Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,61 Mb.
səhifə21/42
tarix03.06.2018
ölçüsü5,61 Mb.
#52596
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

3. Qoç-hisar.

İç-el bölgəsindəki çox yayılmış boylardan biri olmaqla Si­lifkə bölgə­sin­də yaşayan böyük boz-doğan boyunun bir qolu Or­ta Anadoludakı Qoç-hisar bölgəsində yurd salmışdır. II Bə­ya­zid dövründə bu boz-doğan qolunun oba­la­rı arasında 93 nə­fər­lik vergi verən bir iğdir təşəkkülü görünməkdədir. Bu key­fiy­yət boz-doğan təşəkkülünun iğdir boyuna mənsub olduğunu göstərə bilər. İç-el bölgəsində də hər iki təşəkkülün yan-yana ya­şaması bunu təsdiq edir2.



4. Təkə sancağı.

XVI əsrdə bu sancağın Qara hisar qəzasında 272 nəfərlik bir iğdir oy­ma­ğı yaşayırdı. Eyni sancaqda bir yörə və 6 kənd də bu boyun adını daşıyır­dı. Əsasən bu yer adları iğdirlərin Təkə sancağında qələbəlik bir şəkildə yer­ləş­miş olduğunu ifadə edir. Yazıçıoğlu Əli3 Antalyanın Qiyasəddnn Key­xosrov tərəfindən fəthini təsvir edərkən «o məmləkətin çölləri və bişələri iğdirdən yörük evi ilə doldu» deyir ki, bu söz müəllifin zamanında iğ­dir­lərin Təkədə qələbəlik bir halda yaşadıqlarını göstərməsi baxı­mından dəyərlidir.



5. Hamid sancağı.

Bu sancağın Əyridir qəzasındakı yörüklər arasında həmin boya aid bir oymaq vardır ki, onun vergi mükələfiyyətli əhalisi 72 nəfərdir.



6. Məntəşə.

Məntəşə sancağında yaşayan iğdir oymağı bu sancaqdakı böyük təşək­kül­lərdən biri olan xorzumlu obaları arasındadır. İğdir İsa kimi bir ad daşı­yan bu obanın Qanuni dövründə 99 nə­fər əhalisi (vergi verən) var idi4.



7. Atçəkən.

II Bəyazid dövründə Aksaray bölgəsindəki təşəkküllər ara­sında bu adda 5 nəfərlik çox kiçik bir oymaq vardır.



8. İran.

Farsdakı qaşqay adlı böyük türk icması arasında 500 evlik bir iğdir oy­mağı vardır1.



9. Xəzərarxası türkmənləri.

İğdir boyundan mühüm bir qol da qədimdən bəri eymür, dö­yər, çavuldur, karkın və salur boyuna aid qollarla birlikdə Manqışlaq yarımadasında yaşa­yır­dı2. XIX əsrin ikinci yarısında bu iğdirlər çavdura (çavuldur, çavundur) tabe olaraq çavdurla­rın digər obaları kimi Aral ilə Xəzər dənizi arasındakı bölgədə yaşayırdılar3. Hazırda köklən türkmənləri arasın­dakı 150 evlik Çar­var İğdir adlı obanın4 bu iğdirlərin cənuba köç etmiş bir qis­mi olduğu şüb­hə­sizdir.

Manqışlaqdakı iğdirlərdən bir bölüyünün də çavuldur və soy­naçılara aid bölüklərlə bərabər XVIII əsrdə Şimali Qafqaza köç etdiklərindən və sonra bunların Stavropol türkmənləri adı ilə yad edildiklərindən daha əvvəl bəhs olunmuşdu.

22. BÜĞDÜZ

Rəşidəddindəki fəsildə bu boya mənsub Quzuçu adlı bir bəy­dən bəhs edilir. Orada Quzuçunun son oğuz yabğusu Əli xa­nın oğlu Şah Məlikin ata­bəyi kimi adı çəkilir5. Dədə Qorqud dastanlarındakı «bıyığı qanlı» kimi təs­vir edilən Əmən bəy də büğdüzdən göstərilir. Bunlar büğdüz boyu­nun oğuz­ların islamdan əv­vəlki tarixlərində və islam dinini qə­bul etdikdən sonrakı döv­rün ilk za­manlarında dastanlarda əks-səda doğuracaq dərəcədə bir rol oy­nadığını gös­tərir.

Büğdüzlərə aid Anadoluda 22 yer adı qeydə alınmışdır6. Buna görə büğ­düzlər Rəşidəddinin siyahısında olduğu kimi, bi­zim bu yer adları cədvəlində də son yerlərdə (17) dayanır. Bu­nunla bərabər, bu yer adları büğdüzlərin də Anadolunun fəthi və məskunlaşdırılmasında digər qardaş boylarla yanaşı ol­duqca mühüm bir rol oynadıqlarını göstərir. Lakin həmin boya aid XVI əsr­də ancaq kiçik bir büğdüz oymağı mövcuddur. Hələb türkmənləri arasında görünən bu büğdüz oymağı 65 vergi evi qədərdir. Dəftərdə bu büğdüzlərin Hama tərəflərində yaşadıq­ları yazılmışdır1. XVI əsrdəki bu 22 büğdüz yer adından bu gün ancaq üçü qal­mışdır2.

23. YIVA

Səlcuqlular dövründə adı tez-tez çəkilən boylardan biri də yıvalardır. Kaşğari3 bu boyun adının iva, yava, yıva, yafa və avva kimi deyilmə şəklini təsbit etmişdir. XII əsrdə onlardan əl-ivaiyyə və ya iva şəklində bəhs edilir. Təhrir dəftərdərində isə iva və yıva imlaları özünü göstərir.



Səlcuqlular dövründə yıvalar

1. Bərçəm oğulları.

Yıvalara aid ən qədim məlumat 553-cü ildən (1158) baş­layır. Yıvalar bu tarixdə Həmədanın qərbində yaşayırdılar. Ha­ki­miyyətləri altında olan yer İranda Kürdüstan deyilən bölgəni əhatə edirdi. Yıvalar bu bölgədə çox qələ­bəlik halda yaşayır­dılar. Hətta Mosul atabəyi İmadəddin Zəngi onların bir bölü­yü­nü Suriyaya gətirərək, Hələb bölgəsinə yerləşdirmişdi.

Yavların Sır-Dərya boylarından İrana əfşar və salğurlarla bir­likdə 1130-cu illərdə gəldikləri əsaslı bir ehtimalla deyilə bilər. 553-cü ildə (1158) İva Bərçəmə mənsub türkmənlərin Cə­bəl (Kürdüstan bölgəsi) bölgəsində çap­qın­çılıq fəaliyyət­lə­ri­ni artırdıqlarına görə Bağdad xələfə höküməti Məngü-Barsın komandanlığı altında onların üzərinə böyük bir qüvvə gön­dər­mişdi. Məngü-Bars türkmənlərə ağır bir zərbə vurmuş, dar­ma­dağın olan türkmən­lə­rin kəsilmiş başları və aldığı əsirlərlə Bağ­dada qayıtmışdır4. 568-ci ildə (1172) Bərçəm tabeliyindəki türk­mənlər ilə Həmədan bölgəsinə axın edərək, Dinəvəri yağ­ma­lamışdı. Bunu Naxçıvanda eşidən Eldəniz süvari qoşunla sü­rətlə Bərçəmin üzərinə yürüş edərək onu Bağdad yaxınlığına qə­dər qovmuş­du. Hətta Eldənizin Bağdad yaxınlığına qədər gəl­məsi onun Bağ­dada girə­cəyi ehtimalını oyandırdığından xəlifə bir yandan əsgər top­la­mağa, digər yan­dan da qala di­var­larını möhkəmlətməyə başladı. Lakin El­dəniz xəlifədən üzr is­tə­di, məqsədinin yalnız Bərçəmi öz ölkəsində yağma­larda bu­lun­maq­dan vaz keçirmək olduğunu söylədi5. Belə görünür ki, Bər­çəm xəlifəni öz süzereni hesab edirdi. Oğullarının da bunu sədaqətlə davam etdirdiklərini gö­rürük. Hətta Bərçəmin bu hə­rəkətə xəlifənin gizli əmri ilə başlaması fər­ziy­yəsi də vardır.

583-cü ildə (1187) son səlcuqlu sultanı Toğrul ilə xəlifənin vəziri Cəla­ləddin ibn Yunis arasında Həmədan yaxınlığında baş­lanan döyüşdə yıvalar da xəlifə ordusu səflərində yer tut­muşdu. Ravəndiyə görə1 döyüş zamanı səl­­cuqlu ordusunun sol ci­nahını təşkil edən Ay-Aba komandanlığındakı ata­bəy əsgər­ləri (yəni Pəhləvanın məmlükləri) məğlubiyyətə uğrayaraq qaçmış­dılar, yıvalar onları təqib edib qovmağa başlamışdı. Ancaq atabəyin əsgər­lə­ri sursatları atmaqla türkmənlərin təqibnndən yaxa qur­tar­mışlar. Türkmən­lərin əsil məqsədləri də elə qənimət (do­yum­luq) əldə etmək idi. Qaçanların sursatlarını əllərinə keçirən kimi türkmənlər döyüş meydanına qayıtmadan öz ölkələrinə yollandılar. Halbuki döyüş Sultan Toğrulun qələbəsi ilə başa çat­mışdı. Bu döyuşdə yıvaların başında Bərçəmin oğlu Mah­mud dururdu2.

İraq səlcuqlu sultanlığına son qoyan Xarəzmşah Təkiş İraqi-Əcəmdəki bəzi yörələri səlcuqlu əmirlərinə vermişdi. Bunlar xə­lifənin təhriki ilə çox keçmədən xarəzmşaha qarşı üsyan etsə­lər də, xarəzmşahın oğlu Rey valisi Yunus xan tərəfindən darma­dağın edildilər. Bu məğlubiyyətdən qaçıb qur­tu­lan əmirlər yıva bəyinə sığındılar3. Bu münasibətlə Ravəndi4 yıva bəyini mə­lik (kral) kəlməsi ilə vəsf edir. Bu hadisədən sonra xəlifənin qoşunu ilə Xarəzmşah Təkişin Həmədan valisi Mayacığın ordusu arasında baş verən və Bağ­dad qüvvələrinin məğlubiyyəti ilə qurtaran döyüşdə yıvaların da xəlifə ordusu səflərində olduqlarını bilirik5.

Bərçəm oğlu Mahmuddan sonra yıvaların başına Fəxrəddin İb­rahimin keçdiyi məlum olur. 593-cü ildə (1196) atabəy Öz­bəyin adından Həmə­dan­da valilik edən Nurəddin Göyçə yıva bəy­liyini ortadan qaldırmağı düşünə­rək bu bəyliyin torpaq­la­rı­na talançı hücumlar təşkil etməyə başlamışdı. Fə­qət Göyçə yıva bəyinin mübarizəyə hazır olduğunu bildiyin­dən Həmədana dön­məyə məcbur oldu6.

Fəxrəddin İbrahimdən sonra Şəhabəddin Süleyman şah yı­va bəyi olmuş­dur. O, yıvaların ən məşhur əmiridir. Süleyman şah 610-cu ildən (1213) əv­vəl aydın olmayan bir səbəbə görə xəlifə ən-Nasir li-dinillah tərəfindən ha­ki­miyyətdən uzaqlaş­dı­rıldı, yerinə qardaşı keçirildi7. Lakin bunun həqiqətən yerinə ye­tirilib yetirilmədiyi aydın deyil.

Cəlaləddin Xarəzmşah 621-ci ildə (1224) xəlifənin ölkəsinə səfərdən qa­yıdan baş Həmədan yaxınlığındakı Bahar qalasında olan Süleyman şahın ya­nına getmiş və orada onun bacısı ilə ev­lənmişdi1. Süleyman şah Bağdad xə­li­fəsini öz ağası tanıdığı ki­mi, Cəlaləddinin hakimiyyətinə də tabe ola­ca­ğını bildirmişdi2. «Tarixi-güzidə»dəki Luristan məliklərinə aid fəsildə Sü­ley­man şaha dair bəzi məlumatlar da müşahidə edilir. Bunlara görə, ki­çik lur əmiri Şərafəddin Əbu Bəkr Süleyman şahın Məlikə xa­tun adlı bacısı ilə ev­lən­miş­di3. Bu lur əmirinin ölümündən sonra yerinə keçən qardaşı İz­zəd­din Məlikə xatun ilə evlənmiş və ondan iki oğlu olmuşdur. Lakin İzzəddin öz əmisi oğ­lu Hü­sa­məddin Xəlil tərəfindən öldürüldüyünə görə İzzəddinin kiçik yaşlı oğul­ları dayılarının yanına qaçdılar4. Bundan sonra Sü­leyman şah ilə yeni lur əmiri arasında fasiləsiz mübarizə baş­landı. Baş verən bir çox çarpış­ma­lardan sonra Şapur ovasındakı bir vuruşmada lur ordusu məğlub oldu və Hü­saməddin Xəlil də öldürüldü (1246).

Süleyman şah düşməni olan Hüsaməddin Xəlilin ölümünə kə­dərlənmiş və onun haqqında o vaxt bir rübai demişdir5.

Süleyman şah xəlifə hökumətinə səmimi bir şəkildə bağlı idi. Qonşu lur əmirləri, Farsdakı səlcuqlular, Mosul hökmdarı Hü­laküyə tabe olduqları za­man da, Süleyman şah xəlifədən ay­rılmadı. Hətta 1258-ci ildə monqollar Bağ­dadı mühasirəyə alan­da şəhəri müdafiə edənlərdən biri də Süleyman şah idi. Bağ­­dadın süqutundan sonra Süleyman şah da xəlifə və digər türk ko­man­danları ilə birlikdə şəhid edildi6. Bu vaxt o xeyli yaşlı idi. Həmdullah Müs­tövfiyə görə7, Hülakünün Bağdad sə­fərinə qoşulan lur əmiri Bədrəddin Məsud Süleyman şahın öl­dü­rülməməsini Hülaküdən rica etsə də, xahişi qə­bul olun­ma­mışdır. Bununla bərabər Süleyman şahın ailəsini və məiyyətini hi­mayə etməyə müvəffəq olan lur əmiri onları Luristana gö­türmüşdür. On­ların bir qismi ara sakitləşəndən sonra Bağdada qayıtmışdılar.

Süleyman şahın olduqca mədəni bir insan olduğu məlum olur. Yuxarıda onun bir rübaisindən bəhs edilmişdi. Həmdullah Müstövfi8 Süleyman şahın məddahı olan bir şairdən də bəhs edir. Rəşidəddin isə yıva bəyinin nücum elminə vaqif olduğunu bildirir9.

Yenə Həmdullah Müstövfiyə görə3, Süleyman şah za­ma­nın­da 15 idarə yörəsinə ayrılan Kürdüstanın gəliri 200 tü­mənə yaxın idi. Halbuki müəllifin zamanında həmin bölgədən ancaq 20 tümən 1500 dinar əldə edilirdi. Bu mü­­qayisə Süley­man şah zamanında Kürdüstan vilayətinin necə varlı oldu­ğu­nu açıq bir şə­kildə göstərir.

Süleyman şaha tabe olan yıvaların aqibəti haqqında məlu­matımız yox­dur. Minorski4 qaraqoyunlu ulusuna mənsub ba­har­lı oymağının öz adını Sü­leyman şahın yaşadığı Bahar qala­sın­dan aldığını qəbul edərək qaraqo­yun­luları yıvaların nəsli he­sab edir.

2. Urmiya yıvları.

XII əsrin ilk rübündə qələbəlik bir yıva icmasının da Ur­mi­ya yörəsində yaşadığı məlumdur. Böyük ehtimala görə, onlar monqol istilası nəticəsində buraya gəlmiş Süleyman şah yıva­la­rı­nın ayrı bir qoludur. Qələbəlik olan bu yıvaların 10.000 atlısı vardı. Məhəmməd Nəsəviyə görə5, onlar Sultan Cəla­ləddini he­çə sayaraq, yollarda vahimə yaradır və hüdud ölkələrinə bas­qın­lar edirdilər. Bu səbəbə görə Cəlaləddin Axlatdan dönərək bunların üzərinə yürüş etdi. Yıvalardan bir çoxları öldürüldü və xeyli qənimət əldə edildi. Qo­yun sürülərindən ibarət olan və Mu­ğana aparılan bu qənimətin xəzinəyə aid olan qismi 30.000 dinar qiymətində idi6.

Bu hadisədən 623-cü ildə (1226) bəhs edən ibn ül-Əsir7 yı­vaların talan­çılıq fəaliyyətinə dair geniş məlumat vermişdir: Uşnu və Urmiya şəhərləri yıvaların əlində idi, üstəlik onlar Xoy şəhərindən də xərac alırdılar. Yıvalar Cəlaləddinin əvvəlcə gürcülərlə, sonra da Axlatın zəbt edilməsi ilə məşğul ol­masını fürsət sayıb, ticarət karvanlarını soymaqla yolların sakitliyini poz­muşdular. Bu arada Təbriz tacirlərinin Ərzrumdan Təbrizə gə­tirdikləri 20 min qoyunu da Təbriz yaxınlığında ələ keçirib gö­­tür­müşdülər.Yıvaların belə hərəkətlərinin artdığını görən Cə­­laləddin son səlcuqlu sultanı Toğrulun qızı olan arvadının xa­hişi ilə Axlatın mühasirəsindən əl çəkib yıvaların üzərinə yürüş etdi.

Yıvalar Cəlaləddinin Axlatdan əl çəkməyəcəyinə əmin ol­duqları üçün sərt dağlara çəkilməyərək öz yurdlarında qayğısız yaşayırdılar. Məhz belə bir şəraitdə Cəlaləddin onları çəmbərə saldı, çoxunu öldürdü, arvad-uşaq­la­rını əsir etdi, mal-qaraları­nın əksəriyyətini əlinə keçirdi1. Bu hadisədən 6 il sonra mon­qol­ların gəlməsi ilə əlaqədar onlar da Azərbaycandakı türkmən­lər kimi Qərbə getməyə başladılar.



3. Yaruqlular.

Ağ Sunqur oğlu Zəngi Mosuldan sonra Hələbə hakim oldu. O, səlibçi­lər­­lə mübarizəyə girişəndə İran Kürdüstanındakı yı­va­ların bir bölüyünə Hə­ləb bölgəsində yurd verdi və onları sə­lib­çilərlə döyüşməyə çağırdı, tutacaq­ları torpaqları özlərinə ve­rə­cəyini vəd etdi. Bu vaxt yıvaların başçısı Yaruq adlı bir bəy idi. Onlar səlibçilərlə vuruşdular və xeyli torpaq ələ keçirə bil­dilər. Bu yıvalar və Yaruqun oğulları yaruqlu (yaruqiyyə) ad­lan­ma­ğa başla­dılar. Yaruq 564-cü ildə (1168) öldü.

Yaruqdan sonra oğulları Eynüddövlə və Bədrəddin Doldu­rum fəaliyyətə başladılar. Eynüddövlə Şir-Kuhun həmin ildəki (564-1169) sonuncu Misir səfərində iştirak etmişdir. Şir-Kuh orada öldükdən sonra ordunun koman­dan­­­lığını qardaşı oğlu Sə­lahəddin öz üzərinə götürdü. Lakin Eynüddövlə Sə­lahəddinə heç bir vaxt tabe olmayacağını bildirərək Nurəddinin yanına qa­yıtdı2. Bədrəddin Dolduruma gəlincə, onu Təll-Başir və Təll-Xalid hakimi olaraq tanıyırıq.

Bədrəddin Doldurum Səlahəddin Əyyubinin məşhur döyüş­lərində iştirak edərək böyük igidliklər göstərmişdir. O, igid və yüksək əxlaqa malik bir bəy idi. Doldurumdan sonra oğulları səlcuqlu hökmdarı İzzəddin Keykavusun 1218-ci ildəki Suriya səfərinə qədər Təll-Başiri və Təll-Xalidi əllərində sax­lamışdılar ki, bu barədə daha əvvəl bəhs edilmişdir.



Osmanlı dövründə yıvalar

Səlcuqlular dövründə (XIII əsrdə) Anadoluda yıvaların ya­şadıqlarına da­ir ibn Bibidə bir qeydə rast gəlirik. Bu qeydə gö­rə3, Rüknəddin Qılıc Ars­lanın böyük qardaşı II İzzəddin Key­ka­vusa qarşı səltənət davasına başladığı üçün vəzir Qazi İzzəd­din xəzinədə olan pulları sərf edərək, əsgər toplamağa başlamış və qısa bir zamanda ərəb, qürbət (?), iva, gəncə, kürd və qıp­çaqdan (qıbcaq) əsgər yığmışdır. Bu yıvaların Urmiya­dan Ana­doluya gələn yıvalar olması mümkündür.

XVI əsrdə yıvalara aid 20 yer adına rast gəlmək olar4.Bu dövrdə istər yer adları, istərsə də oymaqlar ərəbcə «yıvə» və «yı­va» şəklində yazılmışdır. Bu kəlmələri yuva şəklində oxu­maq da mümkündür. Ancaq yer və oymaq adlarının «yuvalı» kimi oxunmasına şübhə etməyin yerində olduğunu söylə­məli­yik. Osmanlı dövründə adı ərəb hərflərilə həm yıvə, yıza, həm də yu­valu şəklində yazılan bəzi oymaqlar vardır ki, bunların ən başlıcalarından aşa­ğıda bəhs edəcəyik.

1. Hələb türkmənləri.

Bu türkmən icması arasında xeyl-yıva şəklində yazılan bir oymaq adı nə­zərə çarpır. Burdakı ilk kəlmənin əsli və mənası bizcə, məchuldur. Bu kəl­mənin ərəb dilində atlar və atlı məna­sını daşıyan xeyli sözü olub-olma­dı­ğını bilmirik. Qanuninin ilk hökmdarlıq illərində bu yıva oymağı Əmət Kət­xudanın əmrin­də olub, 200 çadırdan ibarət idi. II Səlim dövründə əhalisi xeyli artan yıva oymağı beş qola ayrılmışdı. Bu qollardan birinin yağmur və yellicə adlı əkinliklərdə yerləşdiyi nəzərə çarpır. XVII əsrin ortalarına doğru bu yıvalardan ancaq 150 çadırlıq bir qol əvvəlki yaşayışını davam etdirirdi1.



2. Dulqədirli.

XVI əsrdə bu icma arasında da yıvalı (yaxud yuvalı) adlı bir oymaq var idi. Bu oymaq Durmuş Hacılu, dərkeç, əsəncəlu, yaxşı-xanlu, süfyanlu və yıvalu adlı obalara ayrılmışdı. Bu oba­lardan bəziləri cənubda, Gündüzlü və Kınık qəzalarındakı qışlaq­larında əkinçiliklə məşğul olurdu. II Səlim döv­rün­dən etiba­rən bu oymaqlardan qara-yıvalı (və ya yuvalı) adı altında bəhs edilir2. Dulqədirli ulusu arasında yıva adlı 35 vergi evlik ayrı bir oymaq gö­rün­məkdədir.


3. Yeni-el.

Yeni-eldə 156 nəfərlik (vergi verən) yıva adlı bir oymağa rast gəlinir. Bu oymağın dulqədirli ulusu arasındakı yıvaların bir qolu olması tam şüb­hə­sizdir3.



4. Kayseri.

Kayseri çevrəsində yaşayan türkmən oymaqlarından biri də yıvalı (və ya yuvalı) adlı 183 nəfərlik oymaqdır. Bundan başqa, Ürgüp ətraflarında da yı­va adlı bir oymaq yaşamaqda idi. I Sə­lim dövründə bu oymaq üç qola ayrıl­mışdı. Bunlardan 46 nə­fər­lik birinci qol qışlaq, 48 nəfərlik ikinci qol qara yı­valı (ya­xud yuvalı), 41 nəfərlik üçüncü qol isə ağ ishaqlı tarlasında əkin­çiliklə məşğul olmaqdadır4.



5. Tarsus.

Bu yörədə II Səlim dövründə yıva adlı iki qola ayrılmış (birincisi 31, di­gəri II vergi evi) bir oymaq yaşayırdı5.



6. İç-el.

Bəyazid dövründə İç-eldəki böyük icmalardan biri də yıva oymağı idi. Bu oymaq İç-eldəki digər bir çox icmalar kimi, ta­mamilə kəndlərdə yerləş­məklə bərabər oymaq təşkilatını müha­fizə edirdi. Bu oymağın adı bəzən yı­valı şəklində də yazılır. İç-el yıvalarının böyük yıva və kiçik yıva olmaqla iki böyük qola ayrıldığı nəzərə çarpır. Böyük yıva qolu qədim Gülnar ilə Ana­­mur arasındakı Ağsaz adlı yerədə toplu halda yerləşmişdir. Ki­çik yıva qolu da yenə toplu halda Anamurun cənub və qər­bin­dəki torpaqlarda yurd sal­mışdır. Bu ikinci qola mənsub bəzi oy­maqlar Anamur qəsəbəsində də yer­­ləşmişlər. Ayrıca Böyük Yıva və Kiçik Yıva adlı iki kənd var idi, bu kənd­lərin hər ikisi də Kiçik Yıva torpağında yerləşmişdi. Deyəsən, bu kənd­lər qol­­la­rın başında duran ailələrin yaşadıqları yerlərdir. II Bəyazid dövrün­də Böyük Yıva qoluna aid qırxa qədər kənd göstərilir ki, bunların bir qismi öz adlarını zamanımıza qədər mühafizə et­mişdir.

Kiçik yıvalar isə Anamur qəsəbəsindən başqa 14 kənddə yer­ləşmişdilər. II Bəyazid dövründə İç-el bölgəsindəki başlıca oy­maqların daşıdıqları adlar bu oymaqların başında duran ailə­lərin adları idi: boz-doğan oğulları, turqut oğulları, xoca yunus oğulları, iğdir oğulları, bəydili oğulları və nəhayət, yıva oğulla­rı. Yıva oğullarından adları çəkilən şəxslər bunlardır: Hüseyn bəy, Əli bəy, Məhməd bəy, Əlaəddin bəy və Paşa bəy. Bunlar­dan Hüseyn bəy Böyük Yıva kəndində bir cami tikdirmiş və bu­nun üçün də bir vəqf təsis etmişdir. Əli bəyin Qızılca kən­din­də bir məscidi olduğunu bilirik. Paşa bəy isə Qa­zançılar kən­dində Əxi Seyyidi adlı bir şeyxin namına bir zaviyə tik­dirmişdi. Əlaəddin və Məhməd adlı yıva bəyləri də II Bəyazid dövründə timar sahibi idilər. Pirəli adlı bir adamın da Yıva oğullarının ata­dan-babadan (əbən an cədd) kəndxudası olduğu üçün əva­rizi-divaniyyə və təkalifi-örfiyyədən azad olduğunu da bilirik2.

7. İran yıvaları.

İranda monqol istilasından sonra bu adda böyük bir oymaq nəzərə çarp­mır. Ancaq səfəvi dövründəki qacar boyunun oba­ları arasında yıva adlı bir oba müşahidə edilir. Qacar boyunun əslində Anadoludan (Boz-ox bölgə­sin­dən) olduğu daha əvvəl bir neçə dəfə deyilmişdir. XVI əsrin son­larında İmamqulu xan kimi məşhur qacar bəylərinin qacarın yıva obasına mənsub ol­duğunu bilirik3.

24. KINIK

Kınıklar, biliidiyi kimi, səlcuqlu xanədanının çıxdığı boydur. Halbuki bu boy oğuz boylarının islamiyyətdən əvvəlki siyasi və ictimai mövqelərinə gö­rə Rəşidəddinin siyahısından axırıncı yerdə dayanır.

Kınıklar bizim yer adları cədvəlində 81 kənd ilə kayı və əf­şardan sonra üçüncü sırada yer almışdır1. Bu yer adlarından çox mühüm bir qisminin Ana­dolunun fəthində iştirak etmiş kı­nıklara aid olduğu şübhəsizdir. Lakin bu boyun tarixi səlcuqlu xanədanını yaratmaq və Anadolunun fəthində bö­yük bir rol oy­namaqla sona yetməmişdir. XIII əsrdə Suriyadakı qələbəlik türk­mən icması arasında yenə bu boydan əhəmiyyətli bir qolun olduğu gözə çarpır. Həqiqətən, bu türkmən icmasının üç-ox qolunu başlıca olaraq yürəgir, kınık, bayındır və salurlar təşkil edirdi. Bu üç-oxlar daha əvvəl deyildiyi ki­mi, məmlük or­dusunun yanında Çuxurovanın fəthində iştirak etdilər və orada məskən saldılar. Belə olduqda Çuxurovadakı ən qədim türk xal­qının nü­vəsi bu üç-ox boylarından meydana gəlmişdir.

Kınıklar yürəgirlər kimi Çuxurovada geniş bir yerdə məs­kən saldılar. Bu­ra qərbdə Ceyhan çayından şərqdə Gavur dağ­larına qədər uzanırdı. Yəni kınıkların məskəni bu günkü Cey­han qəzasının bir qism torpaqları ilə Osma­niyyə qəzasını əhatə edirdi. Kınıklar, yürəgirlər kimi üç-oxların və Çuxur­ova bölgə­sinin ən güclü təşəkküllərindən biri idi. Lakin onların başındakı ai­lə­yə dair bu günə qədər heç bir məlumat əldə edilməmişdir.

1375-ci ildə erməni kralını Sisdə mühasirəyə alan türkmən bəylərindən Əbu Bəkr heç şübhəsiz ki, kınıkların bəyi idi.

Başda Ramazan oğullarının yürəgirləri olmaqla üç-ox türk­mənləri boz-ox­lar kimi məmlük əmirləri arasındakı mövqe və mənsəb uğrunda gedən mü­barizələrdən istifadə edərək öz qayə­lərinə görə hərəkət etməyə başladılar. Onlar 1378-ci ildə üzər­lərinə gö­ndərilən Təmür bayın komandanlıq etdiyi məmlük or­du­sunu tarmar etdikdən sonra məmlük hakimiyyətindən ta­mamilə xilas oldular.

783-cü ildə (1381/1382) Hələb valisi olan Yel Buğa üç-ox­ları yenidən özünə tabe etmək üçün ilk tədbir olaraq onlar ara­sına təfriqə salmağa başladı. Doğrudan da, Yel Buğa bu tədbi­rin­də müvəffəq olmuş və 785-ci ildə (1383) kınıklar yürəgirlər üzərinə hücum etmişlər2.

Kınıklar bu hadisədən bir neçə il sonra yanlarında üç-oxlara mənsub di­gər təşəkküllərlə birlikdə Qazi Bürhanəddinin ölkə­sində hərc-mərclik yarat­dılar. Ancaq XVI əsrdən etibarən bu kı­nıklardan bir daha bəhs edilmir. On­lar hansı səbəbə görə si­yasi əhəmiyyətlərini itirdilər? Hazırkı vəziyyətdə bu sualın ca­va­bını vermək mümkün deyildir.

Osmanlı fəthinin ilk illərində Kınık nahiyəsinin bəyi Güc-əri oğlu Həm­zə bəy idi. Bu bəyin kınıklara mənsubiyyətinə dair heç bir məlumat olmasa da, bu ehtimalı qəbul etmək olar. Os­manlı hakimiyyətinin ilk illərində kınık­ların oturaq həyata keç­dikləri məlum olur. Aralarında lap az köçəri ev vardı ki, onların da sonradan başqa yerlərdən gəlmiş olduqları şübhə doğurmur. Kı­nıkların yaşadıqları yer XIX əsrin ikinci yarısına qədər öz adları ilə ad­lanan bir qəza idi. Amma heyrət doğurur ki, bu gün Çuxurovada heç kim Kı­­nık qəzasının yerini dəqiq müəy­yən edə bilmir. Kınık sadəcə ərazinin de­yil, eyni zamanda bir qala və qəsəbənin də adı idi.

Kınık qalasının Torpaq qalası olduğu zənn edilir. Qəsəbəyə gəldikdə, onun da qalanın şimal və şərqindəki yer olduğunu təx­min etmək olar. Bu qə­səbə 928-ci ildə (1522) iki məhəl­lə­dən ibarət idi. Vaxt keçdikcə böyüyən qəsəbənin 954-cü ildə (1547) artıq 5 məhəlləsi var idi. Xülasə, XVI əsrdə 75 kənd və əkinliyi olan Kınık qəzası çox abad bir vəziyyətdə idi. Lakin XVII əsrdə qəza qəsəbəsi, kəndləri və əkinlikləri ilə birlikdə o dərəcədə təxrib edil­di ki, bu gün nə Kınık qəzasının, nə də kı­nık kəndlərinin əksəriyyətinin yeri bilinmir1.



XVI əsrdə kınık oymaqları
XVI əsrdə Hələb türkmənləri Ankara yörükləri ilə Aydın­dakı qaraca­qo­yunlu icması arasında bu adda bəzi kiçik oymaq­lar vardı ki, ən əhəmiy­yət­lisi Hələb türkmənləri arasında olan oymaqdır.

1. Hələb türkmənləri.

Bu türkmən icması arasında yaşayan kınık oymağı bir az əvvəl haqqında danışdığımız kınıkların Şimali Suriyada qalmış bir qismidir. Bu icma Qanu­ninin ilk səltənət illərində üç qola ayrılmışdı. Bunlardan Kırım Kətxudanın buyruğunda olan bi­rinci qolun 51, Həsən Kətxudanın idarəsindəki ikinci qolun 40, kəndxudası bilinməyən üçüncü qolun da yenə 40 nəfər vergi ödə­yən əhalisi olduğu məlumdur.

II Səlim dövründə kınıkların əhalisi bir mislinə yaxın arta­raq 254-ə çat­mışdır. Həmin dövrdə onlar tək bir kəndxudaya tabe idilər ki, bu da yuxa­rı­da adı çəkilən Kırım Kətxuda idi.

Kınıklar XVII əsrin ortalarına qədər əski yaşayışlarını da­vam etdirmişlər. Sultan İbrahim dövründə onların Rum (Sivas) vilayətində Aralıq-evi adlı bir yerdə yaşadıqları məlumdur2. 1104-cü ildə (1692/1693) Hama və Xümus san­caqlarında yerləşdirilən türkmən oymaqları arasında kınık-uşaq adlı bir oy­maq da vardır. Bu oymaq bəhs etdiyimiz kınıkların köçəri qalığı yaxud baş­qa bir oymaq idi1. Hama yörəsinə yer­ləş­dirilən bu oymağın 60 nəfərlik ki­­çik bir oymaq olduğu məlum olur2.



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin