Orijinaldan tərcümələr - Müasir İtaliya ədəbiyyatından iki nəsr əsəri. Leonardo Şaşa "Mafiyalar vesterni". Dino Buttsati. "Kabus"
İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov
Leonardo Şaşa
"Mafiyalar vesterni"
XX əsr italyan ədəbiyyatında özünəməxsus yeri olan Leonardo Şaşa (1921-1989) maraqlı esselər və gözəl hekayələr müəllifi olmaqla yanaşı, həm də mahir detektiv ustası kimi tanınır. Yazıçının 1961-ci ildə işıq üzü görmüş "Bayquşun günü" romanı indiyədək onun ən geniş yayılmış, ən çox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi uğuru sayılır. Romanda ilk dəfə olaraq italyan mafiyasının kəndlərdəki hökmranlığının şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə L.Şaşa görkəmli həmyerlisi L.Pirandelloya həsr olunmuş "Pirandello və Siciliya" adlı elmi-tənqidi esselər toplusunu da çap etdirir. Daha sonra XVIII əsr Palermo tarixindən götürülmüş "Misir xartiyası" (1964) tarixi romanı, XVIII əsrdə yaşamış bir rahibin həyatından bəhs edən "İnkvizitorun ölümü" (1964), 1862-ci ildə Palermoda baş vermiş dövlət çevirilişini təsvir edən "Xəncər gəzdirənlər" (1966) və artıq tam siyasiləşmiş şəhər mafiyasının fəaliyyətini açıqlayan "Hər kəsin öz qisməti" (1966) romanları çap olunur. 1973-cü ildə L.Şaşanın "Şərab rəngli dəniz" hekayələr toplusu, 1974-cü ildə isə məşhur "Kontekst" romanı işıq üzü görür. Detektiv yazı texnikasından parodiya kimi istifadə edən yazıçı "Kontekst"də cərəyan edən hadisələri uydurulmuş bir məkanda təsvir etsə də, ölkənin bilavasitə İtaliya olduğu açıq-aydın göz qabağındadır: hakimiyyət məqsədilə aparılan prinsipsiz siyasi oyunlar, pulla ələ alınmış manyak tərəfindan icra olunan sifarişli qətllər, satqın dövlət məmurları və "fövqəladə mimikriya qabiliyyətinə malik olan, siyasi rejimlərin bütün dəyişkənliklərində öz mövcudluğunu qoruyub saxlamağı bacaran məşum mafiya təşkilatı"... 1970-80-ci illərdə yaradıclığının zirvəsində olan L.Şaşa "Nə yolla olur-olsun" (1975), "Mayorananın yoxa çıxması" (1975), "Moronun işi" (1978), "Yaddaş teatrı" (1981) kimi maraqlı roman və povestlərlə çıxış edir. 1989 -cu ildə, ölümündən bir qədər əvvəl, o, son hekayəsini - "Sadə bir hekayət"i çap etdirir...
Leonardo Şaşa ziddiyyətli şəxsiyyət idi. Ötən əsrin 60-80-ci illərində İtaliyanın mürəkkəb ictimai-siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi seçim dilemmalarından, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçının 1979-cu ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi-ictimai kredosu və siyasi baxışları ilə daha da yaxından tanış olmağa imkan verir. L.Şaşa tez-tez qeyd edərdi: "Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq, müdriklik göstərmək qabiliyyəti verilməyib, ancaq hər şey necə olubsa, necə varsa,elədir."
Yazıçının "Şərab rəngli dəniz" kitabından götürülmüş "Mafiyalar vesterni" hekayəsini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Tərcüməçidən
-------------------------------
Palermo və Trapani əyalətlərinin sərhədində şəhər boyda böyük kənd. Birinci Dünya müharibəsi gedir. Və sanki bu bəs deyilmiş kimi, kəndin öz daxilində də müharibə var: cəbhədə şəhid olan vətəndaşlarının sayına bərabər ardıcıllıqla qurbanlar aparan qanlı bir müharibə. İki mafiya klanı çoxdandır ki, qan düşmənidir. Orta hesabla ayda iki qətl. Hər dəfə də bütün kənd bilir ki, luparadan açılan növbəti atəş hansı tərəfin işidir və cavab luparanın qurbanı kim olacaq. Bunu karabinyerlər də bilir, sanki oyun gedir, bütün qaydalarına riayət olunan bir oyun; cavanlar hakimiyyətə can atır, "qocalar" öz mövqelərini müdafiə edirlər, birini onlardan vururlar, birini bunlardan. Ancaq başçılar tələsmirlər: barışıq olacağını gözləyirlər. Belə olduqda isə, onlardan biri, - ya "qocaların", ya da cavanların başçısı, - razılığa gəldikdən, barışığa qatıldıqdan sonra dərhal "vurulacaq"; "dostluq qədəhi"ndən içəcəyi, içər-içməz, boğazında qalacaq.
Müəyyən bir məqamda rəqabət get-gedə qızışaraq, yerli başçıların səviyyəsinə çatır. Adətən belə olduqda, onu qızışdıran tərəf münasib vaxt seçir və sülh tələb edir: onda hər iki tərəfi danışdırmaqdan, bir araya gətirməkdən ötrü yaxın yerlərdən ağsaqqallar axışıb gəlirlər, - cavanları başa salırlar ki, onlar hər şeyə malik ola bilməzlər, "qocaları" isə inandırmağa çalışırlar ki, hər şeyi əldə saxlamaq da qeyri-mümkündür. Barışıqlar, danışıqlar başlayır. Nəhayət, tərəflər birləşdikdən sonra hər iki klanın ümumi və dinməzcə razılığı ilə başçılardan biri aradan götürülür: ya sürgün, ya istefa, ya da ölüm. Ancaq bu dəfə belə deyil. Ağsaqqallar gəlir, klanların nümayəndələrini görüşdürürlər: bununla belə, bütün mövcud adətlərə və bəslənilən ümidlərə baxmayaraq, qətllərin arası kəsilmək bilmir; daha da qəddar, hətta amansız bir şəkildə. Hər iki tərəf ağsaqqalların qarşısında bir-birini xəyanətdə ittiham edir. Camaat nə baş verdiyini anlamır. Karabinyerlər həmçinin. Xoşbəxtlikdən, ağsaqqallar soyuqqanlı və ayıq adamlardır. Onlar hər iki nümayəndə heyətini yenidən bir araya gətirirlər, son altı aydakı qurbanların siyahısı tutulur və "bunu biz vurmuşuq", "bunu isə biz", "bunu biz öldürməmişik", ''bu isə qətiyyən bizlik deyil" və s.-dən sonra belə bir sarsıdıcı nəticəyə gəlirlər ki, qətllərin üçdə ikisində nə bu, nə də o biri mafiyanın əli var. Deməli, az qala rəsmi şəkildə mövcud olan bu klanların aradan götürülməsinə xidmət edən hansısa üçüncü, gözəgörünməz , gizli bir klan da mövcuddur? Bəlkə tənha bir qisasçı, bir yalquzaq, bir sərsəm manyak var ki, hər iki tərəfin mafiozolarını qırıb-çatmağı özü üçün bir əyləncəyə çevirmişdir? Hamı başını itirib. Karabinyerlər də həmçinin: onlar meyitləri məlum məmnuniyyət hissi ilə yığışdırıb aparırdılarsa da, (lupara ilə qətlə yetirilən həmin o cinayətkarların meyitlərini ki, sağlıqlarında sübutlar vasitəsilə güllə qabağına gətirmək qeyri-mümkün olardı), o vaxt həm də fərarilərin ucbatından çəkdikləri başağrısına görə istədikləri və arzuladıqları yalnız o idi ki, bu qardaş qırğını tezliklə qurtarıb sona yetirəydi.
Ağsaqqallar işi yoluna qoyduqdan sonra hər iki klana məsələni bitirməyi tapşırıb, yavaşca aradan çıxırlar. Çünki nə tərəflərdən biri, nə də hər ikisi birlikdə onların toxunulmazlığına zəmanət verə bilmir. Yerli mafiozolar öz təhqiqatlarina başlayırlar: ancaq mənasız bir qisasın və ya sərsəm bir özbaşınalığın qurbanına çevrilmək qorxusu, onların ucbatından namuslu insanların daima düşdüyü vəziyyətlərə indi, bir anın içərisində özlərinin düşə bilməsi xofu onları çaşdırır və vahimələndirir. Nəhayət, onlar başqa bir çıxış yolu tapmayaraq, öz siyasət adamlarını qısnamağa başlayırlar ki, onlar da, öz növbələrində karabinyerləri ciddi, dəqiq və mükəmməl bir təhqiqat aparmağa tələsdirsinlər: ancaq həm də şübhələnirlər ki, əgər karabinyerlər mafiyanın kökünü qanuni yolla kəsə bilmirlərsə, deməli bu qəddar və mütəşəkkil insan o v u n u n təşkilatçısı elə onlar özləridir. Əgər hökumət əhali artımının qarşısını almaqdan ötrü hər dəfə ortaya bir vəba mərəzi atırsa, onda niyə də düşünməyəsən ki, mafiozoların gizli qırğınına karabinyerlər özləri fitva verməyib?
Naməlum şəxsin və ya şəxslərin hədəfi nişan alması isə davam etməkdədir. Köhnə mafiyanın başçısı da qətlə yetirilir. Kənddə arxayınçılıq hissi ilə yanaşı, xof da var. Karabinyerlər bilmirlər daha hara baş vursunlar, mafiozolar - təşviş içində. Ancaq mafiya başçısının, bütün kəndin yalançı göz yaşları ilə iştirak etdiyi dəbdəbəli dəfn mərasimindən dərhal sonra, mafiozoların simalarindakı çaşqınlıq və qorxu hissi bir anın içərisində yoxa çıxır. Sən demə, onlar güllələrin kim tərəfindən açıldığını biliblər və artıq bu adamın hökmü oxunub. Başçı öləndə də başçı kimi ölür: necə olubsa, qoca canını tapşıranda nəyəsə işarə edib, nəyisə nişan verib və mafiozolar qatilin əlamətlərini dəqiqləşdirə biliblər. Söhbət əsla şübhə doğurmayan bir şəxsdən gedirdi: bu, ciddi, hamının hörmət etdiyi savadlı mütəxəssis, xasiyyətcə bir qədər qaraqabaq, tənha bir insan idi. Ancaq kənddə, - sözsüz ki, indi bunu bilən mafiozolardan başqa, - heç kim təsəvvür də edə bilməzdi ki, o, belə uzunsürən, amansız və sərrast müharibə aparmağa qadirdir və bu vaxta qədər elələrini o dünyaya göndərib ki, karabinyerlər onlardan hətta birini belə iki-üç saatdan artıq içəridə saxlaya bilməzdi. Mafiozolar bu qədər illər keçdikdən sonra onun bu adamlara olan nifrətinin belə soyuqqanlılıqla, aydın düşüncə və sərrast ölüm hökmləri ilə bu cür alovlanmasının səbəbini də xatırlayıblar. Sözsüz, deyilməsi artıqdır ki, bunun səbəbkarı qadın idi.
Hələ tələbə ikən, bu adam və qədimliyi bir o qədər dəqiq olmasa da, çox varlı bir ailənin qızı bir-birlərini sevirlərmiş. Universiteti bitirdikdən sonra oğlan, sevgisinə sadiq qalaraq, evlənməkdən ötrü qızın valideynlərinə yaxınlıq cəhdləri edir. Onu rədd edirlər: çünki kasıb idi və kasıbçılıqla başladığından bir mütəxəssis kimi gələcəyinə inamları yox idi. Ancaq onun qızla məktublaşması davam edir, qarşılarina çıxan çətinliklərlə birlikdə hər ikisinin bu maneələri dəf etmək istəyi də güclənirdi. Onda qızın varlı və adlı-sanlı qohumları m a f i y a y a müraciət edirlər. Mafiyanın başçısı, hamının qorxub-çəkindiyi qoca mafiozo gənc mütəxəssisi yanına çağırtdırır: müxtəlif məsəllərlə, öyüd-nəsihətlə onu istəyindən döndərməyə çalışır; bundan bir şey çıxmadığını gördükdə, keçir birbaşa hədələrə. Oğlana yenə heç nə təsir etmir; qız isə əməlli-başlı vahiməyə düşür. Bu qaçılmaz təhlükənin əvvəl-axır baş verəcəyi qorxusundan o, nəhayət, belə qərara gəlir ki, sevgiləri heç bir vəchlə baş tutan deyil və öz mühitindən olan birisinə ərə gedir. Oğlan özünə qapanır, ancaq üzüntüsünü və qəzəbini büruzə vermir. Görünür, elə həmin o vaxtdan da düşündüyü qisası hazırlamağa başlayır.
İndi mafiya onu açıqlamışdı. O, məhkum idi. Hökmün icrasını qoca başçının oğlu öz üzərinə götürür: bu haqqı ona atasının bitməmiş yas mərasimi və mərhumun son vəsiyyəti verirdi. Məhkum olunmuşun bütün vərdişləri, yaşadığı yerin ətrafı, hətta evinin içi belə təfsilatı ilə öyrənilir. Ancaq bir şey nəzərə alınmır: artıq bütün kənd başa düşmüşdü ki, mafiozolar hər şeyi bilirlər, - onlar yenə əvvəlki həyasız davranışlarına qayıtmışdılar və artıq o naməlum təhlükədən açıqdan-açığa qorxub-çəkinmirdilər. Bunu hamıdan əvvəl məhkum olunmuşun özü başa düşmüşdü.
Gecələrin birində gənc qisasçı anasından son xeyir-duasını alıb evlərindən çıxır. Məhkum olunmuşun evi uzaqda deyildi. Gənc mafiozo pusquda durub, onun evə qayıtmasını gözləyir. Bəlkə də evdə olduğunu düşünərək, yuxuda haqlamaq məqsədi ilə içəri girməyə cəhd edir; və ya pəncərədən boylanacağını, balkona çıxacağını güman edərək, qapısını döyüb, çağırır, - məlum deyil. Təkcə o məlumdur ki, vurmalı olacağı şəxs onu qabaqlayır və aldadır. Başçının arvadı, gənc qisasçının anası atəş səsi eşidir: elə düşünür ki, vendetta baş tutub, hər dəqiqə artan üzüntülü həyəcanla oğlunun yolunu gözləyir. Nəhayət, o, baş vermiş müdhiş həqiqəti anlayır. Evdən çıxır: bütün tədbirlərə və ehtimallara görə həmin gecə vurulmalı olacaq adamın evi qarşısında öz oğlunun meyitini tapır. Onu çiyninə alıb evə gətirir; yatağına uzadır və ertəsi gün elan edir ki, oğlu öz yatağında güllə yarasından keçinib, - onu kim vurub, nə vaxt vurub - məlum deyil. Onu kimin vura biləcəyi barədə isə, karabinyerlərə - bircə kəlmə də! Ancaq oğlanın dostları hər şeyi başa düşür və qisası daha da əsaslı surətdə hazırlamağa başlayırlar.
Yay günlərindən biri sona yetərkən, hamı axşam sərinində hava almaqdan ötrü meydandakı klub və qəhvəxanaların, mağazaların qarşısındakı stullarda özünə yer etmişdi (İlk dəfə olaraq mafiyanın hökmündən yaxa qurtarmağı bacarmış həmin o şəxs də əczaxananın qarşısında əyləşmişdi). Birdən kimsə avtomobilin mühərrikini işə salmağa başladı. Dəstək fırlanır, mühərrik ona pulemyot qatarına bənzər dəmir cingiltisi və qıcırtı ilə cavab verirdi. Səs-küy kəsiləndə isə əczaxananın qarşısındakı oturacaqların birində, ürəyi karabin atəşi ilə parça-parça edilmiş bir nəfərin, Siciliyanin ən qəddar mafiyalarından birinin sıralarına ölüm və dəhşət toxumu səpməyi bacarmış bir insanın meyiti qalmışdı.
Lupara - canavar ovunda istifadə olunan lüləsi kəsik tüfəng, bu tüfəngdən açılan atəş.
Karabinyerlər - İtalyan jandarmları
Mafiozo - mafiyaçı, mafiyanın üzvü
Vendetta - qisas, qan qisası
İtalyan dilindən çevirəni: Cəmşid Cəmşidov
Dino Buttsati
"Kabus"
hekayə
Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq yatırtmışdılar. Hər ikisi də çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdılar. Birdən-birə arvad dedi: "İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir".
"Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!" - deyə əri acıqlı tərzdə cavab verdi.
İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni Appaşer artıq iyirmi gün idi ki, vəfat etmişdi.
"Bilirəm… bilirəm ki, dəhşətdir" - deyə arvad söylədi, -"ancaq bu nə fikirdisə, mən ondan heç cür azad ola bilmirəm".
"Eh, əgər mümkün olsaydı..." - deyə Torti qeyri-müəyyən bir təəssüflə deyindi, ancaq təfsilatına varmaq istəməyərək, yalnız başını buladı.
Onlar yenə susdular. Saat ona on beş dəqiqə qalırdı. Birdən qapının zəngi çalındı. Uzun, inadlı bir zəng idi. Hər ikisi qəflətən diksindilər.
"Yenə axşam-axşam kim ola?" - deyə arvad dilləndi.
Dəhlizdə qulluqçu İnesin ayaqlarının şappıltısı, qapının necə açıldığı və boğuq danışıq səsləri eşidildi. Rəngi ağappaq ağarmış qız yemək otağına boylandı.
"İnes, kimdir orada?" - deyə xanım soruşdu.
Qulluqçu qız ağasına tərəf baxıb, dili topuq vura-vura dedi: "Sinyor Torti, bir dəqiqəlik çıxaydız… orada... Əgər bilsəydiz!.."
"Axı kimdir orada, kim?" - deyə xanım gələnin kim olduğunu artıq çox gözəl anlasa da, hirsli-hirsli soruşdu.
İnes sanki son dərəcə məxfi xəbər çatdırırmış kimi onlara tərəf əyilib, birnəfəsə pıçıldadı: "Orada... orada... Sinyor Torti, siz özünüz gəlin... Maestro Appaşer qayıdıb!"
"Lənət şeytana"- deyə Torti bütün bu müəmmalardan əsəbiləşərək söyləndi, sonra da arvadına tərəf çevrilib dedi: "Mən özüm baxaram... sən burada qal".
O, qaranlıq koridora çıxdı, oradakı dolablardan birinə ilişərək dəhlizə açılan qapının dəstəyini var gücü ilə özünə tərəf çəkdi.
Dəhlizdə, həmişəki kimi özünün bir az sıxıntılı görkəmində Appaşer dayanmışdı. Ancaq o, nədənsə, eynilə əvvəlki Appaşerə bənzəmirdi, cizgilərindəki dağınıq görüntülərdən o, indi sanki bir qədər daha az maddi nəzərə çarpırdı. Bu xülya idimi? Deyəsən, hələ yox. Deyəsən, hələ o, bizim materiya adlandırdığımız varlıqdan tam azad olmamışdı. Yox, bu xülya idi, ancaq maddiliyinin qalıqlarını özündə saxlamış bir xülya idi. O, adəti üzrə boz kostyum geymiş, mavi zolaqlı köynəyinin üstündən qırmızı-göy rəngli qalstuk bağlamışdı, ikiəlli yapışdığı biçimsiz fetr şlyapasını əsəbi halda elə hey əzib, bürüşdürürdü (sözsüz ki, xəyali kostyum, xəyali qalstuk və sair və ilaxır).
Torti hissiyyata qapılan adamlardan deyildi. Qətiyyən. Ancaq hətta o da nəfəs çəkə bilmədən, yerindəcə quruyub qaldı. Zarafat gəlməsin, iyirmi gün əvvəl öz əlləri ilə son mənzilinə yola saldığı neçə illərin ən əziz dostu indi onun evində, düz qarşısında dayanmışdı!
"Amedeo!"- deyə zavallı Appaşer sanki yaranmış gərginliyi bir qədər zəiflətməkdən ötrü gülümsəyərək dilləndi.
"Bu sənsən? Sən - burada?" - deyə Torti az qala tənə ilə ucadan soruşdu, çünki keçirdiyi ziddiyyətli və anlaşılmaz duyğular indi bir anın içində, kim bilir nədənsə, onda yalnız çılğın qəzəb hissi oyatmışdı. Məgər itirdiyi dostunu yenidən görmək imkanı ona intəhasız bir təsəlli gətirməməliydimi? Məgər belə bir görüşdən ötrü Torti bütün milyonlarından məmnuniyyətlə keçməzdimi? Əlbəttə, o bunu düşünmədən edərdi. Hər şeyi qurban verərdi. Bəs elə isə indi o, nədən belə bir sevinc hissini duymurdu? Hələ üstəlik, bu etinasız əsəbiləşmə nə demək idi? Deməli belə çıxır ki, bu qədər həyəcandan, bu qədər göz yaşlarından, hadisənin məlum şərtiliklərinə riayət olunması ilə bağlı bir belə narahatçılıqdan sonra indi hər şeyi yenidən başlamaq? Bu ayrılıq günləri ərzində onun dostuna bəslədiyi duyğular ehtiyatı sona qədər tükənmiş, zərrə qədər də qalmamışdı.
"Hə, görürsən də... mənəm"- deyə Appaşer şlyapasının kənarlarını daha da bərkdən əzib, bürüşdürərək söylədi. "Ancaq deyirəm birdən… nə isə… özün ki, yaxşı bilirsən, bizim aramızda nə təşrifat... Əgər narahat edirəmsə…"
"Narahat edirsən? Sən bunu narahat etmək adlandırırsan?" - deyə dəli kimi özündən çıxmış Torti bağırdı. "Allah bilir haradan qayıdıb gəlirsən, özü də bu görkəmdə.... Hələ narahatçılıqdan da dəm vurursan! Sən bundakı cəsarətə bir bax!" Sonra o, tam ümidsizlik içində öz-özünə dedi: "İndi mən başıma nə çarə qılım?"
"Bura bax, Amedeo", - Appaşer dilləndi, - "əsəbiləşib eləmə... Hər şey bir yana, ancaq məndə günah yoxdur... Oranın özündə (o, əli ilə qeyri-müəyyən bir işarə elədi) nəsə anlaşılmazlıq baş verib... Nə isə, mən hələ bir aya yaxın burada qalmalıyam… Bir ay, ya da bir az çox... Sən ki, bilirsən, evimi artıq boşaldıblar, indi orada yeni sakinlər yaşayır..."
"Yəni demək istəyirsən ki, sən mənim evimdə qalacaq, burada yatacaqsan?"
"Yatmaq? Yox, mən daha yatmıram.... Söhbət yatmaqdan getmir... Mənə balaca bir künc də bəs edərdi... Mən sizə mane olmaram, nə yeyirəm, nə içirəm, heç... nə isə, heç tualetə də ehtiyacım yoxdur. Bilirsən, təki gecələr veyil-veyil gəzib-dolaşmayım, xüsusilə də, yağışın altında".
"Necə yəni yağışın altında... sən hələ islana da bilirsən?"
"Yox, təbii ki, islanmıram", - Appaşer yüngülcə irişdi,- "ancaq yenə də, lənətə gəlmiş zəhlətökən şeydir".
"Deməli, sən bütün gecələri burada keçirmək fikrindəsən?"
"Əgər icazə versən…"
"Hə də, əgər icazə versəm!... Heç nə anlaya bilmirəm... Bura bax, sən ağıllı adamsan, mənim köhnə dostumsan... Sənin bütün həyatın demək olar ki, artıq arxadadır... necə olur ki, özün anlaya bilmirsən?.. Hə, axı sənin heç vaxt ailən olmayıb!"
Appaşer pərt halda qapıya doğru geri çəkildi. "Bağışla, mən elə bilirdim... Axı söhbət cəmisi bir aydan gedir..."
"Sən sadəcə, məni anlamaq istəmirsən"- deyə Torti az qala incimiş kimi söylədi. "Mən özüm barədə narahat olmuram… Uşaqlar var! Uşaqlar! Yoxsa, sənə elə gəlir ki, hələ on yaşına çatmamış iki balaca günahsız varlığın səni görə bilməsi heç nədir? Hər şeydən əlavə, indi sən özün dərk etməlisən ki, nə vəziyyətdəsən. Məni bu rəhmsizliyə görə bağışla, ancaq… axı sən... axı sən kabussan ... və orada ki, mənim uşaqlarım var, mən ora kabusları buraxmaram, mənim əzizim..."
"Deməli, heç cür?"
"Deməli, heç cür əzizim, heç bilmirəm daha nə de..." Onun son kəlməsi ağzında qaldı. Appaşer bir göz qırpımında yoxa çıxmışdı. Təkcə pilləkənlərlə tələsik aşağı enən birisinin ayaq səsləri eşidilirdi.
* * *
Konservatoriyanın direktoru maestro Mario Tamburlani konsertdən çıxıb evinə qayıdanda, - onun mənzili də elə konservatoriyanın içində idi, - saatların zəngi gecə birin yarısını vururdu. O, evinin qapısına çatar-çatmaz, əlindəki açarı qapıdakı deşiyə salıb, bir dəfə fırlatmışdı ki, arxadan kiminsə pıçıltısını eşitdi: "Maestro, Maestro!" O, birdən geri çevriləndə, qarşısında dayanmış Appaşeri gördü.
Tamburlani mahir diplomat, necə deyərlər savoir faire (bacarıqlı-fransızca), tədbirli, həyatda işlərini ehtiyatla tutmağı bacaran bir adam kimi tanınırdı. Həmin bu məziyyətləri və ya qüsurları, - onu cüzi xidmətlərinə rəğmən, cəmiyyətdə daha yüksək səviyyəyə qaldıra bilmişdi. O, vəziyyəti bircə göz qırpımında qiymətləndirdi.
"Ah, mənim əzizim" - deyə maestro mehriban və həyəcanlı bir səslə şirin-şirin dilləndi, - o, əllərini skripkaçıya tərəf uzadır, eyni zamanda ona bir metrdən çox yaxınlaşmamağa çalışırdı. "Mənim əzizim, əzizim... sən əgər bilsəydin qəlbimdəki bu boşluq..."
"Necə, necə?"- deyə qulaqdan bir az zəif olan Appaşer, - belə ki, xülyalarda hissiyyat adətən kütləşmiş olur, - təkrar soruşdu. "Sən bir qədər hövsələ et, mən daha əvvəlki tək eşitmirəm..."
"Oh, başa düşürəm, əzizim, başa düşürəm... Ancaq nə etməli, bağıra bilmərəm ki! İçəridə Ada yatıb, bir də ki..."
"Bağışla… əlbəttə... ancaq sən məni bircə dəqiqəlik içəri buraxmazdın? Neçə saatdır ayaq üstəyəm."
"Yox, yox, Allah xatirinə, Blits duyub eləsə, batdıq."
"Necə? Necə dedin?"
"Blitsi deyirəm, mənim qoyun itimi. Sən ki, onu görmüsən... O elə hay-küy qaldırar ki... Gözətçi dərhal oyanar... sonra da, Allah bilir..."
"Deməli, heç mümkün deyil ki, mən bir-neçə gün..."
"Nə? Bizdə qalasan? Oh, əzizim Appaşer, əlbəttə, əlbəttə!... Təsəvvür et ki, sənin kimi bir dost üçün ... Ancaq bağışla, bəs itlə nə edək?"
Bu cür cavabdan Appaşer pərt oldu. O, bu insanın yatmış hissiyyatını oyatmaq istədi: "Bir ay əvvəl orada, qəbiristanlıqda üstümü torpaqla örtməzdən əvvəl nitq söyləyərkən sən ağlayırdın, maestro, ağlayırdın... Xatırlayırsanmı? Elə bilirsən mən sənin hıçqırıqlarını eşitmirdim? "
"Oh, mənim əzizim, onu demə, onu demə... mən burada (o, əli ilə ürəyini tutdu) elə bir ağrı gəzdirirəm ki.... Aman Allah, deyəsən Blitsdır!"
Həqiqətən də qapının arxasından boğuq, təhdidedici bir mırıltı eşidildi.
"Gözlə, əzizim, bircə dəqiqə gözlə, qoy bu dözülməz heyvanı bir qədər sakitləşdirim, sonra ... Bircə dəqiqə əzizim, bircə dəqiqə".
O, ilan kimi cəld içəri sivişərək, qapını arxasınca bağlayıb, siyirməni möhkəm-möhkəm yerinə oturtdu. Aralığa sakitlik çökdü.
Appaşer bir neçə dəqiqə gözlədi. Sonra pıçıltı ilə "Tamburlani, Tamburlani" - deyə dostunu səslədi. O biri tərəfdən hay verən olmadı. Onda Appaşer barmaqlarının ucu ilə qapını astaca tıqqıldatmağa başladı. Cavabı - tam sükut idi.
Gecə tükənmək bilmirdi. Appaşer bəxtini yüngül əxlaqlı, canıyanan bir qız olan, dəfələrlə vaxt keçirdiyi Cannanın yanında sınamaq istədi. Canna mərkəzdən uzaqda, kirayənişinlərlə dolu köhnə binadakı iki balaca otaqda qalırdı. Appaşer ora gəlib çatanda gecə saat üçdən keçmişdi. Bəxtindən adətən bütün belə qələbəliklərdə olduğu kimi, küçə qapısı bağlı deyildi. O, əziyyətlə altıncı mərtəbəyə qalxa bildi, - gəzib- dolaşmaqdan artıq tamam əldən düşmüşdü.
Qalereyada qatı qaranlıq olsa da, o, giriş qapısını tapmaqda elə bir çətinlik çəkmədi. Qapını astaca döydü. İçəridən həyat əlaməti gələnə qədər qapını hələ bir xeyli döyməli oldu. Nəhayət, qızın yarıyuxulu səsi eşidildi: "Kimdir?... Kimdir yenə gecənin bu vaxtı?"
"Canna, təksən? Aç... mənəm, Toniyəm".
"Gecənin bu vaxtı?"- deyə Canna həvəssiz, ancaq özünəməxsus sakit itaətkarlıqla təkrar etdi. "Gözlə, indi gəlirəm".
İçəridən tənbəl-tənbəl, şappıltılı ayaq səsləri eşidildi, işıq qoşucusu çıqqıldadı, açar buruldu. "Bu nə vaxtın gəlməyidir belə, xeyir ola?" - deyə Canna qapını açıb, onu bağlamağı gələnin ixtiyarına buraxaraq, tələsik yatağına cummaq istəyirdi ki, Appaşerin qeyri-adi görkəmi onu heyrətə gətirdi. Qız çaşqın halda ayaq saxlayıb, onu nəzərdən keçirməyə başladı və yalnız bundan sonra həqiqət yuxu dumanı arxasından onun şüuruna yeridi. "Axı sən... axı sən.... axı sən" O, demək istəyirdi ki, axı sən ölmüsən, indi mən bunu yaxşı xatırlayıram... Ancaq bunları söyləməyə onun cəsarəti çatmadı. O, Appaşer yaxın gələrsə onu geri itələməkdən ötrü əllərini irəli uzadaraq, dal-dala geri çəkildi. "Axı sən ... axı sən" Birdən Canna ucadan çığırdı: "Çıx get... Allah xatirinə, çıx get!" - qız dəhşət içində gözlərini bərəldərək ona yalvarır, Appaşer isə: "Canna, xahiş edirəm... Mən sadəcə, bir az dincəlmək istəyirdim"- deyə dil tökürdü. "Yox, yox, çıx get! Heç ağlına da gətirmə ... Sən məni dəli edəcəksən! Çıx get! Çıx get deyirəm! Yoxsa, bütün binanı yuxudan oyatmaq istəyirsən?"
Belə ki, Appaşer yerindən heç qımıldanmırdı da, qız gözünü ondan çəkmədən əlini arxaya aparıb, oradakı komodu tələsik eşələməyə başladı. Əlinə birinci keçən qayçı oldu.
"Gedirəm, gedirəm" - deyə Appaşer çaşqın halda söylədi, ancaq qız ümidsizlikdən doğan bir cəsarətlə artıq bu gülünc silahı onun sinəsinə dirəmişdi. Qayçının hər iki ağzı heç bir müqavimət görmədən, çox asanlıqla xülyanın bədəninə girdi. "Ah, Toni, bağışla mən bunu etmək istəmirdim" - deyə qız vahimə içərisində çığırdı. "Yox, yox... ay, qıdığım gəlir, yalvarıram, eləmə, qıdığım gəlir!" - deyə Appaşer əsəbi halda ucadan pıqqıldayaraq, birdən-birə, dəli kimi gülməkdən uğunub getdi.
Bayır tərəfdən, həyətdə pəncərələrdən biri zərblə açıldı. Kimsə acıqlı səslə bağırdı: "Bilmək olar orada nə baş verir? Saat dördə qalıb! Biabırçılıqdır, lənət şeytana!"
Ancaq Appaşer dabanına tüpürüb, yel kimi aradan çıxmışdı.
* * *
Görəsən, daha kimə müraciət etməli? Bəlkə şəhərin girişindəki San Kalisto kilsəsinin keşişinə? Ölüm yatağında onun son dini ayinlərini icra etmiş köhnə gimnaziya yoldaşı, mehriban don Raymondoya?
"Dəf ol, dəf ol, şeytan əməli!" - deyə möhtərəm keşiş onun yanına gəlmiş skripkaçını bu sözlərlə qarşıladı.
"Bu mənəm, don Raymondo, Appaşerəm, yoxsa tanımadın?... Don Raymondo, icazə ver burada sənin yanında gizlənim. Bir azdan səhər açılacaq. Heç kəs mənə sığınacaq vermir. Dostlar üz döndərib. Bəlkə, heç olmasa sən..."
"Mən bilə bilmirəm sən kimsən" - deyə keşiş kədərli səslə, ibarəli bir tərzdə söylədi. "Bəlkə sən iblissən, yainki duyğularımın mübhəm görüntülərisən, bilmirəm! Yox, əgər sən həqiqətən də Appaşersənsə, onda buyur, - bu mənim yatağım, bu da sən, uzan, dincəl!.."
"Çox sağ ol, çox sağ ol don Raymondo, mən bilirdim, bilirdim ki..."
"Sən heç təşvişə düşmə" - deyə keşiş riyakar mehribanlıqla sözünə davam elədi, - "heç təşvişə düşmə ki, mənim adım artıq çoxdan yepiskopun qara dəftərindədir... Təşvişə düşüb eləmə ki, sənin burada olmağın mənim üçün son dərəcə ağır hallarla nəticələnə bilər... Müxtəsəri, mənim barəmdə narahat olma. Əgər səni ona görə bura göndəriblərsə ki, mənim evimi birdəfəlik yıxasan, onda neynək, - Tanrı özü bilən məsləhətdir!.. Bura bax, sən nə edirsən? Gedirsən, nədir?"
* * *
Bax, elə buna görədir ki, xülyalar, - əgər nə vaxtsa, hansısa talesiz bir varlıq yer üzündə bir qədər yubanmağa səylə cəhd edirsə də, - bizimlə qalmaq istəməyərək, baxımsız evlərdə, qədim qəsrlərin xarabalıqlarında, meşələrin qoynunda itib-batmış kimsəsiz kilsələrdə, ya da tənha qayalarda gizlənirlər və dəniz dalğaları bu qayaları döyəcləyir, döyəcləyir, onlar da tədricən dağılaraq, məhv olurlar.
Dostları ilə paylaş: |