1. Hələb türkmənləri.
Bu türkmən icması arasında xeyl-yıva şəklində yazılan bir oymaq adı nəzərə çarpır. Burdakı ilk kəlmənin əsli və mənası bizcə, məchuldur. Bu kəlmənin ərəb dilində atlar və atlı mənasını daşıyan xeyli sözü olub-olmadığını bilmirik. Qanuninin ilk hökmdarlıq illərində bu yıva oymağı Əmət Kətxudanın əmrində olub, 200 çadırdan ibarət idi. II Səlim dövründə əhalisi xeyli artan yıva oymağı beş qola ayrılmışdı. Bu qollardan birinin yağmur və yellicə adlı əkinliklərdə yerləşdiyi nəzərə çarpır. XVII əsrin ortalarına doğru bu yıvalardan ancaq 150 çadırlıq bir qol əvvəlki yaşayışını davam etdirirdi1.
2. Dulqədirli.
XVI əsrdə bu icma arasında da yıvalı (yaxud yuvalı) adlı bir oymaq var idi. Bu oymaq Durmuş Hacılu, dərkeç, əsəncəlu, yaxşı-xanlu, süfyanlu və yıvalu adlı obalara ayrılmışdı. Bu obalardan bəziləri cənubda, Gündüzlü və Kınık qəzalarındakı qışlaqlarında əkinçiliklə məşğul olurdu. II Səlim dövründən etibarən bu oymaqlardan qara-yıvalı (və ya yuvalı) adı altında bəhs edilir2. Dulqədirli ulusu arasında yıva adlı 35 vergi evlik ayrı bir oymaq görünməkdədir.
3. Yeni-el.
Yeni-eldə 156 nəfərlik (vergi verən) yıva adlı bir oymağa rast gəlinir. Bu oymağın dulqədirli ulusu arasındakı yıvaların bir qolu olması tam şübhəsizdir3.
4. Kayseri.
Kayseri çevrəsində yaşayan türkmən oymaqlarından biri də yıvalı (və ya yuvalı) adlı 183 nəfərlik oymaqdır. Bundan başqa, Ürgüp ətraflarında da yıva adlı bir oymaq yaşamaqda idi. I Səlim dövründə bu oymaq üç qola ayrılmışdı. Bunlardan 46 nəfərlik birinci qol qışlaq, 48 nəfərlik ikinci qol qara yıvalı (yaxud yuvalı), 41 nəfərlik üçüncü qol isə ağ ishaqlı tarlasında əkinçiliklə məşğul olmaqdadır4.
5. Tarsus.
Bu yörədə II Səlim dövründə yıva adlı iki qola ayrılmış (birincisi 31, digəri II vergi evi) bir oymaq yaşayırdı5.
6. İç-el.
Bəyazid dövründə İç-eldəki böyük icmalardan biri də yıva oymağı idi. Bu oymaq İç-eldəki digər bir çox icmalar kimi, tamamilə kəndlərdə yerləşməklə bərabər oymaq təşkilatını mühafizə edirdi. Bu oymağın adı bəzən yıvalı şəklində də yazılır. İç-el yıvalarının böyük yıva və kiçik yıva olmaqla iki böyük qola ayrıldığı nəzərə çarpır. Böyük yıva qolu qədim Gülnar ilə Anamur arasındakı Ağsaz adlı yerədə toplu halda yerləşmişdir. Kiçik yıva qolu da yenə toplu halda Anamurun cənub və qərbindəki torpaqlarda yurd salmışdır. Bu ikinci qola mənsub bəzi oymaqlar Anamur qəsəbəsində də yerləşmişlər. Ayrıca Böyük Yıva və Kiçik Yıva adlı iki kənd var idi, bu kəndlərin hər ikisi də Kiçik Yıva torpağında yerləşmişdi. Deyəsən, bu kəndlər qolların başında duran ailələrin yaşadıqları yerlərdir. II Bəyazid dövründə Böyük Yıva qoluna aid qırxa qədər kənd göstərilir ki, bunların bir qismi öz adlarını zamanımıza qədər mühafizə etmişdir.
Kiçik yıvalar isə Anamur qəsəbəsindən başqa 14 kənddə yerləşmişdilər. II Bəyazid dövründə İç-el bölgəsindəki başlıca oymaqların daşıdıqları adlar bu oymaqların başında duran ailələrin adları idi: boz-doğan oğulları, turqut oğulları, xoca yunus oğulları, iğdir oğulları, bəydili oğulları və nəhayət, yıva oğulları. Yıva oğullarından adları çəkilən şəxslər bunlardır: Hüseyn bəy, Əli bəy, Məhməd bəy, Əlaəddin bəy və Paşa bəy. Bunlardan Hüseyn bəy Böyük Yıva kəndində bir cami tikdirmiş və bunun üçün də bir vəqf təsis etmişdir. Əli bəyin Qızılca kəndində bir məscidi olduğunu bilirik. Paşa bəy isə Qazançılar kəndində Əxi Seyyidi adlı bir şeyxin namına bir zaviyə tikdirmişdi. Əlaəddin və Məhməd adlı yıva bəyləri də II Bəyazid dövründə timar sahibi idilər. Pirəli adlı bir adamın da Yıva oğullarının atadan-babadan (əbən an cədd) kəndxudası olduğu üçün əvarizi-divaniyyə və təkalifi-örfiyyədən azad olduğunu da bilirik1.
Dostları ilə paylaş: |