Azeribalasi
17.05.11, 00:30
Azərbaycan milli geyimləri
Azərbaycan milli geyimləri xalqın maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Geyim xalqın tarixilə çox sıx əlaqədardır. Belə ki, xalqın maddi mədəniyyətini, xalqı xas olan xüsusiyyətləri daha çox əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.
Azərbaycan XVII–ci əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.
Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimlərı geyimin yiyəsinin sinfi əks etdirirdi.
Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi.
Azərbaycan qadın geyimi XIX–cü əsrdə, XX-ci əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel geyimlərindən ibarət idi. Qadın çiyinüstü geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən ibarət idi. Üst köynəyinin düz biçimi, çiyini tikişsiz və rəngbarəng qoltuqaltından ibarət idi. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarındantikilirdi.
Çəpkən – çiyinüstü, astarlı və yalançı qolları malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalarından tikilirdi.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi. Baharı – sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Kürdü – qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzənilirdi.
Eşmək – qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzənilirdi. Qadın bel üst geyimi – bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadın evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.
Kişi milli üst geyimi – üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi. Qaba – kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.
Çuxa – içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır.
Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar da daxil idi.
Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları da daxil idi. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.
Baş geyimləri. Qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə olduqca cəlbədici və maraqlı idi. Bura ipək kəlağayilar, çalmalar, nar-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.
Baş geyimlərinin geniş yayılmış növlərindən biri ipək yaylıq-kəlağayi idi. Qeyd etmək lazımdı ki, onun örtülməsində yaş və sosial fərglər mövcüd idi: yaşlı qadınlar – ağ, bej (açıq sarı-qəhvəyi), açıq mavi rəngli kəlağayi örtürdü. Kəlağayıları müxtəlif cür bağlayırdılar.
Digər qadın baş geyimi təsək (onu qadın papağı adlandırırdılar) idi. Təsəyi bəzəyən naxışın növündən asılı olaraq onun müxtəlif adları mövcüd idi: mirvari papaq, qızıl papaq, ayulduz. Təsəyin bir neçə funksiyası vardı: saç, düzümünü qoruyub – saxlamaq, saçları yad gözlərdən gizlətmək, əsas tə”yinatı isə ondan ibarət idi ki, üstdən bağlanmış ipək yaylıq sürüşməsin. Həm təsək, həm də yaylıqlar bəzənidilirdi. Onların üzərinə mirvari, möhürlənmiş fiqurşəkilli qızıl mişanlar düzür və ya qızılı tikməli naxışla bəzəyirdilər. Yaşlı qadınlar təsəyin kənarlarını çox zaman bafta və ya güləbətinlə bəzəyirdilər. Təsəyin üstündən böyük ipək və ya pambıq yaylığın bir ucunu sallayıb qalan uclarını arxada düyünləyirdilər.
Qadın geyiminin elementlərindən biri də xüsusi baş sarğısı – çutqu idi ki, tündrəngli parçadan (qara və ya tünd göy sətin, atlas, çitdən və s.) tikilirdi. O, hər iki tərəfdən açıq, ensiz örtü şəklində tikilirdi. Çutqunu başın ətrafında (eyni zamanda alnı da örtərək) ensiz lent şəklində bağlayırdılar. Çutquyla saçları və ya hörükləri yığaraq onları arxadan sallayırdılar. Belə ev və çöl işləri zamanı rahat olurdu. Beləliklə, çutqu həm gigiyenik, həm də utilitar əhəmiyyət daşıyırdı. Çutqunun üstündən, bir qayda olaraq, yaylıq ya da ipək və ya pambıq örtüklər (çarşab, örpək, şal və s.) örtürdülər. Çutqu Azərbaycanda XX əsrin 40-ci illərinədək mövcüd olmuşdur.
Cəmiyyətin zəngin zümrələri arasında naz-nazı və qaz-qazı (xalq terminologiyası) kimi təntənəli günlərdə taxılan baş geyimləri geniş yayışmışdı ki, onlarda qış vaxtı başı bağlayırdılar və ya çiynin üzərinə sallayırdılar. (Onlar isti üst qış geyimini əvəz edirdi). [Azərbaycanda keçmişdə, indi olduqu kimi, bə”zi ucqar yerlərdə palto geyinmirdilər. Üst geyimini yerli və ya fabrik istehsal olan yun şallar əvəz edirdi]. Şallar fabrik istehsalı idi.
Çalma və dingə haqqında bir neçə söz. Digər baş geyimləri ilə müqayisədə onlar daha az yayılmışdı. Belə ki, onların bağlanması qadınların çox vaxtını alırdı. Çalmanı başa bağlanmış yaylığa və ya araqçına sarıyırdılar. Çalmanın üstündən bir yaylıq da örtürdülər. Bə”zi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilirdi. Yalnız Şirvanda çalmanın sarınmasının bir neçə üsulu mə”lum idi. Dingənin bağlanması üçün şaldan istifadə olunurdu. Dingə çalmadan daha mürrəkkəb baş geyimi idi. O da çalma kimi başda sancaqla bərkidilirdi.
Qadın baş geyimin ən sadə elementi ləçək (düzbucaq və ya üçbucaqşəkilli yaylıq) idi. Ləçəyi ev işləri zamanı, eləcə də başa xına qoyanda bağlayırdılar. Şəhərlərdə qadınlar evdən çıxarkən bütün bədəni örtən çadra geyirdilər. Kəndli qadınlar çadranı çox nadir hallarda, yalnız hərdən kənddən uzaq məsafəyə gedəndə örtürdülər. Adətən baş üçün yaylıqla (yaşmaq) ağız və burnun bir hissəsini örtməklə kifayətlənirdilər. Varlı qadınlar atlas, kasıblar isə sətin, bez və ya dama-dama sarpinkadan (nazik pambıq parça) müxtəlif çalarda çadralar örtürdülər. Çadrayla yanaşı, şəhərlərdə qadınlar hərdən üzlərini göz üçün krujevalı torla örtürdülər.
Azərbaycanlılarda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Onu itirmək böyük rüsvayçılıq hesab edilirdi. Kiminsə papağının oğurlanması onun sahibinə qarşı düşmən hücümü kimi qiymətləndirilirdi. Kişinin başından papağı vurub salmaq onu və onun bütün nəslini təhqir etmək demək idi. Papaq və onun formasına görə onun daşıyıcısının sosial vəziyyətini müəyyənləşdirmək olardı. Kişilər istənilən halda papağı başlarından çıxarmırdılar (hətta yemək yeyərkən), namazdan əvvəl dəstəmaz zaman istisna olmaqla. Ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq hesab olunurdu.
Kişilərin əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. XIX əsrin sonlarına aid müəlliflərdən biri papağın hazırlanması prosesini belə təsvir edir: “Əvvəlcə, dərini tikib ona papaq forması verilir, sonra onun tərs üzünü çevirirlər və papağı yumşaq etmək üçün onun çılpaq üzünə pambıq və ya kalka sərirlər. Pambıq və ya kalkanın üzərinə bir vərəq şəkər kağızı qoyurlar, nəticədə papaq ona verilmiş formanı saxlayır; əlbəttə, şəkər vərəqi papağın formasına və böyüklüyünə görə kəsilir. Sonra şəkər vərəqinin üstündən hər hansı bir parçadan astar tikilir və papaq tüklü üzünə çevrilir. Hazır papağa su sıçradaraq 4-5 dəqiqə ərzində üzərində yüngülcə çubuq gəzdirirlər; bu zaman papağı sol ələ taxılmış vəziyyətdə saxlayırlar. Sonra papaq 5-6 saatlığa papaq üçün xüsusi qəlibə taxılır. Bununla da, papağın hazırlanması bitir”. Sankt-Peterburqda kolleksiyalarında, Torainskayanın yazdığına görə, 4 növ papaq qorunub-saxlanılır: konus və kəsilmiş konus şəklində; içi yastı mahud parçadan olan dairə şəklində; bir tərəfi içəri batmış konus formasında papaq; itiuclu təpəzi və göy sətindən sütün cuğu olan xəz papar. Ən sadə və geniş yayılmış ən”ənəvi papaqlar motal və ya çoban papaqları idi. Onları uzuntüklü qoyun dərisindən hazırlayırdılar, onlar konus formasında olurdu. Motal papağı əsasən kənd əhalidinin yoxsul təbəqələri taxırdılar. “Şiş papaqları” və ya “bəy papaqlarını” konus şəklində və ya iti uclu hazırlayırdılar. Onların tikildikləri materialın adına görə ümumi adları var idi: - buxara papaq, belə ki, bu papaqlar üçün dərini Buxaradan gətirirdilər. Onları yalnız bəy zümrəsinin nümayəndələri və həmçinin varlı adamlar taxırdı. Belə papaqlar həm də şəhər aristokratiyası üçün də xarakterik idi.
Qarabağda parça üzlü papaq “yappa papaq” (və ya “qara papaq”) kimi tanınırdı. Belə papaqlar rənginə görə də seçilirdi – qızıl papaq və gümüş papaq. Nuxa qəzasında papaq daqqa (taqqa) papaq adlanırdı və onun üzü məxmərdən tikilirdi.
Azərbaycanda baş geyimlərinin həm də aşağıdakı növləri mövcüd idi: başlıq, araqçın, təsək, təskulax, əmmamə (çalma) və b.
Başlıq (baş üçün olan hissə) və uzun dəyirmi kənarlardan ibarət idi, onlar adətən boynun ətrafına dolanırdı. Qışda mahud və yun başlıq taxırdılar. Şirvanda dəvə yunundan olan başlıqlara xüsusi dəyər verilirdi. Başlığın astarı rəngli ipək parçadan tikilirdi, çünki başlığın qulaqcıqları çiyinlərin arxasına atılanda astar görünürdü. Adətən başlıq yapıncını müsayiət edirdi.
Araqçın və təskulax sərbəst baş qeyimləri deyildi, onları digər baş geyimləriylə birqə taxırdılar (papaq, çalma). Onlar azərbaycanlıların hələ orta əsrlərdə geniş yayılmış tipik ən”ənəvi baş geyimləri idi. Araqçınlar müxtəlif növ parçalardan mütləq bir rəng astarda başı əhatə edən dəyirmişəkilli formada tikilirdi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. Gündəlik ev həyatında araqçını papaqsız da geymək olardı. Təskulaxa gəldikdə isə, onu yaşlı adamlar gecə taxırdılar.
Rühani şəxslər arasında (molla, seyid, şeyx və b.) türban-əmmamə (çalma növü) baş güyimi qalırdı. Azərbaycanda ağ türban geniş yayılmışdı. Ali ruhani təbəqəsi yaşıl əmmamə geyirdi.
Azərbaycan kişiləri saqqal və bığ saxlayırdı, belə ki, yaşlı nəsil uzun saqqal saxlayırdı, gənclər isə saqqalını qırxırdılar (bu xətt adlanırdı). Bə”zi kişilər ancaq bığ saxlayırdı. Bığ və saqqala, xüsusən varlı ailərdə, mütəmadi olaraq qulluq edirdilər. Şəhərlərdə kişilər bığa sürtmək üçün xüsusi kremdən (bığ yağı) istifadə edirdilər. Saqqal və bığ üçün xüsusi daraqlar (saqqal darağı) mövcüd idi.
O ki qaldı saç düzümünə, burda demək olar ki, daha yaşlı kişilər adətən saçlarını dibindən qırxırdılar. Gənclər alından ənsəyədən başı təpə hissəsini ensiz zolaq şəklində qırxırdılar, yan tərəflərdə saxladıqları saçlar isə qulaqların üzərinə tellər şəklində sallanırdı. Bu saç düzümü “yan birçək” (hərfi: “yan tel”) adlanırdı. Kişi saç düzümlərindən biri də “dal birçək” adlanırdı bu zaman saçları alından ta əmgək (təpə) hissəyədək qırxırdılar. Bə”zi cavan kişilər başda bir dəstə (yığın) saç (kəkil) saxlayırdı. Belə növ saç düzümlərinə bütün Azərbaycanda rast gəlmək olardı – eyni zamanda bir region daxilində.
Qadın və kişi ayaqqabısı. XIX - XX əsrin əvvəlində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud idi. Azərbaycanlılar, xüsusən kəndilər arasında ən çox yayılmış ayaqqabı növü – çarıqlar idi ki, onlar ya iribuynuzlu qaramalın xam, kəndlilərin özlərinin e”mal etdiyi dərisindən (gönündən), ya da daha mükəmməl üsulla e”mal olunmuş dəridən – aşılanmış göndən tikilirdi. Sonuncular daha bahalı idi və onları varlı kəndlilər geyinirdi, xam dəridən hazırlananları isə (ucuz mal kimi) kasıblar. Çarıqları yun corabların və ya pambıq parçadan dolamaların (partava, dolaq)üzərindən geyirdilər. Kasıb kəndilər onları həm gündəlik, həm də bayramlarda geyirdilər. Bir neçə çarıq növünə təsadüf olunurdu: təkburun, şirazı, qızqaytaran, şatırı, quşburun, şirvani, kalmani, şirmai və s. Çarıqlar iki növ bağla bağlanırdı: - ya börmə yun (toxunma bağ), ya da əyrilmiş (eşmə) bağla. Hər birinin uzunluğu corabların tipindən asılı olaraq 130-150 sm-ə çatırdı. Əgər corab dizə qədər geyilirdisə, onda uzun bağdan istifadə olunurdu.
Digər ayaqqabı növü yüngül çüvək/çust (mexs) idi ki, onları əsasən qara tumacdan tikirdilər, dabansız olurdu, ona görə də onları əsasən evdə geyirdilər. Hər iki cinsin nümayəndələri üçün, xüsusən şəhərlərdə ən çox yayılmış ayaqqabı növü dabanlı (pollu başmaq, məxməri başmaq), dal hissəsi olmayan, dik burunla dəri başmaqlar idi. Onları şəhərlərdə çəkməçilərə (başmaqçi) sifariş verirdilər. Bu başmaqları İrandan gətirilmiş tumac, məxmər və ya dəridən tikirdilər. Onları həm kişilər (mərdənə başmaq), həm də qadınlar (zənanə başmaq) geyirdi.
Bakı və Abşeronda kişilər dabansız yüngül yay çustları geyirdilər, dübəndi adlanan bu ayaqqabılar yuftdan (meşindən) tikilirdi. Onlar iki iplə bağlanır və gündəlik ayaqqabı hesab olunurdu.
XIX əsrin sonu – XX əsrin əvvəlində yerli ayaqqabı Avropadan gələn növlərlə sıxışdırılır. Sonuncu şəhərlərdə yerli burjuaziya arasında, sonra isə kənd yerlərində yayılmağa başladı. Nəticədə, XIX əsrin sonunda başmaqçıların sayı kəskin surətdə azaldı.
Milli ayaqqabının əsas elementlərindən biri (həm kişilərdə, həm qadınlarda) naxışlı yun və pambıq corablar idi. Azərbaycanda elə bir yer yox idi ki, orda corab geyməsinlər. Onları qadınlar toxuyurdu, bunun üçün həm qoyun, həm də dəvə yunundan istifadə edirdilər. Soyuq zonada uzunboğaz və şıx corablar, mülayim iqlimi olan ovalıqda isə qısaboğaz corablar toxunurdu. Corablar həm adi, həm də təntənəli günlər üçün nəzərdə tutulunurdu. Bəzəkli corablar satışa gedirdi, onları kənd təsərrüfatı məhsullarına dəyişirdilər. Qarabağda corabları xalça ornamenti ilə (naxışıyla) toxuyurdular (onlar “gəbə corabı” adlanırdı). Gəlinin cehizinə daxil olan corabların gözəlliyinə xüsusi diqqət verirdilər. Corabların ən yaxşı nümunələri nəsildən nəslə keçirdi.
Kişilərinkindən fərqli olaraq, qadın corabları adətən parlaq, çoxrəngli olub gözəl və mürəkkəb rəsmlər və sıx, dolğun rəng ahəngiylə zəngin idi. Əksər hallarda, kişi corabları birrəng və ya sadə naxışlı (ağ, qara və s.) olurdu. Corabları bağlamaqcün həmin yun ipdən qotazları olan bağdan istifadə olunurdu. Baxmayaraq ki, corabların regionlar üzrə müxtəlif növləri mövcud idi, onların toxunma üsulları bir-birindən seçilmirdi. Yalnız naxış fərqlənirdi.
Dostları ilə paylaş: |