Alparslanın oğlu Məlik şah dövrü (1072-1092) səlcuqlu imperiyasının ən parlaq dövrüdür. Dövlətin sərhədləri bu dövrdə Adalar dənizi sahillərindən Ceyhuna qədər uzanırdı. Qaraxanilər və qəznəvilər də imperiyaya tabe idilər. Bu dövrdə xüsusilə Qutalmışın oğulları ilə (Mənsur və Süleyman) bir çox oğuz bəyləri Anadolunun fəthinə girişərək 10 il ərzində onun Adalar dənizi və Boğaziçinə qədər olan yerlərini ələ keçirmişdilər.
Məlik şah dövrü həm müsəlman, həm də qeyri-müsəlman müəlliflər tərəfindən bir ədalət dövrü kimi qiymətləndirilir. 1092-ci ildə Məlik şahın ölümü ilə bu dövr sona çatdı. Səlcuqlu ailəsi arasında uzun müddət davam edən taxt-tac uğrunda mübarizə dövləti zəiflətdi, səlibçilərin öz məqsədlərinə çatmalarına və Bizansın, gürcülərin və batinilərin güclənməsinə səbəb oldu. Səlcuqlu dövləti keçmiş qüdrətini bir daha bərpa edə bilmədi.
Müəlliflər tərəfindən çox yüksək epitetlərlə təriflənməsinə baxmayaraq Sultan Səncər imperiyaya nəinki atasının dövründəki qüdrətini qaytara bilmədi, hətta xətalı hərəkətilə onun dağılmasına səbəb oldu. Səlcuqlular öz dövlətlərinə bir çox islami təsisatları tətbiq etdikləri halda mühüm bir məsələdə, yəni vərasət məsələsində türk adətinə bağlı idilər. Bu adətə görə, sultan məmləkətin müxtəlif yerlərini öz qohumlarına verirdi. Beləliklə, səlcuqlu dövləti də bu baxımdan göytürk və qaraxani dövlətləri kimi feodal mahiyyət daşıyırdı. Taxt-tac uğrunda mübarizələr və zəif şəxsiyyətli hökmdarlar zamanı əksəriyyəti məmlük, yəni kölə mənşəli əmirlərin nüfuzu artmış və onlardan qüvvətli xanədanlar meydana gəlmişdir. Məsələn, bu məmlük xanədanlarından biri (eldənizlər) dövlətin iqtidarını əllərinə almış, digəri isə (xarəzmşahlar) öz ağalarının dövlətinə son qoymuşdur. İraq səlcuqlularının ilk hökmdarı kimi Toğrul ünvanını daşıyan son hökmdar da Rey yaxınlığında xarəzmşah Təkişlə vuruşmada qəhrəmancasına çarpışaraq ölmüşdür (590-1194). Çox gənc olan bu son səlcuqlu hökmdarının başını məmlük Eldənizin nəvəsi kəsmiş, Məlik şahın ibrikdarbaşısı məmlük Anuş-Təginin nəvəsi isə onu Bağdada göndərmişdir. Bu hərəkət Qərbi İranın məruz qalacağı qorxunc bir zülm və dağıntının işarəsi idi.
Səlcuqlular həm öz dövrlərində, həm də sonrakı nəsillər tərəfindən böyük, hətta gəlib-getmiş bütün sülalələrin ən böyüyü kimi təriflənmişlər. Bununla bağlı müxtəlif əsərlərdə bir çox hekayətlər və əhvalatlar nəql edilir. Müəlliflər səlcuqluların xalqa qarşı şəfqətli, adil və qurucu hökmdarlar olduqlarını göstərirlər.
Doğrudan da, səlcuqlular hakim olduqları hər yerdə, yəni İran, Anadolu və Suriyada dini və dünyəvi əsərlər meydana gətirmişlər ki, bunu səlcuqlular dövrünün başlıca xüsusiyyətlərindən biri kimi qəbul etmək lazımdır. Onlardakı bu ictimai xidmət anlayışının milli bir mənşəyi olduğu şübhəsizdir.
İran səlcuqlu dövlətinin mülki təşkilatında vəzirlikdən təhsildarlığa qədər bütün vəzifələrdə iranlılardan istifadə olunurdu. Çünki türk ünsüru yerli ünsürə nəzərən sayca az idi. Bu səbəbdən hökmdarlar farsca öyrənir və mülki dövlət məmurları ilə daha çox bu dildə danışırdılar. Bununla bərabər xanədan üzvlərinin öz ana dillərini unutmuş olduqlarını düşünmək mümkün deyildir, üstəlik, onlar türk adətlərini də davam etdirirdilər. Xanədan üzvlərinin bir çoxunun anası və onları böyüdüb tərbiyə edən atabəyləri də türk idilər. Orduları isə daxil olan təzə ünsürlərlə türklüyünü daima saxlayırdı. Səlcuqlu dövrünün türkləri mənsub olduqları islam mədəniyyətinin təsiri altında qalmaqla birlikdə, göstərdiyimiz kimi, öz dillərini qoruyur, adətlərini yaşadırdılar. Onlar bu və digər bir çox xüsuslarda ərəblərdən və əcəmlərdən fərqlənirdilər. Türklərin bu ünsürlərlə birlikdə yaşamaları onlardakı milli şüuru zəiflətməmiş, bəlkə də qüvvətləndirmişdir.
Bağdaddakı türk əsgərləri Toğrul bəyin şəhərə girmək arzusundan narazı olduqları halda, milli hissləri dolayısı ilə oğuzlardan bəzilərinin Mosulun ərəb hökmdarı tərəfindən kəsilərək göndərilmiş başlarının şəhərdə nümayiş etdirilməsinin qarşısını almışdılar. Alparslanın türklük şüuruna malik olduğunu və türklüyü öydüyünü bilirik. Bəzi avropalı müəlliflərin əsərlərində yarı ərəbləşmiş bir hökmdar kimi göstərilən Suriya hökmdarı Nurəddin Mahmud Misirdəki fatimi xəlifəsinə göndərdiyi bir məktubda islamın səlibçilərdən ancaq türklərin oxları sayəsində xilas olduğunu yazmışdır. Bu böyük hökmdar eyni zamanda tez-tez yağmalı ziyafətlər verməklə bu türk adətini davam etdirirdi. Bütün cəhətlərilə keçmiş böyük səhabələrə* bənzədilən Nurəddin Mahmud həm də ölkəsində bir sıra ictimai təyinatlı əsərlər yaratmış hökmdarlardandır.
Səlcuqlu hökmdarı Sultan Məsud 1135-ci ildə xəlifə əl-Müstərşidlə vuruşarkən xəlifənin ordusundakı bütün türklər Məsudun tərəfinə keçmiş, xəlifə ərəblər və kürdlərlə qalmışdı. Bir salnaməçi türklərin Məsudun tərəfinə keçməsini onların qövmiyyət duyğusundan doğduğunu bildirir. Həmən hökmdar bundan sonra xidmətində türk məmlükü saxlamayacağına dair xəlifədən söz almışdı. Məlik şahın seçmə ordusundakı 7 min erməni əsgərinin vəzir Nizamülmülkün etirazlarına baxmayaraq ordudan qovulmasını türk qvardiyasının nailiyyəti kimi izah etmək lazımdır. Bu bəhsə son vermədən təkrar edək ki, səlcuqlular milli təşkilat, təsisat və ənənələrini, xülasə, nələri varsa hamısını özlərilə gətirmiş və onları dövlətlərinin süqutuna qədər davam etdirmişlər. Yağmalı ziyafətləri, yas adətlərini ana yurdda olduğu kimi davam etdirir, milli xörək olan tutmac yeyirdilər. Səlcuqlu hökmdarları da monqol xanları kimi bir adamı şərəfləndirmək üçün ona şərab təqdim edirdilər.
Qəznəli salnaməçilər Beyhaki və Gərdizi səlcuqlu oğuzlarını türkmən adilə yad edirlər. Bunun əvəzində Yaxın Şərq müəllifləri onları quz (oğuz) adlandırırlar. Toğrul bəyin ordusu da bu şəkildə, yəni oğuz adlandırıldığı kimi, 463-cü ildə (1070/ 1071) Suriyaya daxil olan oğuzlardan da eyni adla bəhs edilir. Məmik şah dövründən etibarən buradakı oğuzlara da türkmən deyilir. Bu tarixdən sonra oğuz adı ancaq bir dəfə - Səncəri məğlub edən və əsir alan oğuzlar üçün işlənmişdir. Ancaq oğuzlar öz adlarını uzun müddət unutmamış və türkmən adını mənimsəməmişlər. XIII əsrdən etibarən oğuzlara artıq hər yerdə türkmən deyilmişdir.
Səlcuqlu dövlətini quran da, onun sərhədlərini genişləndirən də oğuzlar olmuşlar. Dövlət qurulduqdan sonra ana yurddan bölük-bölük, elat-elat gələn oğuzlar dövlət tərəfindən Bizans hüdudlarına göndərilirdi. Bu, əsasən, onların qarışıqlıq salmalarının qabağını almaq üçün edilirdi. Bundan başqa, bu tədbirlər otlaq sıxıntısına yol verməmək üçün də nəzərdə tutulurdu. 440-cı ildə (1048) Mavəraünnəhrdən qələbəlik bir oğuz kütləsi İraqi-Əcəmə gəlmişdi. İbrahim Yınal onlara iqamətləri üzündən çətinlik çəkildiyini, cahad etmək üçün Rum hüdudlarına getmələrini, özünün də arxadan gələcəyini söyləmişdi. Doğrudan da, qısa bir müddət sonra İbrahim Yınal onların başına keçərək Bizansla vuruşmada mühüm bir zəfər qazanmışdı1. Toğrul bəy oğuzların sayəsində Qərbi İranda mühüm uğurlar əldə etmiş, Büveyh oğulları dövlətini aradan götürmüş, xəlifəliyə və İraqi-Ərəbə hakim olmuş, oğuzların fəaliyyəti nəticəsində qüdrətini Bizans imperiyasına tanıtmışdı. İbrahim Yınalın əmrindəki İshaq oğlu İbrahim və Səxt Kaman ünvanlı oğuz bəyləri Həmədan bölgəsi və Kürdüstanın fəthində mühüm xidmətlər göstərmişdilər2. Buna baxmayaraq Toğrul bəylə qövmdaşlarının arası dəyməyə başladı ki, bu da dövlətin inkişaf çağlarının əvvəlində mühüm böhranların yaranmasına səbəb oldu.
Anlaşıldığına görə, Toğrul bəy və Alparslan öz eldaşları oğuzların əmrlərə arzu olunan dərəcədə itaət etməmələri və xüsusən də yağmaçılıq adətindən vaz keçməmələri üzündən şikayətçi idi. Hətta onlara qəznəvilərdən və deyləmilərdən keçən, yaxşı təlim görmüş türk məmlüklərini öz eldaşlarından üstün tutmağa başladıqları da görülmüşdür. Oğuzların öz başbuğlarına hörmət və itaətləri isə sərhədli və qarşılıqlı idi. Başbuğ da adətə görə bəzi vəzifələri yerinə yetirməli idi.
Bunlar olmadıqda hörmət və itaət ortadan qalxır, hirslə atlarına minən oğuzlar həmin ailəyə mənsub bir başqasının başına toplaşırdılar. Oğuzlar Toğrul bəyin onlara ürəkləri istəyən şəkildə yağmaya icazə vermədiyi üçün (halbuki o özü tez-tez yağmalı ziyafət verirdi), iranlı vəzirin təsiri altında olduğu üçün və məmlük əmirlərinə ən yaxşı vəzifələr bəxş etdiyi üçün ona qarşı kin bəsləyirdilər.
Toğrul bəy, Alparslan və başqaları həmişə yanlarında əmrə müntəzir, sadiq və itaətkar bir qüvvəyə sahib ola bilmək üçün Türküstandan Əndəlisə qədər islam aləminii hər bir ölkəsində xanədanlar tərəfindən qəbul edilmiş məmlük üsulunu mənimsəmişdilər. Hələ qəznəvilərlə mübarizə zamanı bir çox türk məmlükünün səlcuqlular tərəfinə keçdiyini bilirik. Dövlətin qurulmasından sonra həm qəznəvilərdən, həm də deyləmilərdən böyük miqdarda türk məmlükünün səlcuqluların xidmətinə girdiyi şübhəsizdir. Toğrul bəy və Alparslan itaətli, tərbiyəli, mühitə alışmış bu məmlükləri tez hirslənən, sərt xarakterli eldaşlarından üstün hesab edərək onları bacarıqlılarını mühüm vəzifələrə qoyurdular. M.H.Yınancın dediyi kimi3, Toğrul bəyin və Alparslanın məmlük sistemini mənimsəmələrində başda vəzirlər olmaq üzrə iranlı dövlət ərkanının mühüm rolu olmuşdur. 1058-ci ildə Toğrul bəyə qarşı üsyan edən İbrahim Yınalın başına çoxlu oğuz yığılmışdı.
İbrahim Yınal hökmdar olacağı təqdirdə onların aşağıdakı arzularını yerinə yetirməyi qəbul etmişdi:
1. İraqi-Ərəbə yürüş etməmək. Oğuzlar Toğrul bəyin komandanlığı altında İraq səfərlərində çox sıxıntı çəkmişdilər, əvəzində əllərinə heç nə keçməmişdi.
2. Sultanla, yəni Toğrul bəylə sülh bağlamamaq. Bu ikinci şərt oğuzların Toğrul bəyə qarşı necə hikkə bəslədiklərini göstərir. Toğrul bəy kimi müdrik bir hökmdarın bütün uğurlarının yeganə rəhni olan öz qövmünü özündən iyrəndirməsi doğrudan da çox təəccüblü haldır.
3. Məsləhətsiz heç kimi vəzir qoymamaq. Bu xüsus göstərir ki, Toğrul bəyin oğuzlara qarşı davranışında vəzirlər əhəmiyyətli rol oynamışlar. Xəlifə tərəfindən məğribin və məşriqin hökmdarı elan edilən Toğrul bəy İbrahim Yınalın qarşısında təhlükəli günlər keçirdi. Əvvəlcə Həmədanda, sonra isə hökumət mərkəzi Reydə ağır vəziyyətlərə düşdü. Qardaşı uşaqları Alparslan, Kavurd və Yakuti öz qoşunları ilə köməyə gəlməsəydilər, çox ehtimal ki, hökmdarlığını itirəcəkdi. Toğrul bəyin əsir alınan İbrahim Yınalı öldürtməsində məmlük əmirlərindən Xumar Təgin də mühüm rol oynamışdı. Bir müddət sonra Yınalın oğulları əmilərinn başqa bir məsələ üstündə hirsləndirən bu əmiri onun icazəsilə öldürdülər. Toğrul bəyin hakimiyyətinin son illərində onun başlıca əmirləri Ərdəm, Gövhər-Eyn, Xumar Təgin, Ay Təgin Süleymani idi. Onların hamısı məmlük mənşəli idilər. Onlardan Gövhər-Eyn səlcuqlular tərəfinə büveyhilərdən keçmişdi.
Belə çıxır ki, Toğrul bəy eldaşlarını məmnun edəcək əsaslı tədbirlər görmürdü, çünki türkmənlərin narazılığı davam edirdi. Hətta Arslan yabğunun oğlu Qutalmış da üsyan edərək 10.000 atlı ilə Gird-Kuh qalasına çəkilmişdi.
Toğrul bəy öldükdən sonra qaladan çıxan Qutalmışın başına türkmənlərdən çox qələbəlik bir ordu (deyilənə görə 50 min atlı) toplandı. Bu türkmənlərin çoxu Rey ilə Həmədan arasındakı bölgədə yaşayırdı. Qutalmış belə böyük orduya sahib olduğu halda Alparslanla vuruşmada qalib gələ bilmədi. 456-cı ilin məhərrəm ayında (dekabr, 1064) baş verən vuruşda məğlub oldu, özü isə döyüş meydanından qaçarkən öldü. Bir mənbənin məlumatına görə, Alparslan öz eldaşlarından, yəni türkmənlərdən çoxlu adam öldürmüşdür. Bu vuruşmada Alparslanın yanında Kül-Sarığ, Pəhləvan, Altun Tağ, Sav-Təgin, Buldacı, Sundacı, Sunqurca, Ağacı kimi əmirlər vardı ki, onların hamısı və ya əksəriyyəti məmlük mənşəli idi. Həm Toğrul bəyin, həm də Alparslanın böyük əmirləri arasında bir neçə türkmən bəyinin görünməməsi, həqiqətən təəccüblü haldır. Bu adlar məmlük sisteminin hələ səlcuqlu dövlətinin qurucuları dövründə necə də qüvvətlə mənimsənilmiş olduğunu göstərir.
Alparslan türklüyü nə qədər öysə də, eldaşları olan türkmənləri məmnun edən əsaslı tədbir görməmişdir. Belə anlaşılır ki, nə Toğrul bəy, nə Alparslan, nə də onun xələfləri məsələnin əhəmiyyətini başa düşməmişlər. Onların fəaliyyətində iranlı vəzirlərlə məmlük əmirlərin fikirlərinin daha üstün rol oynadığı açıq bir həqiqətdir. Alparslan məmlük əmirlərə mühüm vəzifələr tapşırarkən öz qövmündən olan bəylər Suriyada ərəb hökmdarların xidmətinə girməyə başlamışdılar ki, belə bir hadisə heç bir xalqın tarixində görünməmişdir.
Türkmənlər ancaq Bizans hüduduna göndərilir, orada onlara bir səlcuqlu şahzadəsi başçı təyin olunur, yaxud da onlar bir məmlük əmirinin buyruğuna verilirdilər. Belə əmirlərdən biri olan Gümüş Təgin 1069-cu ildə türkmən bəylərindən Bəgçi oğlu Afşin tərəfindən öldürülmüşdü. O biri il səlcuqlu xanədanının üzvü və eyni zamanda Alparslanın kürəkəni Ər-Basğanın Azərbaycandakı hüdud bölgəsində yaşayan navəkiyyə türkmənlərinin bir qismi ilə Bizans imperiyasına sığındığını bilirik. Ər-Basğanın nə üçün Alparslana asi olduğu məlum deyil. Halbuki Ər-Basğan Toğrul bəy öldüyü zaman Alparslanın taxta çıxmasını istəyən ən hərarətli tərəfdarlarından biri idi. Bu xüsus nə olursa-olsun, göstərilən misallar həll edilə bilməyən türkmən probleminin doğurduğu yeni böhranlardır. Ər-Basğanla birlikdə Bizans torpaqlarına girən navəkiyyələr həmin il oradan Suriyaya getmiş və burada işğal hərəkətlərinə girişmişdilər. Malazgird zəfəri türkmən məsələsinin dövlət üçün qismən də olsa, yeni böhranlar yaratmasının qabağını aldı. Türkmənlər xüsusilə Qutalmış oğullarının idarəsində Anadoluya yayıldılar. Ana yurddan İrana gələn türkmən elatları sonra oradan Anadoluya keçirdilər.
Alparslan 1072-ci ildə öldükdə qardaşı, Kirman məliki Kavurd böyük sultan olmaq üçün təşəbbüsə başladı. Bundan xəbər tutan Məlik şah və vəziri Nizamülmülkün ilk işi Rey-Həmədan arasındakı böyük düzənlikdə yaşayan türkmənlərin yanına getmək olmuşdur. Bu surətlə onlar xeyli pul sərf edərək türkmənlərin Kavurdun ətrafında toplanmasının qarşısını aldılar. Bu tədbir Kavurdun məğlubiyyətində mühüm amil oldusa da, türkmənlər zəfərin nəticəsindən köklü bir qazanc əldə edə bilmədilər. Məlik şah dövründə dövlət xidmətində ancaq bir neçə türkmən bəyi vardı ki, onlara da mühüm vəzifələr verilmirdi. Bu bəylərin ən tanınmışları soylu bir ailəyə mənsub və eyni zamanda ağıllı komandan olan Artuq bəy ilə Çabuq (Çubuq) və Antakya hakimi Alp oğlu Yağı Sıyan idi. Onlardan hətta Artuq bəyə də xidməti və dəyəri ilə mütənasib olan vəzifə verilməmiş, nəticədə o, Məlik şah xidmətindən çıxaraq Suriya məliki Tutuşun yanında xidmətə girmiş və son günlərini Qüds valisi kimi başa vurmuşdur1.
Ələlxüsus Məlikşah dövründə dövlətə hakim olan iranlı vəzir Nizamülmülkün türkmən probleminə büsbütün biganə qalmadığı bilinir. Nizamülmülk əsərində dövlətin ürkmənlərdən sıxıntı çəkdiyini göstərdikdən sonra türkmənlərin sayca çox olduğunu, bu dövlətin ilk illərində çox xidmət etdiklərini, zəhmətə qatlandıqları dövlətdə haqları olduqlarını bildirir və buna görə də hökmdarların qohumlarından və digər türkmən gənclərindən min və ya daha çox adamın məmlüklər kimi tərbiyə edilərək dövlət xidmətinə qəbul olunmalarını tövsiyə edir. Beləliklə, onların dövlətə qarşı duyduqları nifrətin ortadan qalxacağını, lazım gəldikdə 5-10 min adamlıq bir qüvvə ilə istənilən işin öhdəsindən gələcəklərini və dövlətin nemətlərindən faydalanacaqlarını yazır2. Ancaq iranlı vəzirin bu çox ağıllı tədbiri heç vaxt tətbiq edilməmişdir. M.H.Yınanc3 Nizamülmülkü türkmənləri imperiyanın ən fəsadçı ünsürü sayıb, onların bəylərini iş başından uzaqlaşdırmaqda ittiham edir.
Səlcuqluların oğuz olmayan karluq, qıpçaq kimi digər türk qövmlərinə mənsub məmlüklər, yəni qullardan ibarət seçmə ordularının nə qədər qüvvətli və dövlətə necə hakim olduğunu Məlikşahın ölümündən sonrakı hadisələr açıqca göstərir. Hələ Məlikşah zamanında seçmə ordudakı 7 min erməni məmlük əsgəri Nizamulmülkün etirazına baxmayaraq ordudan qovulmuşdu ki, bunun türk məmlük əsgərinin əməli olduğuna şübhə yoxdur. Türkmənlər də daxil olmaq üzrə bütün qövmi zümrələrin paxıllığını çəkən və onları xor görən bu türk məmlük əsgəri osmanlılardakı yeniçərilər kimi qüvvətli bir həmrəylik şüuruna və bunun verdiyi hədsiz qürura sahib idilər4.
Türk məmlük əmirlərinin də sultanlar kimi özlərinə tabe böyük miqdarda əsgəri qüvvələri vardı. Bu əmirlər atabəyləri olduqları səlcuqlu şahzadələri adından hərəkət edirmiş kimi görünərək hakimiyyəti ələ keçirmək üçün tez-tez meydana atılırdılar. Hətta hələ Məlikşahın ölümündən sonra səltənət mübarizələri zamanı Məlikşahın çox sevdiyi əmirlərindən biri olan Bilgə bəy ünvanlı Önür vəzir Nizamülmülkün oğullarından birinin təşviqi ilə İsfahanda özünü şah elan etmişdi.
Məmlük sistemi yalnız İran səlcuqlularında deyil, Anadolu səlcuqlularında, çox qısa davam edən Suriya səlcuqlularında da qəbul edilmişdi. Əlcəzair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər. Suriyada zəngiləri əvəz edən kürd mənşəli Əyyubilər də bu sistemi davam etdirmişlər. Əyyubilərin məmlükləri 1250-ci ildə ağalarının hakimiyyətinə son qoyaraq əvvəlcə Misirdə, sonra isə Suriyada öz ökmranlıqlarını qurdular. Qəznəvilərin yerinə keçən gurların da seçmə ordularının türklərdən ibarət olduğu məlumdur.
Gur xanədanına mənsub türk məmlükləri isə Hindistanda bir məmlük sultanlığı yaratdılar. Hətta Mavəraünnəhrdəki qaraxani xanədanı belə bu sistemi mənimsəmişdir. Məsələn, Sultan Səncərin müasirlərindən Əhməd xanın 12 min türk məmlükü olduğunu bilirik. Bu misallardan belə çıxır ki, xanədanlar varlıqlarını əmniyyət altına almaq və hakimiyyətlərini davam etdirə bilmək üçün bu sistemi qəbul etmək məcburiyyətində idilər. Bu sistem qarşısında hərbi qəbilə sisteminin müvəffətiyyət qazanması asan iş deyildi.
İslam xanədanlarının öz seçmə ordularını türk məmlüklərindən təşkil etmələri məsələlərinə gəlincə, bu, məmlükləri asanlıqla toplaya bilməkdən deyil, onların hərb sənətinin vacib qıldığı xüsusiyyətlərə malik olmalarından doğurdu. Məsələn, Misirdə ən yüksək muzdla tutulan məmlüklərin türklər olduğu məlumdur. Türklər mahir minicilər olub at üstündə ustalıqla ox atır, nizə işlədirdilər, bundan başqa, iqlim şərtlərinə dözümlü, intizamlı, cəsur və soyuqqanlı insanlar idilər. Yeganə qüsur kimi gecə döyüşlərində bəzi qövmlərə nisbətən daha bacarıqsız olduqları söylənilir.
Hansı xanədana xidmət etməsindən asılı olmayaraq türk məmlük əsgərinin qövmi şüurdan məhrum olmadığına dair əlimizdə çoxlu dəlil vardı. Əsasən yad ellərdə - ərəb və əcəmlər arasında yaşamaları onlardakı qövmi şüuru qüvvətləndirdi. Fatimi xəlifəsi Misirdəki türk əsgərlərinin çıxmasını Nurəddin Mahmuddan xahiş edəndə bu hökmdar ona firənglərin nizələrinə ancaq türklərin oxları qarşı dura bilər, firənglər yalnız türklərdən qorxurlar deyə cavab vermişdi. Məmlük sistemi xüsusilə İran və Suriyada türkmənləri yüksək dövlət xidmətlərindən məhrum etmişsə də, əvəzində onların ərəblər kimi tənəzzülə uğramalarının qarşısını almışdır.
Bütün bunlarla bərabər türkmənlər büsbütün təcrid olunmuş deyildilər. Əslində, qələbəlik və vuruşqan olan bu qövmə qarşı hər hansı bir şəkildə hərəkətdə bulunmaq imkan xaricində idi. Bu səbəbdən türkmənlər hər yerdə, hətta Mavəraünnəhrdə belə dövlətlərin hərbi birləşmələri arasında yer tutdular, göytürk dövlətində olduğu kimi Anadoluda, İranda və Suriyada dövlətin əsaslandığı ikinci mühüm bir ünsür, bitməz-tükənməz ehtiyat qüvvə rolunu oynadılar, ərəblərin, kürdlərin və digər xalqların baş qaldırmasına mane oldular.
Türkmənlər Yaxın Şərqdə əsasən hüdud bölgülərində yurd salmışdılar. Bundan həm özləri, həm də tabe olduqları sülalələr razı idi. Onlar düşmən ölkələrə axınlar (hücumlar) etmək və oralardan gələn təhlükələri dəf eləmək surətilə bağlı olduqları xanədanlara xidmətdə bulunur, özləri üçün də «doyumluq» qazanırdılar. Türkmənlər hüdudlar üçün o qədər lazımlı ünsür idilər ki, İmadəddin Zəngi Şəhrizor bölgəsindəki yıva türkmənlərindən bir qismini səlibçilərin Suriyadakı hüdudlarına gətirərək orada onlara yurd vermişdi. Hüdudlardakı türkmənlərin ən qələbəlik kütləsi Anadoluda, Bizans hüdudlarındakılar idi, onların şöhrəti hər yana yayılmışdı.
Türkmənlərdən bəzi zümrələr isə sərhəd vilayətlərdə və hücra guşələrdə yaşayırdı. Türkmən bəylərinin bir çoxu doğrudan-doğruya, bölgələrin hakimi olduqları kimi, bir çoxu da dirlik (iqta) sahibi idi. Bəzi türkmən zümrələri isə dövlətə vergi verən rəiyyət vəziyyətində idi. Türkmən bəyləri də məmlük valiləri kimi fürsət düşdükcə yaşadıqları bölgələrdə və ya şəxsən özlərinin fəth etdikləri yerlərdə bəyliklər qurmuşdular.
Nəticə olaraq onu göstərək ki, başda öz doğma qövmlərinə biganə qalmaları üzündən səlcuqlu xanədanları və onların məmlükləri tarix səhnəsindən silinib getdilər. Halbuki türkmənlər türklüyün əsil nümayəndələri kimi onun varlığını davam etdirdilər. Türkmənlərin səlcuqlular dövründəki vəziyyətlərinə dair bu müştərək xüsusları qeyd etdikdən sonra indi ana yurddakılar da daxil olmaq üzrə onları ayrı-ayrı tədqiq etməyə çalışaq.
I. MAVƏRAÜNNƏHR
Oğuzlar və ya türkmənlər səlcuqlular dövründə və sonra dalğalar halında Yaxın Şərq ölkələrinə gəlməklə birlikdə XII əsrin ikinci yarısında və monqol istilası zamanı onların mühüm bir qismi Buxara yaxınlığından Cənd və Yeni Kəndə qədər uzanan sahədə yaşayırdı. Sır-Dəryanın sağ sahilindəki torpaqlar qanlı-qıpçaqların əlində idi. O tərəfdə türkmənlərin olub-olmadığı dəqiq bilinmir. XII əsrdə Mavəraünnəhrdə qələbəlik bir karluq kütləsi də vardı. Onlar Qaraxanilərə itaət etmirdilər, əvəzində türkmənlərlə münasibətlərinin yaxşı olduğu görünür.
1156-cı ildə karluqlar Tamğaç İbrahim xanı öldürdülər. Buna cavab olaraq yeni xan Cəlaləddin Çağrı (Kök Sağun) karluq başbuğu Bəyğu xanı öldürdü, digərlərini isə qırmağı planlaşdırdı. Belə olduqda Bəyğu xanın uşaqları və digər karluq bəyləri Xarəzmşah İl-Arslana pənah apardılar. Kök Sağun karluqlara kömək məqsədilə İl-Arslanın böyük bir ordu ilə gəldiyini eşitcək Qara göldən Cəndə qədər uzanan bölgədəki türkmənləri bir yerə yığaraq Səmərqənddə müdafiə hazırlıqlarına başlamış, digər tərəfdən də qara-xıtaylardan kömək istəmişdi1. 1220-ci ildə monqollar Cənd, Özkənt, Barçınlı Kənt və Yeni Kənti aldıqdan sonra bu bölgədə yaşayan türkmənlərdən 10 min nəfərlik qoşun təşkil edərək onu Taynal noyonun tabeliyinə verdilər. Taynal bu qoşun da daxil olmaqla komandası altındakı ordu ilə Xarəzmə yürüş etdi. Ancaq türkmənlər yolda üsyan edərək onlara başçı təyin olunmuş monqolu öldürdülər. Avanqardda gedən Tanyal bunu eşidib geri döndü və türkmənlərin əksəriyyətini qırdı, qalanları isə Mərv və Amuya tərəflərə qaçdılar. Beləliklə, monqol istilası səbəbilə köhnə yurdda qalan türkmənlərin çoxu buraları tərk edərək Xorasana toplaşdılar2. Bununla bərabər, 1273-74-cü illərdə Barçınlı Kəntdə olmuş Camal Karşi bu şəhərdə tərakimə, yəni türkmənlərin yaşadığını bildirir3. XIV əsrdən etibarən artıq Sır-Dərya boyunda türkmənlərin yaşadıqları barədə mənbələrdə məlumat verilmir.
2. MANQIŞLAQ
Türkmənlərin mühüm bir kütləsi X əsrdən bəri bu bölgədə yaşayırdı. Manqışlağın coğrafi mövqeyi səbəbilə buradakı türkmənlərin monqol istilasından ziyan çəkmədikləri bilinir. Türkmənlər burada əvvəlcə Qızıl Orda xanlarına, sonra isə Xarəzm hökmdarlarına tabe olaraq XVII əsrə qədər yaşamışlar.
3. BALXAN
Bura türkmənlərin ən təhlükəsiz yurdlarından biri idi. Belə ki, onlar həmişə yalnız burada məskun ola bilmişlər. Səlcuqlular dövründə bu bölgədəki türkmənlərin Manqışlaqdakına nisbətən sayca daha az olduqları məlumdur.
4. XORASAN
Səlcuqluların öz dövlətlərini Xorasanda qurmalarına baxmayaraq bu bölgədə aşağıda haqlarında danışılacaq oğuzlardan əvvəl az və əhəmiyyətsiz bir türkmən ünsürünün yaşadığı bilinir. 553-cü ildə (1158) Kuhistan bölgəsində yaşayan türkmənlərdən bir hissə o dövrlərdə Xorasanda fəaliyyətdə olan oğuzlara daxil deyildi. Özləri başqa yerdə olduqları vaxt bu türkmənlərin obalarına ismaililər hücum edərək davarlarını yağmalamış, arvad-uşaqlarını əsir almışdılar. Ancaq türkmənlər ismaililərin dalınca düşərək onları haxlamış, mallarını və ailələrini xilas etmiş, 9 nəfər istisna olmaqla ismaililəri tamamilə qırmışlar1.
Dostları ilə paylaş: |