Orijinalini görmek için tıklayınız : Azerbaycan Adet-Enene



Yüklə 77,39 Kb.
səhifə11/14
tarix10.01.2022
ölçüsü77,39 Kb.
#107590
1   ...   6   7   8   9   10   11   12   13   14
Azeribalasi

17.05.11, 00:36

Qonaqpərvərlik

Qonaqpərvərlik qədim tarixə malik olub, bütün dünya xalqlarına xas olan bir adətdir. Hər xalqın başqa adətləri kimi özünə məxsus qonaqpərvərlik və qonaqgetmə adətləri də mövcüddur.


Kökləri ibtidai-icma dövrünə gedib çıxan qonaqpərvərlik o dövrdə qəbiləsindən geridə qalmış, yolunu azmış adamlara, səyahətçilərə, keçələməyə, müdafiəyə ehtiyacı olan hər bir şəxsə edilirdi. O, ən əziz qonaq sayılırdı və hər bir şey, hətta qadınlar da onun ixtiyarına verilirdi. O dövrdə xarici ələmlə əlaqə olmadiğı üçün qəbiləyə gələn hər bir adam yeni xəbərlər carçısı kimi hörmətlə qəbul edilirdi. Homer dövründə Yunanıstanda özgə yerdən gələn bütün adamları Zevsin himayəsində olan bir qonaq kimi qəbul edirdilər. Evə gələn hər bir qonağı çimdirir, ona təzə paltar geydirir, sonra yedirirdilər. Yalnız bir neçə gün keçəndən sonra adını və hansı qəbiləyə mənsub olduğunu soruşurdular. Bə’zi ölkələrdə, məsələn, qədim Romada, qonaqpərvərlik xüsusi müqavilənamələr əsasında icra edilirdi. Orta qsrlərdə qonaqpərvərlik adəti almanlar, slavyanlar və bir sıra başqa xalqlarda ciddi gözlənilirdi və qədim formasını saxlamışdır.
Azərbaycan xalqının da lap qədim zamanlardan çox maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri olmuşdur. Bu adətlər indi də davam edir. Xalqımız qonağa qarşı çox mülayim, diqqətli və qayğıkeş olmuşdur. Azərbaycan qonaqpərəstliyi vaxtı ilə Yaxın Şərqdə və Rusiyada geniş şöxrət qazanmışdı. 1 Pyotrun Dərbənddə yaşayan azərbaycanlılar, knyaz Dolqorukinin Bakı və Salyan əhalisi, Şamaxı hərbi qubernatorunun Şuşa əhli tərəfindən, A.Bestujevin Quba, M.Y.Lermontovun Qusar camaatı, Qazan Universitetinin professoru İ.Beryozinin A.Bakıxanov tərəfindən mehribançasına qarşılanması və onlara göstərilən qonaqpərvərlik buna misal ola bilər. Beryozin bu barədə yazmışdı: “Allaha şükür ki, azərbaycanlıların bütün işləri onların qonaqpərəstliyinə bənzəmir. Qonaqlıqdan sonra adamda can qalmır”.
XVII əsrin əvvələrində Şamaxı hakimi Abdulla xanın yanına ticarət əlaqələri üçün gəlmiş ingilis missionerləri Antoni Cenkinson və Olkok şərəfinə verilən qonaqlıqda 290 cür yeməyin süfrəyə gətirilməsi xalqımızın qonaqpərvərliyinin gözəl nümunəsi ola bilər. Bu missionerlər gördüklərini ingilis dilində öz səyahətnamələrində yazmış və bütün Avropanı xalqımızın bu nəcib adətilə tanış etmişlər.
1684-cü ilin əvvəlində Suraxanıdakı yanar odlara tamaşa etmək üçün gələn səyyah Kempfer Binə camaatı tərəfindən qonaq aparılır. O ozü bu barədə belə yazır: “Axşam düşəndə biz Binə camaatının qonaqpərəstliyinin şahidi olduq. Onlar bizi çirkin karvansarada gecələməyə qoymadılar. Kənddə əhali bizi mehribanlıqla qarşılayıb, xalçalarla bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhali bizi salamlamaq üçün axışıb gəldi. Gələnlər özləri ilə üzüm, alma, nar və başqa yeməli şeylər gətirmişdilər. Gecədən xeyli keçənə qədər camaat bizimlə söxbət etdi, musiqi çaldılar, oxudular, oynadılar və s.”.
Dağlarımızda yolunu azan, yorulan, bivaxt gələn və gecəyə düşən səyahətçilər və yolçular üçün tikilmiş “aman evləri” qədim bir dövrün yadigarı kimi zəmanəmizə qədər gəlib çatmışdır. Bu da qonaqpərəstliyin başqa bir təzahürüdür. Xalqımız qonağa nəinki öz evində hörmət etmiş, hətta çöldə qalarkən ona sığınacaq yeri də vermişdir.
Keçmişdə Azərbaycanda əziz və hörmətli qonaqları qarşılamaq adətinin bir neçə forması olmuşdur. Camaat qonağın qarşısına çıxmaq üçün tə’yin olunmuş yerə yığılardı. Iki dəstə ayrılırdı, dəstələrin birində ağsaqqallar və qocaman xadimlər gedərdilər. Onlar əllərində qırmızı örtüklü xonça (xonça üçün işlədilən örtüyün nümunəsi hazırda Azərbaycan tarixi muzeyinin etnoqrafiya fondunda mövcüddur), içərəsində dairəvi formada bişirilmiş və üzərində xüsusi naxış olan təndir çörəyi və ya lavaş ilə duz, güzgü, kuzədə (cəbudə) şərbət (gulab, hil və reyhan tumundan – baləng əvəzinə hazırlanırdı) və gülabdanda ayrıca gülab aparırdılar. Ikinci dəstə ölkənin dövlət xadimlərindən ibarət olub, sazandalar, xanəndə və aşıqlarla bərabər bir az aralı birinci dəstənin arxasınca gedirdi. Qonağı qarşılayanlar öz ziyafət və milli geyimlərində olurdular. Onlar qonağı musiqi sədaları altında müşariət edir, ona şərbət verir, çörək və duz daddırır və ayağı altına çiçək dəstələri ilə gülab səpirdilər. Qonaq kəndə girərkən onun ayaqları altına gözəl milli naxışlarla bəzədilmiş Quba, Qarabağ, Şirvan xalıçaları, onların üstündən isə tirmə və zərxara döşənərdi.
Başqa bir qaydada isə qonaq şəhərə və ya kəndə girməmiş möhkəm qollu cavan bir oğlan iri, bəslənmiş bir qoçu və ya buynuzlarına qırmızı şəridə (lent) və boynuna qırmızı parça bağlanmış cöngəni qurban kəsirdi. Onun qanı qonağın atının ayağı altından axıdılırdı, qonaq isə əlini qana batırıb, qurbanın üstündən adlayırdı. Kəsilmiş cöngənin, yaxud qoçun əti yoxsullara paylanırdı. Bu adət Azərbaycanda işlənən “sənə qurban olum” ifadəsinin təzahürüdür. Sonra qonaq içərəsində meyvə və xuruş olan tabaqları tutmuş qırx qızın cərgəsi arasından keçirdi və hamı qonağa “xoş qəlmisən” deyirdi. Qonağın getdiyi yollara söyüd budaqları, gül-çiçək səpilir, xalçalar döşənirdi.
Qonaqlara yemək verməyin də qəbul edilmiş bir sıra qayda və qanunları mövcud idi.
Azərbaycanda qonaq üçün ən münasib yemək qoyun ətindən tikə, döymə kabab və plov hesab edilir. Lakin bunlar süfrəyə başqa yeməklər və spirtsiz içkilərlə verilir. Yemək gəlməmişdən əvvəl cavan bir oğlan aftafa-ləyənlə məclisi gəzib, qonaqların əllərinə su tökür yudurdur, sonra məclisə pürrəng çay, limon, mürəbbə, bundan da sonra yemək gəlir. Adətimizə görə, bütün yeməklərin süfrəyə düzülməsi nəzakətsizlik hesab edilir, onlar süfrəyə növbə ilə gəlməlidir.
Gecə yatmaq üçün qonaq xüsusi yataq otağına aparılır. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda imkan olan yerlərdə qonağa balaxanada yer salardılar.
Balaxana isə həyat darvazasının üstündə tikilirdi ki, qonaq həyətə girən kimi öz otağına qalxsın və ev sahibinin güfətini görməsin. Balaxanaların, qonaq otaqlarının və evdə bir neçə dəst əlavə yorğan-döşəyin olması xalqımızın qonaqpərəstliyini bir daha sübut edən amillərdir.


Yüklə 77,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin