1. Hələb türkmənləri.
Hələb türkmənləri arasındakı karkın oymağı 193, 71 və 41 nəfər vergi mükəlləfiyyətli əhalisi olmaq üzrə üç qola ayrılmışdır. Axırıncı qolun dəvəçilər adlandığı da qeyd olunmuşdur. 978-ci ildə (1570) bu oymağın ən böyük qolunun Antəb və Rumqala tərəflərində yaşadığı bilinir. XVIII əsrin ortalarına doğru karkınlar oturaq karkın və köçəri karkın olmaq üzrə həyat tərzinə görə iki qismə ayrılmışlar. Həmin dövrdə köçəri karkınların 218 vergi evi vardı. Oturaq karkınlar isə 74 evli və 23 subaydan ibarət idilər. Bunlardan başqa, 6 evli kiçik bir karkın oymağı Hələb şəhərində, üç evlik kiçicik bir karkın icması da ivəgi oymağına aid bir kənddə yerləşmişdir. 11 evlik digər bir karkın icmasının Şam vilayətində Aralıq evi adını daşıyan bir yerdə yaşadığı bildirilir3.
2. Boz ulus.
Boz ulusdakı karkın oymağı da üç qol halında olub ikisi boz ulusda, biri də onun dulqədirli təşəkkülü arasında idi4.
3. Dulqədirli.
Bu el içində yaşayan karkın oymağı Hələb türkmənləri arasında əhali baxımından daha qələbəlikdir. Ancaq bu karkın oymağı sıx halda deyil, dağınıq vəziyyətdədir. Bu oymağın qollarından ən böyüyü dulqədirli ulusunun böyük oymaqlarından biri olan doqquz, digər adı ilə bişanlu boyunun bir obasını meydana gətirir. Bu oba boyun bir çox obaları kimi cənubdakı Karqılıq yörəsində yaşayırdı1. Doqquzlar arasında karkın obasının olması yəqin ki, bu iki təşəkkül arasındakı qəbiləvi qohumluqla əlaqədardır. Dulqədirli eli içindəki karkın oymağının bir qolu da Dədə Karkın adlı bir şeyxin Köksündə yerləşən zaviyəsinə xidmət edir. Ehtimal ki, Dədə Karkın XIII əsrdə yaşamışdır.
Hacı Bəktaş Vəlinin «Vəlayətnamə»sinə görə2, o, Boz-oxda türkmən içində Qırşəhirə gedərkən kəramətinə şahid olduğu Hacı İbrahim adlı bir çobanı ərənlik mərtəbəsinə çatdıraraq onu boz-ox və üç-ox arasına göndərmişdir. Hacı İbrahim boz-ox və üç-ox arasında ünlü bir şeyx kimi tanındı. Bu təriqət adamının niydəli Qazı Əhmədin əsərində adı çəkilən Hacı İbrahim olması ehtimalı var3.
Yenə «Vəlayətnamə»yə görə4, Hacı İbrahimin ölümündən sonra onun oğulları ilə Dədə Karkının oğulları arasında geyik dərisindən olan tac üstündə ixtilaf düşdü. Nəticədə Dədə Karkının oğulları qalib gəldilər, geyik dərisindən tac qoymaq onlara və onların müridlərinə müyəssər oldu. Yəqin ki, Göksuda zaviyəsi olan Dədə Karkın elə bu Dədə Karkındır. Ancaq onun məzarının harada olması haqqında heç bir qeydə təsadüf edilməmişdir. Üstəlik, Biləcik yörəsində və Mardinin cənubunda da Dədə Karkın adlı gənclər vardır.
4. Çuxurova.
Tarsus bölgəsində yurd salmış məşhur kusun boyu arasında 24 evlik karkın adlı bir oba olduğu kimi, Adanının şimalında yurd salmış dündarlı boyu arasında da bu adda bir oba vardır.
5. İç-el.
II Bəyazid dövründə Silifkə yörəsində yaşayan böyük boz-doğan boyu obaları arasında 48 nəfər əhalisi olan (vergi verən) karkın adlı bir oba yaşamaqda idi5.
Dostları ilə paylaş: |