04.01.1994
MƏHƏBBƏT-NİFRƏT
Dünyaya sığışmaz, cahana sığmaz,
Məhəbbətim mənim, nifrətim mənim.
Nə məkana sığmaz, nə kana sığmaz,
Məhəbbətim mənim, nifrətim mənim.
Bəzən pərvazlanıb dövran eyləyir,
Bəzən ürəyimdə tufan eyləyir.
Sazımın səsində cövlan eyləyir,
Məhəbbətim mənim, nifrətim mənim.
Gülabı, dünyaya uymaynan hədər,
Nə qızıldı, nə gümüşdü, nə də zər,
İçimdən sıyrılan qılınca bənzər,
Məhəbbətim mənim, nifrətim mənim.
20.02.1994
AXŞAM OLDU
Gözlədim, gözlərim yollarda qaldı,
Gəlmədin, gözəlim, gün axşam oldu.
Gözlədim, gözümün kökü saraldı,
Gəlmədin, gözəlim, gün axşam oldu.
Bir bax ürəyimdə gör nə haraydı,
Bünövrəsi dərddi, sanki saraydı.
Axır çeşmim yaşı dənizdi, çaydı.
Gəlmədin, gözəlim, gün axşam oldu.
Yadındamı dedin: “gül abıyam mən”,
Onunçün vuruldum Gülabıya mən.
And olsun həmənki Gülabıyam mən.
Gəlmədin, gözəlim, gün axşam oldu.
Dostları ilə paylaş: |