13.08.2011
AY QAĞA!
Qardaşım Gülabıya
Ustad bir ozanın ustad oğlusan,
Telli sazın allahısan, ay qağa!
Haxdan gələn bir sənətin Hüseyni,
Kamandarı, Əmrahısan, ay qağa!
Ürəyində dağlar qədər sirr yatır,
Tellər ilə qovuşmağa can atır.
O sirləri o barmaqlar oyadır,
Havaların fəryadısan, ay qağa!
Bu dağların zirvəsisən, başısan,
Sənə həsrət gözlərimin yaşısan.
Sən, Əşrəfin müqəddəs qardaşısan,
Xındı Məmməd övladısan, ay qağa!
07.02.2006
Sankt-Peterburq
GÜLABI
Sənət aləmində, saz dünyasında,
Sirri açılmayan sirdi Gülabı.
Sazıyla dünyaya meydan oxuyan,
Ozandı, ocaqdı, pirdi Gülabı.
Şəlalədi, dağ selidi, tufandı,
Bir dəryadı təlatümdü, ümmandı.
Sızıldayan teldi, bir yana şamdı,
Atəşdi, alovdu, oddu Gülabı.
Bir xalqa bağlıdı el sənətkarı,
Bir xalqın incisi, dövləti varı,
Bir ustad aşığın yurd yadigarı,
Ünvanı Borçalı, adı Gülabı.
Düzlüyü tərsinə yozub yazanlar,
Bilmirmi müqəddəs haqdı ozanlar.
Olsa da elindən, yurdundan kənar,
Sinələr altında yurddu Gülabı.
Türkün əyilməyən şah vüqarıdı,
Bir sənət mülkünün şirin barıdı,
Könlümün istəyi, arzularıdı,
Sənətimin ilk ustadı Gülabı.
Ay Əşrəf fəxr eylə, öyün hər zaman,
Gərək ki naşükür olmasın insan.
Kainat durduqca yaddaşda qalan,
Tarixdi, varlıqdı addı Gülabı.
Dostları ilə paylaş: |