29.11.2001
İSA NƏSİBOV
AŞIQ GÜLABIYA MƏKTUB
Saza-sözə tamarzıyıq nə vaxtdı,
Bəsdi daha dözəmmirik qayıt, gəl.
Yəqin bu da ya qismətdi, ya baxtdı,
Sənsiz söz də düzəmmirik qayıt, gəl.
Vallah, daha dözəmmirik qayıt, gəl.
Ata yurdun qübarlıdır hər daşı,
Ağlamaqdan quruyubdu göz yaşı.
Xramın qırağı, yarğanın qaşı,
Gül bitirmir, üzəmmirik, qayıt, gəl.
Vallah, daha dözəmmirik qayıt gəl
Yaş da ötüb, ömrü duman alıbdı,
Zalım dövran bizi ayrı salıbdı.
Sənsiz dostlar yaman yetim qalıbdı,
Bu əhvalı çözəmmirik, qayıt, gəl,
Vallah, daha dözəmmirik, qayıt, gəl
Bülbül də lal olub oxumur sənsiz,
İsa da ölübdü gorsuz, kəfənsiz.
Siz ki anlayırsız, siz ki bilirsiz,
Kişi kimi gəzəmmirik, qayıt, gəl,
Vallah, daha dözəmmirik, qayıt, gəl.
Dostları ilə paylaş: |