16.11.1993
CƏLİLİM, CƏLİLİM
Borçalının mərd oğlu Azərbaycanın milli qəhrəmanı Cəlil Əziz oğlu Səfərova
Bu xəbər sarsıtdı məni,
İnan, Cəlilim, Cəlilim.
Dərd yaman sızlatdı məni,
Yaman, Cəlilim, Cəlilim.
Hay versən, ay elim-obam,
Düşmən bağrını yararam.
Dur məzardan, Emin babam,
Aman, Cəlilim, Cəlilim.
Hanı Əziz müəllim, hanı?
Niyə soldurdun Sonanı?
Yandırdın yazıq ananı,
Yanan Cəlilim,Cəlilim.
İgid vəfasız olarmı?
Tez açılıb tez solarmı?
Axtarıb-anan olarmı?
Anan Cəlilim, Cəlilim.
Ağlayaram ağlar kimi,
Çağlayaram çağlar kimi.
Xəzan vurmuş bağlar kimi,
Solan Cəlilim, Cəlilim.
Gülabının ömrü talan,
Yurd-yuvamız oldu viran.
Vətən üçün şəhid olan
Olan Cəlilim, Cəlilim.
20.11.1993
DÜNYA
Namərdlərin namərdisən,
Dünya, səni qarğayıram.
Özün boyda dərd çağısan,
Dünya, səni qarğayıram.
Nədi bu xalqın günahı?
Ərşə bülənd olub ahı.
Yoxdurmu daha pənahı?
Dünya, səni qarğayıram.
Ağlayıram için-için,
Qəm libasım biçim-biçim.
Gülə bilməyirəm neyçün?
Dünya, səni qarğayıram.
Sağım şəhid, solum şəhid,
Yerlər, göylər buna şahid.
Cinsən, şeytansan, ya ifrit?
Dünya, səni qarğayıram.
Gülabını dərd alarmış,
Bu qədər sitəm olarmış?!
Bundan betəri də varmış?
Dünya, səni qarğayıram.
Dostları ilə paylaş: |