2. Tarsus. Bu bölgədəki peçeneq varlığı çox əhəmiyyətsiz olub ancaq 9 vergi evindən ibarətdir. Onlar Tarsusun böyük boylarından quş-təmür boyu obaları arasında yaşayırlar. Bu hal iki təşəkkül arasında qəbiləvi bir münasibətin mövcud olduğunu ifadə edir3.
3. Atçəkənlər. Axırıncı peçeneq varlığı atçəkənlər arasında müşahidə edilir. I Səlim dövründə Akşəhərin Turqut qəzasında yaşayan bu peçeneq oymağı 34 nəfər vergi mükəlləfiyyətli əhalidən ibarət idi4. Ehtimal ki, bu oymaq qələbəlik bir peçeneq varlığının qalığıdır. Çünki Turqut qəzasında Peçeneq adlı bir kənd, bu qəzaya yaxın yerlərdə isə eyniadlı bəzi yer adları var.
15. ÇAVULDUR
Bu boyun adı XVI əsrdə Anadoluda ümumiyyətlə çavundur şəklində söylənmişdir. Bununla birlikdə həmin sözün qədim şəkli ilə (yəni cavuldur) bir çox kəndlərə, habelə Çovdur şəklində də bəzi kəndlərə təsadüf edilir. XVI əsrdə Anadoluda bu adda 21 yerə rast gəlirik5.
«Danişməndnamə»də1 Danişmənd Qazinin silahdaşı olan Çavuldur Çaka adlı bir adamdan bəhs olunur. Zahir Nişapurinin «Səlcuqlu tarixi»ndə Anadolunu fəth edən Sultan Alparslanın sərkərdələri arasında Əmir Çavuldurun adı da çəkilir2. Həmin müəllifə görə, Əmir Çavuldur Artuq, Saltuq, Məngücük və Danişmənd ilə Malazgird müharibəsində iştirak etmiş və Anadolunun Maraş ilə Saruz (Sarız) bölgələrini fəth etmişlər Bu qeydlərə əsaslanaraq çavuldur boyuna mənsub Çaka adlı bir bəyin Anadolunun fəthində mühüm rol oynadığını qəbul edə bilərik. Hətta məzkur əsərlərdə ondan bəhs edilməsi Çavuldur Çakanın adı unudulmayan məşhur bəylərdən biri olduğunu göstərir. Bununla bərabər, çavuldurlar oğuz boylarına aid yer adları cədvəlində 18-ci yeri tutur, üstəlik, Anadoluda onlara məxsus qələbəlik oymaqlara da təsadüf edilmir. Bu, həmin boya mənsub mühüm bir qolun qərbə köçməyərək Manqışlaq yarımadasında qalması ilə izah edilə bilər.
XVI əsrdə bu boya mənsub bir oymaq Boz-ulusda müşahidə olunur. Ondan başqa, eyni adlı çox kiçik bir oymaq da Çorum sancağında yaşayırdı.
1. Boz ulus. Dəftərlərdə adı çavundur imlası ilə yazılan bu oymaq II Səlim dövründə iki qola ayrılmışdır. Duyar Kətxudaya tabe birinci boy 174 nəfərdən, Pir Əhməd Kətxudanın idarəsindəki ikinci boy isə 50 vergi evindən ibarət idi3. Bundan başqa, boz ulusun böyük oymaqlarından biri olan oğulbəyli obaları arasında da çavuldur adlı bir oba vardı. Bu oba öz adını kəndxudaları olan Vəlinin atası Çavundurdan almış olmalıdır. Bu xüsus oğulbəyli oymağının çavundur boyu ilə qəbiləvi bir rabitəsi olduğunu göstərir.
2. Çorum. Çorumda yaşayan kiçik çavundur oymağına gəlincə, onun Osmancıq qəzasına bağlı Ağca su kəndində yaşadığı bilinir4. Bu oymaqla birlikdə həmin kənddə yaşayan Adil və Habil adlı oymaqların çavundurlarla qohum olması mümkündür. Həmin əsrdə Məntəşə bölgəsindəki Köycəyiz qəzasında Çandır adlı kiçik bir oymaq da vardı. Ancaq bu adın çavundurla əlaqədar olub-olmadığını bilmirəm.