1. Hələb türkmənləri.
Qanuni Süleymanın hökmranlığının ilk illərində Hələb türkmənləri arasında üç qola ayrılmış bir çəpni oymağı var idi. Onlardan 53 vergi evi olan birinci qol Antəbin cənub-şərqindəki Rum qalası nahiyəsində yaşayırdı. Donrul (Toğrul) Kətxudanın idarəsindəki ikinci qol da Antakyanın şimalındakı Gündüzlu qəzasında, əhalisi ən az olan üçüncü qol isə şərqdə bir yerdə yaşayırdı. 978-ci ildə (1570) yenə üç qol halında olan çəpnilərin əhalisi xeyli artmışdı. Qanuni dövrünün ilk illərində 53 vergi evi olan birinci qolun əhalisi 397 nəfərə çatmışdı (1570-ci ildə). İkinci və üçüncü qolların əhalisi isə 29 və 16 nəfər (vergi verən) idi. Bu iki qolun başım qızdılı, yaxud başım qızdılı çəpni adlandığını bilirik.
XVII əsrin ortalarına yaxın çəpnilərin ana qolu yenə Rum qalası nahiyəsində sakin idi. Sultan İbrahim dövründə Dəniz Kətxuda tərəfindən idarə olunan Rum qalası yörəsindəki qəsəbələr, qorxmazlu, sarılu, kosalar və şüeyyublu adlı obalara ayrılmışdılar. Başım qızdılı adlanan digər iki qolun isə o dövrdə Adana, Aydın və Saruxan vilayətlərində yaşadığı bildirilir4.
Çəpnilər 1687-89-cu illərdə Pazarcıq və Kəfərdiz nahiyələrini yağmalamışlar5. Həmin illərdə Rum qalasında yaşayan çəpnilərə oturaq çəpni deyilirdi. Onlar 1101-ci ildə (1690) Avstriya səfərinə çağrıldılar. 20 atlı ilə çıxan çəpnilərə Hacı Mahmud, Radif, Əli Paşa oğlu, Sami və Döyər oğlu adlı kəndxudalar başçılıq edirdilər1. Bir il sonra çəpnilər Rəqqa bölgəsinə yerləşmələri əmr edilən oymaqlar arasında idilər. Əslində, onlar bir-birindən fərqli iki oymaq idilər. Bu oymaqlardan biri indi haqqında danışdığımız çəpnilər, yəni Hələb türkmənləri arasındakı çəpnilərdir2. Ancaq bu oymağın Rum qalası yörəsindəki oturaq çəpnilər, yoxsa onların yerləşməmiş bir qolu olduğu bilinmir. Bu çəpnilər axırda Rum qalasında yerləşmiş və adlarını bu günədək qorumuşlar. Digər çəpni oymağı isə Ankaranın Kəskin qəzasında yaşayan boz ulus icmasına bağlı idi3. Rəqqa əhvalatı ilə əlaqədar sənədlərdə adı çəkilən qantəmir (təmür) çəpnisi bu boz ulusa bağlı ikinci oymaq idi. Rəqqa bölgəsinə yerləşdirilən qantəmir çəpniləri digər bəzi oymaqlarla bərabər oradan iki dəfə qaçdılar4, ikinci qaçmada onlar Turqutlu və Berqama tərəflərə getdilər (1141-1728) və oradan sürgün yerinə bir daha qayıtmadılar. Bu surətlə XVII əsrdə qərbə gələn başım qızdılı çəpniləri ilə yenə oraya XVIII əsrdə gələn qantəmir çəpniləri bu gün Balıkesir5, İzmir (Berqama), Manisa6 və Aydın7 vilayətlərində yerləşmiş çəpnilərdən başqası deyildir. XVI əsrdən əvvəl bu vilayətlərdə çəpni adlı heç bir təşəkkül yaşamırdı.
2. Ulu yörük.
Ulu yörük icmasının ehtimal ki, şərq parə qolu arasında yaşayan çəpni oymağı 926-cı ildə (1520) 17 qışlaqda sakin idi. Çəpnilər bu qışlaqlarda əkinçiliklə məşğul olurdular. Vergi verən əhalisinin sayı 432 olan çəpnilərin sayı 982-ci ildə (1574/ 1575) artıq 4 dəfə artmış, 1984-ə çatmışdı. Bu zaman onların 32 qışlaqları vardı8.
Dostları ilə paylaş: |