276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014
4. Usalu. Bu əfşar obasının daşıdığı adın mənası və mənşəyi, məncə, məchuldur. Şah Abbasın ölümü ərəfəsində Kürdüstandakı Kavərud hakimi İmamqulu Sultanın usaludan olduğunu bilirik5.
5. Əbərlü. XVI əsrdə əbərlülər Qəzvin bölgəsində yaşayırdılar. Şah Səfi taxta çıxan il (1037-1628) Abivərd hakimi olan Cəmşid Sultan əbərlüdən idi6. Nadir şahın ölümü ərəfəsində tanınmış bəylərdən biri olan Musa bəy də bu boya mənsub idi7. XVIII əsrdə əbərlü obasından bəzi qolların Tarim və Xalxalda yaşadıqları məlumdur8.
Şah İsmayıl və Təhmasib dövründə hansı əfşar obasına mənsub olduqları bilinməyən bir çox əfşar bəylərini görürük. Bunlardan biri Şah İsmayılın Xorasan səfərində (916-1510/1511) iştirak edən Dana Məhəmməd bəy idi9. Əhməd Sultan adlı digər bir əfşar əmiri də Şah İsmayıl tərəfindən Fərəh hakimliynnə təyin edilmişdi10.
953-cü ildə (1546) Təbrizdə əfşar və zülqədirlər (dulqədir) arasına düşən bir ixtilaf silahlı çarpışmaya qədər böyümüşdü. Bu hadisə zamanı əfşarların başında Sevindik bəy, Şahqulu Sultan və Mahmud xan dururdu1. Onlardan qorucubaşı Sevindik bəy 969-cu ildə (1561/1562) ölərkən yaşı 90-ı keçmişdi2. Oğlu Hüseyn bəy Təhmasibin və onun xələfi İsmayılın dövründə Xorasanda müxtəlif sancaqlarda vali olmuş, Sultan Məhəmməd zamanında isə vali olduğu Səbzəvarda üsyan etdiyi üçün yaxalanıb öldürülmüşdü3.
977-ci ildə (1569/1570) Kirman valisi olan Yəqub Sultan və qardaşı Yusifqulu Sultan, Koroğlu Xosrov Sultan və Dana bəy oğlu Allahqulu bəy də Təhmasib dövrünün əfşar əmirlərindən idi. Şah Sultan Məhəmməd zamanında Fərəh hakimi Hüseyn Sultan və qardaşı Əlixan Sultan hansı obadan olduqları bilinməyən əfşar bəylərindəndir4. Onlar Fərəh vilayətində ortaya çıxan Yalançı İsmayıllardan biri ilə vuruşaraq ölmüşdülər. Onların qohumu Yeyən Sultan Fərəhə və İsfizara vali təyin olunmuşdu5. 997-ci ildə (1588/ 1589) qorucubaşı əfşar Bədir xan idi. O, həmin il Astarabad valisi təyin olundu, qorucubaşılıq əfşar boyundan Kirman hakimi Vəli xana, Kirman valiliyi isə Vəli xanın oğlu Bəktaş xana verildi.
997-ci ildə Əfşar Çoban oğlu Mehdiqulu xanın Xorasan səfərində iştirak etməsi əmr olunmuşdu6.
XVI əsrdə Səfəvi dövlətində müxtəlif yerlərdə vəzifə tutan əsas əfşar əmirləri bunlardır. Bu misallar onların dövlətin sütunu olan əsas boylardan biri olduğunu açıqca göstərir. Bununla bərabər Şah İsmayıl və Təhmasib dövründə ustaclu və təkəlu kimi Anadoludan gəlmə boyların digərlərinə nəzərən daha güclü nüfuza sahib olduqları görünür. Hətta bu iki boy öz aralarında nüfuz və iqtidar mübarizəsinə girişərək bir-birinə xeyli zərər də toxundurmuşdur. Şah Abbas əfşarları, xüsusilə onların Kuh-Giluyədə yaşayan ən qələbəlik qolunu itaətsizlikdən dolayı cəzalandırmış və onlara etibar etməmişdir. Buna görə də onun ölümü ərəfəsində ancaq üç əfşar əmiri vali idi. Yuxarıda dediyimiz kimi, bunlar Urmiya hakimi Kəlbəli Sultan (imanlu əfşarından), Fərəh və İsfizar hakimi Ər-Doğdu xan (alpludan) və Karərud hakimi İmamqulu Sultan (usaludan) idilər7. Əfşarların ən qələbəlik halda yaşadıqları Kuh-Giluyə isə qul nəslindən olan əmirlər tərəfindən idarə olunurdu. Həmin şahın dövründə şamlular böyük etibar sahibi idilər; onlardan 8 vali vardı.
Şamlulardan sonra zülqədər (dulqədir) boyu gəlirdi. Buna görə də türkmən salnaməçi İskəndər bəy şamluları «taifeyi-cəlilə», dulqədirliləri isə «taifeyi-rəfiə» adlandırır1. Bu dövrdə qacarların da o qədər üzdə olmadıqları anlaşılır; onlardan vur-tut ikicə əmir vardı. Bu iki əmirdən biri qacar boyuna sonradan qarışmış, bəzi müəlliflərin yazdığına görə, kürd mənşəli iyirmi dörd obasından idi2.
XVIII əsrdə vəziyyət dəyişmişdi. Həmin əsrin əvvəllərində şamlu, dulqədirli və digərləri parçalanmış və zəif bir vəziyyətdə olduqları halda əfşarlar və qacarlar həm qələbəlik, həm də qüvvətli idilər. Nadir şah Xorasanda Abivərddə yaşayan əfşarın qırxlu obasından idi. XVI əsrdəki əfşarlar arasında bu adda obaya təsadüf edilmir. Yalnız həmin əsrdə Türkiyədəki Boz-oxda qırxlu adında bir oymaq var idi. XVII əsrdən edibarən qırxlu kosa əhmədlu, qasımlu, qutulu və bəgəşlu adlı yeni əfşar obaları meydana çıxmışdır. Ehtimal ki, qasımlu obası öz adını imanlu əfşarlarından olan Qasım xandan alıb.
Nadir şah ölkəni qəsbkar əfqanlardan xilas etməklə bərabər özü də fateh hökmdar idi. Ürəyində səmimi bir türkmənlik duyğusu daşıyırdı. Digər tərəfdən İran türklüyünü Türkiyə və Orta Asiya türklüyünə yaxınlaşdırmaq üçün məzhəbi bir islahata girişmişdi. Təəssüf ki, ölümü bu qayənin gerçəkləşməsinə aman vermədi.
Qacarlara gəlincə, onlar İranda iqtidarın türklərdən başqa bir qövm əlinə keçməsinə mane oldular. Qacarlar da qövmi şüura malik bir türk xanədanı idilər. Onlar da əski türkmən xanədanları kimi oğuz elinə və oğuz boylarına maraq göstərirdilər.
XIX əsrin birinci yarısına aid «Universal coğrafiya»da3 əfşarların sayı 90.000 göstərilir və başda Urmiya olmaq üzrə onların Xuzistan, Fars və Mazandaranda yaşadıqları yazılır. Hazırda İrandakı əfşarların çoxu oturaq həyata keçmişlər. Onlara İranın təxminən hər yerində təsadüf edilməklə bərabər kompakt olaraq Urmiya və Xəmsə (Zəncan), Həmədan ilə Kirmanşah arasındakı Əsədabad yörəsində, Xuzistan, Fars və Kirmanda yaşayırlar. Urmiya, Xəmsə və Əsədabad yörəsindəkilər təmamilə oturaq həyata keçmişlər. Farsdakı inamlu (inallu) elatı arasında görünən əfşar uşağı da oturaq həyata keçmişdir. Xuzistandakı gündüzlü əfşarları, Kuh-Giluyədəki axacəri (ağac əri) elatı arasındakı əfşar oymağı ilə Kirmandakı 5.000 çadırlıq əfşar təşəkkülü hələ də köçəridirlər. Bunlardan başqa, Qəzvinin cənub-qərbində 97 kəndlik Əfşar adlı bir qəza var4.
Bu məlumatlardan da göründüyü kimi, əfşarlar tariximizdə ən davamlı rol oynamış böyük bir boydur. Bu baxımdan heç bir oğuz boyu onunla müqayisə edilə bilməz. Burada əfşarlar haqqındakı məlumatların xülasəsini vermək yerinə düşərdi.
1. Rəşidəddinin «Türklərin tarixi» fəslində əfşarların hökmdar yetirən 5 boydan biri olduğu yazılır. Buradan onların oğuzların islamiyyətdən əvvəlki tarixlərində də ən mühüm rollar oynamış boylardan biri olduğu nəticəsi çıxır.
2. Səlcuqlular dövründə öz fəaliyyətləri ilə qaynaqlarda iz buraxmış 3-4 boy var ki, onlardan biri də əfşarlardır. Göründüyü kimi, əfşarlar XII əsrin ikinci yarısında Xuzistanda və ona qonşu yerlərdə 40 ildən artıq sürən bir bəylik qurmuşlar.
3. Əfşarlar XVI əsrdə kayı boyundan sonra ikinci olmaq üzrə Anadoluda ən çox yer adına sahib boydur. Bu onların Anadolunun fəth edilməsi və məskunlaşdırılmasında ən mühüm rol oynamış boylardan biri olduğunu göstərir.
4. Yazıçıoğlu Əliyə görə, Qaraman oğulları əfşarlara mənsubdur. Bu, çox mümkündür.
5. Əfşarlar oynadıqları böyük tarixi rola baxmayaraq, XIV əsrdə Hələb bölgəsində qələbəlik türkmən icmasını meydana gətirən üç boydan biri idi. XIV əsrdən son dövrlərədək Anadoluda və İranda fəaliyyət göstərən əfşarlar həmin əfşarlardır. Bu əfşarlar XIV əsrdə dulqədirli bəyliyinin qurulmasında (imanlu əfşarı), Sisin (Kozan) fəthində və məskunlaşdırılmasında iştirak etmişlər.
6. XV əsrdə əfşarlar ağqoyunluların fəaliyyətində də iştirak etmişlər. Bunun nəticəsində onlardan bir qismi İrana getmişdir. Səfəvi dövləti qurulduqda isə Anadoludan İrana yeni əfşar obaları köçdü, beləliklə, İranda qüvvətli bir əfşar varlığı meydana çıxdı. Bu əfşarlara mənsub olan Nadir böyük uğurlar qazanaraq səfəvi hakimiyyətini öz hakimiyyəti ilə əvəz etdi. Əfşarlar öz siyasi hakimiyyətlərini itirdikdən sonra da varlıqlarını davam etdirdilər. Bu gün İrandakı qələbəlik türk ünsürünün mühüm bir qismi əfşarların törəmələridir.
7. Anadoludakı əfşarlara gəlincə, onlardan bəzi obalar hələ XVI əsrdən etibarən burada yerləşməyə başlamışdır. Onların böyük hissəsi XIX əsrin ikinci yarısına qədər köçəri olmuş, sonra əsasən Kayserinin Pınarbaşı, Sarız və Tomarza qəzalarında yerləşmişlər.
10. KIZIK
Bu boyun adına tarixi qaynaqlarda təsadüf edilməsə də, təhrir dəftərlərində və digər arxiv sənədlərində rastlanır. Təhrir dəftərlərində kızıklara aid 28 yer adı vardır ki,1 bunların çoxu indi də mövcuddur2. Onlardan beşinin Ankaranın Çubuq və Ayaş qəzalarında olması bu bölgəyə kızık boyuna mənsub çox mühüm bir elatın yerləşdiyini göstərir.
XVI əsrdə kızıklara aid yalnız bir oymağa təsadüf edilmişdir ki, o da Hələb türkmənləri arasındadır. Qanuni dövrünə aid əski dəftərlərdə bu kızık oymağı 162 və 16 evlik iki qola ayrılmışdır. Vaxt keçdikcə oymağın əhalisi artmiş və 987-ci ildə vergi mükəlləfiyyətli 667 nəfərə, yəni 468 evli, 232 subaya* yüksəlmişdir3. Əhali artımı davam edən bu oymağın mühüm bir qismi XVII əsrdə Antəb bölgəsində yerləşmiş, yerləşənlər oturaq kızık adlanmışlar. Oturaq kızıklar Sultan İbrahim dövründə (1639-1648) Antəb bölgəsindəki Oğurca, Damlaluça, Çay quru, Saqqal, Qara dinək, Yalan qaz, Üç kilsə və Taşlıca adlı kəndlərdə, Antəb şəhərində və ona bağlı bəzi kənd və qəsəbələrdə yaşayırdılar.
Bunlardan başqa, mihmadlu və boz atlı obalarının da kızıklara aid olduğunu bilirik4. Oturaq kızıkların yerləşdikləri yerlər XIX əsrin sonunadək öz adları ilə adlanan inzibati bir yörə (nahiyə) halında qalmışdır. Onların yerləşdiyi kəndlərdən bir çoxu bu gün öz köhnə adlarını və mövcudiyyətini qoruyur.
Sultan İbrahim dövründə kızıkların oturaq həyata keçməmiş olanları «köçər kızık» adını daşıyırdı. Onların sayı 149 nəfər idi (vergi verənlər). Həm oturaq kızıkların, həm də köçəri kızıkların 1101-ci ildə (1690) Avstriya səfərinə çağrıldıqları məlumdur. Səfərə çağrılan oturaq kızıkların başçısı Qara Kətxuda oğlu Bəkir bəy, köçər kızıklarınkı isə Hacı Zəkəriyyə oğlu Əssaf bəy və Kızık Məhməd oğlu kimi bəylər idilər5.
XVIII əsrə aid vəsiqələrdə kızıklar pəhləvanlıların başçılıq etdiyi Hərəmeyn üş-şərifeyn əşirətlərindən bmri kimi xatırlanır6. Bunlar köçər kızıklar idi. Kızıklardan bir qolun XVII əsrin əvvəllərində Orta Anadoluya gəldiyi bilinsə də7, onların aqibəti haqqında hələlik heç bir məlumatımız yoxdur.
XVI əsrdə kızıkların bir qolu da Dəməşq (Şam) bölgəsində yaşayırdı. Qanuni dövründə bu kızık qolu 66 vergi evi olaraq göstərilmişdir8.
11. BƏYDİLİ
Bu boy Rəşidəddinin «Oğuznamə»sində hökmdar yetirən beş boydan biri kimi xatırlanır. Rəşidəddin1 xarəzmşahlar xanədanının bu boydan olduğunu söyləsə də, bu fikri qəbul etmək mümkün deyil. XVI əsrdə bəydiliyə aid təhrir dəftərlərində 23 yer adına təsadüf edilmişdir. Həmin boy bu rəqəmlə 16-cı yeri tutur2. Hazırda bu yer adlarından ancaq yarısı qalmışdır3.
Bəydililər Şimali Suriyadakı türkmənlərin boz-ox qolunu meydana gətirən qollardan biri idi. XIV əsrin ikinci yarısında yazılmış inşa kitabındakı türkmən boyları və ailələrinə aid siyahıda4 bəydililərin adı çəkilir. Xəlil əz-Zahiri5 də onları xatırladır.
Bəydililər səfəvi dövlətinin yaranmasında da iştirak etmişlər. Bununla əlaqədar olaraq onlardan mühüm bir qol İrana getmişdir. Bundan başqa, XVI əsrdə Boz ulus və Yeni-el arasında Şimali Suriyadakı ana qoldan ayrılmış bəydili qollarına təsadüf olunur. İç-el bölgəsində isə müstəqil bir bəydili qolu vardır.