Azeribalasi
17.05.11, 00:32
Azərbaycan xalçaları
Xalçaçılıq Azərbaycan xalq-tətbiqi incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biri sayılır. İncəsənətinin Azerbaycan xalqı tərəfindən sevilən bu növü əsrlərlə nəsldən nəslə qayğı ilə verilmişdir. Onun naxışlarının dili, kaloriti hər kəsə yaxın və aydın olmuşdur. Namə’lum sənətkarlar bədii kamilliyi ilə indi də sevilən, təəcübləndirən nadir xalçalar yaratmışlar.
Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça mə’mulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan xalçaları muzeyini və Azərbaycan tarixi muzeylərini bəzəyir.
Tarixi mənbələrdə Azərbaycanda xalçaçılığın yüksək inkişaflı, istehsalı və onların müxtəlif ölkələrə çıxarılması haqda çoxsaylı mə’mulatlar saxlanılmışdır.
X əsr məşhur ərəb tarixçiləri Əbu Səfər Məhəmməd Təbəri və Əl Müqəddəsi qeyd edirlər ki, Azərbaycan şəhəri Bərdədə ğözəl xalçalar istehsal edilirdi.
Dədə Qorqud qədim xalq eposunda (X-XII ə.) xüsusilə rəngarəng azərbaycan xalçaları tə’rif edilir. Habelə flamand səyyahı rahib Rubruk (XIII ə.) və venesiyalı səyyahı Marko Polo (XIII ə.) gözəl Azərbaycan xalçalarına valeh olmuşlar.
Təsadüfi deyildir ki, XV əsrdən başlayaraq Avropa rəssamları Hans Qolbeynik, Hans Memlinqin və digərlərinin əsərlərində Azərbaycan xalçaları təsvir edilmişdir.
İngilis səyyah Antoni Cenkinsonun (XVI ə.) və holland dəniz səyyahı Yan Streysin (XVII ə.) yazılarında da gözəl azərbaycan xalçaları xatırlanmışdır.
Bu poçt açıqçaları komplektində xalq sənətkarlarının əli ilə yerinə yetirilən xalçaların nümunələri, həmçinin peşəkər rəssamların xalçaları təqdim edilmişdir.
Azərbaycan xalçaları hazırlanma texnologiyasına görə xovlulara və xovsuzlara bölünür.
Xovlulardan daha çox qədim olan xovsuz xalçalar özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xaqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq “məişət xalçaları” adlandırırlar. Bunlar palaz, kilim, cicim, şəddə, vərni, zilli, sumaxdır ki, onlar xalçaçılığın inkişafında ilkin mərhələni təşkil edir. Bu mərhələdə xalçalar bəsit üsulla əriş və arqac saplarının bir-birinə keçirilməsi və qıraqlarının toxumnası vasitəsilə istehsal olunurdu.
Çoxsaylı kompozisiyalı sxəmlərdə və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar da xüsusi seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha mürəkkəbdir: onlar “türkbaf” – saplarn bir-birimə düyünlənməsi üsuluyla toxunurdu. Bu üsul naxışlar, rənglərin və süjetlərin ahəngi üçün genış imkanlar açır. Bütün ətraf aləmin gözəlliyi, sənətkar məharəti və ilhamını özündə birləşdirən məhz bu xovlu xalçalar bu gün də müxtəlif ölçülərdə toxunur: kiçikləri – xalça, gəbə, namazlıq, taxtüstü, döşənək və iriləri – dəst xalı, gəbə. Hərəsinin öz yeri var. Bununla yanaşı Azərbaycan xalçasının estetik prinsipi “rəsmlərin” müstəvi həllində, şəkillərin ritmikasında, mərkəzi və köbə hissələrə bölmə ənənəsində, elementlərin lakonik həndəsəsində öz əksini tapmışdır. Və bütün bunlar da, öz növbəsində, forma, motiv və bədii ideya müxtəlifliyinə gorə seçilir.
Onların rəng palitrası göy qurşağının bütün rənglərinə uyğundur. Xalçaların adları əsasən istehsal edildiyi yerlər bağlı olur. Dünya tərəfindən tanınmış Azərbaycan xalçacılıq sənəti indiki zamanda yeddi məktəbə bölünür: Bakı, Gəncə, Qarabağ, Şirvan, Quba, Qazax, Təbriz.
Qubanın “Pirəbədil”, “Qımıl”, “Sirt-çiçi” xalçaları zərif işləmələri və xırda bitki rəsmləri, parlaq boyaların sıx rəng qamması ilə insanı valeh edir. Şirvanın “Muğan”, “Tabistan”, “Şilyan” xalçaları isə daha çox ciddi ritm ideyası və sakit, əzəmətli koloritlə zəngin qədim kompozisiyalara meyllidir. Qarabağın “Xanlıq”, “Malıbəyli”, “Lyampa” xalçaları özündə peşəkar kompozisiya, yaradıcı təxəyyül, rəngarəng koloriti əks etdirir. Bakının “Hili-buta“, “Novxanı”, “Fatmayi” xalçaları isə zərif resmləri və mürəkkəb ornamenti ilə diqqəti cəlb edir. Gəncə və Qazaxın qabayunlu, məxmər çalarlı “Fəhralı”, “Şıxlı” və “Borçalı” xalçaları sadələşdirilmiş üslubda iri həndəsi cərgələrlə, Təbrizin «Sarabi”, “Əfşan”, “Ləçək-turunc” xalçaları dekorativ hörmə naxışlar, dünyanın əbədi harmonik obrazını yaradan dairəvi və spiralşəkilli bəzəklərlə zəngindir.
Azərbaycanın süjetli xalçaları ornamentli məmulatlardan daha qədim tarixçəyə malikdir. Onların mövzusu həyatın özündən götürülmüş, gözəl təbiətlə rövnəqləndirilmiş və quruluş, məişət, ənənələr, sosial-tarixi proseslərlə sıx bağlı olmuşdur. Bu növ xalçaların “məzmunu” əsrlər boyu yazılmış romanların süjetləri qədər rəngarəngdir. Öz mənşəyinə görə ən qədim motiv və obraz “ovçuluq”dur. Ov xalçaları Azərbaycanın dekorativ sənətində daha davamlı yer tutur. Şərq klassik ədəbiyyatının ənənəvi motivləri ilə zəngin xalçalar da məşhurdur ki. bu motivlərdən bu günədək ən çox seviləni Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərindən bəhrələnmiş mövzular və süjetlərdir.
Dostları ilə paylaş: |