2. Boz ulus. Boz ulus arasındakı əfşarlar bu elin üç icmasından biridir. Sayca onların ən çoxu şam türkmənləri arasında yaşayır. Daha əvvəl də deyildiyi kimi, Boz ulusun şam türkmənləri icması Hələb türkmənləri oymaqlarından meydana gəlmişdir. II Səlim dövründə şam türkmənləri arasındakı əfşarlar müxtəlif qollara ayrılmışdı ki, onlardan Məhmət Kətxudaya tabe olan oba 804 nəfər vergi verən əhaliyə malik bir təşəkkül idi. Ondan sonra gələn kazıklı əfşarı obası 130, Qara Mahmud Kətxudaya tabe oba 131, Hacı Kətxudanın rəhbərlik etdiyi oba 57, Duymuş Kətxudanınkı isə 41 nəfərlik idi. Yenə həmin Şam türkmənlərin elatında biri 367, digəri 109 nəfərlik (vergi verən) köpəkli əfşarına mənsub iki oba vardı1.
Əsil boz-ulus və dulqədirli elatındakı əfşar varlığı zəif olub kiçik obalara ayrılmışdı. 996-cı ildə (1588) Boz ulus əfşarlarının başçılarına, o cümlədən Cahan şah Kətxudaya göndərilən bir fərmanda2, başına yığdığı adamlarla birlikdə quldurluq edən sabiq Deyr Rəhbə bəyi Əbdürrəhmanın sözünə bundan sonra aldanmamaq, əsgər istəsə verməmək, onun yaxalanmasına çalışmaq əmr edilirdi.
Boz ulusun hər üç elatındakı əfşar obalarından bəziləri Boz ulusun Orta Anadoluya köçən təşəkkülləri arasında olmuş, əsasən Qaraman əyalətində yurd salmışlar3. Daha ziyadə şam türkmənlərinə mənsub bəzi əfşar obaları isə icmanın bir qismi ilə əvvəlki yurdda qalmışdır. Sənədlərdə «Boz ulus mandəsi» adı verilən bu icma XVII əsrin sonunda Rəqqa bölgəsinə yerləşdirilsə də4, icmanın obaları bir-bir, iki-bir Anadolunun qərb tərəflərinə getmişlər, 1128-ci ildə (1716) Balıkesir vilayətinin Mihaliç qəzasında görünən köpəkli əfşarı obası5, Yeni-elə deyil, məhz boz ulusa aid köpəkli əfşarından olmalıdır.
3. Dulqədirli əfşarları. Bu əfşarların əslində Şimali Suriya əfşarlarının bir qolu olduğunu daha əvvəl söyləmişdik. Dulqədirli ulusu arasındakı əfşarlar Maraş, Kars (Qədirli) Yeni-el və hətta Boz-ox bölgəsinə dağılmış halda idi. Onlardan ən mühümü imanlı əfşarı olub, əsasən Maraş bölgəsində yaşayırdı.
a) Maraş (imanlı əfşarı). İmanlı əfşarı XVI əsrin birinci yarısında 27 obadan meydana gəlmişdir. Ümumiyyətlə, şəxs adları daşıyan və kəndxudalar tərəfindən idarə edilən bu obaların yaylaq və qışlaqları müxtəlif yerlərdədir. İmanlı əfşarının bədil əfşarı və digər bir çox obaları bəriyyə, yəni Suriya çölündə qışlayır və Maraş sancağının müxtəlif yerlərində yaylağa çıxırdılar. Digər obaların qışlaqlarının isə Çuxurovanın Kınık, Özər yörələrində, hətta Latakiyyə (Lazikiyyə) ətrafında olduğu bilinir. İmanlı əfşarı obalarının Diyarbəkir bölgəsində sakin olduqları məlumdur6. XVI əsrin ikinci yarısında imanlı əfşarı obalarının bir qismi öz qışlaq və yaylaqlarında yerləşmək surətilə köçəri həyata vida etmişdir. 971-ci il (1563-1564) tarixli bir dəftərdən1, bəzi obaların Antəb şəhəri dolaylarındakı kəndlərdə yerləşmiş olduğunu öyrənirik. İmanlılardan mühüm bir qol da İrana getmişdir.
b) Kars. Kars (Qədirli) sancağındakı əfşar varlığı iki kiçik obadan ibarətdir2. Bunlardan 41 vergi evi olan əfşar obası Andırında qışlayaraq əkinçiliklə məşğuldur. 41 evlik digər əfşar obası isə bu sancaqdakı keçlik adlı bir təşəkkülə bağlıdır.
c) Boz-ox. Bu bölgəyə aid ən qədim təhrir dəftəri yarımçıq olduğu üçün XVI əsrdə burada yaşayan əfşarlar haqqında tam məlumatımız yoxdur. Bu dəftərdən həmin bölgədəki əfşar qoluna mənsub ancaq bir neçə obanın vergi verən əhalisinin sayı və yurdlarının adını öyrənmək mümkündür3.