30.03.1994
İLAHİ SƏSLƏR
İki ilahi səs qulağımdadı,
Anamın laylası, sazın laylası.
İki ilahi söz dodağımdadı,
Anamın laylası, sazın laylası.
İki ilahi səs müjdə yetirdi.
İki ilahi söz müjdəsin verdi.
Ya rəb, bu nə hikmət, bu nə sirdi?
Anamın laylası, sazın laylası.
İki ilahi səs haraylar məni,
İki ilahi söz haraylar məni,
Gülabıyam, hər vaxt haraylar məni,
Anamın laylası, sazın laylası.
01.04.1994
PİR İDİM AXI
Gözlərim sataşdı gözünə sənin,
Ay zalım, əridim, əridim axı.
De nədi günahım, günahım mənim?
Yandım külə döndüm, nur idim axı.
Sevdanı başımdan ata bilmirəm,
Qor dolur yerimə, yata bilmirəm,
Sənin vüsalına çata bilmirəm,
Xəzan vurdu, soldum, gül idim axı.
Gülabıyam, gördüm, canımdan keçdim,
Tək səni bəyəndim, tək səni seçdim.
Gözlərin nuruna bələndim, içdim,
İçib sərxoş oldum, pir idim axı.
Dostları ilə paylaş: |