ÖLÜm seviNCİ



Yüklə 238,11 Kb.
səhifə2/4
tarix21.10.2017
ölçüsü238,11 Kb.
#8119
1   2   3   4

-Şəhərə gələ bilərsən?

-Hə, yaxşı.

Şahini ona görə çox istəyirəm ki, ən çətin və ən çox kimləsə dərdləşməyə ehtiyacım olanda o, yanımda olur. Mən də çalışdıqca onun köməyinə çatıram.

Saat 11. Və biz küçə boyunca addımlayırıq.

-Lyusan necədir?-soruşdum.

-Lyusa kimdir?-təəccüblə soruşdu.

-Necə yəni kimdir? Sevgilin!

-Həəə.-Şahin sanki uzaq keçmişi xatırlayırmış kimi gözlərini uzağa zillədi.-Heç nə. nə olacaq ki? Ayrıldıq onunla. Çoxdan.

-Çoxdan deyəndə ki...Mən bilən 3 həftə bundan əvvəl.

-Hə, deyəsən elədir. Ondan sonra biri ilə tanış olmuşam. Adı Fidandır.

-Bu dəfə deyəsən, öz millətimizdəndir.

-Hə. Qurban olum özümüzünkünə.

Arada sükut yarandı. Şahin bir anlıq ayaq saxladı. Mən də qeyri-ixtiyari ayaq saxladım. Sonra yoluna davam etdi. Mən də davam etdim.

-Nə oldu? Nə yadına düşdü?

-Bilirsən, nə var?-onu ilk dəfə idi ki, belə düşüncəli görürdüm.-Dünən bir kinoya baxdım. O kino mənə elə pis təsir etdi ki...

-Nədən bəhs edirdi ?

-Bir kişinin həyatından...Bilirsən, ən çox mənə hansı səhnə təsir etdi?

-Hansı?

-Kişinin 50-60 yaşları vardı. Hələ də tək idi. Və hələ də fahişə yanına gedirdi. Fahişəyə pulu verir. Qız onu öpüb qapıdan çıxır və kişi ağlamağa başlayır. Növbəti səhnədə paltoda kafedə oturur və divara qıslır. Yanından gənc sevgililər keçir. Və o həsrətlə gənc sevgililərə baxır...



Arada sükut yarandı. Bir müddət nə mən, nə də Şahin danışmadıq. Bilirdim, Şahin bununla nə demək istəyir. Başa düşürdüm Şahini ən çox nə məyus etmişdi.

-Bilirsən?-o, sükutu pozdu.-Düşünürəm ki, bizim sonumuzdamı belə olacaq? Daha neçə qucaqlarda unutmaq istəyəcəyik tənhalığımızı? Neçə soyuq qucaqlarda isinməyə çalışacağıq? Bilirsən? elə bil həmin kino mənim üzümə soyuq su çilədi. Mən heç vaxt qocalığım barədə düşünməmişdim. Elə bilirdim, həyatım elə beləcə -şən, sərbəst münasibətlər, qızlarla keçəcək. Ama hərdən elə istəyirəm ki, ailəm olsun. Öz ailəm. yaşlananda yanında ola biləcəyim ailəm...

Çevrilib Şahinə baxdım. Gözləri dolmuşdu. Ilk dəfə idi ki, onu belə vəziyyətdə görürdüm. Keçib, yolun kənarındakı skamyaların birində əyləşdi. Mən də onun yanında əyləşdim.

-Biz qurbanıq, Camal! 21-ci əsrin sevgisizlikdən əzab çəkən qurbanları! Atam, anam hər dəfə mənə “ evlən” deyəndə, onlara deyə bilmirəm ki, “ata, ana, mən sevə bilmirəm”. mən sevgiyə inanmıram. Ailə qurmaq istəmirəm. Ama mən tənhalığı da sevmirəm. həyatımdakı qadınlar gəldi gedərdir. Bilirəm ki, bir gün Fidan da gedəcək. O, gedəcək, başqa birisi gələcək. Ama bir gün o başqa birisi də çıxıb gedəcək. Və mən o kinodakı yaşlı kişi kimi ancaq fahişlərlə keçirəcəm günlərimi. Və həsrətlə gənc sevgililərə baxıb, köks ötürəcəm. biz elə zəmanənin insanlarıyıq ki, mənəvi dəyərlər ölüb artıq, insanlar heç nədən zövq ala bilmirlər. Ailələr çox tez və asanlıqla dağılır, xəyanət və yalan reytinq vurur. Sevgi çoxdan təqaüdə çıxıb, hisslər çoxdan “fahişələşib”. Mən belə bir zəmanədə yaşamaq istəmirəm, Camal,istəmirəm. –o, əlləri ilə üzünü tutdu. Və uşaq kimi hönkür-hönkür ağlamağa başladı. Mən hələ də gördüyüm mənzərə qarşısında şokda idim. Necə yəni Şahin ağlayır? Həmişə gülən, həyata heç vaxt ciddi yanaşmayan Şahin indi ağlayır. Mən elə zənn edirdim ki, Şahinin heç nə vecinə deyil. Mən elə bilirdim ki, təkcə əzab çəkən mənəm. Mən elə bilirdim, Şahin həyatından razıdır. Ama indi, qarşımda uşaq kimi hönkür-hönkür ağlayan adam mənə göstərdi ki, heç də hər şey göründüyü kimi deyilmiş. Heç də bütün xöşbəxt görünən insanlar xöşbəxt deyilmiş...

-Mən nağıllara inanmaq istəyirəm. –o, hıçqıraraq danışırdı.-Anamın mənə körpə ikən danışdığı nağıllara. Mən “fahişələşmək” istəmirdim. Mən təmiz qalmaq istəyirdim. Mən “mələyimi” istəyirdim. Hərdən özüm özümdən iyrənirəm. Hərdən öz atama qibtə edirəm. Ən azından o evləndi, ailəsinin qayğısını çəkdi, uşaqlarını böyütdü. Mən heç atam qədər də ola bilmədim. Mən “ailə” məsuliyyətindən qaçan qorxağın biriyəm. Mən

asan, ucuz münasibətlərə üstün verən alçaq, şərəfsizin biriyəm. Neçə qızın qəlbini qırdım. Neçə qızın xəyallarını dağıtdım. Neçə qızı “fahişələşdirdim”. Neçə qız mənə görə Sevgiyə nifrət etdi. Mən alçağam, Camal. Mən 21-ci əsrin şərəfsizlərindənəm,Camal!


Mən sakit dayanmışdım. Ama mən də ağlayırdım. Şahin kimi. Sadəcə o, göz yaşlarını bayıra axıdırdı, mənsə içimə.

Bizi nə vaxt böyütdülər? Nə vaxt bu qədər qocaldıq? Nə vaxt bu qədər “fahişələşdik”? nə vaxt uşaq nağılları üzümüzə tüpürdü? Daha neçə insan var Şahin kimi ağlayan? Daha neçə insan var mənim kimi ağlayan?


Əslində Şahinlə dərdləşmək üçün onu çağırmışdım. Ama onunla etdiyim söhbət daha da ürəyimi sıxdı. Və mən həmin gecə evimin qapısını açıb girəndə, mən anladım niyə ayrı evə çıxdığımı: mən evdəkilərdən daha tez qocalmışdım. Onlar məni “qocalar evi”nə qoymadan mən özüm çıxıb getdim. Mən qocalmışdım. Onların həyat addımlarına ayaq çatdıra bilmirdim. Onların hələ də bu həyatda məqsəd və arzuları vardı. Mənsə ölümü gözləyirdim....

Işıqları yandırmadan pəncərəyə yaxınlaşdım. Səmaya baxdım. Və hiss etdim ki yanaqlarımdan aşağıya nəsə axıb sinəmə düşür. Nəsə isti və duzlu...Bir anlıq 25 illik həyatıma göz gəzdirdim. Ama təkcə sevgi tərəfdən. Mən necə də romantik idim. Necə də sevgi dolu olmuşam. Mən necə də ürəkdən və möhkəm sevmişəm. Ama hər dəfə uğursuzluq. Hər dəfə ümidlərin puça çıxması...

Həyatımın sevgi səhifələrini vərəqlədikcə ancaq ümidlərin puça çıxması...Başqa heç nə. görəsən, mənmi ümidsiz idim yoxsa sevgi məndən qaçırdı? Niyə? axı mən həqiqətən sevmək və sevilmək istəyirdim. Niyə hər addımbaşı uğursuzluq? Niyə? Niyə sevgiyə bu qədər möhtackən niyə qaçıram ,uzaqlaşıram sevgidən? niyə qəlbimi hiss etmirəm? niyə bərk-bərk döyünmür əvvəlki tək? Niyə artıq kiməsə maraq göstərə bilmirəm? niyə daşlaşmışam? Niyə çevrilmişəm heykələ? Allahım, nə olar bir şey elə! Susma belə! Görmürsənmi necə əzab çəkirəm?! mənə çox çətindir. Çox çətindir belə yaşamaq. Mən sevmək istəyirəm. mən heç kimi istəmirəm, sadəcə öz sevgi payımı istəyirəm. Yəni bu qədərmi çətindir milyonlarla insan içindən sadəcə birini qismətimə yazmaq? Mən daş heykəl kimi yaşamaq istəmirəm. Mən qəlbimi hiss etmək istəyirəm. mən nəsə hiss etmək istəyirəm. mən onu istəyirəm. təkcə onu. Sənin mənə rəva bildiyin onu...
Ağlayıb, üsyan edib, yalvarıb, dua edəndən sonra nə vaxt yuxuya getdiyimi xatırlamıram. Ama gözlərimi açanda gördüm ki, elə divandaca qıvrılıb yatmışam. Özümü əzgin hiss edirdim. Dərhal telefonumdakı saata baxdım. Işə getməliydim. Şirkətə maraqlı deyil dünən sən özünü necə hiss edirdin. Vaxtında işdə olmalısan. Prinsip bu idi.

Ayağa qalxdım. Vanna otağına keçdim. Vanna otağından çıxıb, paltarımı dəyişmək üçün yataq otağına keçdim. Paltarımı dəyişəndən sonra yenidən qonaq otağına keçdim. Və birdən donub qaldım. Orada biri var idi. Orada –pəncərənin içində kimsə oturmuşdu. 1 qız. Təxminən 13-14 yaşlarında bir qız. Ağ don vardı əynində. Çəhrayı düyməli ağ don.

-Sən kimsən? –təəccüblə qıza baxırdım. Axı bu necə ola bilər? Bayaq mən bu otaqdan çıxanda heç kim yox idi. Qız da təəccüblənmişdi. Sualın ona ünvanlandığından tərəddüd edərək, ətrafına baxdı.

-Hə, sən! Sənə deyirəm. Sən kimsən?-mən baş barmağımı ona tərəf tuşladım.

-Sən məni görürsən?-O, təəccüblə mənə baxırdı.

-Əlbəttə. Niyə görməyim ki?-mənim ağlımdan minlərcə ehtimal keçdi: bəlkə

Oğrudur. Ama oğruya oxşamır axı. Bəlkə qapı açıq qalıb. O da səhvən girib. Ama elə oturub ki, elə bil bu evi çoxdan tanıyır. Axı kim ola bilər?

Qız tərəddüdlə pəncərə içindən yerə tullandı. Mənə baxdı. Mənsə ona baxırdım. Ondan cavab gözləyirdim. O, isə nə cavab verəcəyini bilmirmiş kimi əvvəlcə mənə baxdı və birdən qapıya doğru qaçdı. Qaçarkən yanımdan keçdi və çiyni qoluma dəydi...

Bu nə idi? Bu hiss...Sanki bədənimdən cərəyan keçdi. Sanki elektroşok verdilər mənə. Bu hiss! Bu hiss elə bir hiss idi ki, sanki sənə cənnəti göstərirlər, ama 1 saniyəlik. Və sən bu 1 saniyədə başa düşürsən ki, bu hiss indiyə qədər yaşadığın heç bir hissə oxşamır. Və sən anlayırsan ki, heç bir hiss möhtəşəmliyinə görə bu hissə çata bilməz. bu hiss o qədər xoş, eyni zamanda o qədər ani oldu ki, mən nələrin baş verdiyini dərk etmədən, bir də ətrafıma baxıb gördüm ki, o, yoxdur. O getmişdi. Dərhal qapıya tərəf qaçdım. Qapının dəstəyini tutub dartdım. Qapı bağlı idi. Bu necə ola bilər axı? O qız ruh idi? Bir andaca bədənimin necə soyuduğunu hiss etdim. Soyuq tər məni basmışdı. Həmişə paranormal hadisələrdən bəhs edən verilişlərə baxarkən düşünürdüm. Niyə mənim başıma belə hadisələr gəlmir? Budur! Başıma gəldi! Mən bu gün bir ruh gördüm. O danışdı. “Sən məni görürsən?” deyə sual verdi. Deməli o, gözləmirdi ki, mən onu görə bilərəm...

7
***

Işdə bütün gün ərzində ancaq bu səhər gördüyüm o qız və onun qaçarkən mənim qoluma toxunması ilə mənim keçirdiyim qısa ama möhtəşəm hiss haqda düşünürdüm. Istədim bu haqda Şahinə danışım. Ama bugün nədəndirsə vaxt olmadı və şərait yaranmadı. Sanki hansısa qüvvə mənə mane olurdu ki, mən bu haqda kiməsə danışım. Bu gün işdən evə böyük bir həvəslə getdim. Sanki qapını açar-açmaz onu görəcəm, o yanımdan qaçıb gedəcək və uzaq olsa da mən o duyğunu hiss edəcəm. O duyğu o qədər ani və qısa idi ki, heç adını qoya bilmədim.

Ama ev qaranlıq və boş idi. Soyuq divarlar qarşıladı məni həmişəki kimi...

Bütün axşam gözüm ətrafı gəzirdi. Onu axtarırdım. Elə çox istəyirdim ki, onunla danışım. Qorxmurdum ondan. Sadəcə onunla danışmaq istəyirdim. Hələ də səsi qulaqlarımda idi: “Sən məni görürsən?”

Pəncərəyə yaxınlaşdım. Gözlərimi yumdum. Xəyalımda onu gördüyüm səhnəni yenidən canlandırmağa çalışdım. Yoqa və meditasiya kitablarında oxuduqlarımı tətbiq etməyə çalışdım: “Əgər bütün diqqətini və ruhunu ona verərsənsə o gerçəkləşər” mən də istəyirdim. Onu yenidən görmək istəyirdim.

-Haradasan?-durmadan bu sualı səsləndirirdim ruhumda.

Gözlərimi açdım. Və qapı döyüldü. Diksindim və dərhal qapıya tərəf yönəldim. Qapını açdım. Və yerimdə donub qaldım. Bu o idi. Bu səhər pəncərənin içində oturan o qız. Bu dəfə daha yaxın idik. Və mən onun gözəl simasını aydınlıqla görə bilirdim. Onun uşaqsı siması o qədər nurani və təmiz idi ki...Baxışları o qədər məsum və saf idi ki, bir anlıq hiss etdim ki, onun baxışlarında donub qalmışam.

-Keç içəri.-dilimdən qeyri –ixtiyari bu söz çıxdı. Onun kim olduğunu və niyə bura gəldiyini belə soruşmadım. Qorxdum. Onun çıxıb gedəcəyindən qorxdum. Istəmirdim o getsin.

O, asta addımlarla evə keçdi. Və mən o an hiss etdim ki, mənim 1 ildir kirayələdiyim ev indiyə qədər bu qədər gözəl qonaq qarşılamayıb. Divarlar gülürdü sanki. Evim işıqlandı sanki. O, keçib yenə pəncərənin içində oturdu. Mənsə onun qarşısında –divanda əyləşdim. Üzbəüz dayanmışdıq. Və mən ağzımı açmağa belə, cürət etmirdim.

-Məni tanıyırsan?=ona ilk sualım bu oldu.

-Bəli-o, cavab verdi.

Diqqətlə ona baxırdım. Ama onun baxışlarında heç bir ifadə yox idi, nə sevinc, nə kədər, nə təəccüb, nə qəzəb.

-Haradan tanıyırsan?-mən zəif səslə soruşdum. Çalışdıqca ehtiyatla danışırdım. Çünki onu qorxutsaydım, o, çıxıb gedə bilərdi. Və mən onu saxlaya bilməzdim. Mən istəmirdim o getsin.

-Sən axı mənim qismətimsən.

-Nə?


-Sənin qismətin mənəm. Sadəcə biz qovuşmamışdan əvvəl mən ölmüşəm.

Nitqim qurumuşdu. Içimdə o qədər sual səslənirdi ki...Ama onları dilə gətirə bilmirdim. O, bunu hiss etdi və içimdə səslənən bütün suallara özü cavab verdi:

-İnsanlar doğulanda Allah artıq onların qismətini, alın yazısını yazır: o, neçə yaşında və harada öz qismətinə rast gələcək. Biri var alın yazısı, biri də var taleh yazısı. Alın yazısı dəyişməzdir. Nə yazılıbsa onu yaşayacaqsan. Ama taleh yazısı dəyişə bilər. Sən doğulanda sənin taleyinə yazılmışdı: mən yazılmışdım. Sən 24 yaşında olanda biz kitab sərgisində qarşılaşmalı idik : 12 mart 2011-ci ildə. Saat 12-də. Ama belə olmadı...

Susurdum. Ama içimdə üsyan qopurdu: Niyə? deyə. Həmin günü xatırlamağa çalışdım. Həqiqətən də 12 mart tədbir var idi. Mən ora getməyi planlaşdırırdım. Ama son anda qərarımı dəyişdim və getmədim.

-Çünki mən bir yol qəzasında öldüm. 13 yaşında. Yəni məni gördüyün bu yaşda. Əslində mənim 23 yaşım var, yəni dünya vaxtı ilə.

-Necə oldu yol qəzası?-ağlamaq istəyirdim. Eşitdiklərim və hal-hazırda yaşadıqlarım qarşısında bilmirdim təəccüblənim, şok keçirim yoxsa ağlayım. Mənim bir qismətim varmış. Ama biz rastlaşana qədər o, artıq ölübmüş. Mənim ikinci hissəm ölmüşdü. Mənim ruhumun yarımçıq qalan o bir parçası ölmüşdü.

-Həmin gün maşını əmim sürürdü. Toydan çıxmışdıq. O, çox içmişdi. Atam çox dedi ki, “ver maşını mən sürüm”. Əmim razılaşmadı. Və qəzaya uğradıq. Qəzada atam, anam , əmim və bir də mən vardıq. Qəzadan sonra əmim ağır yaralandı və şikəst qaldı. Anamla atam yüngül xəsarətlə qurtuldular. Mənsə...Mənsə qəza yerindəcə keçindim. Çünki maşının ən çox mən oturan tərəfi əzilmişdi.

Arada sükut yarandı. Mən sevdiyim insanı xəyal etdiyim, onu necə axtaracağımı, onunla necə görüşəcəyimi xəyal etdiyim anları xatırladım. Neçə il onsuz yaşa. Neçə il onu xəyal et. Neçə il ancaq onu gözlə...Ama sən demə o, ölübmüş. O, həyatda yox imiş. Bütün bu illər ərzində o, bu həyatda yox imiş. Mən hələ indi dərk edirdim, niyə “ o gün olsun sənin toyun olsun” sözünə heç vaxt “ inşaallah” demək istəmirdim. Mən hələ indi dərk edirdim, niyə heç bir qızda ruhum tamamlanmırdı, niyə heç bir qıza yaxınlaşmaq belə istəmirdim. Mənim qismətim o idi. Qarşımda dayanan 13 yaşında bir uşaq. Məsum çöhrəli bir qız. O an “bəs mən niyə yaşayıram?” sualı keçdi beynimdən. axı mən niyə hələ də yaşayıram, əgər qismətim artıq ölmüşdüsə.

-Bəs haradan bildin ki, mən sənin qismətinəm?

-Mənə dedilər.

-Kimlər?

-Mələklər.Mən səni çoxdandır tanıyıram.

-Nə vaxtdan bəri?

-12 mart 2011-ci ildən bəri...

-Axı mən o kitab sərgisinə getməmişdim.

-Bilirəm. sən o gün evdə idin. Səni görmək üçün kitab sərgisinə getməyə ehtiyac yox idi. Biz həmin tarixdə görüşməli idik. Və həmin tarixdə də görüşdük. Sadəcə sən məni görmürdün...

-Deməli, sən o gündən bəri həmişə yanımda olmusan?

-Həmişə deyil. Bəzən...Yəni bizə icazə veriləndə.

-Kim icazə verir? Allah?

O, qəfildən ayağa qalxdı. Və getmək üçün qapıya tərəf baxdı. Mən yerimdən dik atıldım.

-Bağışla, nə olar, bağışla!-ona tərəf addımladım: -Getmə! Nə olar getmə! Söz verirəm, istəmədiyin heç bir sualı verməyəcəyəm. hətta heç danışma belə. Ama getmə. Nə olar getmə. Sənsiz yetərincə qalmışam.-deyib, onun əlindən tutdum. Sanki yumşaq pambığa toxundum. Bu cismani hiss deyildi, bu ruhi bir hiss idi. Və o hiss... o hiss...o hiss...Adını qoya bilmədiyim o hiss...O hissin adı yoxdur. O bir duyğudur. Doğmalıq duyğusu. Sanki əvvəl nəsə yarımçıq idi, ama indi tamamlandı. Sanki əvvəl hisslərim donmuşdu, ama indi tək-tək buzları əriyirdi. Sanki indiyə qədər yaşadığım bütün duyğular saxta idi, ama indi keçirdiyim hissləri dərinliyinə qədər hiss edirdim. Sanki hiss etməyin nə olduğunu hələ indi hiss edirdim. Mən hələ indi dərk edirdim əsl hiss nə olan şeymiş. Gözlərimi açdım. O getmişdi...
8
***

Etiraf edirəm ki, mən indiyə qədər sevmımişəm. sevdiyimi sanmışam, vurulmuşam, aşiq olmuşam, öyrəşmişəm, bağlanmışam, ama sevməmişəm. Əsl sevgi duyğusunun nə demək olduğunu bilməmişəm.

Etiraf edirəm ki, mən indiyə qədər yaşamamışam. Boğulmuşam, sürünmüşəm, yaşamağa çalışmışam, nəfəs almağa çalışmışam, ama yaşamamışam. Çünki heç kim mənə indiyə qədər əsl sevgini göstərməmişdi. Heç kim və heç nə mənə yaşamağın necə gözəl bir hiss olduğunu hiss etdirməmişdi.

Sən demə, indiyə qədər yaşadığım sevinc, xöşbəxtlik hissləri saxta imiş. Insan əslini görməyincə, heç vaxt anlamır ki, yaşadığı hisslər, əslində saxtadır.

Mən əsl hissi yaşadım. Mən əsl xöşbəxtliyin nə demək olduğunu bildim. Bunu mənə o göstərdi. O, göstərdi ki, haradasa təmiz bir dünya var. Haradasa əsl sevgi və saf hisslər var. Onun dünyasında. Onun olduğu dünyada...

Həyatda insanlarla əhatələnirsən: yaxınlar, tanışlar, iş yoldaşları, ailə üzvlərin, tanış olmayanlar və s. insanları tanıyırsan və zamanla onları olduğu kimi qəbul edib, həyatına daxil edirsən. ya da onlar sənin həyatına daxil olurlar. Bilirsən ki, onların arasında asanlıqla səndən üz çevirəcək insanlar var. Bilirsən ki, onların arasında yalan danışanlar, qəlb qıranlar, laqeyd olanlar, beyni “çirklənmiş”lər, qəlbi “daşlaşmış”lar da

var. Bütün bunlara insanlar deyirlər. Bütün bu insanlar bir kənara. Bir də o var! Kim ki, mən onu heç kimlə, heç nəylə, heç bir varlıqla, heç bir məfhumla müqayisə etmirəm. o, bir duyğudur –adı DOĞMALIQ! O, bir uşaqdır. –adı TƏMİZ! O, bir varlıqdır-ruhu SAF!

Mən onu tanıdım. Və onu tanıdıqca özümdən iyrənirdim. O, o qədər saf, məsum və təmiz idi ki...Pis şeylərdən, pis fikirlərdən, pis hisslərdən o qədər uzaq idi ki, onun yanında özümü murdar və çirkli hiss edirdim. Onun duyğuları saf idi. Onun baxışları saf idi. Onun hər zərrəsi saflıqdan yaranmışdı.

Bəli, mənim həyatım 180 dərəcə dəyişdi. Bəli, mən indi daha çox hiss edirəm-sinəmin sol tərəfindəki döyüntüləri, ruhi həzzi, ruhi huzuru...

Öyrəşmək. Mən birinə öyrəşmişəm. özü də bu öyrəşmə əvvəlkilər kimi deyil. Bu bağılılıqdır. Bu, həddindən artıq bağlılıqdır. Bu, təsəvvür edə bilməyəcəyin qədər bağlılıqdır. Bu, onu görmədən nəfəsinin kəsildiyi anlardır. Bu, onu gördüyün zaman da nəfəsinin kəsildiyi anlardır. Onunla olan dəqiqələrim mənə bu həyatdakı hər şeydən və hər kəsdən dəyərlidir. Çox dəyərlidir. Bilmirəm bu hissi necə izah edim. Mən şair deyiləm. nə də yazıçılıq qabiliyyətim yox idi. Mən, o gələnə kimi, hissiz, duyğusuz, ağla qara arasında fərq qoymayan biri idim. Mən hisslərimi tapa bilmirdim. Ama indi tapdım. Bu, uşaqsı duyğulardır...Bilmirəm necə deyim...


-Mən ölmək istəyirəm.-onun düz gözlərinin içinə baxaraq dedim.

-Niyə?- o, təəccüblə soruşdu.

-Necə yəni niyə? məgər anlamırsan mənə necə çətindir? Sən birdən peyda olursan. Özünü mənə öyrəşdirirsən. və birdən də qeyb olursan. Heç bilirsən, mənə necə əzab verirsən? sənin növbəti gəlişini gözləyənə qədər nə qədər sıxıntılar keçirirəm. Heç bilirsən? Hələ üstəlik səni bir də görə bilməyəcəyim qorxusu.

O, elə məsum gözlərlə mənə baxırdı ki, bir an onunla başqa dildə danışdığımı zənn etdim. O, heç nə başa düşmürmüş kimi, mənə baxırdı. Onun gözləri...Onun gözlərində ərimək, məhv olmaq, onun saflığına qarışıb bu fani dünyadan getmək istəyirdim. Çoxmu şey istəyirdim?

-Elə demə. Allahın xoşu gəlmir belə kəlmələrdən. nə vaxtdırsa o vaxt da gedəcəksən.

-O vaxt nə vaxtdır?

-Onu mən bilmirəm.

-Çoxmu qalıb?

-Niyə ölümü düşünmək əvəzinə yaxşılıq etməyi düşünmürsən?

-Nəyi nəzərdə tutursan?

-Axırıncı dəfə nə vaxt qəlb sevindirmisən? Sonuncu dəfə nə vaxt kiməsə təbəssüm bəxş etmisən?

Bir az fikirləşdim. Ancaq cavab tapa bilmədim. Bu son illlərdə kiməsə gülümsədiyimi xatırlamıram. Kiməsə nəsə yaxşılıq etdiyimi xatırlamıram. Bu son illərdəki hissiyyatsızlıq məni çox xudbinləşdirmişdi. Kiməsə qulaq asmaq istəmirdim. Kiminsə dərdinə şərik olmaq istəmirdim. O qədər özünə qapanmışdım ki, elə bilirdim, dünya və həyat ancaq məndən ibarətdir: mənim hisslərim, mənim əzablarım, mənim həyatım. Valideynlərimi xudbin adlandırırdım, çünki onlar məndən soruşmadan məni dünyaya gətirmişdilər. Əslində isə ən böyük xudbin mən idim. Onlar məndən heç nə istəmirdilər. Sadəcə 1 təbəssüm. Mənsə onlardan adicə təbəssümü belə, əsirgəyirdim. Şahin ən yaxın dostum olsa da, onu özümün xarakterinə heç oxşatmırdım. Hərdən onu yüngülbeyin, həyata

ciddi yanaşmadığı üçün məsuliyyətsiz hesab edirdim. Onu bir münasibətdən başqa bir

münasibətə rahatlıqla keçə bildiyi üçün xöşbəxt və bəxtəvər adlandırırdım. Ama indi mən xöşbəxtlik pilləsində ondan qat-qat yüksək idim mənim canlı olmasa da, təmiz, tərtəmiz, hər kəsin qibtə edəcəyi bir sevgilim var-13 yaşında. Uşaqsı, saf düşüncələriylə olan bir qız. Axı insan “çirkləndikcə” saflaşmaq üçün təmiz bir şey axtarmağa başlayır.

Ama bu faktı dəyişmirdi: mən həqiqətən də xudbinləşmişdim. Özümü ətraf mühitdən təcrid etmişdim. Mən hisslərimi itirmişdim. Daşlaşmışdım. Mərhəmət hissindən uzaqlaşmışdım.

-Bəs mən nə etməliyəm?

-Bacardıqca yaxşı işlər görməlisən. İnsanların sevgisini və təbəssümünü qazanmalısan.

-Hansı insanların?

-Elə öz valideynlərindən başlaya bilərsən.
***

Sən nə vaxtsa özünü itirmisən? Bəs özünü axtarmağa çalışdıqca daha da azmısanmı? Mən özümü itirmişdim. Bir yolla gedirdim və bilmirdim o yol hansıdır? Indi isə bilirdim. Mən Sevgiyə gedən yolda idim. O yolda təmizlik və saflıq vardı. Mən yaxşı insan olmalı idim. Mən insanlığımı geri qaytarmalı idim. Mən saflaşmaq istəyirdim. Mən onun kimi saf və təmiz olmaq istəyirdim.


Məndəki dəyişikliyi ilk bacım sezdi. Stolun ətrafında oturmuşduq. Qəfildən diqqətlə üzümə baxdı:

-Sən dəyişmisən!-dedi.

-Nə mənada?

-Yaxşı mənada...Sən dəyişmisən.

Bəli, mən dəyişmişdim. Artıq əvvəlki kimi təkcə özünü düşünən xudbin insan deyildim. Özümü insanlardan təcrid etmirdim. Çalışdıqca onların köməyinə çatırdım.

Bu gün yolla gedərkən şar satan bir uşaqdan bütün şarları satın alıb, sonra hamısını yenidən ona hədiyyə etdim.

-Götür, bunlar sənindir-dedim.

-Qaqaş, mən şarları neyləyirəm ki?-təəccüblə mənə baxdı.

Doğrudan da, o şarları nə edəcəkdi ki? Onsuz da bütün gün əlində şar tutur. Şarları görməkdən bezib yəqin. Fikirləşəndə etdiyim “yaxşılığın” mənasız olduğunu düşündüm. Bir şarsatan uşaq nə istəyə bilər axı? Axı hər şeydən əvvəl o, uşaqdır.

-Yaxşı onda nə etmək istəyirsən? ürəyindən nə keçir?

-Dondurma.-onun gözləri parıldadı.

-Elə bu?


-Karuselə də minmək istəyirəm.

-Mən elə bilirdim, sən daha çox şey istəyəcəksən.-zarafyana göz vurdum.

-Bilirsən? mən heç vaxt 3D filminə baxmamışam. Çox istəyərdim...

-3D nədir ki? Indi 7D lər çıxıb.

-Doğrudan məni apararsan?

-Məncə, sən bu gün bütün şarları satmısan. Deməli, bu gün azadsan.

-Qaqaş, sən kimsən? Sehrbaz?-o, mənə parıldayan gözlərlə heyranlıqla baxırdı.

Bir anlıq sevindim ki, o, hələ də möcüzələrə inanır.

-Bəlkə də-gülümsədim. Onun möcüzələrə olan inamını məhv etmək istəmirdim.

Bu gün bütün günümü uşağa sərf etdim. Ayrılanda mənə dedi:

-Qaqaş, bu günümü heç vaxt unutmayacağam. Hər şeyə görə təşəkkür edirəm. Allah ürəyinə görə versin.

-Amin-gülümsədim. Mən də elə bu sözü eşitmək istəyirdim.

Etiraf edirəm ki, mən kiməsə yaxşılığı ona görə edirdim ki, onu görə bilim. Çünki hiss etmişdim bunu: mən nə vaxt yaxşı bir iş görsəm, kimisə sevindirsəm, o, mənə qonaq gəlirdi. Və mən də bunu istəyirdim. Əslində insan ona görə yaxşılıq edir ki, bu hiss onun özünə xoşdur. Ona görə yaxşılıq edir ki, bunun müqabilində Allahdan “təşəkkür” gözləyir. Mən də , özümə etraf etməsəm də, ən çox bu səbəbə görə edirdim: onu mənə daha tez-tez göndərsin deyə. Çünki ona çox öyrəşmişdim. Mən onsuz sıxılırdım. Mənə nə yemək, nə də su lazım deyildi. Mən onun saflığından qidalanmaq istəyirdim. Şəkli yox idi ki, darıxanda baxa bilim. Telefonu yox idi ki, darıxanda zəng vurub, səsini eşidə bilim. Ancaq bir çarə vardı: Bacardıqca daha çox yaxşılıq etmək. Çünki ancaq bu zaman o, mənim yanıma gəlirdi. O, danışırdı. O gülürdü. O uşaq kimi idi. 13 yaşlı bir uşaq. Və mən hiss edirdim ki, mən ancaq o danışanda, o güləndə yaşayıram. Bu tam başqa bir şey idi. Bilmirəm necə deyim...
9
***

Hər dəfə onun hərəkətlərini müşahidə etdikcə, bir daha əmin olurdum: o, uşaq idi. 13 yaşlı uşaq. Insan necə ola bilər ki, bir uşağa vurula bilər? Özündən 12 yaş balaca bir uşağa...

O, həyatımın elə bir parçasına çevrilmişdi ki, məndə ilk dəfə idi ki, kimisə itirmək qorxusu yaranmışdı. Onu itirmək istəmirdim. O, məni uşaqlıq illərimə qaytarmışdı. Beynimin və qəlbimin saf olduğu illərə. O, məni də uşaqlaşdırmışdı sanki... Onunla çəmənlikdə qaçıb, oyunlar oynamaq istəyirdim. Hiss edirdim ki, mənim onun dünyasına ehtiyacım var. Hiss edirdim ki, mənim saflaşmağa ehtiyacım var. Hiss edirdim ki, mən onun dünyasında –uşaqların dünyasında çox xoşbəxtəm. O, həm ağıllı, həm də məsum idi. Beyni və qəlbi artıq-əskik düşüncələrdən azad idi. O, fahişəliyin, seksin, narkomaniyanın, satanizmin nə olduğunu bilirdi, ama bu anlayışların heç biri onun qəlbinə nüfuz etməmişdi.


Yüklə 238,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin