PROF. DR. FARUQ SÜMƏR:
HƏYATI, ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİ
Türklərdə xronikaçılıq, salnaməçilik, vəqayenəvislik, münşilik, müvərrixlik, bir sözlə, tarixçilik ənənəsi, təəssüf ki, zəif inkişaf etmişdir. Bu da onunla bağlıdır ki, qəhrəman türk milləti tarix yazmaqdan çox tarix yaratmağa üstünlük vermiş, bu işi tarix yaratma bacarığı və qüdrəti olmayanlara həvalə etmişdir. Nəticədə türk tarixini salxım söyüd kölgəsində şərab içən, nargilə çəkən, bəng atan, gözəllərə qəzəl, sultanlara qəsidə qoşan, batman qılıncları qaldırmağa gücü çatmayan, misqal lələkləri xüsusi şövqlə oynadan qeyri-türklər yazmışlar. Türkiyədə (habelə digər türk ölkələrində) müasir mənada tarix elmi və tarixçilik son yüz ildə meydana çıxmışdır.
Cümhuriyyət dövründə qardaş Türkiyədə tarix üzrə bir-birindən istedadlı alimlər yetişmişdir. Onların arasında Məhmət Fuad Köprülü, Nəcati Luqal, Əhməd Rəfiq Altınay, İsmayıl Haqqı Uzunçarşılı, İbrahim Haqqı Konyalı, Ömər Lütfi Barkan, Mürkimin Xəlil Yinanç, Əqdəs Nemət Kurat, Zəki Vəlidi Toğan, Xəlil İnalcıq, Osman Turan, Məhmət Köymən, Kamal Karpat, İlbər Ortaylı kimi dünya miqyasında qəbul edilən şəxsiyyətləri göstərmək olar. Bu kitabın müəllifi Prof. Dr. Faruq Sümər də həmin cərgədə xüsusi və şərəfli yer tutan görkəmli alimlərdən biridir.
Faruq Sümər 1924-cü ildə Konyanın 120 kilometr cənubunda yerləşən Bozqır qəsəbəsində istiqlal savaşı qazisi Məhmət Zəki əfəndinin ailəsində doğulmuşdur. Anası Züleyxa xanım ibtidai məktəbin üçüncü sinifinə qədər oxusa da, türk törəsinə çox bağlı bir qadın idi. O, uşaqlarına ud çalmağı öyrətmiş, onları oxumağa həvəsləndirmişdir. 1931-ci ildə ailənin İstanbula köçməsi ilə uşaqların təhsili üçün daha yaxşı şərait yaranmışdır.
Faruk Sümər İstanbulun Ələmdar səmtində yerləşən 49 saylı ibtidai məktəbi bitirmiş, daha sonra təhsilini İstanbul litseyində davam etdirmişdir. 9-cu sinifdə ikən o, anasının köməyi ilə əski yazını öyrənmiş, bir mollanın sayəsində osmanlıca mətnləri rahat və sürətli oxumaq sahəsində yaxşı vərdişlər qazanmışdır. Elə həmin dövrdə də tarixçi olmağı qərara almışdır.
II dünya müharibəsi başlayanda almanların İstanbula hücum ehtimalı bir çox ailəni yaylalara və kəndlərə getməyə məcbur etmişdi. Faruq Sümərin ailəsi də Toros dağlarındakı yaylalara qalxmış, gənc Faruq burada neçə əsrdən bəri köçəri elat həyatı yaşayan əski oğuzların bir qolu olan müasir yörükləri yaxından görmək imkanı qazanmışdır.
F.Sümər 1942-ci ildə litseyi başa vuraraq İstanbul Universitetinin tarix fakültəsinə daxil olmuşdur. M.F.Köprülü, M.X.Yinanç, Z.V.Toğan, Ə.N. Kurat, O.Turan, C.Baysal, O.Ş.Gökyay, İ.Küçükömər, M.Turxan kimi ünlü xocalardan dərs almış, səlcuqlu və osmanlı dövrü üzrə ixtisaslaşmağa başlamışdır. Bakalavr dərəcəsini «XVI əsrdə Anadoluda türk oymaqları» mövzusunda yazdığı buraxılış işi ilə bitirmişdir. Sonra magistraturada oxuyan gənc alim «Anadolu türk boy və oymaqları (XVI və XVII əsrlərdə)» mövzusunda dissertasiya (68 səhifə) müdafiə edərək Prof. Dr. Mükrimin Xəlil Yinançın başçılıq etdiyi orta əsrlər tarixi kafedrasından 1948-ci ilin fevralında «əla» qiymətlə məzun olmuşdur.
Faruq Sümər daha sonra Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsinin doktoranturasına daxil olmuş, əvvəllər işlədiyi mövzunu məkan baxımından daha da genişləndirərək Prof. Dr. Osman Turanın rəhbərliyi altında «XVI və XVII əsrlərdə Anadolu, Suriya və əl-Cəzirədə oğuz boylarına mənsub təşəkküllər» adlı dissetrasiyasını (262 səhifə) «əla» qiymətlə müdafiə etmiş və 24 may 1950-ci ildə doktor ünvanına layiq görülmüşdür. Lakin doktoranturada təhsil nazirliyinin təqaüdü ilə oxuduğuna görə iki il yeddi ay iyirmi beş günlük məcburi xidmət dövrünü başa vurmaq üçün İstanbuldakı Süleymaniyyə kitabxanasında məmur olaraq işə başlamışdır.
Akademik çalışmalarını davam etdirmək üçün Faruq Sümər məmur vəzifəsindən istefa edərək 1953-cü ilin yanvarında doktorantı olduğu fakültədə assistent (Prof. köməkçisi) vəzifəsinə keçmişdir. 1955-ci ilin dekabrında «Qaraqoyunlular: qəbilə quruluşu və başlanğıcdan Cahan şaha qədər siyasi tarixləri» mövzusunda dissertasiyasını (169 səhifə) jüri qarşısında müdafiə edərək dosent adını almışdır.
Faruq Sümər 1 iyun 1956-ci ildə türk silahlı qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış, bir il altı ay ordu sıralarında olmuş, tərxis edildikdən sonra əvvəlki işinə qayıtmışdır.
1959-60-cı illərdə London Universitetinin Asiya və Afrika Araşdırmaları Məktəbində müsafir dosent kimi dərs demişdir.
Dosent adını almasından 5 il keçdiyinə görə «Oğuzlara aid dastani mahiyyətdə əsərlər» adlı araşdırmasını (həcmi 6 çap vərəqi, elmi jurnalda dərc olunmuşdur) növbəti akademik dərəcəyə, yəni professorluğa təqdim etmiş, bürokratik prosedurlar uzun sürdüyü üçün, nəhayət, 1963-cü ilin dekabrında universitetin professoru adını ala bilmişdir.
18 iyun 1974-cü ildə Prof. Dr. Əqdəs Nemət Kuratın vəfatı ilə əlaqədar Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsində orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsi boşalmış, Faruq Sümər müdir seçilmişdir. Bu vəzifədə 8 il çalışdıqdan sonra həmkarlarının və tələbələrinin təkid və israrlarına baxmayaraq, elmi tədqiqatlara daha çox vaxt ayırmaq məqsədilə 10 iyul 1982-ci ildə 58 yaşında ikən təqaüdə çıxmış və İstanbula köçmüşdür. Halbuki həmin vaxt onun rəsmi təqaüd yaşına tam 10 il qalırdı.
Faruq Sümər zahirən çox sağlam görünsə də, səhhətində bəzi problemlər yaşamışdır. Əski mətnləri zərrəbinlə oxumaqdan sağ gözü zəifləmiş və 1958-ci ildə baş verən iltihab nəticəsində tam tutulmuşdur. 1977-ci ildə isə mədəsindən əməliyyat olmuşdur. Üstəlik, ekiz uşaqlarından Əli Qutlunun 25 yaşında nəqliyyat qəzasında həlak olması onu hədsiz dərəcədə sarsıtmışdır. Bir müddət İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsi xəstəxanasında müalicə olunsa da, qara ciyər xərçəngindən 21 oktyabr 1995-ci ildə 71 yaşında haqqın rəhmətinə qovuşmuşdur. 26 oktyabr günü Türk Dünyası Araşdırmaları Vəqfində düzənlənən mərasimdən sonra Fateh camisində qılınan namazın ardından Qozludakı ailə məzarlığında dəfn edilmişdir.
Faruq Sümər dörd oğul atasıdır, iki dəfə ailə qurmuşdur. Özü kimi tarixçi olan birinci eşi Prof. Dr. Minə Ərol xanımdan Səlcuq adlı bir oğlu, ikinci eşi Cəmilə Nuray xanımdan Əli Qutlu, Cavad Mutlu və Zəki Gültəkin adlı üç oğlu olmuşdur.
Ərəb, fars, ingilis və fransız dillərini mükəmməl bilən Prof. Dr. Faruq Sümər təqribən 400 elmi əsər müəllifidir. Bunlardan bir qismi kitab və dissertasiya, bir qismi elmi məqalə və məruzə, bir qismi isə ensiklopediya maddəsi, rəy və tərcümədir. Onun qələmindən 22 kitab çıxmışdır ki, bunlardan 19-u nəşr olunmuş, 3-ü isə işıq üzü görməmişdir.
Müəllifi (daha doğrusu, həmmüəllifi) olduğu ilk kitab ingiliscə çıxan «Turkishe Archtecture» («Türk memarlığı») kitabıdır (1965, 190 səhifə). Özü ilə birlikdə altı professor tərəfindən yazılan bu kitab üç dəfə işıq üzü görmüş, xarici ölkələrdə mütəxəssislərin dərin marağına səbəb olmuşdur.
Ünlü tarixçinin şahəsəri «Oğuzlar (Türkmənlər). Tarixləri-Boy təşkilatı-Dastanları» kitabı cüzi əlavələrlə 5 dəfə (1967, 1972, 1980, 1992, 1999) nəşr edilmişdir. Bütün dünyada oğuzlar haqqında yazılmış bu ən gözəl kitabı 1988-ci ildə Sabir Rüstəmxanlının tövsiyəsi ilə çox qısa müddətə (iki aya) tərcümə edərək çapa hazırladım. 1989-cu ildə İstanbulda olarkən mərhum Turan Yazqanın rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfində Faruq Sümərlə tanış oldum və əsəri tərcümə etmək üçün ondan icazə istədim. Hələ SSRİ tərkibində olan Azərbaycanla Türkiyənin ayrı-ayrı müəllif hüquqları cəmiyyətlərinə üzv olduqları üçün ona honorar verilməyəcəyini bildirdim. O, honorar-filan istəmədiyini, nəşriyyatın onu bir neçə günlüyə Bakıya dəvət etməsinin yetərli olacağını söylədi. Sonra «Bunlar tamam da, siz azəricə biliyormusunuz?» deyə soruşdu. «Nasıl bilməm, hocam, bən azəriyim» dedim. Tezliklə məsələnin məğzi bilindi. O məni ərzurumlu-filan sanmış, ədəbi Azərbaycan dilini bilib-bilmədiyimi anlamaq istəmişdi: «Türkçəniz o kadar güzəl ki, bəni şaşırttınız» dedi.
Kitab 1989-cu ildə Sabir Rüstəmxanlı tərəfindən «Yazıçı» nəşriyyatının planına salındı, 1992-ci ildə Kamil Vəliyevin ön sözü ilə 8.500 nüsxə tirajla nəşr edildi və bir-iki həftə ərzində satılıb qurtardı. Onun bəlkə də 500 nüsxəsini müxtəlif mağazalardan mən özüm alıb qohum-qardaşa, dost-tanışa bağışladım. O dövrdə şiddətli inflyasiya olduğu üçün mənə çatacaq 4.300 manat honorar artıq qəpik-quruşa çevrilmişdi. Nəşriyyat indeksasiya tətbiq etməkdən boyun qaçırdı, mən də onu almaqdan vaz keçdim (o vaxt Sabir Rüstəmxanlı «Yazıçı»dan getmişdi). Təbii ki, nəşriyyat Faruq Süməri Bakıya dəvət etmədi (onun elə bir səlahiyyəti də yox idi). Beləliklə, nə müəllif, nə də mütərcim bu kitabdan heç bir qazanc əldə etmədi. İrihəcmli bu əsərin tərcüməsinə sərf etdiyim zəhmət, korrekturanın oxunmasına itirdiyim vaxt, təxminən min səhifəlik mətnin makinada yazılmasına xərclədiyim pul, hər gün nəşriyyata ayaq döyməyim türklüyə halal olsun. Sonra Faruq Sümərlə görüşmək qismət olmadı. Mən tərcümədən (sanıram) 5 ədəd Turan Yazqana verdim ki, müəllifə çatdırsın. Kitablar xocaya çatmış və onu hədsiz dərəcədə sevindirmiş, hətta duyğulandırmışdı. Bunu sonra öyrəndim.
«Oğuzlar» 1999-cu ildə Məhəmməd Aydoğduyev tərəfindən türkmən dilinə çevrilmişdir. Türkmənistanın o vaxtkı rəhbəri Səfərmurad Türkmənbaşı Faruq Sümərə böyük iltifat göstərmiş, onu bir neçə dəfə Aşqabada dəvət etmiş, türkmən pasportu vermiş, ordenlə təltif etmişdi. Alim Türkmənistan Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi.
Kitabın azərbaycanca nəşrindən 21 il ötmüş, ölkəmiz latın əlifbasına keçmiş, kiril əlifbasını bilməyən yeni bir nəsil yetişmişdir. Milli dövlət quruculuğunda, milli şüurun inkişafında «Oğuzlar» kimi bir əsərin oynayacağı müsbət rolu nəzərə alaraq onu yenidən nəşr etməyi qərara aldım. Bu dəfə texniki səbəblər üzündən birinci nəşrdə nəşriyyatın ixtisara saldığı xəritələri və cədvəlləri də veririk. Kitaba digər və yeganə «düzəlişimiz» haşiyələrdə dahi Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» kitabına dair iki istinada (Kilisli və Atalay) üçüncü istinadı əlavə etməkdir. Burada «Divan»ın Azərbaycan dilinə tərcüməsinin (2006-cı il) müvafiq yerləri göstərilir.
«Oğuzlar» haqqında geniş məlumata lüzum yoxdur. Oxucular onun necə dərin, əhatəli və milli əsər olduğunu görəcək, sevə-sevə oxuyacaqlar. Yalnız onun bir neçə özəlliyini qeyd etmək istərdim.
Kitab üç hissədən ibarətdir. İlk hissə oğuzların tarixindən bəhs edir. Müəllif burada «Oğuz» adının etimologiyası, qədim dövrdə Barlıq çayı sahilində, Tula boyunda, göytürklər və uyğurlar dövründə yaşayan oğuzlar haqqında bilgilər verdikdən sonra onların vətəni, həyat tərzi, iqtisadi həyatı, əski dini inamları, islamı qəbul etmələri, adət-ənənələri barədə söz açır. Bundan əlli il əvvəl təqdim olunan bir çox maraqlı məlumatlar, ilk dəfə açıqlanan faktlar elm aləminə böyük bir alimin qədəm qoyduğunu göstərirdi.
Oğuzların qurmuş olduqları böyük və möhtəşəm Səlcuqlu imperiyasının Yaxın və Orta Şərq xalqlarının taleyində oynadığı misilsiz rol, eşsiz türk qəhrəmanı Alparslanın 1040-cı ildə Dandənəkan meydan müharibəsində İranı, 1071-ci il Malazgirt meydan müharibəsində isə Bizansı məğlub etməsi, oğuzların Orta Asiyada və Qafqazda, İranda və Anadoluda, İraqda və Suriyada gerçəkləşdirdikləri fütuhatlar, səlib yürüşlərinə və monqol istilasına son qoymaları, Osmanlı, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərini meydana gətirmələri, daha sonra Misiri, Hicazı, Əlcəzairi, Mərakeşi, Balkanları ələ keçirmələri, Vyana qapılarına qədər getmələri, bir sözlə, üç qitəyə hakim olmaları ilkin mənbələrin dili ilə inandırıcı bir şəkildə göstərilmişdir.
Kitabın “Boy təşkilatı və boylar” adlanan II hissəsində Kaşğari, Yazıçıoğlu və Rəşidəddinə görə oğuz boylarının adları, mənaları, hər boyun öz ət qismi və onqonu, başqa ifadə ilə, sümüyü və quşu, hiyerarxiya içində dəqiq mövqeyi tək-tək təsvir edilmişdir. Kayı, bayat, alka bölük, qara bölük, yazır, döyər, dodurğa, yaparlı, əfşar, kızık, bəydili, karkın, bayındır, peçeneq, çavuldur, çəpni, salur, eymür, ala-yundlu, yürəgir, iğdır, büğdüz, yıva və kınık olmaq üzrə 24 oğuz boyunun ucsuz-bucaqsız bir coğrafiyada yayılması, köçəri və ya oturaq şəkildə yaşaması, onların adını daşıyan yer adları və sair məsələlər sistemli bir şəkildə tədqiq edilmişdir.
Kitabın dastanlardan bəhs edən son hissəsində onların mövzusu, yazıldığı zaman və yer, dastan qəhrəmanları və onların müsəlmanlığı, iqtisadi həyatı, siyasi fəaliyyəti, ordaları, ailə həyatı maraqlı faktlar əsasında göstərilmiş, oğuzlarda ordu, minicilik, geyim, ovçuluq, əyləncələr ayrı başlıqlar altında araşdırılmışdır. Oğuzların davranışlarına xüsusi bölmə həsr edən Faruq Sümər onların psixologiyasını, şərəf, ləyaqət və heysiyyət duyğularını, ülvi ruhunu, daim zəiflərin və gücsüzlərin tərəfində olmalarını, oğuzlara xas olan dərin humanizmi, sonsuz mərdlik, cəsarət və cəngavərliyi, bir sözlə, saysız-hesabsız müsbət məziyyətləri dastanların özündən gətirdiyi faktlar əsasında çox böyük ustalıqla gözlər önünə sərmişdir.
F.Sümər bu kitabı yazarkən ərəb və fars dillərindəki qədim mənbələrə, o cümlədən Bəlazuri, ibn Dəvadari, ibn Tağrı-Birdi, ibn ül-Əsir, Məkrizi, Təbəri, Mərvəzi, Cüveyni, Beyhaki, Gərdizi, İstəxri, Biruni, Müqəddəsi, Hafiz Əbru, ibn Bibi, Həmdulla Müstövfi, Rəşidəddin, Mirxond, Ravəndi, türk müəlliflərindən Yazıçıoğlu, Ruhi, Şikari, Nəşri, Peçevi, qərb səyyahlarından Marko Polo, Rubruk, Nibur, Klavixo kimi şəxsiyyətlərin əsərlərinə, eləcə də çağdaş tarixçilərin bu dövr və mövzu ilə bağlı araşdırmalarına, təqribən 400 adda elmi ədəbiyyata müraciət etmişdir.
Müəllif kitabın sonuna dolğun və məzmunlu bir xülasə də əlavə etmişdir.
Faruq Sümərin kitablarından biri «Qaraqoyunlular: başlanğıcdan Cahan şaha qədər» adlanır (1967, 167 səhifə; 1984 və 1992-ci illərdə təkrar nəşr edilmişdir). Bu kitab bizə «Oğuzlar» qədər vacibdir, çünki 1387-1468-ci illərdə Şimali və Cənubi Azərbaycan ərazisində mövcud olmuş böyük və milli dövlətimizin tarixi haqqında ən yaxşı monoqrafiyadır.
Ünlü tarixçinin «Səfəvi dövlətinin quruluşu [qurulması] və gəlişməsində [inkişafında] Anadolu türklərinin rolu (Şah İsmayıl ilə xələfləri və Anadolu türkləri)» kitabının (1976, 265 səhifə, təkrar nəşri 1992) adı bizə çox şey deyir. Dərin ehtiyacı nəzərə alaraq alimin qaraqoyunlular və səfəvilər haqqındakı kitablarını tezliklə ana dilimizə tərcümə etmək lazımdır.
«Türklərdə atçılıq və minicilik» kitabı da (1983, 132 səhifə) çox dərin və gərgin axtarışların məhsuludur. Burada tarixi bilgilərlə yanaşı etnoqrafik məlumat, sərraclıq və qoşqu ləvazimatı ilə bağlı terminlər nəzərə çarpır.
Faruq Sümərin «Əski türklərdə şəhərçilik» kitabı (1994, 112 səhifə) qədim türklərdə şəhərsalma mədəniyyətinin tarixinə həsr olunmuş, burada bir çox qədim türk şəhəri haqqında maraqlı faktlar və xəritələr verilmişdir.
Qısa adı «Yabanlu bazarı» olan başqa bir kitabı (1985, 132 səhifə) türk iqtisad tarixinin unudulmuş bir dönəmini işıqlandırır. XIII əsrdə Zamantı qalası çevrəsində mövcud olan ilk beynəlxalq yarmarkadan bəhs edən bu əsərin mətni türk və ingilis dillərindədir.
«Əshabül-Kəhf» kitabı (1989, 92 səhifə) islam aləmində məşhur olan əfsanəvi bir mağara və onun əsrlərcə yuxuda olmuş sakinləri haqqındadır. Qədim tarixi qaynaqları araşdıran müəllif bu qənaətə gəlmişdir ki, həmin mağara Maraş vilayətinin Afşin rayonunda yerləşir. Kitab bizim üçün də maraq kəsb edir, çünkü Naxçıvanda da belə bir mağara vardır.
«Səlcuqlular dövründə Doğu Anadoluda türk bəylikləri» adlı həcmcə kiçik, lakin fakt baxımından çox zəngin kitabı (1990, 100 səhifə, təkrar nəşri 1998), adından da göründüyü kimi, Anadoludakı bəzi kiçik dövlətlərin (məngücəklilər, saltuqlular və axlatşahlar) tarixindən bəhs edir.
Faruq Sümərin ən gözəl kitablarından biri də «Çəpnilər» kitabıdır (1992, 144 səhifə). Burada oğuzların 24 boyundan biri olan, Anadolunun fəthində və türkləşməsində müstəsna rol oynayan çəpnilərin tarixi işlənmişdir. Alimin «Tirəbolu tarixi» bu kitabın davamı kimi yazılmışdır (1992, 255 səhifə). Bu əsərdə çəpnilərin Qara dəniz bölgəsində mövcud olmuş Trabzon yunan dövlətinə qarşı qəhrəmanlıq mübarizəsindən söz açılır.
«Türk cümhuriyyətlərini meydana gətirən ellər və türk dastanları» kitabı alimin ölümündən iki il sonra işıq üzü görmüşdür. Faruq Sümər bu əsərini həyatda ikən bitirmiş, lakin nəşrini görmək ona qismət olmamışdır.
«Türk dövlətləri tarixində şəxs adları» kitabı da müəllifin ölümündən sonra çap olunmuşdur. Kitabın birinci və ikinci (1999, 450 və 428 səhifə) cildlərinə ön sözü mərhum Turan Yazqan yazmışdır. Burada göytürklər dövründən osmanlıya qədər türk dövlətlərində işlənmiş şəxs adları, ünvanlar, onların mənaları, etimologiyası göstərilmiş, son dərəcə maraqlı etnoqrafik məlumatlar verilmişdir. Bu kitabı da ana dilimizə qazandırmaq pis olmazdı.
Tanınmış alim «İslam qaynaqlarına görə Malazgird savaşı» kitabını (1971, 148 səhifə, ikinci nəşri 1989) həmkarı Prof. Dr. Əli Sevimlə birlikdə hazırlamışdır. Bu kitabda Malazgird savaşı haqqında ərəb və fars dillərindəki bütün mənbələr orijinalları və tərcümələri ilə birlikdə verilmişdir.
Faruq Sümər məşhur müvərrix Əbubəkr Tihraninin iki hissədən ibarət «Tarixi-Diyarbəkiriyyə» əsərini (1993, 309 və 369 səhifə) həmkarı Prof. Dr. Nəcati Luqal ilə birlikdə çapa hazırlamış və elmi dövriyyəyə daxil etmişdir.
Vətənpərvər alim «Kitabi-Dədə Qorqud»u A.E.Uysal və V.S.Valker ilə birlikdə ingilis dilinə tərcümə etmişdir: «The Book of Dede Korkut a Turkish Epik» (1972, 235 səhifə, Texas Universiteti, təkrar nəşri 1992). Faruk Sümər bu vətənsevər təşəbbüslə bağlı bu sətirləri yazmışdır: «Milli dastanımız olan Dədə Qorqud dastanlarının dünya dastanları arasında yer almamış olması məni davamlı bir şəkildə üzürdü. Bu qaçınılmaz görəvi yerinə gətirmək üçün iki arkadaşımla birlikdə dastanları ingiliscəyə çevirdikdən sonra ona giriş, notlar və biblioqrafiya əlavə etdik».
Faruq Sümərin bu günə qədər nəşr olunmamış üç kitabı da var: «İslam dövlətləri (tarixçələri, xronologiya və soy kötüyü cədvəlləri», «Koroğlunun tarixi şəxsiyyəti» və «Mənəmənçioğulları tarixi»dir. Bunlardan «Koroğlunun tarixi şəxsiyyəti» kitabını ana dilimizə çevirmək çox faydalı olardı.
Buraya qədər göstərdiklərimiz Faruq Sümərin kitablarıdır. Alimin zəngin elmi irsi bunlarla məhdudlaşmır. Biblioqrafiyalara baxaraq apardığımız təxmini hesablamalara görə, Faruq Sümərin qələmindən 164 jurnal məqaləsi, 28 məruzə, 104 ensiklopediya maddəsi, 4 nekroloq, bir neçə müsahibə çıxmışdır. Bu məqalələr arasında bizim üçün çox önəmli olanların bəzilərini göstərmək istərdim: «Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış», «Az tanınmış bir türk hökmdarı Uzun Həsən bəy», «Əfşarlar», «Ağqoyunlular», «Koroğlu, Giziroğlu Mustafa və Dəmirçioğlu haqqında vəsiqələr [sənədlər]» və s. və i.a. Faruq Sümərin əsərlərinin Azərbaycan elmi dövriyyəsinə daxil edilməsi milli tariximizin daha dərindən öyrənilməsinə mühüm töhfə verər, bilik və məlumatlarımızı xeyli zənginləşdirərdi.
Faruq Sümər bir çox yerli elmi məclislərə qatılmış, xaricdə keçirilən simpozium və konfranslarda Türkiyəni ləyaqətlə təmsil etmişdir. Alim müxtəlif illərdə Vyana, Münxen, Hamburq, Paris, London, Madrid, Budapeşt, Kembric, Oksford, Miçiqan, Tehran, Sarayevo, İslamabad və başqa şəhərlərdə toplanan nüfuzlu beynəlxalq forumlarda maraqlı məruzələr oxumuşdur.
Dərin və ciddi əsərləri Faruq Sümərə hər yerdə hörmət qazandırmışdır. 1971-ci ildə Kaliforniyadakı Berkli Universiteti onu ayda beş min dollar maaşla türkoloji araşdırmalar mərkəzinə müdir vəzifəsinə dəvət etmiş, lakin xoca vətəndən uzaqda yaşaya bilməyəcəyi üçün bu təklifi rədd etmişdir.
1974-1975-ci illərdə Frankfurt Universitetində müsafir professor kimi dərs demiş, müxtəlif vaxtlarda İngiltərədə, Fransada, Almaniyada, İranda və ABŞ-da elmi ezamiyyətlərdə olmuşdur.
Prof. Dr. Faruq Sümər öz fakültəsində mühazirələr oxumaqla yanaşı İstanbul Türk Musiqisi Dövlət Konservatoriyasında, İstanbul Ali Müəllim məktəbində, Memar Sinan Universitetində, Ərzurum Atatürk Universitetində də dərs demiş, bir sıra elmi qurumların işində (məsələn, Türk Tarix Qurumu, Səlcuqlu Tarix və Mədəniyyəti İnstitutu, Osmanlı Öncəsi və Osmanlı Beynəlxalq Araşdırmalar Komitəsi, Bizans Araşdırmaları Cəmiyyəti və s.) yaxından iştirak etmiş, bəzi elmi jurnalların redaktoru olmuşdur.
Faruq Sümər əsil türk və gerçək tarixçi olaraq öz prinsiplərindən əsla vaz keçməmişdir. Tarixin ideologiyaya və bəzi məkrli mənafelərə alət edilməsinə qarşı çıxmış, tarixçinin neytral və tərəfsiz olması gərəkdiyini söyləmişdir. 1980-ci il çevrilişi zamanı hərbçilərin kürdlərin türk olması barədə məqalə yazmaq xahişini qətiyyətlə rədd etmiş, «Kürdlər türk deyildir, mən də əmr qulu deyiləm, mən tarixçiyəm» deyə kəskin etirazını dilə gətirmişdir.
1934-cü ildə soyadı islahatı ilə əlaqədar olaraq ailəsinin aldığı Dəmirtaş familiyasını daşıyan Faruq bəy daha sonra Sümər (yəni Şumer) familiyasını qəbul etmişdir. Ona görə də elmi əsərlərinin bir qismi Faruq Dəmirtaş imzası ilə nəşr olunmuşdur. Ancaq oğuzlar haqqında saysız-hesabsız tədqiqat və araşdırmalar apardığı üçün mən şüuraltı bir şəkildə Faruq Sümər adını nə üçünsə Faruq Oğuz kimi qavrayıram. Türkiyədə və Azərbaycanda bir çox adamın eynən mənim kimi düşündüyünü gördüm və duyğulandım.
Faruq Sümər araşdırmalarını daima şaquli və üfiqi parametrlər üzrə, təsdiq-təkzib, induksiya-deduksiya metodları üzrə, dərininə və eninə olmaqla yürütmüşdür. Bəzən kiçik bir fakt üçün həftələrlə, aylarla axtarış aparmışdır. O, heç bir qarşılıq və təmənna gözləmədən, yorulub-usanmadan, gecə-gündüz çalışmış, türklüyün gələcəyi naminə türklüyün keçmişini araşdırmışdır. O, maddi sərvət adına heç nə qazanmamışdır, onun qazandığı bütün sərvət mənəvidir. O sərvətin həcmi Turan qədər böyük və əngindir.
Faruq Sümər qəhrəman və nəcib türk millətinin böyüklüyünə və qədimliyinə qeyd-şərtsiz inanmışdır. Həyatının başlıca məqsədi türk millətinin şanlı keçmişini araşdırmaq və millətin bunu öyrənməsini təmin etmək idi. Buna böyük ölçüdə nail olmuşdur. Türk milləti var olduqca Faruq Sümərin adı onunla birlikdə yaşayacaq.
Dostları ilə paylaş: |