03.12.1993
GƏLMƏDİN
Ay üzlü cananım, sevgili yarım,
Gözüm yolda qaldı, niyə gəlmədin?
Axı gözləməkdən üzüldü canım,
Gözüm yolda qaldı,niyə gəlmədin?
Əhdinə vəfasız olarmı insan?
Öz eşqinə ləkə salarmı insan?
Mənimtək saralıb,solarmı insan?
Gözüm yolda qaldı,niyə gəlmədin?
Gülabı, vədədi, zamandı-zaman.
Fələyin yazısı yamandı-yaman.
Bundan sonra sevmək gümandı-güman
Gözüm yolda qaldı, niyə gəlmədin?
10.12.1993
ALLAH
Ürək sızıltısı, ürək ağrısı,
Bəxtimə yazılan yazımı, Allah!
Yandırır sinəmi ağrı-acısı,
Deyə bilməyirəm sözümü, Allah!
Dağlara üz tutub gəzə bilmirəm,
Əl atıb gülünü üzə bilmirəm,
Köç-köç olur ellər, dözə bilmirəm,
Özün ver dözümü, dözümü, Allah!
Dərdlərim dəfn olub yox olmalıdı,
Arzular cücərib boy atmalıdı,
Gülabı dünyadan kam almalıdır,
Almaynan sazımı əlimdən, Allah!
Dostları ilə paylaş: |