30.03.1994
DÖZMÜRƏM
Yaxşının yaman adına,
Dözmürəm, Allah, dözmürəm.
Namərd fitnə-fəsadına
Dözmürəm, Allah, dözmürəm.
Daş yağsın yağı başına,
Zəhər tökülsün aşına.
Körpələrin göz yaşına,
Dözmürəm, Allah, dözmürəm.
Nə ar bilirlər, nə ayıb,
Ürəklər sanki daşlayıb.
Borçalıdan köç başlayıb,
Dözmürəm, Allah, dözmürəm.
Niyə ürəyim sızlasın,
Didələrim qan ağlasın.
Gülabıya rəhmin gəlsin,
Dözmürəm, Allah, dözmürəm.
24.04.1994
YARALANDIM, YARALANDIM
Nadanın nadan sözündən,
Yaralandım, yaralandım.
Naşı sənətkar sazından,
Paralandım, paralandım.
Az ömrümdə nələr çəkdim,
Hədər oldu, hədər çəkdim.
Dost bağında bostan əkdim,
Uralandım, uralandım.
Düşmənimi dostum sandım,
Gecə-gündüz adın andım.
Gülabıyam, yandım-yandım,
Aralandım, aralandım.
16.06.1994
SAZIM, ALLAHIM
Məni divanə eyləyir,
Sazım, Allahım! Allahım!
Dərdimi elə söyləyir
Sazım, Allahım! Allahım!
Əhli-ürfanla əyləşir,
Dərdi olanla dərdləşir,
Sirri olanla sirləşir,
Sazım, Allahım! Allahım!
Millət deyəndə ağlayır.
Torpaq deyəndə dağlayır,
Vətən deyəndə çağlayır,
Sazım, Allahım! Allahım!
Bəzən məlal ilə dolur,
Bəzən xəyallara dalır,
Bəzən Gülabını çalır,
Sazım, Allahım! Allahım!
Dostları ilə paylaş: |