Həmin il Çuxurovanı istila edən Osmanlı ordusu ilə türkmənlər arasında baş verən vuruşmada türkmənlər məğlub ol­­dular. Ramazan oğlu Ömər bəy əsir alındı. Gündüz oğlu Məh­­­mət bəy həlak ol­du, Özər oğlu isə qaçıb canını qurtardı3.

Gündüzlü əfşarlarından bir qol İrana getmişdir ki, ondan sonra bəhs edi­ləcəkdir.

Gündüz oğulları şəcərəsi:

Bu əfşar ailəsi Hələb dolaylarındakı əfşarların başçısı idi. Onlar Qut bəy­li adı ilə tanınmışlar. Bu ailəyə mənsub Məhmət bəy 812-ci ildə (1410) Novruzla Şeyx arasında baş verən vu­ruş­mada Şeyxin əsgərləri tərəfindən əsir alınmışdı4. 839-cu ildə (1435/1436) Can bəy Sufi ilə birləşib onunla bir­likdə Malat­yanı mühasirəyə alan Qut bəyi oğlu Məhmət5 eyni şəxsdirlər. Qut bəylilərin Uzun Həsənlə qaraqoyunlu Cahan şah Mirzənin sərkərdəsi Tar­xan oğlu Rüstəm arasında 1457-ci ildə baş verən müharibədə ağqoyunlu ordusu səflərində olduqları bilinir6. Bu ailəyə dair başqa məlumatımız yox­dur.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin