276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014
1. Hələb türkmənləri. Qanuni Süleymanın hakimiyyətinin ilk illərində bu icma arasında yaşayan peçeneqlər ayrı-ayrı kəndxudaların buyruğunda olmaq üzrə dörd qola ayrılmışlar. Bunlardan Süleyman Kətxudaya tabe peçeneq qolunun 34 vergi evi, Əhməd, Mustafa və Əli kəndxudaların idarəsindəki peçeneq qollarının da 57, 67 və 109 nəfər vergi ödəyən əhalisi vardı. Onlar Hələb türkmənlərindən olsalar da, yurdları o zamanlar Maraşa, indi isə Adanaya bağlı Haruniyyə qəzasındakı Bayındır nahiyəsində yerləşirdi. Bununla bərabər, onlara məxsus tarlaların Bulanıq (Bağça) və cənubda kınık torpağındakı Yarpıza qədər uzandığı bilinir. Peçeneqlər bu tarlalarda əkin əkir, çəltik (düyü) yetişdirirdilər. Bu əkin sahələrinin ən əsasları bunlardır: kənə günəş, pürnək (?), sisca, saqqızcıq, quzu dərəsi, təfkur bürcü (Xudu dağında), daşlıca eniş, çanax alanı, uşacuq pınarı, fındıq, böyük saqqız, incugəz, bərkəşlik, ovacıq pınarı, göy pınar, yarpız, hüseynlər (Sarvandı-qaypaq qalası yanında). Peçeneqlərin Xızır Hacı, şah Məlik (digər adı: Əli Kətxudalı, yuxarıdakı Əhməd Kətxudanın oğlu), ekiz və yad bəylu qolları Haruniyyənin şimal-şərqindəki Xudu dağında yaylağa çıxırdı. Bu qollardan yalnız yad bəylü eyni zamanda Xudu dağındakı təfkur bürcündə qışlayırdı, orada da yaylağı vardı. Digər tərəfdən Şah Məlikin bir qolunun da Sarvandı dağında yaylağa çıxdığını bilirik.
1530-1540-cı illər arasında peçeneqlərin vergi ödəyən əhalisinin sayı 473-ə, 978-ci ildə isə (1570) 722-yə çatmışdı. Onlar bu son tarixdə aşağıdakı qollara ayrılmışdılar: İsa hacılu (82 vergi evi), boyacılu (9 vergi evi), ekizlər (97), piri bəylü (142), şah məliklü (31), habillu (3), ekiz (5), digər boyacılu (7), sipahilər (39). Bunlardan vergi ödəyən 7 nəfərlik boyacılu Əlbistana bağlı Göyərçinliyə yerləşmişdi. Peçeneqlər vaxt keçdikcə yeni kəndxudalarının adı ilə adlanmışlar.
993-cü ildə (1585) Maraş və Göyərçinlik qazılarına göndərilən bir fərmanda3 peçeneq tayfasından Seyid Qazı və Qanlı Məhmədin quldurluq edərək peçeneq tayfasından Həsən Əli Fakihi öldürdükləri, eyni tayfadan Qara Əhməd oğlu Mustafanın və Seyid Vəqqasın evini taladıqları yazılaraq, günahkarları yaxalayıb mühakimə etmək əmr olunurdu. Bunlar yuxarıda Göyərçinliyə yerləşdiklərini bildirdiyimiz peçeneqlərdir.
Sultan İbrahim dövründə (1639-1648) Hələb türkmənlərinə bağlı peçeneqlər Gəbə oğlu Əli bəyin idarəsində olmaq üzrə 5 oba halında idilər: bərayirli (vergi ödəyən 40 nəfər) ekizlər (13), Xızır hacılu (29), xamudlu (12), bayırlu (13)2. Bu, peçeneqlərdən çoxunun tamamilə yerləşmiş olduğunu və ya təhrir dəftərlərinə daxil edilmədiyini göstərir. Bəs onlar haraya yerləşdilər? Bu sualın cavabını vermək üçün peçeneqlərin yaylaq yurdlarında (Xudu dağında) və Göyərçinlik nahiyəsində araşdırma aparmaq lazımdır. Ancaq bunsuz da onlardan mühüm bir qismin bəhs edilən yaylaqlarda yerləşmiş olduğunu qəti şəkildə söyləmək mümkündür. Peçeneqlərin Bayındırdakı qışlaq yurdları bu gün də Peçeneq adlanır, lakin orada ancaq tacirlilərə mənsub kəndlilər görünür.