01.04.1994
BAŞINA DÖNDÜYÜM
Osman qardaşıma
Osman, yenə könlüm səni istədi,
Gözləyirəm, gəl başına döndüyüm.
Könlümün rübabı ayaq üstədi,
Bir az gətir “ləl”başına döndüyüm.
Başımda dolanır neçə şah hava,
Sənsən atam-anam, ruhuma dəva.
Səsini eşidim, qılğınan rəva,
Sözü şəkər-bal başına döndüyüm.
“Kür”oğlusan, Kür üstünün elində,
Türksən, çağlıyırsan türkü dilində,
Gülabını qoyma nadan əlində,
Gir meydana, kal başına döndüyüm.
04.04.1994
SAZIMDAN SORUŞ
Ey məndəki məni bilmək istəyən,
Məni məndən sorma, sazımdan soruş.
Xoşbəxtlik istəyən, gülmək istəyən,
Məni məndən sorma,sazımdan soruş.
Nifrətim olana şir oluram mən,
Könlüm istəyənə pir oluram mən.
Sənət dünyasında sirr oluram mən,
Məni məndən sorma, sazımdan soruş.
Gülabıyam, elin aşığıyam mən,
Haqqın, ədalətin aşiqiyəm mən.
Elə bil dünənin uşağıyam mən,
Məni məndən sorma, sazımdan soruş.
Dostları ilə paylaş: |