Bayındır xan: Oğuz elinin hökmdarıdır. Atasının adı Qamğandır. Bəylərbəyi Qazan onun kürəkənidir, oğlu və ya hər hansı bir kişi qohumu yoxdur. Divanından və ordasından kənara çıxmaz. Şəxsiyyəti bəylərbəyi Qazan bəyinki ilə qarışdırılır. Ağqoyunluların özlərini Bayındır xanın nəvələri saydıqlarını bilirik.
Digər tərəfdən, hökmdarın bəy adını daşıması, onun dastanlara ağqoyunlu xanədanına yarınmaq məqsədi ilə sonradan daxil olduğu etimalını qüvvətləndirir. Ancaq Bayındır xanın atası Göy xan deyil, Qamğam adlandırılır. Bu necə izah oluna bilər? Əgər dastanlardakı oğuz eli XI əsrdəki oğuzlardırsa, onların başında bir yabğu ailəsinin dayanması olduqca zəif bir ehtimaldır. Hər halda Bayındır xan ünsürünün dastanlara sonradan daxil olunması fikri mənasız deyildir.
Salur Qazan bəy: bəylərin başı və onların hakimidir. Buna görə də dastanlarda Salur Qazan bəy bəzən bəylərbəyi ünvanı ilə də yad edilir. Bu ifadə, yəni bəylərbəyi osmanlılardan daha əvvəl Türkiyə səlcuqlularında olmuşdur. Ancaq oğuzlarda bir məmurluq adı olaraq bəylərbəyi sözünün işlənib-işlənməməsini bilmirik. Qazan bəyin atasının adının Ulaş olduğu da söylənilir; «Şəcəreyi-tərakimə»də isə Enkiş göstərilir. Salur Qazan dastanlarda belə təriflənir: tülü quşun yavrusu, bezə (?) miskin umudu, Əmət suyunun aslanı, Qaraçuğun qaplanı, qonur atın yiyəsi, xan Uruzun ağası, Bayındır xanın güveysi, qalın oğuzun dövləti, qalmış yigit arxası»1.
Salur Qazan bəy öz qövmü üzərində unudulmaz xatirələr buraxmışdır. Türkmənlərin hər yerdə ataları kimi unutmadıqları iki şəxsiyyətdən biri odur (digəri Dədə Qorqud). Oğuz elinin başçısı, bəylərbəyi Qazan bəy dəyanətli, cəsur, özünə inanan, rəhmdil, comərd, xalqa qarşı şəfqətli, bəylərə qarşı nəzakətli, tərifləri xoşlamayan bir şəxsiyyət kimi nəzərə çarpır. «Şəcəreyi-tərakimə»dəki mənzumədə də onun düşmənə qarşı qazandığı müvəffəqiyyətlərdən və xalqa göstərdiyi yaxşılıqlardan bəhs olunur.
Bəylərbəyi Qazanın arvadı Burla xatun idi. Misirdə məmlüklər dövründə türk dilinə dair yazılmış bəzi əsərlərdə, burlanın üzüm mənasında olduğu söylənilir2. Bu kəlmənin qıpçaqca olduğu başa düşülür. Buna görə də ortada iki ehtimal var: ya Burla xatun bir qıpçaq bəyinin qızıdır, ya da bu adı daşıyan bir qıpçaq şahzadəsinin adını götürmüşdür. «Şəcəreyi-tərakimə»də1 Burla xatun Sündün bayın qızı kimi göstərilir. Lakin bu Sündün bay haqqında heç bir məlumat verilmir. Yenə orada Burla xatun bizim dastanda olduğu kimi, «boyu uzun» olaraq vəsf edilir. Lap əvvəllərdə «Şəcəreyi-tərakimə»yə mənbə olan «Oğuznamə»lərin bizim dastanlardan ayrı bir xüsusiyyətə malik olduqları bildirilmişdi. Yenə «Şəcəreyi-tərakimə»də Burla xatun altın güzgülü (aynalı) olaraq da vəsf edilir2.
Salur Qazan və Burla xatunun tək bir oğulları vardır ki, bu da Uruzdur (Urusdur). Bu ad hər halda xalq adı olan rus ilə eynidir. XIV əsrdə məmlük əmirlərindən bəziləri həmin adı daşıyırdı, Qızıl Orda xanı Toxtamışın Urus Qoca adlı bir əmirini də tanıyırıq3. Qazan bəy nəyə görə oğluna bu adı qoymuşdu? Buna qaneedici bir cavab tapmaq hər halda asan deyildir. Qazanın dayısı, boz-oxların başçısı da (təxminən) eyni adı daşıyırdı: Aruz Qoca. «Şəcəreyi-tərakimə»də4 Urus od (atəş) gözlü kimi təsvir edilir.
Qara günə: Qazan bəyin qardaşı, bəylərin yığıncağında böyük qardaşının sağında oturardı. Qara Günənin də bir oğlu var idi, adı da Qara Budaq idi. Ona bəzən Dəli Budaq da deyərdilər. Şah Abbas dövründəki Çüxri-Sə’d (Sə’d Çuxuru - əsasən İrəvan bölgəsi) bəylərbəyisi Əmir Günənin bu oğuz bəyi kimi eyni adı daşıdığını görürük. Əmir Günə qacar boyunun ağcaqoyunlu obasına mənsub idi, özü də Sarı Arslan ləqəbini daşıyırdı. Boğaziçindəki Əmirgan məhəlləsi də bu bəyin adından qalmışdır. Amma əsaslı olan misal Şah Abbasın hökmdarlığının ilk illərində bir əmirin Budaq, atasının isə Qara Günə adını daşımasıdır. Bu adların dastanların təsiri ilə qoyulduqları tam aşkardır5.
Aruz (Uruz) Qoca: boz-ox qolunun ən böyük bəyidir. Aruz Qocanın çox uzun boylu, qollarının və baldırlarının nazik, özünün arıq olduğu söylənir; ləqəbi də «at ağızlı» idi. Aruzun iki oğlu olduğunu görürük: Qıyan Səlcuq və Basat. Bunlardan Qıyan Səlcuqun Təpəgözlə vuruşmada ödünün partlaması nəticəsində öldüyü bildirilir. Qıyan Səlcuq sözlərinin ilk kəlməsi bir oymağın adıdır, yoxsa ləqəbdir, bilinmir. Hər halda ikinci ehtimal daha qüvvətlidir.
Təpəgözü məğlub edən Basata gəlincə, onun adı üç-ox-boz-ox çəkişməsinə aid dastanda da çəkilir, amma aqibəti haqqında bir məlumat verilmir. Görəsən, o da atası Aruz Qoca kimi qardaş qırğınında öldürülmüşdür? Aruz Qocadan sonra boz-oxların başçısı kimi onun nəvəsi, Qıyan Səlcuq oğlu Dəli Dündarı görürük. Dəli Dündar orunda bəzən Qazandan sonra ikinci, bəzən də Qazanın qardaşı Qara Günədən sonra üçüncü sırada dayanır. Onun haqqında deyilən «bir savaşda üç kəz Qazanı atdan yıxan» ifadəsi digər bir üç-ox-boz-ox döyüşünə işarədir.
Şir Şəmsəddin: Atasının adı Qəflət Qocadır. Müsəlman adı daşıyan iki bəydən biridir. Şir Şəmsəddin «dəstursuzca Bayındır xanın yağısını basan» sözü ilə təriflənir1.
Beyrək: Qazanın inağıdır, iç oğuzdandır. Özü çox yaraşıqlı bir gəncdir, ona görə çox vaxt niqab ilə gəzərdi. Beyrək istər gözəl görkəmi, istərsə də əla əxlaqı ilə «qalın oğuzun imrəncəsi» ləqəbini almışdı. Onun haqqında: «apalaca gərdəyinə qarşı gələn, yeddi qızın umudu» sözləri də söylənir. Sonuncu dastana görə Aruz tərəfindən öldürülmüşdür.
Yeynək. Qazılıq Qocanın oğludur. Qazılıq Qocanın Bayındır xanın vəziri olduğu söylənir. Görünür, Qazılıq Qocanın adı eyniadlı dağın adından alınmışdır. Yeynəyin öz atası Qazılıq Qocanı əsirlikdən qurtardığına dair bir dastan vardır. O, bir yerdə bəylər başı olaraq vəsf edilir. Bu, Yeynəyin bir zamanlar bəylərbəyilik etdiyi hökmünü çıxarmağa kafi olmasa da, onun yüksək mövqeli bir bəy olduğuna işarədir. Yeynəyin Qazana «keşiş» dediyi və «qalın oğuz bəylərini bir-bir atlarından yıxdığı» da söylənir. Bunlar Yeynək və Qazan arasında səbəb və təfsilatını bilmədiyimiz bir vuruşmanın olduğunu ifadə edir. Yeynəyin ailəsinin köklü və ən qüdrətli ailələrdən biri olduğu şübhəsizdir. Bu ailənin üç-oxlardan olması da ehtimal edilir. Bu bəy haqda ayrıca: «Qur qurma quşaqlı, küllahı altun küpəli» də deyilir.
Büğdüz Əmən: boz-oxlar qolundan olduğu göstərilir. Halbuki büğdüz boyu üç-oxların boyudur. Boz-oxların Aruzdan sonra gələn ən nüfuzlu bəyi kimi nəzərə çarpır. Ləqəbi «bıyığı qanlı»dır, bundan əvvəl adı çəkilən Yeynəyin dayısıdır. Peyğəmbərin üzünü görən yeganə oğuz bəyi olduğu söylənir. Aruz ilə Qazan arasındakı düşmənlik və döyüşlərdə Büğdüz Əmənin də adı çəkilir2.
Dülək Evrən: Eylik Qocanın oğludur; ləqəbi «dönəbilməz»dir. Bu ləqəbi nəyə görə aldığı aydın deyil. Onun Ağ Məlik Çeşmə (?) qızı ilə nikahlandığı və Sofi Sandal (?) məliyə qan qusdurduğu söyləndiyi kimi, «öz adına xorlanıb eldən çıxdığı» da yazılmışdır. Bu ibarənin inandırıcı izahı verilməmişdir. Bu ibarə Dülək Evrənin öz dəyərini bilməyərək, ailəsini, boyunu və elini buraxıb getdiyini izah etmək məqsədimi güdür? Dülək Evrən boz-oxlardan idi. Son dastanda Aruzun əyanları arasında adı çəkilir1.
Alp Rüstəm: oğuz bəylərindən adı türkcə olmayan iki bəydən biridir (o biri Şir Şəmsəddindir). Atası boz-ox bəylərindəndir, adı Düzəndir, sonuncu dastanda da adı çəkilir. Orada Alp Rüstəm üç-oxlardan Ənsə Qoca oğlu Oxçu ilə savaşacağını söyləmişdi2. Alp Rüstəmin Təpəgöz ilə vuruşması da qeyd edilir3. Bu, Təpəgözün üç-oxlardan daha çox boz-oxlarla düşmən olduğunu təsdiq edir. Alp Rüstəm özünü «iki qardaş bəbəyin öldürüb zəlil gəzən» kimi tanıdır4.Bu acınacaqlı hadisənin necə və nə şəkildə baş verdiyi barədə təfsilat yoxdur.
Tərs Uzamış: üç-oxlardandır. Sonuncu dastanda Büğdüz Əmən onunla təkbətək döyüşmək istədiyini söyləmişdi5. Tərs Uzamış hər vaxt olduğu kimi, laübali bir hərəkətlə Qazanın qarşısında oturmaq istəyən Uşun Qoca oğlu Əyrəyə: «Mərə, Uşun Qoca oğlu, bu oturan bəylərin hər biri oturduğu yeri qılıcı, ətməyiylə alıbdır, mərə, başmı kəsdin, qanmı tökdün, acmı doyurdun, yalıncaqmı donatdın» demişdi6.
Salur Qazan ilə birlikdə ad və sanları sadalanan üç-ox və boz-ox bəylərinin başlıcaları bunlardır. Salur Qazan zamanında yaşamış kimi göstərilən bir çox şəxslər vardır ki, onlardan burada bəhs edilməmişdir...
8. ORDALAR
Xan, bəylərbəyi və bəylər ordalarda (ordu) yaşayırdılar. Ordalar çoxlu çadır və otaqdan düzəldilmiş böyük qərargahlardır. Ordalarda qələbəlik bir xalq var idi. Orda sahibi və ailəsi, nökərlər, xidmətçilər, çobanlar da burada yaşayırdı.
Ordalarda feodalların ümumi işlərini gördükləri divanları var idi. Onların ən yaxın adamları naiblər idi7. Bəylərbəyi Qazanın naibinin adı Əlig Qoca oğlu Sarı Qılbaş idi ki, Şöklü Məliyin Qazanın ordasına basqını zamanı ölmüşdü. Oğuz yabğularının naiblərinə kül-ərkin (güzərkin) deyildiyi məlumdur. Oğuzlar islam ölkələrinə gəldikdən sonra kül-ərkin kəlməsini işlətməmiş, ona görə də bu söz tədricən unudulub getmişdir. Böyük feodalların ən yaxın adamları arasında inağlar da nəzəri cəlb edir. İnağlar hökmdar və bütün bəylərin həmişə yanlarında gəzən, onların şəxsi həyatlarına daxil olmuş adamlar idi. İnağ kəlməsinə Kaşğaridə və digər əski əsərlərimizin heç birində rast gəlinmir. Səlcuqlularda hökmdara çox yaxın adamlara bəzən xas bəy deyilirdi. İnağ sözü elxani dövründən etibarən işlənməkdədir.
Bəylərin, bəy uşaqlarının heç bir zaman yanlarından ayrılmayan dostları var idi ki, onlara ümumi olaraq yoldaş deyildiyi məlumdur1. Yoldaş kəlməsi mənasına görə monqolca nökər sözünün qarşılığıdır. Lakin dastanlarda nökər sözü yoldaşın sinonimi kimi işlənmişdir2. Tarixdə də yoldaş kəlməsinin bu mənada işləndiyinə dair bəzi misallar vardır. Sivas-Kayseri və digər bəzi şəhərlərin hökmdarı Qazı Bürhanəddin bir döyüşdə ona sədaqətlə xidmət edən Xəlil adlı dulqədirli bir əsgərə xələt geydirmiş, dirlik vermiş və ona «yoldaş Xəlil» demişdir3. İranda səfəvi hökmdarı Sultan Məhəmməd dövründə şamlı bəylərdən İsmayılqulu bəy (sonra xan) hökmdarın məiyyətində yaxşı xidmət etdiyi üçün ona «yoldaş», «yoldaşbaşı» ünvanı verilmişdi4. Osmanlı dövründə də yeniçərilərə «yoldaş» sözü ilə müraciət edildiyi məlumdur.
Qazan bəyin yoldaşlarının 300 nəfər olduğu aydın olur5. Rəşidəddindəki fəsildə qeyd edildiyinə görə, Tuman atasının taxtına çıxmaq istədiyi zaman məiyyətinə 300 adam götürmüşdü6. Səlcuqlu tarixçisi Zahir Nişapuri də Səlcuq oğlu İsrailin (Aslan) Qəznəli Mahmudun hüzuruna gedərkən yanında 300 yaraşıqlı igid olduğunu söyləyir7. Bu qeydlər bizə, bəlkə, el bəylərinin yoldaşlarının sayının 300 olduğu fikrini verə bilər. Lakin bəylərin yoldaşlarının sayı 40 idi. Bunlardan biri bəy və ya şahzadənin naibi idi. Bəylərin yoldaşlarının sayının 40 olması, dastanların və tarixi mənbələrin göstərdiyinə görə heç bir simvolik mahiyyət daşımır. Qaraman hökmdarı I Məhmət bəy, Süleyman bəy və Əlaəddin bəyin məiyyətlərindəki igidlərin sayı 40 idi8. Əziz Astarabadinin bir ifadəsindən9 Qazı Bürhanəddinin nökər, yəni yoldaşlarının 40 nəfər olduğunu iddia etmək mümkündür. Ağqoyunluların başçısı olmazdan əvvəl Uzun Həsən bəyin də yoldaşlarının 40 nəfər olduğuna dair bəzi dəlillər vardır10.
Bəylərin və oğullarının 40 yoldaşı olduğu kimi, xatunların da 40 incə belli qızdan ibarət yoldaşları var idi1.
9. AİLƏ HƏYATI
Hamısı bəy olan bütün qəhrəmanların tək bir qadınla evli olduqları özünü göstərir. Dastanlarda nə məşuqədən, nə də oynaşdan bəhs edilir. Qəhrəmanların bircə arvadları vardır. Bu, diqqətəlayiq bir xüsusdur.
Bəylərbəyi Qazanın belə tək bir arvadının (boyu uzun Burla xatun) adı çəkilir. Doğrudanmı oğuzlarda ikinci bir qadınla evlənmək ənənəsi yox idi? Bunu təkzib edən bir misala şəxsən rast gəlmədiyimi söyləməliyəm. İbn Fəldan oğuz sübaşısının və qonaq qaldığı bir oğuzun tək arvadlı olduğunu görmüşdü. Onların qadınlara qarşı ehtiram və sevgi ilə davrandıqları aydın nəzərə çarpır. Qəhrəmanlar bir çox hallarda qadınlarının məsləhəti ilə hərəkət edirdilər. Qəhrəmanlar qadınlarına «görklüm» (gözəlim) sözü ilə müraciət edirdilər. Qadınlar ərlərinə acıqları tutanda acı və sərt sözlər söyləyirdilər. Evlənmədə qız evinin oğlan evindən kalım və ya başlıq istəməsi (mal tələb etməsi) adəti var idi2. X əsrdə oğuzlarda həmin adətin olduğunu görmüşdük. Bir-birinə yaxın ailələr hələ beşikdə olarkən uşaqlarını nişanlayırdılar3. Oğlan nişanlandığı qızın barmağına öz üzüyünü taxardı4. Qız da nişanlısına özü tikdiyi qırmızı rəngli qaftan göndərərdi, oğlan bu qaftanı geyinərək gərdəyə girərdi. Nişanlandıqdan bir müddət sonra toy edilərdi. Toy zamanı evlənənin üzüyünə yoldaşlarının ox atması adəti də var idi5.
Təzəbəy gərdəyə girəcəyi yeri ox ataraq təyin edərdi6.
Dastanlarda bəylərdən bir çoxlarının bir-biri ilə düngür (quda) olduqları gözə çarpır. Bəylərbəyi Qazan Bayındır xanın kürəkəni olduğu kimi, anası da boz-ox bəylərbəyisi Aruz Qocanın bacısı idi. Yenə üç-oxlardan Baybura bəy oğlu Beyrək boz-oxlardan Baybecan bəyin qızı ilə evlənmişdi. Yenə iç oğuzdan olması fərz edilən Qazılıq Qoca boz-oxlardan sayılan Büğdüz Əmənin bacısı ilə evlənmiş, bu nigahdan oğlu Yeynək doğulmuşdur. Bu misallar oğuzlar arasında kənardan evlənmək adətinin olduğu hökmünü verə bilsə də, bu barədə qəti bir söz söyləmək mümkün deyildir. Çünki bu evlənmələrdə sadəcə siyasi və ictimai bir qayə güdülmüş ola bilər. Üstəlik, Qara Günənin oğlu Qara Budağın əmisinin (yəni Qazanın) qızı ilə evləndiyini bilirik1.
Dastan qəhrəmanlarının bəzilərinin özləri kimi yaxşı at minən, qılınc qurşanan qız istəmələri diqqəti cəlb edir. Bu bir nağıl ünsürü deyildir, türk el və boylarında hər zaman belə qız və qadınlara rast gəlmək mümkündür. XV əsrdə Anadoludan keçən avropalı bir səyyah türkmən qadınlarının igidliyini, kişilər kimi vuruşduqlarını eşitdiyini və buna heyrət etdiyini yazmışdır2. Buna görə də Beyrəyin adaxlısı (nişanlısı) Banıçiçək ilə güləşməsi heç kimi heyrətləndirməməlidir. Çünki Kaşğari3 «qız ilə güləşmə, qısraq ilə yarışma» şəklində bir atalar sözü işlətmişdir. Bu atalar sözünü bilməyən və ya ona əməl etməyən Beyrək sevgilisinə məğlub olmaqdan güclə qurtarmışdı.
Müxtəsəri, dastanlarda qadınlara yüksək və dəyərli bir yer verilmişdir. Dəli Domrul fədakarlıq sözünü anasından deyil, gözləmədiyi halda arvadından eşitmişdir4. Oğuz elində qadınların cəmiyyət içində nə qədər şərəfli və yüksək bir mövqe tutduqlarını bundan başa düşmək mümkündür ki, Əbülqazinin «Şəcəreyi-tərakimə»sinə mənbə olan «Oğuznamə»lərdə bir çox qadınların oğuz elində bəylik etdikləri bildirilir.
Bəylərin yeni doğulmuş uşaqları «sarması qızıl beşiklərdə» yatırılır və dayələrə (dadı) verilərək böyüdülürdü. Qız uşaqlarının doğulması onlarda, ərəblərdə olduğu kimi, qüssə yaratmırdı. Baybecan bəy qızı olması üçün qalın oğuz bəylərindən alqış, yəni dua etmələrini rica etmişdi5. Bəylərin yetişmiş cavan oğullarına qarşı davranışları şəfqət və sevgi ifadə edir, ata ilə oğul arasındakı münasibətlər isə rəsmiyyətdən uzaq görünür. Dastanlarda anaya qarşı ehtiram hər vəsilə ilə bildirilir, «ana haqqı tanrı haqqıdır» deyilir6.
Dastanlarda qardaş sevgisi və qardaşı olmağın əhəmiyyəti müxtəlif vəsilələr ilə bildirilir. Hətta dastanlardan bəzisinin mövzusu əsir düşmüş qardaşın xilas edilməsi və qisasının alınması haqdadır.
Uşun Qoca oğlu Səyrək kafirlərin Alınca qalasında dustaq olan qardaşını xilas etmək təşəbbüsünün qarşısını almaq istəyən ata və anasına belə demişdi:
Üç yüz altmış altı alp ava binsə,
Qanlı geyik üzərinə qovğa qopsa,
Qardaşlı igidlər qalxar, qopar olur,
Qardaşsız miskin igid ənsəsinə yumruq toxunsa,
Ağlayıban dörd yanına baxar olur,
Ala gözdən acı yaşın tökər olur.
Basat da böyük qardaşı Qıyan Səlcuqun Təpəgöz tərəfindən öldürüldüyünü biləndə onun üçün yanıqlı bir ağı deyib uzun-uzadı ağlamışdı.
Dastanlarda hörmət saxlamaq mənasında salam vermə və əl öpmədən bəhs edilir. Salam forması «baş endirib, bağır basmaq»dı1. Bu, Anadolu türklərində son zamanlara qədər başlıca salam şəkli olub, bu gün Türkiyənin ucqar vilayətlərində özünü göstərir. Bu salam şəklinin milli bir səciyyəsi olub-olmadığı barədə indi qəti bir hökm vermək mümkün deyil. Yenə dastanlarda bir yerdə «əl qavuşdurub ol igidə salam vergil» deyilir. İbn Fəldan İtil boyu bulqarlarının öz hökmdarlarına papaqlarını qoltuqları altına qoyduqdan sonra başları ilə salam verdiklərini söyləyir. Kirman hökmdarı Alp Arslanın qardaşı Gavurd bəy qardaşı oğlu Məlikşah ilə döyüşdə əsir alındığı zaman Məlikşah əmisinin yanına gedəndə atından düşmüş və papağını da başından çıxartmışdı2. Kaşğaridə «yükünç» sözü işlənir3. Yükünç baş əyərək salamlama mənasını verir. Monqolların öz böyüklərini diz yerə vurmaqla (farsca tərcüməsi: zanu zədən) salamladıqlarını bilirik.
Oturmaq forması haqqında dəqiq bir ifadə yoxdur. Hər halda çox yayılmış oturuş forması bardaş qurma olmalıdır. Danışmaq istəyən adam böyüklər qarşısında diz çökərdi. Bu gün Türkiyədə bu adət hələ də yaşamaqdadır. Kiçiklər böyüklərin, əllərindən, böyüklər də onların boyunlarından öpərlər. Uzun zaman ayrı düşənlər qovuşduqda, bir-birlərini qucaqlayırlar.
10. ORDU
Dastanlarda ordu və əsgər sözlərinin qarşılığı kimi türkcə çəri, farsca ləşkər kəlmələri işlədilir. Ordu və əsgər mənasında olan qədim türk sözü «sü» tamamilə işlənmir. Oğuz ordusu bütünlüklə atlı əsgərlərdən təşkil edilir, sağ və sol olmaqla əsasən iki qola ayrılırdı. Dastanlardakı oğuz elində siyasi üstünlük üç-oxlarda olduğu üçün, onlar daha şərəfli sayılan sağ qolu təşkil edirdilər.
Şöklü Məlik ilə Salur Qazan arasında baş verən vuruşmada oğuz ordusunun döyüş mövqeyi belə idi: köks, yəni mərkəzdə Salur Qazan, sağ qolda Qazan bəyin qardaşı Qara Günə, sol qolda boz-oxların başçısı Dəli Dündar vuruşurdu. Bəylər at üstündə döyüşçülərin içərisində qızğın vuruşmalarda iştirak edirdilər.
Dastanlarda oğuzların başlıca silahları ox, qılınc, qarğı (cida; süngü) və çomaqdan (toppuz, gürz) ibarət idi. Müdafiə silahları isə qalxan, arxa zirehli və işuq (tuğulqa) idi. Oxun türklərin milli silahı olduğu məlumdur. Tarixdə bu silahı türklər və monqollar kimi məharətlə işlədən çox az xalq tapılar. Dastanlarda oxun qayın ağacından hazırlandığı qeyd edilir. Osmanlı oxları isə şam ağacından hazırlanırdı.
Oxların ucundakı dəmir parçasına təmrən, arxasındakı üç tük parçasına da yülək (yelək) deyilirdi. Yeləyin oxun hədəfə istiqamət almasında mühüm rolu vardır. Oxların qoyulduğu qaba bəliğ, bəzən də sadaq deyilirdi. Bu qabların 80-90 ox tutduğu da qeyd edilir. Dastanlarda qəhrəmanların ağca tozlu, qatı yaylarından da tez-tez bəhs edilir. Toz yaylara dolanan kirişə sırıma deyilir. Yaylar ümumiyyətlə inək damarından hazırlanırdı. Lakin bəzi qəhrəmanların yaylarının kirişlərinin qurd damarından olduğu qeyd edilir1. Yayların qabları yoxdur: qaruya (biləyə) asılaraq daşınırdı. Oğuzlar və ümumiyyətlə türklər praktiki olmadığı üçün çox zaman yay qabından istifadə etməmişlər. Qəhrəmanlar həm məharətlərini artırmaq, həm də əylənmək üçün bütə, yəni nişangaha ox atardılar.
Qarğı dastanlarda sinonimi olan bu sözlərlə də ifadə edilir: süngü, cida, göndər. Bunlardan süngü qədim türk sözüdür. Cida monqolca olmalıdır. Bu üç kəlmə də XV əsr osmanlı tarixlərində işlənir. Qarğı qoltuq qısılaraq dürtmək, sancmaq üçün istifadə edilirdi. Hücum silahlarından biri də çomaqdır. Çomaq türklər tərəfindən hər yerdə, hər zaman istifadə edilən bir silahdır. O, ağacdan və dəmirdən qayrılır. Ağac çomağa Türkiyədə bozdağan deyildiyi də məlumdur. Müdafiə silahları, deyildiyi kimi, qalxan, zireh, və işuq, yəni tuğulqa idi. İşuq Kaşğari tərəfindən adı çəkilən türkcə bir kəlmədir və dəbilqə mənasını verir. Bunun sinonimi olan tuğulqa isə monqol sözü olmalıdır.
11. MİNİCİLİK
Atın qədim türklərin həyatında nə qədər əhəmiyyətli yeri olduğu məlumdur. Dəvə ərəblər üçün nə qədər lazımlı idisə, at da türklər üçün o qədər lazımlı idi. Geniş çölləri onunla keçər, ətindən yeyər, südündən içki (qımız) hazırlayar, gönündən və qılından da faydalanardılar. Dastanlarda oğuz elinin və qəhrəmanlarının həyatında atın əhəmiyyəti aydın nəzərə çarpır. Onlar «piyada ərin ümidi olmaz; at işlər, ər öyünər» kimi sözləri tez-tez söyləyərdilər. Qəhrəmanların atları lap çox idi. Bu, tarixi məlumatlara da uyğundur. İslam muəlliflərinin fikrinə görə, türklər saysız-hesabsız atı olan bir xalq olaraq tanındıqları kimi, X əsrdə türk xaqanı da miniciləri çox bir hökmdar olaraq məşhur idi1. Dastanlarda qəhrəmanların atlarının adlarından bəhs edilmir. Onlar görkəmləri ilə yadda saxlanır, tanınırdı2. Bunu təbii hesab etmək lazımdır. Çünki atların lap çox olduğunu söyləmişdik. Zamanımızda Türkiyədə də atlara ad qoymaq adəti yoxdur.
Qəhrəmanlar ayğırlara minirlər. Çünki türk atlarının ayğırları daha yaxşıdır. Halbuki ərəb atlarında qısraqlar üstün sayılırdı. Türklər ayğır olmayan atı axtalayardılar. Belə atlar daha dözümlü olurdular. Türklərin axtalanmış atları ərəb ölkələrində də ad çıxartmışdı.
Atların başları bir çox hallarda qoç və toxlu başlarına oxşadılırdı3. At növünü göstərmək üçün yund sözü işlədilirdi4. Yaxşı at üçün işlənən söz qədimdə və indi də işlənən «yüyürək» sözüdür. Ancaq atların yeriş-qaçış tərzləri haqqında açıq bir şey söylənmir.
Dastanlarda cins və yaxşı atlar olaraq bədəvi* atlardan danışılır. Bu atlar «bədəvi atlar ıssını görüb oxradıqda» sözü ilə təriflənirdi. Bədəvi atlar sözü ilə ərəb atları nəzərdə tutulur, bir yerdə isə «ərəb atları» ibarəsi işlənmişdir5. «Bədəvi at» sözünün ağqoyunlular tərəfindən işləndiyi və onların bu atlara çox üstünlük verdikləri də məlumdur. Uzun Həsən bəy şəxsən özü bədəvi atın (əsbi-bədəvi) cinsini daha çox bəyənirdi6. Ərəb atını yalnız Yaxın Şərqdəki türklər deyil, Xəzərarxası türkmənlərinin də yaxından tanıdıqları nəzərə çarpır. Onların ifadələrində də ərəb atı təriflənir7. Səlcuqlu dövründən bəri Anadoluda hər yerdə axtarılan cins atlar yetişdirildiyini bilirik. Bu atlar əsasən Qaraman yörəsində yetişdirilirdi. Marko Polonun8 türkmənlərin yetişdirdiklərini göstərdiyi gözəl türkmən atları bunlardır.
XIV əsrdə bir ərəb salnaməçisi də9 Gərmiyan və Kastamonu atlarını tərifləyirdi. Lakin son əsrlərdəki uzun sürən döyüşlər və digər səbəblər ilə əlaqədar türk kəndlisinin yoxsullaşması Anadoluda atçılığı da yox etmişdir.
12. GEYİM
Dastanlardakı qəhrəmanların geyimi haqqında açıq bir fikir söylənmir. Paltara dastanlarda da ton (don) deyilir. Köynəyin (kömmək-könlək) də adı çəkilir. Bundan başqa, boz-oxların başçısı at ağızlı Aruz Qocanın erkək dərisindən kürk və papaq geydiyindən bəhs edilir1.
X əsrdə adlı-sanlı oğuzların bilavasitə qonşu islam ölkələrində emal edilmiş köynək və qaftan geydiklərini bilirik. Xalq isə hər halda özünün toxuduğu incə yun və incə keçədən paltar geyinirdi. Dastanlarda da qəhrəmanların gündəlik geyimləri içərisində ağ qaftan nəzərə çarpır2. Qırmızı rəngli qaftanı isə ancaq evlənməli olanlar geyərdilər3.
Dastanlarda baş örtüsü olaraq börk və sarığın adı çəkilir. Börk türklərin milli baş geyimidir. Börkün XIII-XIV əsrlərdə qırmızı rəngdə olduğunu bilirik4. Anadoluda ilk dəfə ağ rəngli börk geyməyi XIII əsrin ikinci yarısındakı Dənizli hüdud bölgəsi bəylərindən Məhmət bəy dəb halına salmışdır5. Bu gün Türkiyənin bir çox yerlərində iki cür baş geyiminə börk deyilməkdədir.
Sarığa gəlincə, Toğrul bəyin 1038-ci ildə Nişapura girdiyi zaman başında sarıq olduğu məlumdur. XIV və XV əsrlərdə Anadoluda hökmdar və bəylər də sarıqdan istifadə edirdilər. Türk sarığı orta böyüklükdə və qıvrımdı, gözəl bir görünüşə malik idi. Bu sarıq Misirdə türkmən sarığı kimi tanınmışdı6.
Dastanlarda ayaqqabı olaraq «ədik» və «soqman» adları çəkilir7. Ədik8 (ətük) son 15-20 ilə qədər Maraş, Adana, Antəb və Xatay vilayətlərində geyilməkdə idi. Bu, boğazı təqribən 40 santimetr uzunluqda, ökçəsiz (dabansız), burnu dik, sarı və qırmızı rəngli çəkmələrdir. Edik bir neçə əsr əvvəl bütün Anadolu türkmənləri tərəfindən geyilirdi. Hətta qadınların belə edik geydikləri məlumdur1. Soqmana gəlincə, bu da çəkmə mənasında olsa da, ədikdən fərqlənib-fərqlənmədiyi yaxşı bilinmir2.
XV əsrdə osmanlılar da daxil olmaqla Türkiyə türklərinin qiyafələri çağatay türklərininki ilə eyni idi. Misirli müəllif ibn İyas Anadolu türklərinin qiyafələrini türkmən qiyafəsi kimi təsvir edir. Dastan qəhrəmanlarının geyimlərinin də Türkiyə türklərinin geyimləri ilə eyni olduğu məlum olur.
Oğuzların saçlarını uzatdıqları, bunun əksinə, üzlərini qırxdıqları əvvəlcədən deyilmişdir. Türkiyədə də xalqın və əsgərlərin üzlərini qırxdıqları nəzərə çarpır. Misirin fəthindən sonra osmanlı xidmətinə girən çərkəz məmlüklərinin ilk işi saqqallarını qırxdırmaq və türkmən qılığına (yəni osmanlı qiyafəsinə) girmək olmuşdur3. Ancaq bizim dastan qəhrəmanları kimi Anadolu türkləri də bığ saxlayırdılar.
Qəhrəmanlardan Qazılıq Qoca oğlu Yeynək «qulağı qızıl küpəli»* təsvir edilir4. XIV-XV əsrlərdə bəzi türk hökmdar və bəylərinin də Yeynək kimi qulaqlarına sırğalar taxdıqlarını bilirik5.
Yenə dastanlarda Oğuz elində bəzi igidlərin üzlərində örtük olduğu söylənilir. Bunlar başlıca olaraq Qanturalı, Qara Çəkür və oğlu Qırx Qınuq və boz ayqırlı Bamsı Beyrək idi6. Bu gənclərin çox yaraşıqlı olduqları üçün üzlərinə niqab tutduqları başa düşülür. Bu sonuncu qiyafənin göz dəymə inamı ilə əlaqədar olması ehtimal edilir.
13. OVÇULUQ
Bəylər zümrəsinə mənsub olan qəhrəmanlar vaxtlarını döyüşlərdə, ovçuluq etməkdə və toy verməkdə keçirirdilər. Bəylərin ovçubaşıları var idi. Onlar bəzən öz yurdlarındakı ovlaqlarda və qoruqlarda tək, bəzən də içlərindən birinin dəvəti ilə kollektiv şəkildə ovla məşğul olurdular. Başlıca ov heyvanları qaçarlardan maral, ceyran, uçarlardan da qaz, ördək, kəklik və göyərçin idi. Bəslənən ov quşlarından qırğı, şahin və sunqurun adları çəkilir1.
Osmanlı ov təşkilatında xüsusi atmacaçılar, qırğıçılar, çakırçılar, şahinçilər var idi2. Türkiyədə son zamanlarda atmaca, doğan və şahin ilə ov edilirdi. Atmaca sərçə və bıldırçın kimi kiçik quşlar, qırğı əsasən kəklik, şahin və kəkliklə bərabər qaz, ördək ovlamaq üçün istifadə edilirdi. Dastanların birində ov ilə əlaqədar bir adətdən bəhs edilir. Bu adətə görə başqasının torpaqları içində ov edən bir adamdan torpaq sahibi pay ala bilərdi3. Digər türk ölkələrində də olan bu adətin4 əsası hazırda Anadoluda yaşamaqdadır.
Müxtəsəri, oğuz bəylərinin həyatında ovçuluğun mühüm bir yeri var idi.
14. ƏYLƏNCƏLƏR
Dastanlarda bəlli zamanlarda keçirilən bayram və şənliklərə dair heç bir şey söylənilmədiyi kimi, tarixi əsərlərdə də bu mövzu ilə əlaqədar hər hansı məlumata rast gəlinmir. Biz dastanlarda bəylərin tez-tez toy verdiklərini görürük.
Toy ziyafət deməkdir. Toylar doğum, bəy oğlunun ilk ovu, bir diləklə əlaqədar, bir fəlakətdən qurtarmaq, müxtəsəri, hər hansı bir sevinc vəsiləsilə verilirdi. Toyların digər türk qövmlərində olduğu kimi, oğuzların ictimai həyatında da mühüm bir yeri vardı. Toylar yalnız bəylərə deyil, xalqa da verilirdi. Bu, o qədər əsaslı bir ənənə idi ki, oğuzlarda və digər türk qövmlərində siyasi və ictimai quruluşun mühafizəsi toylarla çox yaxından əlaqədar idi. Bəylərbəyi Salur Qazan bəy üç-ox və boz-ox bəyləri ordasına gələn zaman (ildə bir dəfə) onlar üçün böyük bir toy verərdi. Toyda yeyilib-içildikdən sonra Qazan xatununun əlindən tutub eşiyə çıxar, toya dəvət olunanlar toyun verildiyi yerdəki bütün əşyaları yağmalayardılar. Yağmadan sonra bəylər Salur Qazanı salamlayar və atlarına minib, yurdlarına dönərdilər. Ancaq Salur Qazan adətin əksinə olaraq son dəfə evini yalnız üç-ox bəylərinə yağmalatmışdı. Boz-ox bəylərinin toya, yağmaya dəvət edilməməsinin səbəbi məlum deyildir. Qazanın bu hərəkəti boz-oxların başçısı Aruz Qocanın üsyan etməsinə və bir daxili döyüşə səbəb olmuşdur. Türklər Yaxın Şərq ölkələrinə gəldikdə digər ənənələrlə yanaşı bu yağmalı toy adətini də gətirmişdilər. Fars dilində olan mənzum və mənsur əsərlərdə görünən «xani-yağma» (yağma süfrəsi) sözü bu yağmalı toyu ifadə edir.
Səlcuqlulardan başqa, Suriya atabəyləri dövlətində (zəngilər) və osmanlılarda da bu adətin davam etdiyi özünü göstərir1.
Dastanlarda uşaqların və gənclərin oynadıqları aşıq oyunundan da bəhs edilir. Bu, milli bir oyundur. Göytürklər dövründə bu oyunun oynandığı məlum idi, bu oyun indi də Türkiyədə oynanmaqdadır. Qədim zamanlardan bəri kürək sümüyü və aşıqla fala baxmaq türklərin adətlərindən biridir2.
15. DAVRANIŞLARI
Dastan qəhrəmanları soyuqqanlı insanlar kimi görünmürlər. Onlar qarşılaşdıqları hadisələrə daşqın və coşqun reaksiya göstərirlər. Beləcə, «acığı tutanda» yəni hirslənəndə bığlarından qan sızan, yaxud qara daşı kül edən igidlərin, sevdikləri əsir düşəndə və ya öləndə «böyürə-böyürə» ağladıqları gözə çarpır.
Bəylər başqa qövmlərin əsilzadələri kimi məğrur, şərəf və heysiyyətlərinə son dərəcə düşkün insanlar idi. Haqlarında danışılan ən kiçik dedi-qoduya laqeydlik göstərməzdilər. Belə hallardan ölümü üstün tutardılar. Dirsə xan övladı olmadığı üçün qara otaqda oturdulmuş, qabağına qara qoyun yəxnisi qoyulduğu üçün çox mütəəssir olmuş və Bayındır xanın ordasını tərk etmişdi3. Yenə bəylərdən Bəkil ovçuluqdan məharətinin özündən deyil, atından gəldiyini deyən Bayındır xana və ya Qazana «alplar içində bizi qusqunumuzdan palçığa batırdın» deyərək acıqlı bir halda ordasına getmişdi4. Şəxsən Salur Qazan o biri bəylərin «çoban olmasaydı, Qazan kafiri ala bilməzdi» sözləri ilə başına qaxınc qalxacaqlarından qorxaraq Qaracıq çobanın yardımını rədd etmişdir5. Qanturalı da6 dəvə ilə güləşərkən sevgilisi Selcan xatundan «dəvənin burnundan yapış» sözlərini eşidəndə özü-özünə demişdi: «mərə, mən bu dəvənin burnuna yapışacaq olsam, qız sözü ilə yapışdı derlər. Yarın oğuz elinə xəbər vara, dəvə əlində qalmışdı, qız qurtardı, deyələr»1.
Dastanlarda «dəstursuzca», yəni izin almadan döyüşən adamın yağısına girişməyin, düşməninə hücum etməyin eyib olduğu israrla bildirilir. Hətta bəylərdən Şir Şəmsəddin «dəstursuzca Bayındır xanın yağısın» basmaqda ad çıxarmışdı2. Bu xüsus, yəni izin almadan bir adamın bir boyun, bir elin düşməninə hücum etməsinin eyib sayılması başlanğıcda əldə ediləcək doyumluğa (qənimətə) ortaq olmaq məqsədi ilə əlaqədar sayılırdı. Çünki türklərdə də hər yerdə olduğu kimi, döyüşün əsil qayəsi qənimət əldə etmək idi. Daha sonralar bu düşüncə (qəflətən, icazəsiz hücumun eyib sayılması) şərəf və heysiyyəti qorumaq duyğusuna çevrilmişdir.
Qəhrəmanların sevinclərini bildirən hərəkətlərdən biri də qas-qas gülməkləri idi3. Bu gün Anadoluda bu sözdən hələ də istifadə edilir. Sevincli bir xəbər «muştuluq» və «gözün aydın» sözləri ilə bildirilirdi4. Döyüşlərdə düşməni məğlub etdikdə və ya hər hansı bir təhlükədən qurtardıqda qul və qaravaş (kişi və qadın kölə) azad edərdilər. Salur Qazan bəy Şöklü Məliyi məğlub etdiyi zaman 40 qul və 40 qırnaq (qaravaş-cariyə) azad etmiş, onları azadlığa çıxartmışdı5. Salnaməçilər Fateh Sultan Məhmədin də Otluqbeli döyüşündə qələbə qazanması münasibətilə 40.000-dən artıq qul və qaravaş azad etdiyini yazırlar6.
Oğuzlar heyrətlərini əsasən bir əlini digərinə vurmaqla bildirirdilər7. Bu davranış gözlənilməyən sevindirici və ya kədərləndirici, hiddətləndirici bir hadisə və xəbərə ani reaksiya idi. Həmin davraniş forması indi də Türkiyədə özünü göstərir1.
Dastanlarda görünən digər bir adət də qəhrəmanlar öldükdə atlarının kəsilib yuğ aşı (ehsan - tərcüməçi) verilməsi barədə onların vəsiyyətidir2. Bu, çox qədim bir türk adəti idi. Göytürklər zamanında ölənin atlarının özü ilə birlikdə basdırıldığını və ya kəsildiyini bildiyimiz kimi3, X əsrdəki oğuzlarda da ölənin atlarının kəsilib ətinin yeyildiyini görürük. Bu gün də Türkiyədə bir adam öləndə yemək bişirilib xalqa paylanır4. XI dastanda ölülərə aş (yemək) verildiyindən də bəhs edilir5. Türklərdə və monqollarda belə bir adətin olduğunu bilirik6.
Üç-ox – boz-ox arasındakı qardaş qırğınını göstərən sonuncu dastanda ölüm ayağında olan Beyrək atının quyruğunun kəsilməsini tələb etmiş, yoldaşları da bunu yerinə yetirmişdilər7. Bu da çox qədim bir türk adəti idi. Altay və Pazırıq qazıntılarında tapılan atların bizim qəhrəmanların atları kimi özləri ayğır, quyruqları da kəsikdir8. Buraya qədər yazdıqlarımızdan osmanlı xanədanının çox qədim türk adətlərini yaşatdığı aydınlaşmış olur. Deməli, hunlar dövründən gələn, ölənin atının quyruğunun kəsilməsi adəti də bunlardan biri idi.
Yavuz Səlimin böyük qardaşı Əhməd bəyin oğlu Süleyman bəy gənc yaşında 919-cu ildə (1513) Misirdə taundan vəfat etmişdi. Qəşəng bir gənc olan Süleyman bəyin dəfn mərasimi Anadolu türklərinin adəti üzrə keçirilmişdir. Yəni məhrum şahzadənin tabutunun önündə quyruqları kəsilmiş, yəhərləri tərsinə çevrilmiş olan atları aparılmış, sındırılmiş yay-oxu da tabutunun üzərinə qoyulmuşdu9.
Dastan qəhrəmanlarının fəzilət duyğularına gəlincə, bunlar başlıca olaraq cəsur və mərhəmətli olmaq, gücsüzləri qorumaq, yoxsullara yardım etməkdir. Zəiflərə, qocalara sataşan və yolçulara, çobanlara hücum edənlər onlar nəzərində pis adamdır. Dastanların dili ilə, Alınca qalasının kafirləri oğuz elindən əsir tutduqları Uşun Qoca oğlu Əyrəyi onu qurtarmağa gələn qardaşı Səyrək ilə döyüşdürmək üçün ona qardaşı haqqında: «şunda bir dəli igid yolçunun-yolaqçının, çobanın-çoluğun ətməyin alır»1 demişdilər.
Yoldaşları Dirsə xanda oğluna nifrət yaratmaq üçün oğlunun gözəl qızları ram etdiyi, qocalara həqarətdə bulunduğu barədə iftiralar söyləmişdilər2. Bir az yuxarıda dastan qəhrəmanlarının tez əsəbiləşən insanlar olduqlarını söyləmişdik. Lakin onlar sevdiklərinə qarşı şəfqətli, şirindilli olduqları kimi, düşmənlərinə qarşı da mərhəmətli davranır, döyüşlərdə aman istəyəni öldürmürdülər3. Beyrək onun öldüyünü söyləyərək sevgilisi ilə evlənmək üzrə olan Yalançı oğlu Yartacuğu ayağına düşdüyü və qılıncının altından keçdiyi üçün əfv etmişdi4.
Dastanlarda göstərilən alp elə bir cəsur, təmkinli, mərhəmətli, zəifləri qoruyan (qalmış igid arxası), öyünməyi sevməyən insandır ki, bu günkü millətlərin qəhrəman tipinin eynidir. Alplar bir-birinin adını soruşmazdılar, bu, nəzakətsizlik sayılırdı5. Bu gün belə kəndlilər arasında birinin adını nəzakət ifadə edən bir kəlmə ilə soruşurlar6.
Alpları qorxutmaq, cəsarətlərini qıran sözlər söyləmək də onlar arasında eyibli bir davranış idi7.
Bütün tarixləri boyunca türklər üzərində ictimai bir ruh hakim olmuşdur. Onlar sevinci də, fəlakəti də hamılıqla, birlikdə qarşılayardılar. VIII əsrdəki göytürk kağanının «Türk budunu üçün gündüz uyumadım, gecə uyumadım» deməsi bu ruhun gözəl bir ifadəsidir. Xaqan, sultan və bəyin vəzifəsi xalqı özlərindən narazı salmamaq və onlara firavan bir həyat təmin etməkdi
Dastanlarda acları doydurmaq, çılpaqları geydirmək, borclunu borcdan qurtarmaq başlıca mənəvi hərəkətlərdən sayılır. Salur Qazana dair «Şəcəreyi-tərakimə»dəki mənzumədə onun 41 atın ətini bir qazana doldurub bu əti əli ilə xalqa payladığı yazılmışdır. Osmanlı salnaməçiləri də Osman və Orxan bəylərin öz əlləri ilə yoxsullara aş payladıqlarını yazırlar1.
Yenə dastanlarda quru çaylar üzərində körpü salmaq, uzaq yollar kənarında imarətlər qurmaqdan bəhs edilir2. Birinci hissədə türk hökmdarlarının və bəylərinin idarə etdikləri yerləri cami, mədrəsə, xəstəxana, imarət, karvansara, hamam və körpülər ilə bəzədikləri qısaca qeyd edilmişdi. Bu gün bu abidələrin bir qismi onların bu sahədə göstərdikləri böyük xidmət və qeyrətin yadigarı kimi zamanımıza qədər gəlmişdir. Ancaq bu əsərlərə can verən sultan və bəylərin yaşadıqları binalar o qədər sadə şeylər idi ki, indi çoxunun yeri bilinmir.
16. DASTANLARIN ƏHƏMİYYƏTİ
İgidləri mürüvətli,
Qocaları dadlı və hörmətli oğuz.
(Naməlum ozanın sözü)
Dədə Qorqud dastanları, daim təkrar etdiyimiz kimi, Türkiyə, Azərbaycan, İran və Türkmənistan türklərinin, yaxud ümumi bir terminlə, Qərb türklərinin bizə məlum olan qədim dastanlarıdır. Bu dastanlar oxuyanların təsdiq etdikləri kimi, dağ çiçəkləri qədər gözəldir. Hətta bu dastanların milli ədəbiyyat baxımından nəsr sahəsində oğuz türkcəsinin əvəzsiz bir şahəsəri olduğunu söyləmək belə mümkündür. Bu dastanlarda türk dili Yunus Əmrənin şeirlərində olduğu kimi, nə qədər axıcı, nə qədər incə, hətta nə qədər parlaqdır!
Dastanların mahiyyətinə gəlincə, onlar - ən mühümləri tarixi hadisələrlə səsləşən - orijinal, əlaqəli və zövqlə oxunan mövzulardır.
Bilirik ki, dastan qəhrəmanları döyüşkən bir ruha sahibdirlər. Hətta onlar arasında belə bir ruhda yetişdirilmiş qadınlar da diqqəti cəlb edir. Lakin təsdiq etmək yerinə düşər ki, çöllərdə belə bir ruh daşımadan həyat sürmək mümkün ola bilməzdi. Orada şiddətli qış və heyvanları kütləvi qıran yut xəstəliyi üzündən tez-tez aclıq fəlakəti ilə qarşılaşılırdı, hər an düşmən hücumları gözlənilirdi. Bu xüsus belə olmaqla bərabər qəhrəmanlar ümumiyyətlə təcavüzkar insanlar kimi görünmürlər. Onlar nəfslərini qorumaq, yaxın adamlarını qurtarmaq, özlərinə və ya yaxın adamlarına edilmiş pis hərəkətin qisasını almaq üçün cəhd göstərirlər.
Qəhrəmanlarımız köçəri bir cəmiyyətdə yaşasalar da, bu igidlərdə zamanımıza yaraşmayan heç bir davranış görünmür. Onlar qara qəlbli və hiyləgər adamlar olmayıb, əksinə, yoxsullara yardım edən, zəifləri qoruyan, rəhmdil, vəfalı, böyüklərinə ehtiram göstərən, amma şərəf və heysiyyət duyğularına sahib olan, qadınlara xor baxmayan mərd insanlardır. Bütün bunlar oğuzlardakı fəzilətli insan tipinin vəsfləridir. Hər halda alplar bütün bu mənəvi sifətləri daşıyan insanlar olmalı idilər. Alplıq ruhu, şübhəsiz, sadəcə cəsarətdən gələn bəsit bir davranış deyildi.
XIV-XVI əsrlərdə Anadolu və Azərbaycandakı türk icmaları bu dastanlara atalara aid ən dəyərli xatirələr gözü ilə baxmışlar. Onlar atalarını həyata keçirdikləri böyük fütuhatlardan ziyadə bu dastanlar ilə sevmişlər. Yenə bu dastanların təsiridir ki, o əsrlərdəki türklər nəzərində oğuzlar cəsur və təmiz ürəkli insanlardır. Bu gün belə Türkiyənin bəzi bölgələrində oğuz sözü hiylə bilməz, pislik eləməz anlamında bir sifət kimi işlədilir.
Buna baxmayaraq yüksək təhsilli osmanlı müəlliflari bu dastanlara əhəmiyyət verməmişlər, hətta onları oxuyan ozanlar ilə istehzalı davranmışlar. Lakin ozanların bu əsəri, şübhəsiz, getdikcə daha geniş yayılmaq və hətta digər millətlər tərəfindən də tanınmaq surətilə əbədi olaraq oxunacaqdır. Buna qarşılıq osmanlı müəlliflərinin əsərləri unudulmağa məhkum olmasa belə məhdud sayda mütəxəssislər tərəfindən tanınacaqdır. Bu keyfiyyət onların türkcəni təbii yolundan çıxararaq əsərlərini süni bir dildə yazmalarının kədərli bir nəticəsidir. Ancaq etiraf etmək lazımdır ki, dastanlar bu gün belə türk ziyalıları tərəfindən yaxşı bilinməməkdə və məktəblərdə də oxudulmamaqdadır. Bu da, şübhəsiz, onların lazımi qədər tanıdılmamasından irəli gəlir. Bu işlər yerinə yetirildiyi təqdirdə bu milli və dəyərli əsərə layiq olduğu əhəmiyyətin veriləcəyi və məktəblərdə bütün türk uşaqlarına oxudulacağı bir həqiqətdir.
Dostları ilə paylaş: |