Salur Qazan bəy: bəylərin başı və onların hakimidir. Buna görə də dastanlarda Salur Qazan bəy bəzən bəylərbəyi ünvanı ilə də yad edilir. Bu ifadə, yəni bəylərbəyi osmanlılardan daha əvvəl Türkiyə səlcuqlularında olmuşdur. Ancaq oğuzlarda bir məmurluq adı olaraq bəylərbəyi sözünün işlənib-işlənməməsini bilmirik. Qazan bəyin atasının adının Ulaş olduğu da söylənilir; «Şəcəreyi-tərakimə»də isə Enkiş göstərilir. Salur Qazan dastanlarda belə təriflənir: tülü quşun yavrusu, bezə (?) miskin umudu, Əmət suyunun aslanı, Qaraçuğun qaplanı, qonur atın yiyəsi, xan Uruzun ağası, Bayındır xanın güveysi, qalın oğuzun dövləti, qalmış yigit arxası»1.
Salur Qazan bəy öz qövmü üzərində unudulmaz xatirələr buraxmışdır. Türkmənlərin hər yerdə ataları kimi unutmadıqları iki şəxsiyyətdən biri odur (digəri Dədə Qorqud). Oğuz elinin başçısı, bəylərbəyi Qazan bəy dəyanətli, cəsur, özünə inanan, rəhmdil, comərd, xalqa qarşı şəfqətli, bəylərə qarşı nəzakətli, tərifləri xoşlamayan bir şəxsiyyət kimi nəzərə çarpır. «Şəcəreyi-tərakimə»dəki mənzumədə də onun düşmənə qarşı qazandığı müvəffəqiyyətlərdən və xalqa göstərdiyi yaxşılıqlardan bəhs olunur.
Bəylərbəyi Qazanın arvadı Burla xatun idi. Misirdə məmlüklər dövründə türk dilinə dair yazılmış bəzi əsərlərdə, burlanın üzüm mənasında olduğu söylənilir2. Bu kəlmənin qıpçaqca olduğu başa düşülür. Buna görə də ortada iki ehtimal var: ya Burla xatun bir qıpçaq bəyinin qızıdır, ya da bu adı daşıyan bir qıpçaq şahzadəsinin adını götürmüşdür. «Şəcəreyi-tərakimə»də3 Burla xatun Sündün bayın qızı kimi göstərilir. Lakin bu Sündün bay haqqında heç bir məlumat verilmir. Yenə orada Burla xatun bizim dastanda olduğu kimi, «boyu uzun» olaraq vəsf edilir. Lap əvvəllərdə «Şəcəreyi-tərakimə»yə mənbə olan «Oğuznamə»lərin bizim dastanlardan ayrı bir xüsusiyyətə malik olduqları bildirilmişdi. Yenə «Şəcəreyi-tərakimə»də Burla xatun altın güzgülü (aynalı) olaraq da vəsf edilir1.
Salur Qazan və Burla xatunun tək bir oğulları vardır ki, bu da Uruzdur (Urusdur). Bu ad hər halda xalq adı olan rus ilə eynidir. XIV əsrdə məmlük əmirlərindən bəziləri həmin adı daşıyırdı, Qızıl Orda xanı Toxtamışın Urus Qoca adlı bir əmirini də tanıyırıq2. Qazan bəy nəyə görə oğluna bu adı qoymuşdu? Buna qaneedici bir cavab tapmaq hər halda asan deyildir. Qazanın dayısı, boz-oxların başçısı da (təxminən) eyni adı daşıyırdı: Aruz Qoca. «Şəcəreyi-tərakimə»də3 Urus od (atəş) gözlü kimi təsvir edilir.
Qara günə: Qazan bəyin qardaşı, bəylərin yığıncağında böyük qardaşının sağında oturardı. Qara Günənin də bir oğlu var idi, adı da Qara Budaq idi. Ona bəzən Dəli Budaq da deyərdilər. Şah Abbas dövründəki Çüxri-Sə’d (Sə’d Çuxuru - əsasən İrəvan bölgəsi) bəylərbəyisi Əmir Günənin bu oğuz bəyi kimi eyni adı daşıdığını görürük. Əmir Günə qacar boyunun ağcaqoyunlu obasına mənsub idi, özü də Sarı Arslan ləqəbini daşıyırdı. Boğaziçindəki Əmirgan məhəlləsi də bu bəyin adından qalmışdır. Amma əsaslı olan misal Şah Abbasın hökmdarlığının ilk illərində bir əmirin Budaq, atasının isə Qara Günə adını daşımasıdır. Bu adların dastanların təsiri ilə qoyulduqları tam aşkardır4.
Dostları ilə paylaş: |