2002
ARİF NÜVƏDİLİ
AŞIQ GÜLABI
Başımı başlara qoşub bu axşam,
Təbrikə gəlmişəm, Aşıq Gülabı.
Bir-iki kəlməynən tərif deməyə,
Ehtiyac bilmişəm, Aşıq Gülabı.
Sən bir uca dağsan, kölgəsi qalın,
Mən nabələd yolçu, ayağı yalın,
Önündə sənintək əhli-kamalın,
Heyran kəsilmişəm, Aşıq Gülabı.
İzn ver şəninə bir söz söyləyim,
Qarşında baş əyim, təzim eyləyim.
Qüdrətim çatmadı çoxa, neyləyim
Şair deyilmişəm, Aşıq Gülabı.
29.11.2001
GƏNCƏLİ NADİR BƏY MUSTAFA OĞLU
TELİNƏ QURBAN
Çal, ağrını alım, bir Kərəmi çal,
Barmağına qurban, əlinə qurban.
O yanan Kərəmi yenə yada sal,
Sazının titrəyən telinə qurban.
Min il bir-birinə həsrətli kimi
Görüşdür, qovuşdur mizrabla simi.
Çal, oxu, Gülabı, coşdur təbimi,
A şirin ləhcəli, dilinə qurban.
Dostun məclisində çal tufan eylə,
Saz səsi əlləşsin asiman ilə.
Bu yerdə Nadir bəy gəlibən dilə,
Desin sazlı sözlü elinə qurban.
Dostları ilə paylaş: |