03.07.1995
ŞAİR OSMANA
Şair Osman, dəvətimə gəlmədin,
Qədəm qoyub o diyara gəlimmi?
Şahmar aramızda olubdu əğyar,
Bir dağ çəkib o əğyara gəlimmi?
Bir çay idim çalxalandım, bulandım,
Sevdalanıb bu dünyanı dolandım.
Eşqə düşdüm, eşqin oduna yandım,
Məcnun olub o səhrayə gəlimmi?
Dinim islam dini, türk-ər oğluyam,
Sinə dağlı Borçalının oğluyam.
Gülabıyam, Xındı Məmməd oğluyam,
Üz tutuban sən hüşyara gəlimmi?
26.07.1995
NƏDƏNDİ
Baxış müəllim, yüz-yüz süzüb vuranda,
İstəkanlar şaqqıldamır nədəndi?
Zəmanə bəd gəldi, dövran bəd gəldi,
Çil kəkliklər qaqqıldamır nədəndi?
Dağ döşündə kəklikotu yolanda,
Bir alagözlünün könlün alanda,
Göy çəmən üstündə məclis quranda,
Samovarın pıqqıldamır nədəndi?
Həsən müəllim Füzulidən deyəndə,
Qara Tofiq anektod söyləyəndə,
Əhməd də gül vurub tərifləyəndə,
Ürəyimiz tıqqıldamır nədəndi?
Bu boranda, bu çovğunda, talanda,
Gülabı hay salıb, haray salanda,
Düşmən meydan alıb at oynadanda
Çaxmaqlarımız çaqqıldamır nədəndi?
Dostları ilə paylaş: |