11.02.2004
ELDAR TƏBİB
SƏNƏ
Can Gülabı, götür sazı bir də çal,
Sinən üstə çox yaraşır saz sənə.
Elə bilmə valeh olan tək mənəm,
“Əhsən”deyir fəsli bahar, yaz sənə.
Haqdan yanan atəşin var,odun var,
Öz məzən var, öz ləzzətin, dadın var.
Borçalıda sazın boyda adın var,
Harda olsaq güvənmişik biz sənə.
Haqdan paysan, göydən düşən qismətsən,
Ədəbinlə ərənlərə nisbətsən.
Təpə-dırnaq abır, həya, ismətsən,
Həsəd çəkir qadın, gəlin, qız sənə.
“Urfanı”nla çox xəyala dalmışam,
Sənətinə valeh-heyran qalmışam.
Vurğun olub meyli sənə salmışam,
Düz əlimi uzatmışam düz sənə.
Xalq içində çoxdu xətir-hörmətin,
Ucaldıqca el verəcək qiymətin.
Təbib dilər əyilməsin qamətin,
Yaşayasan qismət olsun yüz sənə.
GÜLABI GÖZƏL
(təcnis)
Barmaqlar pərdədə nəğmə toxuyur,
Çalır telli sazı Gülabı gözəl.
Bu nəğmədən yer-göy ətir qoxuyur,
Elə bil tökülür gül abı gözəl.
Eşqindən nur salıb bu göy, çəmənə,
O yanı Borçalı, bu Göyçə mənə.
Nə gözəl yaraşır bu göy çəmənə,
Yarpaqları yaşıl, gül abı gözəl.
Gül sevməyən bilməz gül tərəfi nə,
Təbibi göndərin Gül tərəfinə.
Öləndə döndərin gül tərəfinə,
Səpin məzarına gülabı gözəl.
Dostları ilə paylaş: |