ŞAİR DƏRYEYNUR
GÜLABIYA
Quşlar da dayanır, məleykələr də,
Gülabı səsini qaldıran zaman.
Açır pəncərəni şux gözəllər də,
Barmaqlar Kərəmi yandıran zaman.
Başlıyanda köhnə Dilqəm havası,
Gəlir düşür yada gözəllər xası.
Qanan deyir sənətinin ustası,
Çalıb, qanmıyanı qandıran zaman.
Şair Dəryeynuram gül əvəzində,
Yar çəkərsə dara qul əvəzində,
Dastan bağışlaram pul əvəzində,
Bu şair könlümü dindirən zaman.
SƏDİ YARADANQULU
KÖNLÜMÜ
Oynatdın yerindən elə könlümü,
Döndərdin bir kövrək telə könlümü.
Gülabı, qardaşım, bir “Dilqəmi” çal,
Qoyma sızlar qalsın belə könlümü.
Gözləri oxşayan bizim dağlardan,
“Yastı qar”,”Əyri qar” gül oylaqlardan,
Sərin çeşmələrdən, buz bulaqlardan,
Söhbət sal bir gətir dilə könlümü.
Onun o yerlərdə hələ gözü var,
Alışıb yanmağa odu, közü var.
Dillərdə nəğməsi, neçə sözü var,
Çəkdikcə çəkiynən zilə könlümü.
Sədi toy-büsatdan doyası deyil,
Bir el şənliyindən qalası deyil.
Özgə havaları duyası deyil,
Köklə mənim “Sarıtel”ə könlümü.
Dostları ilə paylaş: |