Bakı – 2005
ŞAHSOLTAN
Gülabının 50 illik yubileyinə
Nəğməsin dinləyib xəyala daldım,
Sazın laylasını çaldı Gülabı.
Adını biləndə lap heyran qaldım,
Cənnətdən dərilmiş güldü Gülabı.
Haqqın dərgahından nurlanıb gəlib,
Min bir xəzinədən varlanıb gəlib.
Nurlu bulaqlardan gurlanıb gəlib,
Kükrəyən çaylardı, seldi Gülabı.
İncə barmaqları dəydikcə simə,
Sehrli pərdələr edir zümzümə.
Sədası yetişsə xəstə qəlbinə,
Sağalar deyər ki, pirdi Gülabı.
Xındı Məmməd özü olmuş ustadı,
Odur ki, göylərə yüksəlir adı.
Sazınnan coşdurur yaxını-yadı,
Söhbətdə şəkərdi, baldı Gülabı.
Şahsoltanam, bu söz qalsın yadigar,
Sənətkara böyük məhəbbətim var.
Fəxr etsin Borçalı, o ulu diyar,
Dünyanı heyrətə saldı Gülabı.
Dostları ilə paylaş: |