30.11.1993
SƏMƏD BƏYİM
Nikolay qaçağı Qasımlı Səməd ağaya
Yaman kövrəlibdir Qoca Borçalım
Mürşidim, sultanım, a Səməd bəyim.
Bəs kimi axtarım, bəs kimi anım
Mürşidim, sultanım, a Səməd bəyim.
Alosman elinə talan saldın sən,
Cəlalı kürdünə qılınc çaldın sən.
İran ölkəsindən xərac aldın sən,
Mürşidim, sultanım, a Səməd bəyim.
Hanı İsmayıl bəy, İsgəndər ağa?
Hanı Həsən bəynən Məhəmməd ağa?
Hanı İsrafil bəy, Cahandar ağa?
Mürşidim, sultanım, a Səməd bəyim.
Bir zaman xalqımın dayağı idin,
Qoca Borçalımın mayağı idin.
Sən mənim mürşidim, mənsə müridin,
Mürşidim, sultanım, a Səməd bəyim.
Oyan, dur məzardan qisas çağıdı,
Sinəmi dağlayan düşmən dağıdı.
Gülabının ömrü qəm oylağıdı,
Mürşidim, sultanım, a Səməd bəyim.
Dostları ilə paylaş: |