15.05.1995
GÜNAHKAR
Qoşa gedəmmədik ömür yolunda,
Mən də günahkaram, sən də günahkar.
Ulu eşqin, məhəbbətin yanında,
Mən də günahkaram, sən də günahkar.
Əhdinə vəfalı ola bilmədik,
Könül rübabını çala bilmədik.
Bir ömürü verdik yola, bilmədik,
Mən də günahkaram, sən də günahkar.
Məgər biz olmadıq əhdini danan,
Mən yanıram, mənim kimi sən də yan.
Mən aşıq Gülabı, sən ismi pünhan,
Mən də günahkaram, sən də günahkar.
03.06.1995
MƏN OLMAYANDA
Ey gözümün nuru, könül həmdəmim,
Dünya yaşayacaq mən olmayanda.
Bulaqlar axacaq, çaylar daşacaq,
Günəş nur saçacaq mən olmayanda.
Bu sirli soraqlı yalan dünyada,
Əvvəl verib sonra alan dünyada,
Süleymandan, Nuhdan qalan dünyada,
Dövranlar keçəcək mən olmayanda.
Gülabısız gözəl toylar olacaq,
Aşıqlar saz çalıb meydan alacaq.
Gözlərin dolacaq, hey axtaracaq,
Xəyalın gəzəcək mən olmayanda.
Dostları ilə paylaş: |