07.10.1994
ANA
Məzarın üstündə alışdım, yandım,
Ciyərim köz oldu, köz oldu, ana!
Sənli günlərimi mən harayladım,
Ah-naləm saz oldu, saz oldu, ana!
Dərdinə bir əlac görə bilmədim,
Sənsiz bu dünyada gülə bilmədim.
Sənə öz borcumu verə bilmədim,
Zəhmətim az oldu, az oldu, ana!
Bilməm bu nə zülüm, nə müsibətdi,
Atasız-anasız həyat zülmətdi.
Gülabıyam, günüm sizinlə getdi,
Yaram göz-göz oldu, göz oldu, ana!
12.11.1994
YAŞ O YAŞ DEYİL
İncimə, gözəlim, incimə məndən,
İllər o il deyil, yaş o yaş deyil.
Saç ağardı, diş töküldü, neyləyim,
Tellər o tel deyil, qaş o qaş deyil.
O görüş yerinə gələ bilmirəm,
Kövrək göz yaşını silə bilmirəm.
Dil töküb könlünü ala bilmirəm,
Dillər o dil deyil, diş o diş deyil.
Deyirlər dərdini dərd çəkən bilər,
Gülabı, dünyada azdırmı məgər?
Gündə yüz yol başa döysən də əgər,
Əllər o əl deyil, baş o baş deyil.
Dostları ilə paylaş: |