27.06.1994
DƏHŞƏT
Bir uğursuz eşqə düçar olanda,
Əğyarın ədası dəhşətdir, dəhşət.
Viranə bağçada, bağbansız bağda,
Bülbülün sədası dəhşətdi, dəhşət.
Uzaqda dayanıb məlul duranda,
Qərib durna kimi boynun buranda,
Hər məni görəndə, rəngi solanda,
Gözlərin xətası dəhşətdi, dəhşət.
Gülabı, sevgilər hər zaman ola,
Hörmətin, izzətin bir ümman ola.
Düşmənin olanda mərd düşmən ola,
Düşmənin gədəsi dəhşətdi, dəhşət.
16.09.1994
ÖLÜMDƏN QORXMURAM
Ölümdən qorxmuram, qorxuram ki, mən,
Hələ şah havamı çalmamış öləm.
Ölümdən qorxmuram ,qorxuram ki, mən,
Həyatdan kamımı almamış öləm.
Qorxuram ki, günüm keçə sel kimi,
Ömrüm sına bir köhnəlmiş tel kimi.
Ötüb gedəm tufan kimi, yel kimi,
Şirin xəyallara dalmamış öləm.
Gülabı, sidqini bağla Allaha,
Küfr eyləyib batmaginən günaha.
Sən arzuyla,ümidlə bax sabaha,
Niyə qocalığa çatmamış öləm.
Dostları ilə paylaş: |