276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014
Hələb türkmənləri bayatı 926-cı ildə (1520) keçmiş dulqədir bəyi Əlaüddövlənin qardaşı Əbdürrəzzaqın bayatları və kürdləri başına yığaraq, dulqədir hakimi şahsuvar oğlu Əli bəylə mübarizəyə girişdiyi, hətta Əli bəyin öldürüldüyü, Maraş və Əlbistanın Əbdürrəzzaqın əlinə keçdiyi barədə Qahirədə şaiyələr dolaşmağa başlasa da, bunu təsdiq edən bir məlumat alınmamışdı1. Həmin dövrdə yazılmış Hələb sancağı təhrir dəftərində bayatlar Hələb türkmənlərinin üçüncü boyu (tayfa) kimi xatırlanaraq 20 obadan (camaat) ibarət olduğu göstərilir. Bu obanın birincisi Bozca ailəsinin başçılıq etdiyi bayatlardır. Həmin dövrdə onların başçısı Bozca oğlu Xəlil bəy idi. Ancaq eyni əsrin ikinci yarısına aid dəftərlərdə bu boy bəyi, ailəsi və obası görünmür. Bu bəy ailəsi necə oldu? İranamı getdi? Bu ehtimal çox güclüdür.
Bundan sonra bayat boyunun ən böyük obası olan pəhləvanlı obası gəlir. Bəhs edilən dəftərlərə görə, vergi verən əhali sayı 286 nəfər olan bu obanı Pəhləvanın nəvəsi Davud Kətxuda idarə edirdi. Həm Davud Kətxuda, həm də qardaşları Hacı Süleyman və Sən (Əsən) Teymur mənşur* sahibi olub oğulları da sipahizadə idilər. Bu mənşurların Kətxuda ailəsinə məmlük dövləti tərəfindən verildiyi anlaşılır.
Bu obanın əhalisi müntəzəm surətdə artaraq, Qanuni dövrünün ortalarında 505, II Səlim dövründə 787 nəfərə (vergi verən) çatmışdı. Digər tərəfdən, həmin zamanlarda pəhləvanlı obasının bir qolu da Yeni-eldə idi. II Murad dövründə buradan vergi verən əhalinin sayı 407 nəfər idi. Bundan başqa, bayatın Yeni-eldəki obalarından çalışlı və əlibəylilər də bu pəhləvanlı qoluna bağlı idilər2. Hər iki qolu birləşməklə və bayat boyunun bir çox digər obalarını da öz ətrafında toplamaqla pəhləvanlı oymağı XVII əsrdə böyük bir təşəkkül halını almışdı. Buna görə də Katib Çələbi öz dövründəki Hələb türkmənləri oymaqları haqqında tərtib etdiyi siyahıda pəhləvanlılara da yer ayırmışdı3.
Burada bayat boy bəyi ailəsinin (bozcaoğulları) İrana getməsi və ya hər hansı bir səbəb üzündən varlığını davam etdirməməsi çox maraqlıdır. Bu təşəkkülün XVII əsrdə artıq Hələb bölgəsində deyil, Sivasın cənub və cənub-qərb tərəflərində yaşadığı anlaşılır. Hətta pəhləvanlılara 1100-ci ildə (1688/ 1689) bir çox oymaqlarla bərabər vilayət-vilayət gəzib yoxsul və zəif xalqa hücum edən, yollarda soyğunçuluq edən Gədik adlı quldurun cəzalandırılması tapşırığı verilmiş4, ertəsi il isə yenə digər türk oymaqları ilə birlikdə Avstriyaya qarşı təşkil olunacaq səfərə çağırılmışlar. Səfərdə iştirak etmələri arzu olunan 200 pəhləvanlı əsgərin başçıları bu bəylər idi: Pəhləvan oğlu İsmayıl bəy, Pəhləvan oğlu Hacı Musa bəy, Pəhləvan oğlu Battal bəy, Pəhləvan oğlu Hacı Abbas bəy, Həsən bəy oğlu Məhəmməd bəy, Əli bəy oğlu Mirzə bəy, Bibər oğlu Əssaf bəy, Tatar-ilyaslı obası kətxudası, Quzu-güdənli oymağı kətxudası, Sanal (?) bayatı kətxudası1. Bunlardan Həsən bəy oğlu Məhəmməd bəydən etibarən adı çəkilənlər pəhləvanoğulları ailəsindən deyildilər.
1108 (1696)-cı ildə Pəhləvan oğullarından İsmayıl bəy Yeni-el voyevodası idi2. Yeni-eli həmin ərəfədə başlıca pəhləvanlı oymağı ilə ona bağlı obalar meydana gətirirdi. Yeni-elin vergisi isə əvvəllər validə sultanların Üsküdarda tikdirdikləri camilərin vəqfinə daxil olduğu halda həmin illərdən Məkkə və Mədinəyə göndərilən Surrə axcasına ayrılmışdı. Yeni-elə bağlı oymaqlara «hərəmeyn üş-şərifeyn əşirətləri» deyilməsinin səbəbi də budur. 1141-ci ildə (1728) pəhləvanlıların Boz-ox bölgəsində yaşadıqları müşahidə olunur. XVIII əsrdə Anadoludakı türkmən oymaqlarına dair səyyah Burxardt və Nibur öz siyahılarında pəhləvanlı oymağının yurdunu Boz-oxda göstərmişlər. Nibur3 Hələbdə yaşayan P.Russeldən aldığı məlumata görə, pəhləvanlıların 15.000 çadıra sahib olduqlarını bildirir.
Burada bəhs ediləcək bayat obalarından biri də reyhanlı təşəkkülüdür. Qanuni dövründə vergi verən əhalisinin sayı 112 nəfərdən ibarət olan bu təşəkkülün 93 evlik bir qolu da həmin dövrdə Yeni-eldə yaşayırdı. Bu oba da bir tərəfdən əhalisinin artması, digər tərəfdən isə bayat boyuna mənsub bir çox obaların ona qarışması nəticəsində XVIII əsrdə pəhləvanlı kimi böyük bir təşəkkül halına gəlmişdi. Həmin əsrdə reyhanlı oymağı ona bağlı digər oymaqlarla birlikdə Sivasın güney tərəflərində yaylağa çıxır, Hələb ətrafında qışlayırdı. Səyyah Burxardt4 reyhanlıların 3.000 çadırdan ibarət olduqlarını söyləyir.
Reyhanlılar yaylağa gedib-gələrkən rahat durmadıqlarından onların Rəqqaya sürülmələri haqqında bir neçə dəfə fərman verilsə də, hər dəfə ondan qurtulmuşlar. XIX əsrin ortalarında reyhanlıların Amik ovalığında qışladıqlarını bilirik. 1865-ci ildə Cənubi Anadoludakı dərəbəyləri ortadan qaldırmaq və oymaqları yerləşdirmək qayəsi ilə təşkil edilən Firqeyi-İslahiyyənin Gavur dağları və Kürd dağlarındakı hərəkatında reyhanlılar Firqeyi-İslahiyyəyə kömək etmişlər. Firqeyi-İslahiyyənin hərəkatı başa çatdırmasının ardınca Cövdət paşanın təşəbbüsü ilə bu oymaq Amik ovalığındakı qışlağında yerləşdirilmiş və nəticədə Reyhanlı qəsəbəsi yaranmışdır1. Bundan başqa, reyhanlı boyunun bəyi Mürsəl oğlu Mustafa bəyə paşa rütbəsi verilmişdir.
Bunlardan əlavə, bayat boyunun il-diləklü, bəçilü, yabanlu, mələk hacılu, küzücəkli adlı obaları da vardır. Bayat boyu XVI əsrin ikinci yarısında bir tərəfdən əhalisinin artması, digər tərəfdən Hələb türkmənlərinə bağlı bir çox kiçik oymaqların ona qarışması nəticəsində bəydili boyundan sonra Hələb türkmənlərinin ən böyük təşəkkülü olmuşdur2. XVII əsrdə isə boyun obalarından mühüm bir qismi pəhləvanlı, bir qismi isə reyhanlı oymaqlarının ətrafında toplanmışdı. Bu tarixdən etibarən bayatları iki təşəkkül, yəni pəhləvanlılar və reyhanlılar təmsil etmişlər.
Pəhləvanlı oymağının başçısı olan boy bəyi ailəsinin XVIII əsrin ikinci yarısında bu gün Ankaranın Qırıq qala qəzasına tabe Boy obası kəndində yaşadığını bilirik. Pəhləvanlı bəylərindən Mahmud bəy 1212-ci ildə (1797/ 1798) kənddəki camini tikdirmişdir. Həmin bəyin 1221-ci ildə (1806/1807) Çapan oğlu Süleyman bəyin əmrində olduğu məlumdur.
Ailə xatirələrində Mahmud bəyin bir çox müharibələrdə iştirak etdiyi danışılır. Hətta bu hərblərin birində oğlu Heydər bəyi itirmiş, qayıdarkən qardaşını atasının yanında görməyən o biri oğlu Əbdürrəhman bəyin «Vay qardaşım, haralarda qaldın?» deyərək ağladığını gördükdə qaşlarını çatan Mahmud bəy «Qadın kimi nə ağlayırsan, sən Heydər ol, sən də qal!» demişdir. Ancaq xatirələrdə Mahmud bəyin də getdiyi son səfərdən geri qayıtmayaraq Belqradda şəhid olduğu nəql edilir. O zamanlar Anadolu türkünün taleyi bu idi. Vergisi Məkkəyə, Mədinəyə gedər, özü isə əksərən geri dönməmək üzrə imperiyanın uzaq əyalətlərinə göndərilərdi. Mahmud bəyə oğlu Əbdülrəhman bəy, ona isə oğlu Həsən bəy xələf olmuşdur. Pəhləvanlı boy bəyi ailəsinin nəsli bugünədək davam etmişdir. Ailənin Mahmud bəyin babası Kodalak bəydən başlayıb zamanımızadək davam edən müfəssəl şəcərəsi xüsusi kitabxanamızdadır. Reyhanlı boy bəyi ailəsi də günümüzədək davam etmişdir. Bu ailə İskəndərunda yaşayan, Xatayın ən tanınmış ailəsi olan Mürsəl oğullarıdır.