Şanel: Mən Lambardininin partisini qaçıra bilməzdim. Bu günah olardı.
Hersoq: Nə içmək istəyirsiz?
Şanel: İndi əsl Paris şərabının yeri var!
Hersoq: Əla! Madmuazel Şanel üçün Paris şərabı gətirin! (Şanelə) Bu gecə mənə şərik olarsız?
Şanel: Gördüyüm qədəri ilə sizin yanınızda xanım var. Axı mən aranıza girmək istəmərəm!
Hersoq: Xanım? Mənim yanımda hansı xanım var? Gördüyünüz kimi qarşınızda tək dayanmışam!
Şanel:(az öncə hesoqun yanında duran xanımı göstərir) O xanım sizin nəyinizdir?
Hersoq: Hə, o? O, bizim qulluqçudur.
Şanel: Qulluqçunu partiyə gətirmisiz?
Hersoq: Bəli, madmuazel! Mən çox təmizkaram. O, mənim paltarlarımı öz yanında gəzdirir ki, paltarlarım, ayaqqabım çirklənəndə dəyişə bilim. (həmin qadına yaxınlaşır)Artıq gedə bilərsən! Görünür, madmuazel Şanel məni qısqanır!
Şanel: Yox, yox! Hersoq, mən sizin sevgiliniz ya da məşuqəniz deyiləm. Sizi qısqanmıram da. Sadəcə, mən o xanımı sizin sevgiliniz zənn etdim. Amma bu gecə şərik ola bilərəm.
Hersoq: Əla! Beləliklə, xanımlar və cənablar, musiqi səslənsin! (əlini Şanelə uzadır)Xahiş edirəm ki, mənə bu rəqsi çox görməyəsiniz.
Şanel onun əlindən tutur. Musiqi səslənir. Öndə Vestminster və Şanel, arxada isə digər cütlüklər rəqs edirlər. Bu vaxt gözündə qara eynəklə zadəgan geyimli və olduqca yaşı bir kişi daxil olub hamını diqqətlə süzür. Şaneli görən kimi onu daha diqqətlə süzməyə başlayır. Şanel bu kişinin baxışlarının öz üstündə olduğunu hiss edib hersoqa daha möhkəm sarılır. Yaşlı kişi Şanelə yaxınlaşır. Bu vaxt bir mühafizəçi içəri daxil olub əli ilə musiqinin kəsilməsini işarə edir. Musiqi dayanır.
Mühafizəçi: Diqqət! Bağçada əlləri və ayaqları, ağzı bağlanmış çılpaq bir kişi tapılıb. İndi hamınız o insana baxın və əgər o şəxs sizdən birinin tanışıdırsa, soyğunçunu tapmağımıza kömək edin.
İki mühafizəçi ağzı, əlləri və ayaqları bağlanmış kişini gətirir. Hersoq diqqətlə baxır və cəld ona doğru cumur.
Hersoq: Qardaşım! Bu mənim qardaşımdır! Onu kim bu hala salıb?