Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


Ç. SƏLCUQLULAR DÖVRÜNDƏ OĞUZLAR



Yüklə 5,61 Mb.
səhifə6/42
tarix03.06.2018
ölçüsü5,61 Mb.
#52596
1   2   3   4   5   6   7   8   9   ...   42

Ç. SƏLCUQLULAR DÖVRÜNDƏ OĞUZLAR

(TÜRKMƏNLƏR)

«Səlçuklılar türkmən bolub karıntaşımız

tegib ilgə və xalqğa faidəsi tikmədi».

(Şəcəreyi-tərakimə, s. 64).

Dəndanəkan vuruşmasından sonra Davud Çağrı bəy Mərv­də qalmış, qar­daşı Məhəmməd Toğrul bəy Nişapura və onların əmisi Musa Bəyğu isə He­ra­ta getmişdi. Çağrı bəy qəznəvilərə qarşı müvəffəqiyyətli döyüşlər apa­raraq onların gözünü Xora­sandan tamamilə kəsdi. Qaraxanilərə də qalib gə­lib bu xanə­dan­la əlverişli sülh bağladı. Üsyan etmiş Xarəzm hakimini cə­za­lan­dırdı, o tərəfdəki qıpçaq bəyinə müsəlmanlığı qəbul etdir­di və onunla dün­gür oldu. Toğrul bəyin Reyə getməsindən son­ra bütün Xorasan Çağrı bəyə qaldı. Bun­dan başqa, Kirman Qa­ra-Aslan ünvanlı oğlu Kavurt bəyin əlində idi. Görün­düyü ki­mi, Çağrı bəy birinci dərəcəli komandan, siyasi məsələlərdə isa­­bətli rəy və fikrə sahib ağıllı bir siyasət adamı olmasına bax­ma­yaraq hökmdarlığı dövründə çox da qəsbkar olmamışdır. Hal­­buki nailiy­yətlərini daha da artıra bi­lərdi. O, bozqırlardakı sı­xın­tılı həyatını daim xatır­la­yaraq yüksəldiyi möv­qe­dən razı qal­dığını bildirirdi. Dövlətin qurulma­sın­dan əvvəl xeyli yağma et­­diyi Xorasanı yenidən qurmuş, təbəəsini ədalətlə idarə edərək özündən ra­zı salmışdı, hətta qardaşı Toğrul bəyi idarə elədiyi yerləri dağıntı halında qoy­maqda və xalqı mühacirətə məcbur qılmaqda it­tiham etmişdi. Toğrul bəy ona verdiyi cavabda: «Ay qardaşım, sən Xorasan kimi abad bir ölkəyə sahib olduğun hal­da onu xarabazara çevirdin, indi ha­kimiyyətində olduğu üçün oranı abadlaşdırmalısan. Halbuki buralar məndən əvvəl başqa­ları tə­rəfindən təxrib olunmuş, xaraba qoyulmuşdur. Buna görə ölkəmi hələ abad­laşdıra bilməmişəm. Digər tərəfdən, bu ölkə­nin ətrafı düş­mənlərlə dolu ol­du­ğundan yollara əsgər qoymaq zərurəti ortaya çıxır ki, on­lardan dəyən zə­rərin qarşısını almaq da mümkün olmur» demişdi. Çağrı bəyin bu cavaba etirazını təsəvvür etmək çox çətindir. Yağma və qənimət ümidi olmadan oğuz­ları döyüşə sövq etməyin çətin bir iş olduğunu, şübhəsiz, o da çox gö­zəl bilirdi. Çünki Toğrul bəyin cavabında işarə vurul­duğu kimi, Çağrı bəy dövləti qurmazdan əvvəl əsgərlərini razı salmaq üçün yağma hə­rəkətlərinə girişən, Nişapurun yağmalan­ması üçün Toğrul bəyə israr edən o deyildimi?

Bu iki qardaş ömürlərinin əvvəlindən sonuna qədər bir-bi­rinə bağlı qal­mış­lar. Dövlətin inkişafında, onun bir imperiya ha­lını almasında bu bağlı­lığın çox mühüm rolu olmuşdur. Qar­daşların hər ikisi uzun ömür yaşadılar. Çağrı bəy 70 yaşların­da vəfat etdiyi zaman başda Alp Arslan olmaqla bir ne­çə oğlu, xə­lifə və hökmdarlarla evli bir neçə qızı vardı. Səlcuqun yaşayan yeganə oğlu Musa Bəyğuya gəlincə, Dəndanəkan vuruşma­sın­dan sonra He­ra­ta gedərək, oranı və Sistan bölgəsini idarə et­miş­dir. Dövlətin qurul­ma­sın­da qardaşı uşaqlarından sonra gəlsə də xeyli xidməti vardı, lakin qüvvətli bir şəxsiyyət olmadığı şübhəsizdir. Toğrul bəy müdaxilə etməsə, Sistan da əlin­dən ge­dirdi. Salnaməçilər bizə onun ölüm tarixini bildirmirlər. 456-cı ildə (1064) Alp Arslana qarşı səltənət davasına qalxışan Fəxr ül-müluk Bəy­ğu­nun həmin şəxs olduğu sanılır1.

Səlcuqlu ailəsi tərəfindən ulu başçı qəbul edilən Toğrul bəy Dən­danəkan vuruşmasından sonra Nişapura qayıtmışdı. Müha­ribə münasibətilə bu şəhər­də ortadan qalxmış nizam və asayışi bərpa etdikdən sonra 433-cü ildə (1041/ 1042) Cürcan və Tə­bə­ristanı fəth etdi və ertəsi il (434-1042/1043) Xarəzm üzərinə səfərə çıxdı. Xarəzmdə səlcuqluların barışmaz əski düşməni Şah Mə­­lik vardı. Buranın hakimləri olan Altun-Taş oğullarının üs­yanı nəticəsin­də Sultan Məsud vəzirinin tövsiyəsinə görə Xa­rəzmi 432-ci ildə (1041) özü­nü vassal hesab etməsi şərtilə Cənd məliki Şah Məlikə vermişdi. Şah Mə­lik Cənddən gələrək xarəzmşah Altun-Taş oğlu İsmayılı məğlub edib bu ölkəyə ha­kim oldu. İsmayıl səlcuqlulara sığındı və onlardan yardım is­tə­di. Çağrı bəy və İsmayıl birlikdə Xarəzmə yürüş etsələr də, Şah Mə­lik onları məğlu­biy­yətə düçar etdi. Ancaq Toğrul bəy eyni talesizliyə uğramadı, ailə­si­nin bu güclü düşməninə zəfər çaldı. Şah Məlik ailəsi və sursatı ilə Dehis­tana qaçdı. Oradan Tabəsi, Kirman bölgəsindən əl-Tizi keçib 500 fərsəxlik yol gedərək (3000 km-dən çox) tənha bir bölgə olan Mərkan ətrafına gəldi. Buraya gə­lincə, artıq xilas olduğuna inanmışdı. Şah Məlik bu uzun yolu sü­zereni yeni Qənzə hökmdarı Məsud oğlu Məvduda sığınmaq qayəsilə qət etmişdi. Onun köhnə ölkəsi Cəndə get­məməsi orada vəziyyətin əlverişli ol­maması ilə izah edilə bilər.

Ancaq Şah Məlikin Mərkanda səlcuqluların əlindən qurtul­maqdan duy­duğu fərəh uzun sürmədi. Onun yerini öyrənən İb­rahim Yınalın qardaşı Ər-Taş Yınal 4.000 atlı ilə basqın edərək Şah Məliki, arvad-uşağını tutdu və var-yoxunu ələ keçirdi. Ər-Taş Şah Məliki Çağrı bəyə təhvil verdi və o, dərhal edam edildi (434-1042/1043)1. Az hadisə səlcuqluları bu qədər se­vin­dirmiş ola bilərdi.

Həmin il Toğrul bəy İbrahim Yınalı Reyə göndərmiş, özü də sonra gələ­rək bu şəhəri qaydaya salıb hökumət mərkəzi elə­mişdi. Bir-birinin arxasınca gələn oğuz elatlarına Xorasan artıq darlıq edirdi. Daha əvvəl də dediyimiz kimi, Toğrul bəy Sultan Məsudla mübarizəni dayandırıb bu bölgəyə getmək, bir ovuc kürd və deyləmi mütəqəllibəsinin hökmündəki bu bölgəni asan­lıqla ələ keçirmək fikrini irəli sürmüşdü. Toğrul bəy İraqa gəldiyi zaman İraq oğuzları hələ orada idilər. Qızılı çıxmaq şərtilə başlarında Gök-Taş, Buka, Mənsur və Anasıoğlu dururdu. Toğrul bəyin kürəkəni olan Qızıl ibn ül-Əsi­rin verdiyi məlumata görə 432-ci ildə (1040/1041) ölmüş­dü. Toğrul bəyin Reyə gəlişi onun vəfatı ilə əlaqədar ola bilər.

Toğrul bəy elçi göndərib adı çəkilən bəyləri hüzuruna dəvət etdi. Onlar elçini Zəncan çayına qədər ötürdükdən sonra onun vasitəsilə Toğrul bəyə bu xəbəri göndərdilər: «Çağırmaqdan məq­sədinin bizi dustaq etmək olduğunu bi­lirik. Səndən qorxdu­ğu­muz üçün uşaqlaşdıq və burada yurd saldıq. Əgər bi­zim üs­tü­müzə gəlsən Xorasana və ya Rum ölkəsinə gedəcəyik və sə­nin­lə heç bir zaman bir araya gəlməyəcəyik»2. Onların Toğrul bəy tərəfindən həbs ediləcəkləri barədə sözləri bəhanədən baş­qa heç nə deyildi. Onlar yenidən heç bir vəchlə səlcuqluların əm­ri altına girmək istəmir, əvəzində yağmaçı­lıq­la keçən macəra­çı yaşayışlarını davam etdirmək istəyirdilər. Buna görə on­lar bir tərəfdən Azərbaycan xalqına əvvəllər etdikləri pisliklərdən, di­gər tə­rəf­dən, İbrahim Yınalın arxalarında olmasından qorxa­raq Cənub-Şərqi Ana­­do­ludakı müasir Cizrə (Cəzirə) dolayları­na gəl­dilər.

Bəylərdən Mənsur burda qaldı. Buka, Anasıoğlu və yəqin ki Gök-Taş Di­­yarbəkirə getdilər və orada yağmaçılığa başladı­lar. Bir vuruşmada Mosul hökmdarı Ükeyl oğlu Kırvaş və Di­yarbəkir hökmdarı Mərvan oğlu Nəsrüd­dövlə Əhmədin qüv­və­ləri ilə Beşnöviyyə kürdlərini dağıtdıqdan sonra yağ­ma və təx­rib fəaliyyətlərini artırdılar. Diyarbəkir hökmdarı Nəsrüddövlə Əh­məd bir hiylə nəticəsində əsir alınmış Mənsur bəyi azad et­mək və üstəlik xeyli mal vermək şərtilə buralardan uzaqlaşma­larını xahış etdi. Bəylər bu şər­ti qəbul etdilər, lakin sonra söz­­lə­rində durmadıqları bir yana, yağmaçılığı daha da genişlən­dir­di­lər. Oğuzlardan bir bölüyü Mosula hücum çəkib şəhər ha­kimi Kırvaşı məğlub edərək (435-1043) bir müddət buranı əl­lərində saxla­dılar. Göründüyü kimi, oğuzlar Toğrul bəyin hüzu­runa getməsələr də, zəbt etdikləri Mosulda xütbəni onun adına oxu­dur­dular. Az sonra mosullu­ların bir hərəkətini oğuzlar sərt bir şəkildə cəzalandırdılar. Belə olduqda Bağdad­da oturan Bü­vey­hi hökmdarı Cəlalüddövlə və Diyarbəkir hökmdarı Nəsrüd­dövlə oğuzlardan Toğrul bəyə şikayət etdilər. Toğrul bəy Cəla­lüd­dövləyə verdiyi cavabda onların mütləq itaət altına alınacaq­larını vəd edir, Nəsrüd­dövləyə göndərdiyi məktubda isə onları Diyarbəkir bölgəsindən uzaqlaş­dı­racağını bildirirdi. Lakin bu ərəfədə Mosul hökmdarı Kırvaş Hillə hökmdarı Dübeys ibn Məzyəd ül-Əsədi ilə birləşdikdən, digər ərəblərdən və kürd­lər­dən kömək aldıqdan sonra oğuzların üstünə yürüş et­mişdi. Bunu eşidən Mo­suldakı oğuz bəyləri, yəni Gök-Taş və Mənsur Diyarbəkirdə olan Buka ilə Anasıoğlundan köməyə gəl­­­mə­yi xahiş etdilər. Baş verən vuruşmada (rama­zan, 435-ap­rel, 1044) oğuzlar əvvəlcə qalib gəlsələr də, sonra məğlub oldu­lar və Diyarbəkir bölgəsinə getdilər. İraq oğuzları isə bu məğ­lu­biyyətdən son­ra Diyarbəkir bölgəsində qala ilməyəcəklərini ba­şa düşüb Azərbaycana getməyi qərara aldılar. Van gölü ətra­fı­na gəldikdə bu bölgənin Bizans valisi onlara keçmək üzrə ica­zə vermək bir yana, hətta oğuzlara hücum etdi, ancaq məğlub olaraq əsir düşdü. Oğuzlar Azərbaycana keçdilər və ehtimal ki, bu də­fə Toğrul bəyə itaət etdilər1.

İbn ül-Əzrağın verdiyi məlumata2 görə, Toğrul bəy Buka ilə Anasıoğ­lu­nu 10.000 atlı ilə Diyarbəkir bölgəsinə göndərib oranı onlara iqta kimi verdi. Onlar burada yenə yağmaçılığa baş­lamış, bir gecə sərxoş ikən döyüşərək bir-birini yaralamış və hər ikisi aldıqları yaralardan ölmüşlər. Digər iki bə­yin (Gök-Taş ilə Mənsur) aqibəti barədə əlimizdə heç bir qeyd yoxdur. Be­ləliklə, Arslan yabğunun camaatına mənsub olan və sonra İraq oğuzları ad­lan­dırılan oğuzların tarixi burada sona çatmış­dır.

Toğrul bəy Reyə gəldikdən (434-1042/1043) sonra üç-beş il ərzində ət­raf­dakı hökmdarlar tərəfindən süzeren kimi qəbul edilmişdi. Mavəraü­n­nəhr­dən gələn oğuzlar bir qayda olaraq Bi­zans hüdudlarına göndərilirdi. Onlar İbrahim Yınalın rəhbərliyi altında Pasin ovalığında Bizans üzərində parlaq bir zəfər qazan­dılar (1048). Bu qələbədən sonra Bizans imperatoru İstanbul­da IX əsrdə inşa edilmiş camini təmir etdirərək orada Toğrul bə­yin adına xüt­bə oxutdu, lakin vergi verməyə razı olmadığı üçün sülh bağlanmadı.

447-ci ildə (1055) Toğrul bəy xəlifənin israrlı dəvətinə görə Bağdada hə­rəkət etdi. Onun cazib vəd­lərdə bulunmasına bax­ma­yaraq Bağdaddakı türk əsgərləri Toğrulun gəlişini narazılıq­la qarşıladılar və bunu açıqca izhar etdilər. Bunun səbəbi öz var­­lıqlarının sona çatacağından qorxmaları idi. Bu türk əsgər­lə­rinin başçısı Arslan ül-Bəsasiri özünün bəzi məziyyətləri ilə türk əsgərləri və Bağdadın sadə xalqı tərəfindən sevilən adam­dı. Sadə xalq ara­sın­da əsnaflıqla məşğul olan türklər də vardı. Artıq xeyli müddət idi ki, Ars­lan ül-Bəsasirinin xəlifə ilə arası dəymişdi. Hətta onun xəlifəni tutaraq Bağ­dadda və İraqın digər yerlərində xütbəni Misirin fatimilər xəlifəsi adına oxu­dacağı barədə şayiələr dolaşırdı.

Xəlifənin Toğrul bəyi dəvət etməsi də bu məsələ ilə əlaqə­dar idi. Toğrul bəy qələbəlik bir ordunun başında Bağdada da­xil oldu. Ordusunda 8 fil var­dı. Arslan ül-Bəsasiri türklərin ço­xu ilə əvvəlcədən Bzğdaddan çıxaraq Rəh­bəyə getmiş və Mi­sirdəki fatimilər xəlifəsinin tərəfdarı kimi fəaliyyətə baş­la­mış­dı. Bağdadda qalan türklərlə deyləmilər və onların əlaltıları oğuz­ların gəl­məsinə etiraz əlaməti olaraq böyük dava saldılar və oğuzlara silah çəkdi­lər. Belə olduqda oğuzlar atlanaraq onla­ra hücum etdilər və çoxunu qırdılar. Toğrul bəy büveyh hökm­darı əl-Məlik ür-Rəhimi tutaraq öz ölkəsindəki bir qalaya gön­dərdi. Beləliklə, iki əsrdən bəri davam edən deyləmi büveyh- oğul­­larının dövləti süqut etdi.

Toğrul bəy Bağdadda ayrı bir yerdə bir saray, bəyləri üçün mənzillər, əs­gərləri üçün kazarmalar və bir də məscid tikdirdi, özü, əmirləri və əsgər­ləri orada yaşamağa başladılar. Bəzi mü­əl­liflər oranı bir şəhər kimi göstərir­lər. Toğrul bəy xəlifənin ba­ğışladığı taxt üzərində oturur, sərkərdələrini, döv­lət adamlarını və ziyarətçilərini orada qəbul edirdi. Bu əsnada Toğrul bə­yin Ars­lanın üstünə göndərdiyi əmisi oğlu Qutalmış Mosul ətra­fında məğlub ol­muşdu. Buna görə Toğrul bəy Nusaybinə qədər getdi və Sincarı dağıtdırdı, çünki buranın camaatı Qutalmışa və onun yanındakılara qarşı çox pis dav­ran­mışdılar. Toğrul bəy Mosulu İbrahim Yınala verib özü Bağdada qayıtdı.

Toğrul bəy bu dəfə xəlifə ilə görüşdü. Xəlifə səlcuqlu hökm­­darına üst-üs­tə 7 xələt geydirdi ki, bu, 7 iqlimin ona ba­ğış­lan­ma­sı demək idi. Xəlifə bun­­dan başqa, Toğrul bəyə «Şər­qin və Qərbin hökmdarı» (məlik ül-məşriq vəl-məğrib) ünvanı ilə xi­tab etdi və bunun ifadəsi olaraq onun belinə iki qı­lınc bağ­ladı. Bu, islam aləminin cismani hakimiyyətinin rəsmən türk hökm­darına verilməsi idi ki, o vaxtadək kimsə buna layiq gö­rül­mə­mişdi. Lakin bu zaman üzücü və əndişəli bir xəbər gəldi: İb­ra­him Yınalın oğuzların mühüm bir hissəsini ətrafına yığaraq üs­yan etdiyi bildirildi. Gerçəkdən, İbrahim Yı­nal daha əvvəl də (441-1049/1050) qardaşına qarşı üsyan eləmiş, ancaq Toğ­rul bəy onu danladıqdan sonra bağışlamışdı. İbrahimin bu dəfəki üs­­ya­nında müxtəlif yerlərdən təşviqlər rol oynamışdı. Əsas təş­viqçilər elə oğuz­lar idi. Onların bir qismi Toğrul bəyin yerinə İbrahim Yınalın hökmdar ol­ma­sını istəyirdi. Çünki onlar Toğ­rul bəyin son zamanlar onlara qarşı müna­sibətindən narazı idilər.

Doğrudan da, Toğrul bəy idarəsi altındakı el üçün qənimət təmin etmək vəzifəsini yerinə yetirən başbuğ funksiyasından getdikcə uzaqlaşır, qəznəvi sultanları kimi seçmə ordusu məm­lüklərdən, mülki məmurları isə iranlı­lar­dan ibarət bir hökmdara çevrilirdi. Qəznəvi hökmdarlarının bu halı qayət təbii idi, çünki onlar türk olmayan bir xanədan tərəfindən pul ilə satın alın­mış bir kölənin nəslindən idilər.

Misirdəki fatimilər xəlifəsinin vəziri də öz hökmdarının İb­rahim Yınala sultan ünvanı bağışladığını söyləyərək onu üs­ya­na təşviq edirdi. Təşviq­çi­lər­dən biri də Arslan ül-Bəsasiri idi. Toğrul bəy qardaşının üsyan etdiyini öy­rənən kimi dərhal sürətlə İrana getdi. İbrahim Yınal onu Həmədanda mü­ha­sirəyə aldı. Toğrul bəy fürsət ta­paraq özünü dövlət mərkəzi Reyə çat­dırdısa da, orada da möhkəm müha­si­rəyə düşdü. O, çox müşkül vəziyyətdə idi. Nə­hayət, köməyə gəlmələri üçün Çağrı bəyin oğullarına - qardaşı uşaqlarına xə­bər göndərdi. Başda Alp Ars­lan, Kirman məliki Qara-Arslan ünvanlı Ka­vurd bəy və Yakuti əsgərləri ilə köməyə çatdılar. Rey kənarında yerləşən Həf­­tazə Bulandakı vuruşmada İb­ra­him Yınal məğlub olaraq əsir düşdü. Toğ­­rul bəy bu dəfə anabir qardaşını bağışlamadı, çünki onun üzündən çox sı­­xıntılı və iztirablı günlər keçirmişdi. İbrahim Yı­nal türklərdə əsilzadə adam­ların qanının tökülməməsi adətinə uy­ğun olaraq yayının girişi ilə boğ­duruldu. İbrahimin qardaşı Ər-Qaşın oğullarının ikisi də öldürül­dü­lər (9 cumadi-ülaxır, 451-23 iyun 1059). Səlcuqlu xanədanı üzv­ləri arasında mü­barizələrə aid ilk həzin hadisə budur.

İbrahim Yınal «yınallı» adlanan oğuz bölüyünün başçısı ki­mi səlcuqlu dövlətinin qurulmasında və Toğrul bəyin qərbdə mü­vəffəqiyyətlər qazanma­sında xidmətləri olan bir bəy idi. Oğuz­la­rın Toğrul bəyə bəslədikləri kin və səltənət davası İbra­him Yı­nalı əsla layiq olmadığı bir aqibətə düçar etdi. İki qardaş ara­sındakı bu mübarizə əsnasında Arslan ül-Bəsasiri yanındakı türk­lər və ərəblərlə Bağdada girmiş, sarayını yağmaladıqdan son­­ra xəlifəni tuta­raq səhraya götürmüşdü. Bağdadda və İraqın bəzi yerlərində ilk və son dəfə olmaqla Misir xəlifəsi adına xüt­bə oxundu. Toğrul bəy qardaşı uşaqlarının iş­lərini yoluna qoy­duq­dan sonra böyük qardaşı Çağrı bəyin vəfatı ilə əla­qə­dar (rə­cəb, 981-avqust-sentyabr, 1059) İraqa varid oldu. Xəlifə öz mə­qa­mı­na qaytarıldı, Arslan məhv edildi. İraqın işləri qaydaya sa­lındı. Bundan son­ra öz ölkəsinə qayıdan Toğrul bəyin xatunu öl­dü. O, ağıllı və Toğrul bəyə çox bağlı qadın idi. Buna görə Toğ­­rul bəy çox kədərlənmiş və ona yas sax­lamışdı (452-1060). Bir müddət sonra Toğrul bəy xəlifənin qızına elçi düşdü. Xəlifə əl-Qaim Biəmrüllah Toğrul bəyin istəyinə əvvəlcə razılıq ver­sə də, sonra sözündən döndü. İki tərəf arasında soyuqluq əmələ gəldi. Səlcuqlu hökmdarı xəlifənin sərvətinə həbs qoydu. Xəli­fə isə onu Bağdaddan çıxıb ge­dəcəyi ilə hədələdi. Xəlifənin öz sö­zündən qaçması abbasilərin pey­ğəm­bər əqrəbası kimi özlə­rini müqəddəs hesab etmələrilə bağlı idi.

Doğrudan da, xəlifələr o vaxtadək başqa ailədən olan heç kimə qız ver­mə­mişdilər. Üstəlik, xəlifə öz qızını çox sevirdi. Toğrul bəyə gəlincə, o bu iz­divacla sadəcə olaraq şərəflənmək is­təyirdi. Peyğəmbər ailəsinin damadı ol­maq ona şan-şərəf, bəx­­tiyarlıq bəxş edəcəkdi. Toğrul bəyin israrı nəticə­sin­də xəlifə nə­hayət naçar qalıb razılıq verdi. Toğrul bəy o zaman 70 ya­şın­da idi.

Bağdadda möhtəşəm bir toy-düyün quruldu. Xəlifə qızı ilə ayrıldığı üçün kədər içində ikən səlcuqlu hökmdarının sarayı­nın həyətində türkcə mahnılar oxunur, 70 yaşında olmasına bax­ma­yaraq Toğrul bəy türk adətinə görə bəylərilə birlikdə mil­li oyun oynayırdı. Salnaməçilərin təsvirinə görə onun bəy­lər­lə oynadığı bu oyun halay və ya ona bənzər bir oyun ol­malıdır. Məsud Qəz­nəvinin 25-30 il əvvəl bir çöl qəsəbəsini də çox gördüyü bu oğuz bəyi indi islam dünyasının ən böyük hökmdarı və xəli­fə­nin kürəkəni olmuş­du. Ancaq Toğrul bəyin bu sevincli və xoş­bəxt günləri uzun sürmədi. Toy­dan bir müd­dət sonra köhnə xəstəliyi təkrar özünü göstərdi.

Xəstə olduğu halda Bağdada gəlişindən təqribən iki ay son­ra sağal­ma­dan ölkəsinə qayıtdı. Onun xəstə-xəstə qayıtması, ehtimal ki, ölkəsindəki və­ziyyətlə əlaqədar idi. Bu, Qutalmışın üs­yanıdır. Toğrul bəyin vəziri Ami­dülmülk Kündürinin Qutal­mı­şı Damğan yaxınlığındakı Gird-Kuy qalasında mühasirəyə aldığını bilirik. Bu zaman, toydan 7 ay sonra Toğrul bəy Reydə və­fat etdi (cümə, 8 ramazan 455 - 4 sentyabr 1063) və orada da dəfn olundu. Toğrul bəyin türbəsi indi də durur.

Toğrul bəy ağıllı, sözünə bütöv, gözəl qəlbli, yumşaq xa­siyyətli insan idi. Bütün bu məziyyətlərilə o, ətrafındakı adam­lar üzərində güclü təsir bu­ra­xırdı. Ailəsində ən çevik qabiliyyə­tə sahib adam Toğrul bəy idi. Nişa­pu­run yağma­lan­masına qarşı çıxdığı buna misaldır. Çağrı bəy ona şəhərin yağ­malanmasını təklif edirdi, çünki bu bir adət idi. Belə edilmədiyi təqdirdə oğuz­ların onlardan üz çevirməsi başqa bir adamın ətrafında top­lanması daim mümkün idi. Halbuki yeni şəraitdə dövlət qur­maq və idarə etmək belə hərə­kətlərlə bir araya sığmırdı. Nə­ticədə, Toğrul bəyin xəncər çəkərək özünü öl­dürəcəyi ilə hədə­lə­məsi Çağrı bəyi öz təklifindən vaz keçməyə məcbur etdi. Toğrul bəyin fəaliyyəti bizə onun məqsədinin necə geniş oldu­ğunu göstərir. Analitik ağla sahib olması, dəyərli insanları qiy­mətləndirməsi uğurlarının əsas amilləri hesab edilə bilər. Eyni zamanda comərd, dini ehkamlara riayət­kar bir şəxsiyyət idi.

Toğrul bəy qardaşı Çağrı bəylə birlikdə oğuz türklərinin ta­rixinə yön ver­miş böyük bir şəxsiyyət idi. Böyük qardaşı ilə bir­likdə böyük enerji sərf edərək yad bir ölkədə dövlət qurma­ları, bu dövlətin sərhədlərini Bizans im­periyasına qədər geniş­ləndirmələri Anadolunun fəthini və oğuz türklərinin bu ölkədə yurd salmalarını təmin etmişdir. Qurulan bu böyük dövlət onun və böyük qardaşının əsəridir. Onlar olmasaydı, idarə etdikləri oğuz kütləsi uz­­lar, İraq oğuzları və Sultan Səncəri məğlub edən oğuzlar kimi dağılıb ge­dəcəkdi.

Toğrul bəyin uşağı yox idi. Vəziri onun vəsiyyətinə əməl edə­­rək böyük qardaşının oğlu Süleymanı hökmdar taxtına oturt­­­sa da, sərkərdə və əs­gər­lə­rin arzusuna görə Çağrı bəyin di­gər oğlu Xorasan hakimi Alparslan onun xə­ləfi təyin edilmişdi. Ancaq Gird-Kuh qalasında olan Arslan yab­ğunun oğ­lu Qutal­mış türkmənləri başına yığaraq (onların 50 min nəfər olduğu gös­tə­rilir) onun qarşısına çıxmışdı. Vuruşmada Qutalmış məğ­lub oldu və döyüş meydanına yaxın bir yerdə ölüsü tapıldı. Alp­arslan Qutalmışın əsir alınmış qardaşı Rəsul Təgin və oğlu Mənsur ilə türkmən bəylərini öldürmək istədi, ancaq vəzir Ni­zamülmülk buna mane oldu. Alparslan Qutalmışın ölümünə ağ­­lamış və ona yas tutmuşdu.

Alparslanın hökmdar olması ilə Toğrul və Çağrı bəylərin döv­lətləri bir idarə altında birləşdi və səlcuqlu dövləti qüvvətli bir imperiyaya çevrildi. Alp­arslan əmisinin evləndiyi abbasi sey­yidəsini hədiyyələrlə Bağdada gön­dərdi. Onun bu seyyidə ilə evlənməməsi və özündən sonra gələn səlcuqlu hökmdar­ları­nın xəlifələrdən qız istəməmələrinin bir səbəbi olmalıdır. Bu sə­bəb ehtimal ki, Toğrul bəyin izdivacdan 6-7 ay qədər qısa müddət sonra öl­məsilə, xəlifələrdən «Güclə qız almağın uğurlu olmadığı» şəklində qüv­vətli bir inamın yaranması ilə əlaqə­dar­dır.

Məşhur Cəfər Bərməkinin aqibəti də bu xüsusda bir misal kimi xatirə­lər­də yaşayırdı. Maraqlıdır ki, əməvilər də öz ailələ­rin­dən olmayanlara qız ver­məmişlər. Alparslan 456-cı ildə (1064) Şərqi Anadoluya və Gürcüstana yü­rüşdən sonra 458-ci ildə (1056/1066) Üst-Yurd və Manqışlaq tərəflərə getdi. An­la­şıldığına görə, Manqışlaqla Aral gölü arasında Çarığ (?) adlı bə­yin baş­çılığı altında qələbəlik bir türkmən kütləsi yaşayırdı. Onlar qıpçaq­lar­la qa­rış­mış halda, yəni onlarla birlikdə yaşayır­dılar. Türkmənlər Xarəzmlə İdil­boyu arasındakı çox işlək ti­ca­rət yolundan keçən karvanları soyurdular. Alp­arslanın bu səfər­dən məqsədi onların təcavüzünün qarşısını almaq, bu əhə­miy­­yətli ticarət yolunu təkrar açmaq idi. Alparslan Xarəzmin mər­kəzi Gür­gəncdən çıxaraq Çarığın olduğu yerə gəldi. Çarığ əs­gərinin çoxluğuna güvə­nərək (30 min nəfər olduğu söylənir) ona qarşı çıxdısa da, tar-mar edildi. Türkmənlər arvad-uşaq­la­rı­nı, mal-qaralarını qoyaraq Manqışlağa qaçdılar. Burada Kafşut adlı bir bəy vardı ki, o, türkmən olma­lıdır, çünki Manqışlaq X əsrdən bəri oğuzların ən tanınmış yurdlarından biri idi. Kafşut Alparslanın elçisinə çox xoş üz göstərdiyi üçün onun öl­kəsinə daxil olmadan Xarəzmə geri qayıtdı. Alparslan buradan Sır-Dərya sahilin­dəki Cənd şəhərinə gəldi. Bundan məqsədi sa­dəcə olaraq babası Səlcuqun qəbrini ziyarət etmək idi. Şəhərin hakimi (Cəndxan) anasını göndərərək Alparslana tabe olduğu­nu bildirdi. Babasının qəbrini ziyarət edən Alpars­lan buradan təkrar Xarəzmə, oradan da Xorasana qayıtdı1. Onun altı aya ya­xın davam edən bu səfərləri ana yurddakı oğuzlarda səlcuqlu öl­kə­sinə köçmək arzusunu doğurmuş və ya qüvvətləndirmiş ola bilər. Məsələn, 1070/1071-ci illərdə Suriyaya gedərək burada fəth­lərdə bulunan oğuz bəylərindən Atsızın ləqəbi Xarəzmi idi ki, bu, onun Xarəzmdən təzəlikcə gəldiyinə işarədir. Alp­ars­lanın babası Səlcuqun qəb­rini ziyarət etmək üçün Cəndə qədər getməsi onun əcdadlarına qarşı duyduğu sevgi və bağlılığı gös­tərir.

Alparslan dövründə Bizans torpaqlarına yürüşlər çoxalmış və şiddətlən­mişdi. 462-ci ildə (1070) Alparslan fatimilər xəli­fə­sinin vəzirinin dəvətilə Diyarbəkir yoluyla Suriyaya getdi. Bunu eşidən Hələb hökmdarı Mirdasoğlu Mahmud Hələb qazı­sını sultanın pişvazına göndərdi. Hiyləgər ərəb Fəratı ke­çən əs­nada Alparslanın xoşuna gələn bu sözləri söyləmişdi: «Ey ağa­mız, həqq-təalanın bu təvəccöhünə şükr edin, çünki bu çaydan bir türk hökmdarı kimi ilk dəfə siz keçirsiniz»2.

Alparslan Hələb önündə düşərgə qurdu. Hələb hakimi Mir­­dasoğlu Mah­­mud qorxusundan sultanın hüzuruna gələ bil­mə­diyi üçün Hələb bir müd­­dət mühasirə edildi. Ağır vəziyyətə düşən Mirdasoğlu axırda oğuzlar ki­mi ge­yinərək Alparslanın yanına gəldi, sultan onu bağışladı və Hələbi yenə ona verdi. Alp­arslan buradan Dəməşqə (Şam) doğru hərəkət etmiş və bir gün­lük yol gəlmişdi ki, Bizans imperatoru Roman Diogenesin böyük bir or­du ilə sə­fərə çıxdığını eşitdi. Buna görə Alparslan imperatoru qarşılamaq üçün sü­rətlə geri qayıtdı. İki hökmdar 26 avqust 1071-ci ildə Malazgirtdə, Rəhvə ov­lağında qarşılaş­dılar. Bizans ordusu sayca türk ordusundan çox böyük idi. Alp­arslan türk döyüş üsullarından birini tətbiq edərək Bizans or­du­­sunu gö­rün­məmiş məğlubiyyətə uğratdı. Vuruşma zamanı Bi­zans ordu­sundakı pe­çeneqlərin və oğuzların (uz-ğuzz) bir qismi və ya hamısı soydaş­larının tərə­finə keçdilər. Bunda qövmiyyət duyğusu mühüm amil olmalıdır.

Malazgirt vuruşması1 Anadolunun türklər tərəfindən fəthini təmin etmiş və bura oğuz türklərinin yurduna çevrilmişdir. Alp­arslan 1072-ci ildə şərqdə, Ceyhun tərəflərdə gözlənilməz bir ölümün qurbanı oldu. Müasirləri Alpars­lana tarixdə gəlib-get­miş ən böyük hökmdarlardan biri nəzərilə bax­mışlar, onu qüd­rət, həşəmət və dəbdəbənin ən böyük nüma­yən­dəsi saymışlar. Onun əsil adı Məhəmməddir, ehtimal ki, Alp­arslan ünvanıdır. Qardaşı Kavrut bə­yin «Qara-Arslan», xəlifə əl-Qaim Biəmrül­la­­hın arvadı olan bacısı Xədi­cə­nin isə «Ars­lan-Xatun» ünvanını daşıdığı məlumdur. Alparslanda ali in­san­lara məxsus böyük məziyyətlərlə yanaşı mənsub olduğu qöv­mün psixo­lo­giyası var­dı, o, qövmi şüura sahib bir hökmdar idi.


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin