7. İran bayatları
a) Öz bayatlar (ağ bayatlar)
Səfəvi dövründən əvvəl İranda bayatların yaşadığına dair heç bir məlumat yoxdur. XVI əsrdə İranda yaşayan bayatlar tək bir təşəkkül halında deyil, müxtəlif bölgələrdə olmaq üzrə üç qol halında idilər. Bu, onların bir-birindən fərqli siyasi keçmişə sahib olmalarından irəli gəlir. Onlardan yalnız bayat adını daşıyanlar Həmədanın cənub-şərqindəki Kəzzaz və Kirihrud bölgəsində sakin olanlardır. Şah Abbasın tarixçisi türkmən İskəndər bəyə görə1 bu bayatların əhalisi Təhmasib dövründə 10.000 çadır idi. Təhmasib dövründə onlar Əmirşah bəy, Süleyman bəy, Hacı Üveys bəy və Seyf bəy kimi əmirlər tərəfindən idarə olunmuşdur2. Sonuncu bəylə bərabər Əli Sultan adlı digər bir bayat bəyi Qanuninin İran səfəri münasibətilə bizim tarixlərdə də xatırlanır3. Bütün bu bayat bəyləri öz hökmdarları Təhmasibin əsas səfərlərində iştirak etmişlər. Rumlu Həsən bəyin və naməlum bir müəllifin qeyd etdiklərinə görə4 adı çəkilən İran hökmdarının ölümü əsnasında bayatlar da saray mühafizləri arasında idilər. Bayatlarla lurlar arasında Nihavənd yörəsindəki Burucird qəsəbəsi üstündə əski bir düşmənçilik vardı ki, bu, I Şah Abbasın hökmranlığının ilk illərində bayat əmiri Uğurlu bəyin öldürülməsi ilə son həddə çatmışdır5. Şah Abbas 1002-ci ildə (1593) Uğurlu bəyi öldürən Luristan hakimi Şahverdinin üzərinə səfər etdi.
Şahverdi bir neçə ildən bəri Şah Abbasın hakimiyyətini tanımayaraq müstəqil hərəkət etməyə başlamışdı. Şahverdini itaətə məcbur edən Şah Abbas Burucirdə girərək Uğurlu bəyə kömək göstərmədikləri üçün bayatların tanınmış adamlarını danladı. Uğurlu bəyin qardaşı Şahqulu Sultanın xahişi ilə şah onların günahından keçdi. Bayatlar da bunun əvəzində hökmdara qızılbaşlar arasında öz gözəlliyi ilə tanınan və boyun adı ilə adlanan (bəyati-nəjad) atlarından 3.000 ayğır və qısraq təqdim etdilər, peşkəş olaraq, üstəlik 3.000 tümən verdilər6.
Şah Abbasın bayatlardan Hüseyn Əli bəyi 1598-ci ildə elçi olaraq İspaniyaya göndərdiyi məlumdur7. Onun dövründə Yarəli Sultanın İrəvan bölgəsindəki Bəyazid qalasının, Bədir Sultanın isə həmin bölgədəki bir yerin hakimi olduqlarını bilirik8. Şah Səfi dövründə həmin yerlərdə bu bayat bəylərinin oğulları xələf olmuşlar9. Bu təyinatlar səbəbilə bayatların mühüm bir qismi Azərbaycana getmiş və orada yerləşmişdir. Bu bayatlar daha sonra bayati-mütləq və ya ağ bayat adları ilə İrandakı digər bayat qollarından fərqləndirilmişlər. Onlar Şimali Suriyadakı bayatların bir qolu olub ağqoyunlu fəthi və ya Səfəvi dövlətinin qurulması ilə əlaqədar İrana gəlmişlər.
b) Qara bayatlar (Xorasan bayatları)
Səfəvi dövründə İrandakı ikinci bayat qolu Xorasanda yaşayırdı ki, onlara qara bayat da deyilir. Qara bayatların Xarəzm türkmənlərinə mənsub olduqları bilinir. Şah İsmayıl Xorasanı fəth etdikdən sonra onlar səfəvi hakimiyyətinə girmiş, tabelik əlaməti olaraq qara sifətini almışlar. Qara bayatlar Nişapur bölgəsində, xüsusilə bu bölgənin Mədən deyilən yörəsində yaşayırdılar1.
XVI əsrin sonlarına doğru Xorasanın bəzi vilayətlərini ələ keçirən özbək hökmdarı Abdulla xan buraları oğlu Əbdülmömin xana vermişdi. Əbdülmömin xan 1591-ci ildə Nişapuru geri almaq istəyən səfəvi sərkərdəsi Qaramanlı Fərhad xanı geri çəkilməyə məcbur etdikdən sonra qara bayatlar ona tabe olmağı qəbul etdilər. Lakin onlar daha əvvəl çağataylardan çoxlu adam öldürdükləri üçün Baba İlyas oğlu Mahmud Sultan və digər bayat başbilənləri xanın hüzuruna gedərək, ona itaət etdiklərini bildirsələr də, bağışlanmayaraq öldürüldülər2. Mahmud Sultanın qardaşı Məhəmməd Sultan pərişan bir halda ətrafa dağılmış qara bayatları başına toplayaraq Şah Abbasa böyük xidmətlərdə bulunmuşdu. Hətta buna görə Şah Abbas tərəfindən bütün qara bayat boyu vergilərdən azad edilmişdi3. 12 il Nişapur valisi olan Məhəmməd Sultan öldükdən sonra yerinə oğlu Bayram Əli Sultan keçmişdir4. Bu tarixdən etibarən Nişapur uzun bir zaman qara bayatların əlində qalmışdır. Nadir şah dövründə və onun ölümündən sonra da Nişapur yenə qara bayat bəyləri tərəfindən idarə olunurdu5.
c) Şam bayatı (qacar boyu bayatları)
İrandakı üçüncü bayat təşəkkülü bizim Şam bayatı oymağının bir qoludur. Bu qol, daha əvvəl də dediyimiz kimi, yıva, ağcalı və ağcaqoyunlu təşəkküllərinə mənsub qollarla birlikdə qacar boyunu meydana gətirmişdir. Qacarlar XVI əsrdə əsasən Azərbaycanın Gəncə və Bərdə bölgəsində yaşayırdılar. Ancaq XVI və XVII əsrlərdə qacar bəylərindən hansılarının Şam bayatına mənsub olduqları bilinmir. XVIII əsrin birinci yarısında Gəncəyə bağlı kəndlərdən birinin Şam bayatı adını daşıdığını görürük6. Nadir şah öldürüldükdən sonra onun yerinə keçən Adil şahın böyük əmirlərindən Məhəmməd Əli xan Şam bayatından idi1.Qacar hökmdarı Fətəli xan (Baba xan, 1797-1834) dövrünün əmirlərindən Məhəmməd Əli xan, qardaşı İsmayıl xan, Pirqulu xan və oğlu Məhəmməd Bakir xan da bu oymaqdan idi2.
İrandakı bayatlar indi tamamilə oturaq həyata keçmiş, mühüm bir qismi Xəmsə (əsasən Zəncan bölgəsi) vilayətində yaşayır. Qaşqaylar arasında da bir neçə kiçik bayat oymağına təsadüf olunur3. Şərq musiqisindəki bayatı məqamının (muğamının - tərcüməçi) İran bayatlarının musiqi havalarından alındığına şübhə yoxdur.
3. ALKA BÖLÜK
(Alka-evli)
Göründüyü kimi, Mahmud Kaşğaridə alka bölük, Rəşidəddində alkaravlı və Əbülqazidə alka-evli (ivli) şəklində yazılan bu oğuz boyuna mənsub bir oymağa və ya yer adına heç bir yerdə təsadüf edilməmişdir. Bunun səbəbi nədir? Bu barədə qəti bir şey söyləmək mümkün deyil. Bugün Türkiyədə Zonquldakın Safranbolu qəzasına bağlı Halka-evli4 kəndi ilə ölkədəki halka avlu, hətta halkalu yer adlarının5 bu boyla əlaqədar olub-olmadığını haqqında da qəti bir şey söyləyə bilmirik.
4. QARA BÖLÜK
(Qara-evli)
Bu boya aid Türkiyədə səlcuqlular və osmanlılar dövründə mühüm bir oymağa təsadüf edilməmiş, Suriya, İraq və İranda da bu adda təşəkkül olmamışdır. Yalnız Xarəzm türkmənləri arasında XVI-XVII əsrlərdə qara-evli adlı bir oymağın mövcud olduğunu bilirik ki, aşağıda ondan ayrıca bəhs ediləcəkdir. Daha əvvəl (I hissədə) söylədiyimiz kimi, dulqədirli elinə mənsub olan böyük ağcaqoyunlu boyunu meydana gətirən əsas obalardan biri də Musa hacılu (bəzən qısaldılmış şəkli ilə musacalu) idi. Musa hacılunun Yeni-eldə yaşayan qolu XVI əsrin ikinci yarısında bir sıra qollara ayrılmış, onlar dəftərlərdə məhəllə (obanın yurdu) sözü ilə göstərilmişdir. Bu məhəllələrdən birinin qara-evli olduğunu görürük (86 vergi mükələfiyyətli). Dəftərlərdə məhəllə oymağın və ya obanın qolları mənasında da işlədildiyi üçün buradakı qara-evlinin musahacılu qolunun yaşadığı yerin deyil, doğrudan-doğruya öz adı ola bilər. Əslində, məhəllə kəlməsi ilə zikr edilən adlar araşdırılarkən bunların yer adları olmadığı görünür. Bununla bərabər bu qara-evli obasının qara-evli boyu ilə əlaqədar olduğu qəti bir şəkildə irəli sürülə bilməz. Çünki qara-evli kəlməsi eyniadlı boy ilə münasibəti olmayan hər hansı bir oymağa hər zaman və hər yerdə verilə biləcək adlardan biridir. Xəzərarxası türkmənləri arasındakı qara-evli oymağı üçün də eyni ehtimal uyğun olduğu kimi, hal-hazırda İç-eldə yaşayan qara-evli oymaqlarının da öz adlarını sonradan aldıqları anlaşılır.
XVI əsrdə Türkiyədə Qara-evli şəklində bəzi yer adlarına təsadüf edilsə də, bunların ümumi sayı 8-dən artıq deyildir1. Onlar Bolu sancağında, Tokat və Kastamonu bölgəsində idilər. «Türkiyədə məskun yerlər qılavuzu»na görə2 biri Qara-evlilər olmaq üzrə Türkiyədə Qara-evli adlı 10 kənd vardır. Bu yer adlarından çoxunun bu boyla əlaqədar olduğu şübhəsizdir.
Əbülqazinin bəhs etdiyi qara-evlilərə gəlincə, onlar Amu-Dəryanınn (Ceyhun) sahilində də Acı dənizin (Xəzər) yaxınlığında yaşayırdılar. Həmin müəllifə görə, bu qara-evlilər Kaşğa-Çura adlı bir şəxsdən törəmişlər. Kaşğa-Çuraya gəlincə, onun başqa yerdən gətirilmiş bir kölənin oğullarından olduğu nəql edilir3. Bu rəvayət doğrudursa, bu təşəkkülün eyni adlı oğuz boyundan olmadığına hökm vermək lazımdır. Hazırda yarı köçəri həyata vida etmək üzrə olan Toros dağlarındakı yörüklər arasında da qara-evli adında bir neçə kiçik oymaq var. Ancaq bu oymaqların daşıdıqları adı daha sonra aldıqları bilinir4.
5. YAZIR
Rəşidəddin türklərin əfsanəvi tarixində Dib-Yavkunun bəyləri arasındakı Alay, oğlu Bulan və hətta Dib-Cəngşu və oğlu Dürkeşin bu boydan olduqlarını bildirir5. Orada oğuzların dağılması və Şah Məlikin hücumu zamanı yazırdan bir bəyin Əli xanın oğulları ilə Yazır yörəsinə getdikləri və Hisar-Tağda yurd saldıqları, onların uşaqlarının və nəslinin hazırda həmin yerdə yaşadıqları bildirilir6. Lakin biz yazırları Xorasanda ancaq 555-ci ildə (1160) görürük. Həmin il xarəzmşah İl-Arslanın əsgərləri Əcnəyə7 hücum edərək yazırların başçısı Ödək xan oğlu Yağmur xanı məğlubiyyətə uğratdılar. Yağmur xan xarəzmşahın hücumunu Səncərin əmirlərindən Dehistan hakimi İxtiyarəddin Aytakın təhrikinin nəticəsi hesab edirdi. Buna görə də Aytaka qarşı mübarizə üçün Sultan Mahmudun başçılıq etdiyi oğuzlardan kömək istədi. Oğuzlar yazır bəyinin xahişini qəbul etdilər. Birinci hissədə təfsilatla təsvir olunduğu kimi, Yağmur xan və oğuzlar Aytakı və onun müttəfiqi Mazandaran hökmdarını baş verən şiddətli vuruşmada tar-mar etdilər1.
Yazırların öz adlarını daşıyan yurdları Nəsa şəhərinin qərbində yerləşirdi. Buradakı bir qəsəbə də Yazır adlanırdı. Bu qəsəbə XVI əsrin birinci yarısında orta dərəcəli bir şəhər idi. Yazırlar Səncərin dövlətini yıxan oğuz elatına daxil deyildilər. Onlar əvvəlcə Manqışlaqdan Balxana enmiş, oradan da buraya gəlmişdilər2.
Xarəzmşah Sultan Məhəmmədin qara kıtaylara qarşı mübarizədə müvəffəqiyyətsizliyə uğraması nəticəsində üsyan edən Nişapur əmiri Kəzlik xan məğlub olduqdan sonra yanındakı bir türkmənin təklifi ilə yazırların yanına getmək istəsə də, oraya yolladığı adamlar yazırlar tərəfindən yaxalanıb xarəzmşaha təslim edilmişdi3. Həmin əsnada və ya bir qədər sonra yazırların başında Hindu xan adlı bir bəy dururdu. 11 il yazır bəyi olan Hindu xandan sonra yazır yurdu tamamilə xarəzmşahların əlinə keçmişdi. Onun qardaşı Ömər xan xarəzmşahların paytaxtı Ürgəncdə yazır bəyliyinin ona verilməsi üçün inadla çalışsa da, bu inad ona ancaq Sabur xan ləqəbini qazandırmaqdan başqa bir nəticə verməmişdir. Xarəzmşah Sultan Məhəmmədin anası Tərkən xatun monqol hücumu səbəbilə Ürgəncdən Mazandarana yola düşəndə keçiləcək yerləri yaxşı tanıyan Sabur xan da onun yanında idi. Səyahət zamanı Sabur xan validə sultana sədaqətlə xidmət etdiyi halda, Tərkən xatun yazır yurduna çatanda onu tərk edəcəyindən şübhəyə düşərək xanı gizlincə öldürtdü4.
Monqol dövründən sonra yazırlara qaradaşlı (taşlı) deyilirdi5. Onlar Şah Abbas zamanında digər türkmən oymaqları kimi səfəvi hakimiyyətini qəbul etmişdilər. 1038-ci ildə (1628/1629) qaradaşlıların başında Rəhmanqulu Sultan dururdu. Ancaq o həmin il Xarəzm hökmdarı İsfəndiyar xanla və onun qardaşı müəllif Əbülqazi ilə birləşərək səfəvilərdən üz çevirsə də, onlar səfəvi qoşunu qarşısında duruş gətirə bilməmişdilər6.
Göründüyü kimi, yazırlar sanki müstəqil bir qövm kimi XII əsrdən XVII əsrədək Xorasanda varlıqlarını qoruyaraq yaşamışlar. Bu belə olmaqla bərabər, onlar Anadolunun fəthində və məskunlaşdırılmasında da olduqca mühüm rol oynamışlar. XVI əsrdə bu ölkədə Yazır adlı 24 kənd1 və onlara mənsub bəzi oymaqlar da vardı. Bu oymaqlar dulqədirli ulusu ilə Həmid, Təkə və Ankara sancaqlarında yaşayırdılar.
Dostları ilə paylaş: |