2. Tarsus.
Bu bölgədəki peçeneq varlığı çox əhəmiyyətsiz olub ancaq 9 vergi evindən ibarətdir. Onlar Tarsusun böyük boylarından quş-təmür boyu obaları arasında yaşayırlar. Bu hal iki təşəkkül arasında qəbiləvi bir münasibətin mövcud olduğunu ifadə edir2.
3. Atçəkənlər.
Axırıncı peçeneq varlığı atçəkənlər arasında müşahidə edilir. I Səlim dövründə Akşəhərin Turqut qəzasında yaşayan bu peçeneq oymağı 34 nəfər vergi mükəlləfiyyətli əhalidən ibarət idi3. Ehtimal ki, bu oymaq qələbəlik bir peçeneq varlığının qalığıdır. Çünki Turqut qəzasında Peçeneq adlı bir kənd, bu qəzaya yaxın yerlərdə isə eyniadlı bəzi yer adları var.
15. ÇAVULDUR
Bu boyun adı XVI əsrdə Anadoluda ümumiyyətlə çavundur şəklində söylənmişdir. Bununla birlikdə həmin sözün qədim şəkli ilə (yəni cavuldur) bir çox kəndlərə, habelə Çovdur şəklində də bəzi kəndlərə təsadüf edilir. XVI əsrdə Anadoluda bu adda 21 yerə rast gəlirik4.
«Danişməndnamə»də5 Danişmənd Qazinin silahdaşı olan Çavuldur Çaka adlı bir adamdan bəhs olunur. Zahir Nişapurinin «Səlcuqlu tarixi»ndə Anadolunu fəth edən Sultan Alparslanın sərkərdələri arasında Əmir Çavuldurun adı da çəkilir6. Həmin müəllifə görə, Əmir Çavuldur Artuq, Saltuq, Məngücük və Danişmənd ilə Malazgird müharibəsində iştirak etmiş və Anadolunun Maraş ilə Saruz (Sarız) bölgələrini fəth etmişlər Bu qeydlərə əsaslanaraq çavuldur boyuna mənsub Çaka adlı bir bəyin Anadolunun fəthində mühüm rol oynadığını qəbul edə bilərik. Hətta məzkur əsərlərdə ondan bəhs edilməsi Çavuldur Çakanın adı unudulmayan məşhur bəylərdən biri olduğunu göstərir. Bununla bərabər, çavuldurlar oğuz boylarına aid yer adları cədvəlində 18-ci yeri tutur, üstəlik, Anadoluda onlara məxsus qələbəlik oymaqlara da təsadüf edilmir. Bu, həmin boya mənsub mühüm bir qolun qərbə köçməyərək Manqışlaq yarımadasında qalması ilə izah edilə bilər.
XVI əsrdə bu boya mənsub bir oymaq Boz-ulusda müşahidə olunur. Ondan başqa, eyni adlı çox kiçik bir oymaq da Çorum sancağında yaşayırdı.
1. Boz ulus.
Dəftərlərdə adı çavundur imlası ilə yazılan bu oymaq II Səlim dövründə iki qola ayrılmışdır. Duyar Kətxudaya tabe birinci boy 174 nəfərdən, Pir Əhməd Kətxudanın idarəsindəki ikinci boy isə 50 vergi evindən ibarət idi1. Bundan başqa, boz ulusun böyük oymaqlarından biri olan oğulbəyli obaları arasında da çavuldur adlı bir oba vardı. Bu oba öz adını kəndxudaları olan Vəlinin atası Çavundurdan almış olmalıdır. Bu xüsus oğulbəyli oymağının çavundur boyu ilə qəbiləvi bir rabitəsi olduğunu göstərir.
2. Çorum.
Çorumda yaşayan kiçik çavundur oymağına gəlincə, onun Osmancıq qəzasına bağlı Ağca su kəndində yaşadığı bilinir2. Bu oymaqla birlikdə həmin kənddə yaşayan Adil və Habil adlı oymaqların çavundurlarla qohum olması mümkündür. Həmin əsrdə Məntəşə bölgəsindəki Köycəyiz qəzasında Çandır adlı kiçik bir oymaq da vardı. Ancaq bu adın çavundurla əlaqədar olub-olmadığını bilmirəm.
3. Xəzərarxası türkmənləri.
Yuxarıda qələbəlik bir çavundur qolunun Manqışlaq yarımadasında qaldığını söyləmişdik. Əbülqaziyə görə3, Şah Məlikin öldürülməsindən sonra oğuzlar arasına dava düşmüş və onların bir dəstəsi Qılıq, Qazan və Qaraman adlı bəylərin başçılığı altında Manqışlağa getmişdir. Bu dəstədə hər boydan oymaqlar var idi. Ancaq çoxu (köpərəyi) eymür, döyər, iqdır, çavundur, karkın və salurdan idi.
Birinci hissədə Sır-Dərya boyundakı oğuz elindən bəhs edərkən X əsrin əvvəllərində qardaş qovğası üzündən oğuzlardan bir dəstənin o vaxtadək qeyri-məskun, tənha bir yer olan Siyah-Kuh (Manqışlaq) yarımadasına köçüb orada yurd saldığını demişdik. Bu fakt Əbülqazinin nəql etdiyi rəvayətin əsası ola bilər. Manqışlaqdakı çavundurlara son əsrlərdə çavdur deyilmişdir. Onlar digər türkmən boylarına mənsub qollarla birlikdə Manqışlaqda heç də rahat yaşaya bilməmişlər.
XVI əsrdə yarımada manqıtlar tərəfindən istila edilmiş, qələbəlik salur boyu oradan çıxarılmışdır. Daha sonra bura kalmıkların hücumuna uğramışdır. Kalmıklar çavdur, iğdır və soynacıların bir bölüyünü özləri ilə birlikdə Şimali Qafqaza apardılar. Onlar orada öz varlıqlarını bu günədək qorumuşlar.
Manqışlaqda qalan çavdur, iğdır və digər oymaqlara mənsub qollar isə XIX əsrdə qazaxlar tərəfindən qovulmuşlar1. 1863-cü ildə çavuldurlar Aral dənizinin cənub sahili ilə Qara Boğaz-qol arasında yaşayırdılar. O zaman sayı 12.000 çadır təxmin edilən çavdurlar bu obalardan meydana gəlirdi: abdal, iğdır, əsənlu, qara çavdur, bozacu, buruncuq və şeyx2.
16. ÇƏPNİ
Çəpni də əfşarlar kimi adı zəmanəmizə qədər gəlib çıxmış bir boydur. «Vəlayətnamə»yə görə3, Qırşəhrin Suluca Qara Höyük kəndinə gələn Hacı Bəktaş Vəlinin ilk müridləri çəpnidən idi. Bu xüsus eyni zamanda bu boya mənsub olanların mühüm bir hissəsinin nə üçün qızılbaş olduğunu da göstərir.
Çəpnilərin böyük bir qismi hər halda 1240-cı ildə baş verən Baba İshaq üsyanında iştirak etmişdir. Çəpnilərdən bir elatın 1277-ci ildə Sinop yörəsində yaşadığı müşahidə olunur. Həmin il çəpni türkləri Sinop şəhərinə dənizdən hücum edən Trabzon yunan imperiyasını məğlub edərək, şəhərin onun əlinə keçməsinin qarşısını almışlar4. Çəpnilərin bu tarixdən sonra Canit (Canik) adlanan Samsunun şərqində Girəsun nahiyəsinə qədər uzanan sıx meşəlik bölgəyə gələrək, oranı yavaş-yavaş fəth etdikləri anlaşılır. XIV əsrin ortalarında bu günkü Ordu vilayətinə Bayram oğlu Hacı Əmir adlı bir türk bəyinin hakim olduğunu bilirik. O, 1358-ci ildə böyük bir qoşunla Trabzonun qərbindəki Maçkaya gələrək buranı yağmaladıqdan və dağıtdıqdan sonra bol qənimətlə (doyumluq) öz ölkəsinə qayıtmışdı5. Bu gün Ordunun mərkəz kəndlərindən biri olan Bayramlı əvvəllər nahiyə mərkəzi idi və bu ad bütün nahiyəni ifadə edirdi. Bu ad Hacı Əmir bəyin atası Bayramla bağlı ola bilər.
Həmin il Trabzon imperatoru Hacı Əmirin hücumlarının qarşısını almaq üçün qızını ona verdi1. Aleksis daha sonra bir qızını da Niksar bəyi Tacəddinə vermiş (1360), beləliklə, üç türk bəyini özünə kürəkən etmişdi. Hacı Əmir 1361-ci ildə Trabzon imperatorunun əlində olan Girəsuna hücum etdi2.
1380-ci ildə isə Trabzon imperatorunun çəpnilər üzərinə yürüşə çıxdığını görürük. Trabzon salnaməçisi Panaretin yazdığına görə3 imperator min nəfərlik piyada bölüyünü Tirəbolu şəhərinə göndərdikdən sonra özü süvarilərlə birlikdə hərəkətə keçmişdi. O, çəpniləri Filabonit çayının yatağı boyunca Xeymasiyə qədər qovmuş, yurdlarını yaxıb-yıxmış, onların qəsb etdiyi bəzi kiçik qənimətləri də geri almışdı. İmperator bundan sonra Stlabopiastis adlanan yerə gəlmişdi. Tirəboluya göndərilən piyadalar isə Kotzantaya qədər hər yeri yaxıb-yıxaraq geri qayıtdıqları zaman çəpnilərin təqibinə uğramışlar4. Panaretin bu sözləri göstərir ki, qərbdən Tirəboluya qədər uzanan sahil bölgəsi ilə onun cənubundakı torpaqlar çəpnilərin əlində idi.
Hacı Əmir bəy öldükdən sonra onun yerinə oğlu Süleyman bəy keçdi. Süleyman bəy 798 və ya 799-cu ildə (1396/1397) Girəsun şəhərini zəbt etdi5. 1404-cü ildə Teymurun yanına gedən İspaniya elçisi Klavixo6 yazır ki, Ordu və Girəsun 10.000 nəfərlik qoşunu olan Hacı Əmirin əlində idi. Belə görünür ki, bu bəylik Canik bölgəsinin fəthində mühüm rol oynamış və Hacı Əmirə tabe olan türklər bu bölgədəki türk xalqının nüvəsini təşkil etmişlər. Bunlar arasında çəpnilərin əhəmiyyətli yer tutduqlarını yuxarıda qeyd edilən hadisələr göstərir. Canik camaatının bir qismini çəpnilərin təşkil etməsi XVI əsr sənədlərində öz əksini tapmışdır. Trabzonun cənubundakı və qərbindəki yörədə də çəpnilərin yaşadığı məlumdur.
Birinci hissədə söylədiyimiz kimi, İspaniya səfiri Klavixo7 Trabzondan Ərzincana gedərkən yolda çəpnilərə məxsus bir qala görmüşdü. Çəpnilərdən bir bölüyü Uzun Həsən bəy zamanında ağqoyunluların xidmətinə girmişdi. Onların başçısı El Aldı bəy idi. Həsən bəyin 873-cü ildə (1468/1469) Bitlisin fəthinə göndərdiyi əmirlər arasında El Aldı bəy də vardı8. El Aldı bəyin dirliyi Şərqi Anadoluda yerləşirdi. 883-cü ildə (1478) Yəqub bəy Uzun Həsənin ölümündən sonra ağqoyunlu taxtına keçən böyük qardaşı Sultan Xəlilin üstünə yürüdüyü zaman El Aldı da ona qoşulmuşdu. İki qardaş Xoy yaxınlığında üz-üzə gələrkən Yaqub bəy məiyyətindəki əmirlərdən Bayındır bəyə, İsfəndiyar oğlu Qızıl Əhməd bəyə və El Aldı bəyə vuruşma üçün yer seçməyi tapşırmışdı1. El Aldı bəyin çəpnilərin Trabzondakı qismindən olması ehtimalı qüvvətlidir. Ağqoyunluların xələfləri olan səfəvilərin xidmətində də çəpnilər vardı. Onlardan aşağıda bəhs ediləcəkdir.
XVI əsrdə Anadoluda çəpnilərə aid 43 yer adı müşahidə olunur. Bu rəqəmlə çəpnilər bizim cədvəldə 9-cu yeri tuturlar2. Bu yer adlarından biri Çorumdakı bir nahiyəyə verilmişdir.
Həmin əsrdə bu boya mənsub oymaqlar bunlardır.
1. Hələb türkmənləri.
Qanuni Süleymanın hökmranlığının ilk illərində Hələb türkmənləri arasında üç qola ayrılmış bir çəpni oymağı var idi. Onlardan 53 vergi evi olan birinci qol Antəbin cənub-şərqindəki Rum qalası nahiyəsində yaşayırdı. Donrul (Toğrul) Kətxudanın idarəsindəki ikinci qol da Antakyanın şimalındakı Gündüzlu qəzasında, əhalisi ən az olan üçüncü qol isə şərqdə bir yerdə yaşayırdı. 978-ci ildə (1570) yenə üç qol halında olan çəpnilərin əhalisi xeyli artmışdı. Qanuni dövrünün ilk illərində 53 vergi evi olan birinci qolun əhalisi 397 nəfərə çatmışdı (1570-ci ildə). İkinci və üçüncü qolların əhalisi isə 29 və 16 nəfər (vergi verən) idi. Bu iki qolun başım qızdılı, yaxud başım qızdılı çəpni adlandığını bilirik.
XVII əsrin ortalarına yaxın çəpnilərin ana qolu yenə Rum qalası nahiyəsində sakin idi. Sultan İbrahim dövründə Dəniz Kətxuda tərəfindən idarə olunan Rum qalası yörəsindəki qəsəbələr, qorxmazlu, sarılu, kosalar və şüeyyublu adlı obalara ayrılmışdılar. Başım qızdılı adlanan digər iki qolun isə o dövrdə Adana, Aydın və Saruxan vilayətlərində yaşadığı bildirilir3.
Çəpnilər 1687-89-cu illərdə Pazarcıq və Kəfərdiz nahiyələrini yağmalamışlar4. Həmin illərdə Rum qalasında yaşayan çəpnilərə oturaq çəpni deyilirdi. Onlar 1101-ci ildə (1690) Avstriya səfərinə çağrıldılar. 20 atlı ilə çıxan çəpnilərə Hacı Mahmud, Radif, Əli Paşa oğlu, Sami və Döyər oğlu adlı kəndxudalar başçılıq edirdilər5. Bir il sonra çəpnilər Rəqqa bölgəsinə yerləşmələri əmr edilən oymaqlar arasında idilər. Əslində, onlar bir-birindən fərqli iki oymaq idilər. Bu oymaqlardan biri indi haqqında danışdığımız çəpnilər, yəni Hələb türkmənləri arasındakı çəpnilərdir1. Ancaq bu oymağın Rum qalası yörəsindəki oturaq çəpnilər, yoxsa onların yerləşməmiş bir qolu olduğu bilinmir. Bu çəpnilər axırda Rum qalasında yerləşmiş və adlarını bu günədək qorumuşlar. Digər çəpni oymağı isə Ankaranın Kəskin qəzasında yaşayan boz ulus icmasına bağlı idi2. Rəqqa əhvalatı ilə əlaqədar sənədlərdə adı çəkilən qantəmir (təmür) çəpnisi bu boz ulusa bağlı ikinci oymaq idi. Rəqqa bölgəsinə yerləşdirilən qantəmir çəpniləri digər bəzi oymaqlarla bərabər oradan iki dəfə qaçdılar3, ikinci qaçmada onlar Turqutlu və Berqama tərəflərə getdilər (1141-1728) və oradan sürgün yerinə bir daha qayıtmadılar. Bu surətlə XVII əsrdə qərbə gələn başım qızdılı çəpniləri ilə yenə oraya XVIII əsrdə gələn qantəmir çəpniləri bu gün Balıkesir4, İzmir (Berqama), Manisa5 və Aydın6 vilayətlərində yerləşmiş çəpnilərdən başqası deyildir. XVI əsrdən əvvəl bu vilayətlərdə çəpni adlı heç bir təşəkkül yaşamırdı.
2. Ulu yörük.
Ulu yörük icmasının ehtimal ki, şərq parə qolu arasında yaşayan çəpni oymağı 926-cı ildə (1520) 17 qışlaqda sakin idi. Çəpnilər bu qışlaqlarda əkinçiliklə məşğul olurdular. Vergi verən əhalisinin sayı 432 olan çəpnilərin sayı 982-ci ildə (1574/ 1575) artıq 4 dəfə artmış, 1984-ə çatmışdı. Bu zaman onların 32 qışlaqları vardı7.
3. Trabzon bölgəsi çəpniləri.
Osmanlı coğrafiyaşünaslarından Məhməd Aşiqin XVI əsrin sonunda yazdığı «Mənazir ül-əvalim» adlı əsərində Trabzon yörəsində yaşayan türklərin xeyli hissəsini çəpnilərin təşkil etdiyi, yörənin qərb və cənub tərəflərindəki dağların da Çəpni dağları adlandığı barədə bir qeydin olduğu məlumdur8.
Təhrir dəftərlərində bu çəpnilərlə əlaqədar mühüm qeydlər əldə edilir.
I Səlim dövrünə aid (921-1515/1516) bir dəftərdə çəpnilərin sıx halda yaşadıqları yer «Vilayəti-Çəpni» adı ilə ayrı bir inzibati yer kimi göstərilmişdir. Dəftərdəki yer adlarından belə görünür ki, bu yerə Girəsun, Torul və Görələ arasındakı sahədir. Xüsusilə Kürtün qəzası başdan-başa çəpnilərlə məskun idi. Bununla bərabər çəpnilər Trabzon-Torul-Vəqfi-Kəbir arasındakı sahədə də yaşayırdılar. Çəpni yörəsində Ozqur, Qara dibi, Qurtulmuş, Yenicə Hisar, Seyid, Candarlu, Alnı yuma, Ənkəzlü, Firuzlu, Halqalu, Yaxalqan, Kilsə, Qul çuxuru, İaban, Dikməçi, Yağmurca, Əmirlü, Sarban, Uzun dərə, Qara gönçü, Mürsəllü, Tapa dərəsi, Dərəlü, Ağ yuma, Qarınca kimi böyük bir qismi türkcə adlar daşıyan qələbəlik kəndlər görünür.
Buradakı çəpnilər tamamilə torpağa bağlanmışdılar. Xristianlar isə sahil şəhərlərində yaşayırdılar. Çəpni yörəsi timar sisteminə tabe idi. Dirliklər isə ümumiyyətlə çəpni bəylərinə verilmişdi. Məsələn, Busatlu (hər halda Əbu Səidlidən yaranmışdır) adlı bir zəamət çəpni bəylərindən Məhmət bəy oğlu Əliyar bəyin idi. Məhməd bəyin Xəlil, Əli xan, Hümmət və Nasuk adlı oğulları da timar sahibi idilər. Yeni çəpni bəylərindən Aydın bəy oğlu İbrahim, Məhmət bəy oğlu Xəlil, Piri bəy oğlu Busat da timar işlədirdilər. Dəftərdə timar sahibi kimi daha çox çəpni bəylərinin adına təsadüf edilir. Çəpni bəylərinin yanında qədimdə din və təriqət adamları görürdük. Həmin dəftərdə Yaqub Xəlifə adlı bir təriqət adamının cami, zaviyə və keçilməz yerlərdə körpülər tikdirmiş «əhli-vəlayət və sahibi-kəramət» bir kimsə olduğu və çəpni bəylərindən Süleyman bəyin onun üçün cami tikdirdiyi və ailəsi üçün dörd para kənd bağışladığı yazılır. Süleyman Xəlifə adlı digər bir çəpni təriqət adamının da sıldırım bir boğazda körpü inşa etdirdiyi həmin dəftərdə qeyd olunmuşdur. Çəpnilərə mənsub bəzi şəxslərin Girəsun, Ordu və Tirəbolu camilərində imamlıq, xətiblik və cüzxanlıq vəzifələri daşıdıqları bilinir. Trabzonun şərqində yerləşən dirliklərdən bəzilərinin də çəpnilərin əlində olduğu məlumdur1.
Çəpnilərin mühüm hissəsi şiə idi. Bunun nəticəsində də səfəvi hökmdarlarına sadiq idilər. 973-cü ildə (1565) Trabzon sancağı bəyinə yazılan bir fərmanda2 yuxarıda Caniblə (yəni İranla) münasibətdə olanların gizlincə tutulub göndərilməsi əmr olunurdu. Şübhəsiz, səfəvilərin müridləri arasında bu çəpnilərdən xeyli adam vardı.
Qanuni dövründə Şərqi Anadoluda, hətta İraqdakı qalalarda könüllü olaraq çalışan xeyli çəpni vardı. Onların çoxu Trabzon və Canik çəpnilərindən idi. Bu çəpnilərin bəziləri İranla müharibələrdə səfəvilər üçün casusluq etdikləri üçün və hətta çoxluq olduqları halda Ərciş qalasını düşmənə vermək surətilə xəyanət etdikləri üçün 976-cı ildə (1568) Van bəylərbəyisinə fərman göndərilərək Van, Ərciş, Axlat və Bitlis qalalarında bir adam qalmamaq şərtilə bütün çəpnilərin çıxarılması əmr edilmişdi3. Bundan başqa, 994-cü ildə (1585) Anadoludakı bütün bəylərbəyilərə, Şam, Bağdad və Rəvan bəylərbəyilərinə fərmanlar göndərilərək, çəpni, tat və qızılbaşlara dirlik verilməməsi yazılmışdı1. 975-ci ildə (1567) Bayburt alaybəyisinin çəpnilərdən olduğunu bilirik2.
4. Dulqədirli.
Dulqədirli ulusu arasındakı çəpni varlığı əhəmiyyətsiz olub 34 nəfərlik (vergi verən) kiçik bir oymaqdır. Həmnn bölgədə bu adda bir qala da var.
5. Boz-ox.
XVI əsrdə kiçik (42 vergi evli) bir çəpni oymağı da boz-oxda yaşayırdı. Həmin bölgədə Çəpni adlı bir kənd də vardı. Bu, qızıl qoca boy bəyi İsa bəyin yurdlarından biri idi3. XVIII əsrdə Yeni-el təşəkkülləri arasında görünən dil-çəpni adlı bir oymağın4 əvvəllər hansı icmada yaşadığı, bizcə, məchuldur.
6. Adana.
925-ci ildə (1519) Adananın Sarı səm yörəsində kiçik bir çəpni oymağı yaşayırdı5.
7. Atçəkən.
Atçəkənlər arasında, Əski-el və Turqut yörələrində də bu boya mənsub bəzi oymaqların yaşadığı məlumdur.
I Səlim dövründə Əski-eldəki çəpnilərin mühüm bir qismi Çanax, Düzmüş, Arx ardı, Girmasun, Əlgən arqı və Əlixan arqı adlı kəndlərdə oturaq halda yaşayırdı. O zaman onlardan ancaq 27 vergi evli bir obanın köhnə yaşayışı davam etdirdiyi bilinir. Bu oba bəzirçi və qarı daş əkinliklərinə sahib idi. III Murad dövründə bu oba hələ də köçəri idi.
Turqut yörəsindəki çəpni oymağına gəlincə, o, I Səlim dövründə 44 evlik idi. Bayırca quyu, çuxur hisar və duraqlı adlı əkinliklərin bu oymağın yurdu olduğu qeyd edilir. XVI əsrin sonunda Bayırca quyu bir kənd halına gəlmişdi. Həmin dövrdə yuxarıdakı oymaqdan başqa bir çəpni oymağı da görünür. Bu oymaq Turqut qəzasından ayrılmış Mahmudlar adlı nahiyədəki Abbas, İblis (?) hisarı, Pazarcıq və Susuzca kəndlərində yaşayırdı6.
8. Qoç Hisar (Şərəfli).
Bu gün Ankaraya bağlı Qoç Hisar qəzasında XVI əsrin əvvəllərində yaşayan oymaqlardan bəziləri İç-eldən, bəziləri də Adana bölgəsindən gəlmişlər. Bunlardan biri də run quş (urun quş) oymağı idi. Onun Adananın Saru cam yörəsindən gəldiyi bilinir. Həmin bu oymaq arasında 133 nəfər vergi verən əhalisi olan bir çəpni təşəkkülü görünür1. Bir az yuxarıda Adananın Saru cam yörəsində kiçik bir çəpni oymağının yaşadığını demişdik.
9. Hamid.
XVI əsrdə Hamid sancağının Göl hisar qəzasında da 70 nəfər vergi verən əhalisi olan çəpni adlı bir oymaq yaşayırdı2.
10. Çorum.
XVI əsrdə Çoruma bağlı Alp oğuz adlı bir kənddə çəpni özü adlı bir camaat, yəni bir oymaq müşahidə edilir3. Bu icmanın öz adını çəpni özü, yəni çəpni vadisi adlı bir yerdən alması ehtimal olunur.
Türkiyədəki çəpnilərə dair əldə edilən məlumat bunlardan ibarətdir. Həm yer adları, həm də oymaqlar çəpnilərin ən qələbəlik oğuz boylarından biri olduğunu, onların Türkiyənin fəth edilməsində və məskunlaşdırılmasında birinci dərəcəli rol oynamış boylar arasında sayıla biləcəyini göstərir.
11. İran çəpniləri.
Yuxarıda El Aldı bəyin ağqoyunlu xidmətində olan çəpnilərindən bəhs edilmişdi. Ağqoyunluların xələfi səfəvilərin dayağı olan türk təşəkkülləri arasında da çəpniləri görürük. Ancaq onlar qələbəlik deyildilər və ikinci dərəcəli oymaqlar hesab olunurdular.
Təhmasib dövründə qorucular, yəni səfəvi qvardiyası arasında çəpnilər də vardı4. Təhmasibin hökmranlığının ilk illərində çəpnilərdən Məqsud bəyi tanıyırıq5. Rumlu Həsən bəy 953-cü ildə (1546) Gürcüstan səfərindən, çəpni qorucularının başçısı Şahqulu ilə şəxsən özünün bir basqında iştirakını nəql edir6.
Çəpnilərə mənsub şah Əli Sultan adlı bir bəyin 955-ci ildə (1548) Van hakimi olduğunu və Qanuninin buranı mühasirəyə aldıqdan sonra şəhəri ona verdiyini həmin müəllifdən öyrənirik7. Həmin hökmdar dövründə çəpnilərdən Süleyman Çələbi Urmiya hakimi idi. O həmin il Gürcüstana təşkil etdiyi bir axında uğursuzluğa düçar olmuş, özü də kürdlər tərəfindən öldürülmüşdü8. Qarabağ bəylərbəyisi Qacar Ziyad oğlu Şahverdi Sultan ilə gürcü bəylərindən biri arasında baş verən vuruşmada Çəpni Məhəmməd bəy də iştirak etmiş və igidlik göstərmişdi1 . Şah Təhmasibin ölümündən sonra taxta çıxacaq hökmdar barədə əmirlər arasında baş verən ixtilaf və çəkişmədə çəpnilərə mənsub Cəlal Əli şahın da adı çəkilir2.
Şah Abbas dövründə çəpnilərdən Uğurlu Sultanı və Murad xan Sultanı tanıyırıq. Uğurlu Sultan 1014-cü ildə (1605-1606) Fümən hakimi idi3. Murad xan Sultana gəlincə, o, 1017-ci ildə (1608-1609) Urmiya qalasını tutmaq tapşırığı alan bəylər arasında idi4.
Səfəvi xidmətindəki çəpnilər buraya Anadoludan gəlmişdilər. Onların mühüm bir qisminin Trabzon çəpnilərindən olduğunu söyləyək.
17. SALUR
Oğuzların tarixində mühüm rol oynamış boylardan biri də salurlardır. Monqol dövrünə qədər bu boyun adı salğur şəklində yazılırdı. Rəşidəddinin verdiyi əfsanəvi tarixə görə, oğuz hökmdarı Dib Yavkunun böyük bəylərindən Ulaş və onun oğlu Ulat, habelə İnal xanın vəziri və naibi bu boydan idilər. Orada həmçinin İnal xanın oğlu İnal Soyram Yavkunun vəzirinin də salurlardan olduğu yazılmışdır.
Dədə Qorqud dastanlarına gəlincə, bu dastanlarda təsvir olunan oğuz elində salurlar ən şərəfli yer tuturdular. Doğrudan da, bu oğuz elinin qüdrətli hakimi Qazan bəyin salurlardan olduğunu bilirik.
Aşağıda bəhs ediləcəyi kimi, Xəzərarxası türkmənləri arasında salurlar çox qələbəlik halda idilər. Bu, boyun mühüm bir qisminin qərbə köçməmiş olduğunu göstərir. Xəzərarxası türkmənləri aralarındakı ən ali təşəkkülün salurlar olduğunu söyləyirdilər. Halbuki onlar bəlkə də salurların səlcuqlu fütuhatlarında iştirak etdiklərini, Farsda öz adlarını daşıyan bir dövlət qurduqlarını, Anadolunun məskunlaşdırılmasında geniş miqyasda rol oynadıqlarını və Qazı Bürhanəddin kimi böyük şəxsiyyətlər yetirdiklərini bilmirdilər. Bütün bunlar salurların oğuz elinin kınık, kayı və əfşar kimi ən böyük qollarından biri olduğunu göstərir.
Səlcuqlular Qərbi İrana gələndə Şəhrizor, Kirmanşah və Daquqa yörələri, yəni daha sonralar Kürdüstan adlanan bölgə kürd ənnaz oğullarının əlində idi. 495-ci ildə (1101) bu bölgənin hələ zəbt edilməmiş torpaqlarından mühüm bir qismi müasiri olan bir çox türkmən əmirləri kimi təkbaşına fəaliyyət göstərən Qara Beli adlı (yaxud ləqəbli) bir salur bəyi tərəfindən fəth olundu5. Bu salur bəyinin özündən bir daha bəhs edilmədiyi bir yana, oğulları barədə də hər hansı bir məlumat verilmir. Ancaq Qara Beli xanədanının (beyt ül-Qara Beliyyə) həmin əsrin sonlarına qədər öz varlığını mühafizə etdiyi bilinir.
Xanədanın əlindəki yer Qara Beli ölkəsi adlanmış, Bağdaddan Marağaya gedən ana yolda, Dinəvərlə Marağa arasındakı bir keçid də XII əsrin sonlarına qədər Qara Beli adını daşımışdır. Ancaq salurların Səlcuqlular dövründəki rolları Qara Belinin fəaliyyəti ilə məhdudlaşmamışdır. Həmin əsrdə Sır-Dərya boyundan gələn yeni bir oğuz elatı arasındakı salurlar Qara Beli salurlarından daha mühüm bir rol oynamağa müvəffəq olmuşlar.
Salğur Fars atabəyləri
İranın böyük cənub əyaləti olan Fars Alparslan tərəfindən fəth edilmişdi. Sultan Məhəmməd Tapar zamanında bu bölgəyə Əmir Çavlının vali təyin edildiyini bilirik. O, Farsda səlcuqlu hakimiyyətini qüvvətləndirdi. Sultan Mahmud hökmdar olanda (1117) qardaşı Səlcuqu (yaxud Səlcuq şahı) bu ölkəyə hakim göndərib əmir Qaracanı da ona atabəy təyin etdi. Ancaq Səlcuq öz qardaşı Məsudla birlikdə əmisi Sultan Səncərə qarşı girişdiyi vuruşmada məğlub olduğu üçün ölkəsini itirdi. Sultan Toğrul buranı azyaşlı oğlu Alparslana verdi, məşhur əmir Məngü Bars ona atabəy oldu. Məngü Bars Alparslanın kiçik yaşda olması və heç cür bitib-tükənməyən səltənət qovğaları üzündən Farsı istədiyi kimi idarə etmiş və türk məmlüklərindən özünə sadiq güclü bir ordu yaratmışdı. O, 1138-ci ildə İraq səlcuqluları hökmdarı Məsuda qarşı üsyan edib üsyanda öləndə Fars onun adamlarından olan Boz Abanın əlində qaldı. Ehtimal ki, elə bu Məngü Bars zamanında (1132-1138) Sır-Dərya boyundan qopan bir türkmən dalğası Xuzistana qədər gəlmişdi. Bu elatdan əfşar bəyi Arslanın oğlu Yaqub Xuzistan qəsəbəsində yurd salmış, həmən elatdan olan salğurların başçısı Məvdud isə Kənduman yazısından Kuh-Giluyə yazısınadək uzanan yerdə çadırlarını qurmuşdu. Təxminən elə o vaxtlar mühüm bir yıva qolunun da Şəhrizor tərəflərində yaşadığını bilirik. Bu yıvaların da həmin elata mənsub olması ehtimal edilir.
Salğur Məvdud atabəy Boz Abanın yaxın əmirlərindən biri oldu. Hətta Boz Aba 542-ci ildə (1147) Sultan Məsudun üstünə yüruş edərkən salğur Məvdud Şirazda onun naibi sifətilə qalmışdı. Boz Aba Həmədan civarında öldürüldükdən sonra səlcuqlulardan Sultan Mahmud oğlu Məlikşah Farsa hakim olmuşdur. Bu ərəfədə (542-543-1147-1148) Mövdud Kəndumanda ölmüş və yerinə oğlu Sunqur keçmişdi. Sunqur Məlik şahın atabəyi oldu; o özü ağıllı bir adam idi, həm də qələbəlik bir oymağı vardı. Öz qohumlarından birini öldürdüyü üçün Sunqur əyləncə düşkünü, pəhləvan güləşdirmə azarına mübtəla, qabiliyyətsiz bir insan olan Məlikşahı Farsdan qovdu (543-1118), öz hakimiyyətini qanuniləşdirmək üçün adət mucibincə Sultan Toğrulun oğlu Məhəmmədi məlik elan etdi. Beləliklə, iqtidar tamamilə onun əlinə keçdi. Atabəy Sunqur Şir Barik (şir bar bəy?) ünvanını daşıyırdı.
Xuzistandakı əfşarların başçısı Arslan oğlu Yaqub ehtimal ki, Farsı atabəy Sunqurun əlindən almaq üçün Şiraza yürümüş və iki oğuz bəyi arasında baş verən bir çox vuruşmalardan sonra Yaqub bəy məğlub olaraq Xuzistana geri çəkilmişdi. Sunqur Farsı 14 il ədalətlə idarə etdikdən sonra 555-ci ildə (1160) öldü və yerinə qardaşı Zəngi keçdi.
Səlcuqlu hökmdarı Arslan şahın 571-ci ildə (1175-1170) vəfat etməsi səbəbilə Xuzistanda olan qardaşı Sultan Məhəmməd hərəkətə keçdi, ancaq Pəhləvana məğlub olaraq Vasitə, oradan da Farsa Zənginin yanına getdi. Pəhləvanla təkbaşına mübarizə apara bilməyəcəyini başa düşən Zəngi Məhəmmədi Pəhləvana təslim etməyə məcbur oldu. 571-ci ildə Zənginin oğlu Tiklə atasının yerinə keçdi. Tiklə öz əmisi oğlu (atabəy Sunqurun oğlu) Müzəffərəddin Toğrulun üsyanı ilə qarşılaşsa da, Toğrul asanlıqla zərərsizləşdirildi. 591-ci ildə Tiklə öldü və yerinə qardaşı Sə‘d keçdi. Sə‘d də sələfləri kimi enerjili bir hökmdar idi; Kirmanı öz ölkəsinə qatdı. Məşhur şair şeyx Sə‘di öz təxəllüsünü bu salğur hökmdarının adından almışdır.
Atabəy Sə‘d 628-ci ildə (1230-1231) öldü. Əbubəkr salğur hökmdarı oldu. O da qabiliyyətli bir hökmdar idi. Qədimdən bəri mühüm bir ticarət mərkəzi olan Qeys adasını, sonra isə Katif, Bəhreyn və Oman sahillərini zəbt etdi. Əbubəkr bunu ticarəti inkişaf etdirmək qayəsi ilə edirdi. Ticarətə nə qədər əhəmiyyət verdiyi ondan məlumdur ki, onun inşa etdirdiyi əsərlərin çoxu rabatlardır. Bu böyük salğur hökmdarı Şirazda bir xəstəxana da tikdirmişdi. Şeyx Sə‘di məşhur «Gülüstan» əsərini bu zata ithaf etmişdir.
Əbubəkr monqolları öz süzereni tanımaq şərti ilə ölkəsinin qan və atəş içində qalmasının qarşısını almışdı. Bununla əlaqədar monqol xaqanı Ügedeyin ona Kutluq xan ünvanını verdiyini bilirik.
Əbubəkr axırıncı böyük salğur hökmdarıdır. Onun 658-ci ildə (1259/ 1260) ölməsilə salğurların parlaq dövrü sona yetdi. Yerinə xəstə olan oğlu Sə‘d keçsə də, hökmdarlığının 17-ci günü öldü və onun oğlu Məhəmməd hökmdar elan edildi. Məhəmməd hələ uşaq olduğu üçün anası Tərkən xatun ona naiblik edirdi. Ancaq Məhəmməd də çox yaşamadı, 661-ci ildə öldü və Zəngi oğlu Sə‘d oğlu Salğur şah oğlu Məhəmməd şah hökmdar oldu. Məhəmməd şah zəif bir çəxsiyyət idi; 8 ay hökmdarlıq etdikdən sonra Tərkən xatun tərəfindən öldürüldü, yerinə qardaşı Səlcuq şah keçdi. Səlcuq şah da Tərkən xatunu öldürdüyü üçün Hülakü Tərkən xatunun qardaşı olan Yəzd atabəyinin yalvarışı nəticəsində Farsa bir ordu göndərdi. Monqollar Səlcuq şahı yaxalayıb qətlə yetirdilər (663-1264/1265).
Salğur taxtına Sə‘din qızı Abaş xatun oturduldu. Ancaq o, bir il sonra Farsdan gətirilərək Hülakünün oğlu Məngü Təmirə ərə verildi. Farsı onun adından monqolların təyin etdiyi məmurlar idarə etməyə başladılar. Abaş xatun 685-ci ildə (1286/1287) öldü və monqol adətinə görə dəfn edildi1.
Salğurlar öz ədaləti və abadlıq fəaliyyəti ilə, alim və şairləri himayə etmələri ilə gözəl xatirələr qoyub getmiş bir türk xanədanıdır. Onların sayəsində Fars ölkəsi islam dövründə özünün ən məsud günlərini yaşamışdır. Bunu tərəddüdsüz söyləyə bilərik. Türk xanədanlarının çoxu kimi onlar da öz ölkələrində çoxlu ictimai əsərlər vücuda gətirmişdilər. Şeyx Sə‘di əsərlərini bu xanədanın təşviq və himayəsi sayəsində yarada bilmişdir.
Salğurlar qövmi mənşələrini də unutmamışdılar. Öz pullarına mənsub olduqları boyun damğasına basmaları2 bunun ən böyük dəlilidir. Bundan başqa, xanədan üzvləri arasında daim türk adı daşıyan şəxslər olmuşdur.
Salğur xanədanı ortadan qalxdıqdan sonra da onların başlıca dayağını təşkil edən türkmənlər öz varlıqlarını qoruyaraq Farsda yaşadılar. XIV əsrin ortalarında Farsdakı bu türkmənlərin başçıları Cəlaləddin Təyyib şahla Salğur şah idi. Bunlardan başqa, müzəffərilərdən şah Şüca Təbrizi zəbt etdiyi zaman (1282) əmir Müzəffərəddin Salğuru vəzir təyin eləmişdi.
Anadolu
Salurların çox əhəmiyyətli bir qolu qərbə köçməyərək öz qədim yurdunda qalmışdı. Göründüyü kimi, onlardan ayrı-ayrı qollar İranın Kürdüstan və Fars bölgələrində yurd salaraq siyasi fəaliyyət göstərdilər. Bütün bunlara baxmayaraq bəzi tarixi məlumatlar, yer adları və oymaqlar salurların Anadolunun fəthində və məskunlaşdırılmasında mühüm rol oynayan boylardan biri olduğuna şübhə yeri buraxmır.
Həqiqətən, tariximizdə müstəsna bir şəxsiyyət olan alim, şair, müharib, Sivas-Kayseri və digər bəzi yerlərin hökmdarı Qazı Bürhanəddinin salurlardan olduğunu əvvəlcə söyləmişdik. XIII əsrdə Misirə gedərək məmlük sultanları yanında böyük etibar qazanan fəqih və üç dildə şeir yazan Divrikli Məhəmməd ibn Mustafa ibn Zəkəriyyə ibn Xoca Həsən1 də həmin boya mənsub idi. Onlardan başqa, XIII əsrin ikinci yarısında Dənizli tərəfinin uc (hüdud) bəylərindən Salur bəyin2 də salurlardan olduğu üçün bu adı daşıdığı ehtimal edilir.
Yer adlarına gəlincə, salurlar cədvəlimizdə yeddinci sırada dururlar3. Yalnız bu keyfiyyət onların Anadoluya necə qələbəlik elatlar halında gəldiklərini göstərməyə kifayətdir. Bundan başqa, həmin əsrdə Anadoluda bu boya mənsub çox əhəmiyyətli oymaqlar da müşahidə olunur.
Dostları ilə paylaş: |